Azadlığın zəvvarı
Məsuliyyətdən imtina
Baxışlar: 3186
Dillər: 

İlk avtoportretlərimi yaşadığım cəmiyyətə özümü aid edə bilmədiyimdən, bir fərd olaraq kimliyimi axtarıb üzə çıxarmaq üçün 2009-cu ildən çəkməyə başlamışam. Doğma Azərbaycanda sosial normaları ancaq ənənələr, mentalitet müəyyən edir. Cəmiyyətdə patriarxat (kişi hegemonluğu) hakimlik edir, qadınlar isə sərt “olar və olmazlar” çərçivəsində yaşayırlar. Qız uşaqları da adətən ailə quranadək valideyn evində nəzarət altında bu tərzdə həyatlarını davam etməli olurlar.

Azərbaycan özünün dünyəvi olması ilə qürur duyan ölkə olsa da, burada kifayət qədər dindar ailələr mövcuddur. Mənim də ailəm belə bir ailədir. Valideynlərim yaşımdan asılı olmayaraq, hara gedib-gəldiyimə, evdən kənarda neçə saat qalacağıma, kiminlə görüşəcəyimə və bu kimi digər şeylərə həmişə nəzarət etməyə çalışıblar. Mən evdə də, sevgi münasibətlərimdə də müstəqil olmağa can atsam da, bu, hər zaman istədiyim kimi olmayıb. Azərbaycanda jurnalist fəaliyyətini seçirsənsə, bu da digər tərəfdən sənin azadlığını daha da kiçildir.

Fotokamera məndə mənəvi dünyama səyahət hissini oyatdı və mən öz azadlığımın zəvvarına çevrildim.

Kameranın obyektivi uğurlarımı da yansıtdı, uğursuzluqlarımı da, məhəbbəti də, tənhalığı da, ailəmlə birgə yaşayarkən üzləşdiyim çətinlikləri də, evdən ayrılıb azadlığıma qovuşmağımı da.

Sevgi münasibətim uğursuzluğa düçar olanda da qəlbimin ağrılarını olduğu kimi əks etdirən yalnız fotokameram oldu.

2015-ci ildə reproduktiv sistemimdə xoşxassəli şiş aşkarlananda da kamera gələcəyimlə bağlı qarışıq fikirlərimdə, əməliyyatdan sonra sağalmağımda mənə kömək oldu. Məni xəstəlikdən azad edən bir müalicəyə çevrildi.

“Azadlığın zəvvarı” mənim həyat hekayəmdir. Yazılmamış qanunlara qarşı çıxan, hazırda doğma ölkəsindən kənarda yaşayan və artıq özünü, kimliyini tapmış bir azərbaycanlı qadının hekayəsidir.

 

Mənəvi dünyamı göstərmək istəyim məni fotokameranın qarşısına çıxardı. Amma bu layihəni necə davam edəcəyim haqqında heç bir dəqiq fikrim yox idi. Bu, bir təcrübə idi, hər avtoportretin özü belə mənim üçün bir sınaq olub.
Sevgilimlə beş illik münasibətdən sonra ayrıldıqda böyük mənəvi zərbə almışdım. Həmin dönəmdə keçirdiyim hisslər yalnız mənəvi ağrılar, tənhalıq və çarəsizlik idi. Qəlbimin səssiz çığırtılarını ancaq özüm eşidirdim.
Azərbaycan kimi avtoritar rejimli ölkələr insanların şəxsi münasibətlərinə belə müdaxilə edə bilir. 2013-cü ildə beş illik sevgilim məndən jurnalist olduğuma görə və fikirlərimi ictimaiyətə açıq bildirdiyimə görə bu peşədən ayrılmağımı istədi. Mən isə öz peşəmə sadiq qalmağa qərar verdim.
2015-ci ildə keçmiş sevgilimlə münasibətimizi əks etdirən foto hekayə üzərində işləməyə başladım. Hekayəyə “Duyğuların labirinti” adını vermişdim. Heç bir il keçmədi ki, bu layihəni dayandırmalı oldum. Keçmiş sevgilim şəkillərinin hardasa yayımlanmasını istəmədi. Səbəb isə onun yaxın dost-tanışları arasında bu formatda tanınmamaq istəyi idi.
Keçmiş sevgilim ictimai-siyasi məsələlərdə fəal olan bir şəxs və bu istiqamətdə davam etməyə ambisiyalı olduğundan “Duyğuların labirinti”-ndəki fotolarda tanınacağından çəkindi. Səbəb, sevgi münasibətlərini olduğu kimi göstərmək, iki nəfər arasında yaşanan yaxın müasibəti əks etdirən fotoların onun imicinə zərər vura bilmə və qeyri-ciddi bir şəxs kimi qəbul edilmə ehtimalı idi.
Azərbaycanda tabular sevgi münasibətlərindən də yan keçmir. Buna görə Azərbaycan cəmiyyətində adətən insanlar ikili həyat sürməyə məcbur olurlar - ictimai sən və əsl sən.
Bədənimdə olan xoşxassəli şişin əməliyyatı yaşadığım dəhşətdən əlavə, mənə daha bir sınaq da gətirdi. Əməliyyatdan bir gün sonra evə qaytdım. Dörd gün sonra isə fotokameranın qarşısına fərqli “mən” çıxdı.
Evdən ayrılandan 2 il sonra valideynlərimlə ilk dəfə yediyim səhər yeməyi. «Nə qədər valideynlərindən uzaq yaşasan, bir o qədər də münasibətləriniz yaxın olacaq”, deyə bir neçə dostum söhbət əsnasında bildirmişdi. Vaxt keçdikcə bunun doğru olduğunun şahidi oldum.
Evdə əvvəllər qaldığım otaqda divardan asılmış Məhəmməd Peyğəmbərin bacanağı İmam Əlinin dini portreti. Valideynlərim namazı bu otaqda qılırlar. Onlar bəzən gün ərzində beş dəfədən də çox namaz qılır. Ev demək olar ki, dini ornamentlərlə, əşlayalarla doludur. Hər zaman evə gedərkən “Mən bu otağa, bu evə aid deyiləm” deyə özümə deyərdim. Hazırda da, valideynlərimə qonaq gedərkən həmin otaqda yatmıram, yata bilmirəm.
Keçmiş otağımın digər hissəsində isə dini şəkillər yox, Sovet dövründən qalma mebel, içində isə büllur vazalar və digər büllur qab-qacaqlar var. Keçmişin bu qalıqları ilə də heç bir bağlılığımın olduğunu hiss etmirəm.
Valideynlərimin qonaq otağı. Ailə üzvlərim adətən nahar və şam yeməklərini burada yeyirlər. Evin hökm sürən sükunətinə gündə beş dəfə atam tərəfindən oxunan azan qarışır.
Kürəyimdəki tatu Həyat Ağacını ifadə edir. Bu bir növ davam edən layihədir. İndi tatuda yalnız 5 yarpaq var, onlar mənim valideynlərimi (sağda), bacı və qardaşımı (mərkəzdə) və məni (solda, yuxarıda) tərənnüm edir. Ağacın kökləri isə Azərbaycana bağlılığımı göstərir.
Kamera məni aldatmır, həyatımda baş verən bütün dəyişiklikləri dürüstcə mənə göstərir. Sanki kamera ilə münasibətim səmimi bir dostluqdur. Obyektiv qarşısındakı özümdən çox şey öyrənmişəm – öz bədənimi və ruhumu öyrənməyi, onu azad etməyi, arzularımdan qorxmamağı, fərqli duyğuları, emosiyaları yaşamağı.
Bu yeni mənəm və yenilik təkcə saç düzümümlə bağlı deyil. Bu avtoportret, 2018-ci ilin yanvar ayında istirahət etdiyim Hollandiyanın Rotterdam şəhərində çəkilib. Kameranın göstərdiyi görüntünü məni çox təəccübləndirmişdi. Görüntüdə daha qətiyyətli bir şəxsi gördüm - öz qərarlarını özü verən və necə yaşamaq istədiyini bilən bir qadın.

 

İyun 2018, Kimlik

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları