Görünməz İnsanlar
Baxışlar: 3454
Dillər: 

Avropada homoseksualların ən pis yaşadığı ölkə Azərbaycan sayılır. Avropanın 49 ölkəsinin insan haqlarını və LGBTİ icmalarına təsirini araşdıran ILGA –Avropa  təşkilatının Göyqurşağı İndeksi bunu göstərir.

İndeksdə bildirilir ki, Azərbaycanın LGBTİ icması 2015-ci ildə ağır problemlərlə üzləşməyə davam edib, icma nümayəndələrinə qarşı zorakı hücumlar olub, bir neçə qətl törədilib. Həmçinin, siyasi xadimlər eynicinsli nikahları pisləyib. Hesabatda Azərbaycanda LGBTİ nümayəndlələrinin daha yaxşı qorunması üçün çağırış edilib.

Söhbətləşdiyimiz LGBTİ nümayəndələri və fəalları da bu hesabatla razıdır.

Kişi olmağa məcbur edilən Humayın hekayəsi

 

Müsahibimiz özünün Humay çağırılmasını istəyir. O kişi bədənində doğulsada özünü qadın hesab edir və əsas məqsədi öz bədəninə qovuşmaqdır. O, anonim qalmağı üstün tutur.

20 yaşlı Humay deyir: "Uşaqlıq şəkillərimə və videolarıma baxanlar, uşaq vaxtından qız kimi düşdüyümü deyirlər. Oğlan kostyumu geyinəndə sıxılardım.  Öz qarşımdakı qızların geyimlərinə baxıb hiss edərdim ki, mən elə geyinməliyəm. Yəni bu məndə doğuşdandı," deyir Humay.

Humayın hazırda ən böyük problemi ailəsidir. O, transgender olması barədə ailəsinə 4 aydır danışsa da, hərəkətlərinin feminin olmasına görə uşaqlıqdan ailəsinin təzyiqi ilə üzləşdiyini deyir.

"Uşaq vaxtında hiss etməmişdilər. Bir az böyüyəndən sonra geyimimdə azad olmaq istədim. Bildilər. Saçımı məcbur qırxdırırdılar, geyimimə nəzarət edirdilər. Bir oğlanın xoşuna gəlmək istəyirdim. Amma kişi kimi görünürdüm, buna görə də özümü yaxşı hiss etmirdim" Humay əlavə edir.

Humay təkcə ailəsindən deyil, qonşuları, qohumları, məktəb yoldaşları və müəllimləri tərəfindən də təzyiqə məruz qaldığını qeyd edir.

" Müəllimlərim deyirdilər qız kimi danışırsan, feminin davranışıma görə ailəmə şikayət edirdilər. Məktəbdə təhqir edirdilər, qızbibi deyirdilər. Oğlanlar məni döymək istəmişdilər bir dəfə.  İndi də məhəllədə özümü məcbur edirəm kişi kimi yeriyim ki, şübhələr olmasın, mənə hər hansı bir söz deyilməsin. Amma bunu idarə etmək mümkün deyil", o davam edir.

Humayın sözlərinə görə universitet illərində də bu təzyiq sonlanmayıb. O bildirir ki, indi də tələbə və müəllimlər tərəfindən daimi nifrət sözlərinə tuş gəlir.

"Heç bir oğlan tələbəyə və ya kişi müəllimə yaxınlaşıb nə isə soruşa bilmirəm. O dəqiqə onlar haqda xoşagəlməz ifadələr işlədirlər. Cəmiyyət məni ancaq cinsi obyekt gözündə görür".

Humay deyir ki, anası onu tək böyüdüb və hədsiz dərəcədə cəmiyyətin nə fikirləşəcəyinə önəm verir. Bu səbəbdən feminin hərəkətlərinə görə onu daima kişi mühitinə salmaq istəyib.

 

"Həmişə oğlan üçün oyuncaqlar alardı. Rəsm çəkməyə marağım var idi, amma imkan vermirdi ki, qız işi görürsən. Məni həmişə furtbol oynamağa yollayardı. Qız dostlarımla danışmağa imkan verməzdi. Məcburi polis akademiyasına, ya da hərbi akademiyaya yollamaq da istəyidilər", deyir Humay.

Humay deyir ki, qadın bədənində doğulsaydı belə, yaşamaq üçün Azərbaycanı seçməzdi. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti qadının üzərinə bütün mənfi xüsusiyyətləri yükləyib və qadınlara bu ölkədə rahat deyil.

"Kişilik bu cəmiyyətdə daha üstün sayılır. Anam mənə demişdi ki, oğurluq et, cinayət et, qadın zorla, zorakılıq et, amma kişi ol".

O, hazırda tək yaşamaq və dil kurslarına getmək üçün maddiyata ehtiyacı olduğuna görə ailəsinin yanında trangenderlik məsələsini qabartmadığını və hələ də özünü oğlan kimi davranmağa məcbur etdiyini də qeyd edir.

Onun sadəcə bir istəyi var, azad yaşaya biləcəyi cəmiyyət. Bu səbəbdən Humay universiteti bitirdikdən sonra maliyyə toplayaraq cins dəyişdirmə əməliyyatı etdirəcəyini deyir.

 

Cəmiyyətin və ailənin təzyiqi

 

2012-ci ildə yaradılmış Nəfəs LGBTİ Alyansının sözçüsü Gülnara Mehdiyeva "Azərbaycanda LGBTİ insanları tabudur, onlar cəmiyyətdə yox sayılır" deyir.

Gülnara LGBTİ fərdlərinə əsasən cəmiyyətdə  "xəstə" gözü ilə baxılmasından da danışır.

Homoseksuallıq 1974-cü ildən Amerika Psixiatrik Asossiasiyasının psixi xəstəliklər siyahısından,  1990-cı il 17 may tarixində isə Ümumdünya Səhiyyə Təşkilatınının (ÜST) xəstəliklər siyahısından çıxаrılıb.

Bu səbəbdən təsnifatın yayımlandığı  17 may günü LGBTİ fərdləri üçün bayram günüdür.

Transgenderlik isə Amerika Psixiatrik Asossiasiyasının xəstəliklər siyahısından çıxarılsa da ÜST siyahıdan bunu çıxarmayıb.

Azərbaycan 2005-ci ildə xəstəliklərin beynəlxalq təsnifatının 10-cu baxışını qəbul edib. Yəni Azərbycanda homoseksuallıq xəstəlik deyil, amma transgenderliyə xəsətlik kimi baxılır.

Yerli LGBTİ təşkilatlarının dediyinə görə, müstəqillik əldə etdikdən sonra homoseksuallıq hələ də cinayət olaraq qalırdı və 3 ilə qədər azadlıqdan məhrumedilmə cəzası  var idi.  Bu qanun yalnız kişi homoseksuallara aid edilirdi. Lakin 2000-ci ildə mərhum prezident Heydər Əliyevin qərarı ilə homoseksuallıq cinayət siyahısından çıxarılıb.

Bütün bunlara baxmayaraq, Gülnara deyir ki, hələ də müxtəlif universitet dərsliklərində homoseksuallıq xəstəlik kimi göstərilir.

" Valideynlər övladlarının orientasiyasını öyrənən zaman endekrinoloq, psixoloq, terapevtə müraciət edirlər. Hətta xəstəlik sayılmayan homoseksuallığı müalicə etməyə söz verən bəzi həkimlər var. Xəstəlik sayılmayan bir şeyin müalicəsi isə qadağandır", o deyir.

Gülnara çalışdığı, 3 ilə yaxındır fəaliyyət göstərən təşkilatın Azərbaycanda LGBTİ nümayəndələrini görünən etmək üçün problemlərini işıqlandırmaq məqsədilə yaradıldığını əlavə edir.

Biz bacardıqca LGBTİ fərdəri barədə müsbət imic formalaşdırmağa çalışırıq, o qeyd edir.

Gülnara özünün feminist olduğunu və bir feministin eyni zamanda LGBTİ haqlarını dəstəklməli olduğundan da danışır. O deyir ki, LGBTİ haqları insan haqqlarıdır.

Onun sözlərinə görə, bir çox LGBTİ fərdləri cəmiyyətin tənəsindən qurtulmaq üçün hətta ailə qurmağı belə seçirlər.

"Cəmiyyətdə LGBTİ fərdlərinə qarşı yalnış sterotiplər də var.  Elə bilirlər, homseksual şəxs qadın olmaq istəyəndir, istənilən kişi ilə cinsi əlaqəyə hazırdır, ya da bir homoseksual savadlı həkim, hüquqşünas, müəllim ola bilməz. Bu homofobiya  məlumatsızlıqdan irəli gəlir," o deyir.

Təşkilat sözçüsünün sözlərinə görə, cəmiyyətdə lezbiyanlara qarşı münasibət çox da kəskin deyil, çünki onlar şübhə doğurmur. O deyir ki, Azərbaycanda kişi olmaq yaxşı sayıldığına görə, kişi kimi qız olmaq da pis qarşılanmır.

"Qızlar cəmiyyət içində çox səmimidirlər, öpüşərək görüşürlər, əl ələ tuturlar. Buna görə lezbiyan cütlüklər şübhə doğurmur"

"Bizim sosial şəbəkələrdə 3-4 mindən çox üzvü olan LGBTİ qruplarımız var. Orda homoseksual və ya lezbiyanların kağız üstündə formal evlilik üçün təkliflərinə rast gəlmək olur. Sadəcə ailənin təzyiqindən qurtulmaq üçün bu addımı atmağa məcburdular".

Müsahibimizin sözlərinə görə,onlara LGBT fərdləri əsasən ailəsinin təzyiqindən qurtulmağın yolları və ya xarici ölkəyə getməklə bağlı müraciətlər edirlər.

 

Nifrət cinayətləri

 

LGBTİ təşkilatları Azərbaycanda nifrət cinayətlərin haqda qanunvericiliyə maddənin daxil olmasınа və nifrət cinayətləri və çıxışlarına görə cəzanın ağırlaşdırılmasını istəyirlər.

Nifrət cinayətləri- milliyətinə, dininə, irqinə, cinsi orieyentasiyasına və digər əlamətlərə görə cinayətə məruz qalmaqdır.

Son illərdə ölkədə baş verən nifrət cinayətləri:

Fevralın 28-də Şəmkirdə transgender olan 24 yaşlı Bəxtiyar bir neçə dəfə bıçaqlanıb. Onun meyiti kirayə yaşadığı mənzildə başsız tapılıb.

Bakıda 2 kişi cinsi əlaqədə olduqdan sonra 44 yaşlı homoseksual kişini döyüb,  daha sonra onun noutbukunu, planşet və 2 mobil telefonunu götürərək gedib. Cinayətkarlar həbs edilib.

May ayında bir homoseksual çoxsaylı bıçaq zərbələri ilə öldürülüb. Hadisəni törədən 3 şəxs həbs edilib.

 27 yaşlı Ayla adlı transgender bıçaqlanaraq qətlə yetirilib. Onun yaxın dostlarından ikisi hadisə yerində də olub və kömək məqsədi ilə Aylanın otağına giriblər. Bu zaman onlara da bıçaqla zərbə endirilib. Hadisəyə görə 20 yaşlı kişi həbs edilib.

Saatlıda 25 yaşlı trangender intihar edib. Araşdımalara görə, bu adam Bakıda yaşayıb və seks-işçi olub. Ailəsinin isə bundan xəbəri olmayıb. Dostunun dediyinə görə,  bir gün ona zəng edərək ailsəinin hər şeyi öyrəndiyini deyib. O ailədə zorakılığa məruz qalıb. Və avqust ayında vəfat edib.

Oktyabr ayında Həmidə adlı lezbiyan intihar edib. Dostları onun ailəsinə orientasiyası barədə danışdıqdan sonra, evdən çıxıb. Onlar deyir ki, ailəsi ilə birlikdə qalmaq və ya öz istəkləri arasındakı mübarizə onun intihar etməsinə amil ola bilər.

 Özünü LGBTİ bayrağından asan İsa

  

"Anam mənim homoseksual övladım yoxdur deyəndə udqundum, ondan sonra hər udqunanda boğuluram."

 

Bu kiçik hekayə 2014-cü ildə intihar etmiş 23 yaşlı İsa Şhmarlıya aiddir. O, Azad LGBTİ təşkilatının təsisçisilərindən biri olub və özünü LGBTİ bayrağından asaraq həyatla vidalaşıb.

Hazırda 2012-ci ilin noyabr ayinda Isa Şahmarlı və bir sıra yaxın dostları tərəfindən yaradılmış Azad LGBTİ Azərbaycan  təşkilatında işləyən Lalə Mahmudova İsanı belə xatırlayır.

 " Cinsi orientasiyalar, cinsi yolla yoluxan xəstəliklər və onlardan qorunmağın yolları barədə məlumat xarakterli broşurlar hazırlayıb yayardı. LGBTİ icması ilə dünyagörüşünün artırılması və daha cəsarətli olub özlərini cəmiyyətdən gizlətməmələri barədə görüşlər keçirirdi. Özü də ilk dəfə LGBTİ mövzulu Ğ filminin yazılması və çəkilməsi işinə başçılıq etməklə yanaşı, özü filmdə gey rolunda çəkilmişdi".

Lalə deyir ki, İsanın LGBTİ radio, LGBTİ jurnal açmaq kimi də planları olub, ancaq onun intiharı bir çox planın yarıda qalması ilə nəticələnib.

Dostlarının sözlərinə görə, ailəsi İsanın homoseksual olmasını heç cür qəbul etmirdi. Anası inadla oğlunun homoseksuallğını gizlətməsində təkid etsə də, İsa ilk açıq şəkildə homoseksuallığını qorxmadan televiziya intervyularına bildirən bir gənc olub.

2014-cü il yanvarın 22-də İsa Şahmarlı intihar etməzdən təxminən 10-15 dəqiqə öncə Facebook profilində belə bir status paylaşıb:

 

“Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm...Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida”.

 

Lalə deyir ki, İsanın intiharından sonra LGBTİ icmasında özünə inam yarandı.

LGBTİ aktivistləri hər il İsanın intihar etdiyi günü, yanvarın 22-ni Homofobiya ilə mübarizə günü kimi qeyd edilməsini təklif edir.

 

 

Maarifləndirmənin önəmi

 

Azad LGBTİ Azərbaycan təşkilatının sözçüsü  Lalə Mahmudova  təklif edir ki, nifrət cinayətlərinin azaldılması üçün birinci növbədə polis bu iş üzrə maarifləndirilməli və hadisəyə anında reaksiya verməlidir.

"Təhsil sisteminə LGBTİ insanlar haqqında məlumatlandırıcı dərslər və ya məlumatlandırıcı sessiyaların salınması labüddür. Ən prioritet iş isə LGBTİ insanlarla bağlı çalışacaq sosial işçi və mərkəzlərin açılmasıdır. Bu insanların vaxtından əvvəl ailəsi tərəfindən atılması, mental sağlamlığının bərpa olunması, cinsi orientasiyası haqqında yaranmış müəyyən suallara cavab tapması yollarını işləyəcək sosial işçilərə çox böyük ehtiyacımız var".

LGBTİ nümayəndələrinin iş problemləri

 

"Cəmiyyətin “biz” və “onlar” prinsipi bu insanları daha da yadlaşdırır və cəmiyyətin digər qrupları kimi sülh şəklində birgə yaşamağa maneçilik törədir", Azad LGBTİ təşkilatının sözçüsü Lalə Mahmudova deyir

Lalə deyir ki, iş yerlərində LGBTİ insanların diskriminasiyaya uğraması və işə alınmamaları halları geniş yayılıb. Bu diskriminasiyalar qadınlara və ya, əlilliyə sahib insanlara qarşı olan diskriminasiyadan fərqlidir.

Lalənın sözlərinə görə, LGBTİ insanların Azərbaycanda sosiallaşmaq üçün yetərli imkanları yoxdur. Onların bir-biri ilə görüşüb ünsiyyət yaradacaqları məkanlar mövcud deyil.

Qeyd edək ki, Azərbaycanda hazırda onlayn şəkildə yayımlanan LGBTİ nümayəndələrinin problemlərini işıqlandıran jurnal da fəaliyyət göstərir. Minority jurnal adlanan media orqanının təsisçisi Səməd İsmayılzadədir.

 

Oriyentasiyasına görə ailə təzyiqi ilə üzləşməyən Rəhilə

 

Bütün bu neqativ hallarla yanaşı, ölkədə övladlarının oriyentasiyasını nifrətlə qarşılamayan valideynlər də var.

20 yaşı Rəhilə lezbiyan olduğunu deyir. Digərlərindən fərqli olaraq öz kimliyini gizlətmir.

O deyir ki, 11-12 yaşından lezbiyan olduğunu hiss edib. O vaxt öz həmcinsinə duyduğu maraqdan qorxsa da, bu haqda müxtəlif məlumatlar oxuduqdan sonra yalnız olmadığını öyrənib.

Anası onun oriyentasiyasını biləndə Rəhələni psixoloqa aparıb.

"Gözləri doldu, o vaxt universitetə hazırlaşırdım. Dedi ki, hazırlığı dayandırım, çünki səhhətim daha önəmlidir".

Psixoloq izah etdikdən sonra, anam qəbul edib, amma hələ də onunla bu haqda danışa bilmirəm, Rəhilə deyir.

"Atam da hər şeyi bilir, amma elə bilir xəstəlikdir. Keçəcək", o əlavə edir.

Rəhilə özünü belə xoşbəxt hiss etdiyini deyir. Amma o bildirir ki, Azərbaycan cəmiyyəti homofobdur.

"Facebookda paylaşımlarıma görə mənimlə əlaqəni kəsən dostlar olub. Dost qazanmaq problem deyil, amma hamıya bu haqda demək olmur", o qeyd edir.  

Rəhilə sevgilisi olduğunu və bir gün azad şəkildə sevgilisi ilə ailə həyatı quracağı günü gözlədiyini deyir. Hələlik isə, o təhsilini davam etdirmək haqda düşünür. 

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları