Azərbaycan, 1950-ci illər və nənəm
Məsuliyyətdən imtina
Baxışlar: 1714
Dillər: 

Ən erkən xatirələrində nənəm rəngbərəng yastıqlar və kilimlərlə döşənmiş qonaq otağında valideynlərinə ucadan kitab oxuyur.

“1900-cü ilin əvvəllərində qızları məktəbə qoymurdular, ona görə də anam yazıb oxumaq bacarmırdı. Amma, həm anam, həm də atam romanların böyük həvəskarı idi,” deyə xatırlayır.

“Hər axşam yığılardıq və qardaşlarımda birlikdə “Robinzon Kruzo”, “Kapitan Qrantın uşaqları” kimi əsərləri onlara oxuyardıq. Televizor yox idi və bu, bizim axşam əyləncəmiz idi. Ancaq mən Moskvaya oxumağa gedəndə anam Azərbaycan əlifbasını öyrənmişdi ki, mənə məktub yaza bilsin. Əyri-üyrü xətti var idi.”

Afərdə Rəsulova mənim nənəmdir. 1931-ci ildə Sovet hökuməti qurulandan təxminən on il sonra dünyaya göz açan nənəm ailəsinin universitet təhsili alan ilk üzvü idi. Lakin bu ancaq başlanğıc idi. Belə ki, o, peşəkar tekstil dizayneri – dessinator olur və 1970-ci illərdə karyerasının ən yüksək zirvəsində öz doğma şəhəri Şəkidə Sovet Respublikaları arasında ən iri ipək kombinatlarından biri olan Şəki İpək Kombinatının qabaqcıl mühəndisi işləyir. 1972-ci ildə yerli şuraya deputat seçilir, Şəki Texnikumunda tekstil mühəndisliyindən dərs deyir. Həm də bütün bunların öhdəsindən üç övladı üçün qayğıkeş bir ana olmaqla yanaşı gəlir.

 

87 yaşı olmasına və gözlərinin zəifləməsinə baxmayaraq, tikiş nənəmin çox tez-tez gördüyü işlərdəndir. Bu işi əsasən Moskvada asudə vaxtlarında öyrənib.

Möhkəm iradəli və əzmli xarakteri ilə seçilən nənəm həyatında öz ətrafındakı qadınların əksəriyyətindən daha böyük şeylər əldə etsə də, gördüyü işlər barədə elə təvazökar danışır ki, elə bil nahardakı yemək kimi sadə mövzulardan bəhs edir.

İmkanları çox da geniş olmayan bir ailədən çıxdığı üçün nə isə əldə etməyin yeganə yolu oxumaqdan və çox çalışmaqdan keçirdi və özləri savadsız olsa da, dünyaya açıq baxışları olan valideynləri də həm nənəmə, həm onun qardaşlarına bu işdə dəstək idilər.

1950-ci illər SSRİ-də sürətli dəyişikliklər zamanı idi – buna görə də Afərdənin nailiyyətləri müəyyən qədər bu hadisələrin təbii nəticəsi idi və həmyaşıdları arasında da onun kimi seçilən gənclərə rast gəlmək olardı. Lakin ondan əvvəlki nəsil ilə arada olan fərqlər yerlə göy qədər idi. Zəhmətkeş şagird olan nənəm məktəbi qızıl medalla bitirmişdi və bu da ona qəbul imtahanı vermədən SSRİ-in istənilən təhsil ocağına daxil olmaq imkan vermişdi. İstedadlı pianist olsa da, nənəm o zamanlar “nüfuzlu peşə” hesab olunan mühəndisliyi seçmiş və beləcə 1951-ci ildə Moskva Tekstil İnstitutuna (hazırda Moskva Dövlət Tekstil İnstitutu) daxil olmuşdu.

 

Dostlara və ailə üzvlərinə xatirə üçün foto şəkillər göndərmək SSRİ zamanı bir adət idi, nənəmin də çox sevdiyi bir adət idi. O, hərdən Moskvadan öz şəkillərini göndərərdi. 1952 (sol) və 1953-cü (sağ) illərdən bu şəkillər onun ailəsinə yolladığı şəkillərin nüsxələridir.
1951-ci ildən olan bu şəkildən də göründüyü kimi nənəmin uzun qəşəng hörükləri var idi. Ərə gedəndən sonra o, o vaxtların ən populyar tərzi olan “arı-yuvası” düzümünə keçmişdi.
Salihə-xatun Həsənova, mənim ulu nənəm. 1909-cu ildə Şəkidə anadan olmuş, 40 yaşında nənəm Moskvaya universitetə gedəndə oxumaq və yazmaq öyrənmişdi. Nənəm onu gözəl musiqi duyumu olan və çalışqan bir qadın kimi xatırlayır. O, 1959-cü ildə dünyasını dəyişir.
(solda) Ulu babam Yəhya Rəsulov, 1895-ci ildə anadan olur, şəkildə qardaşlarından biri ilə təsvir olunub.
Aydın (solda) və Arif (sağda) Rəsulovlar, nənəmin iki kiçik qardaşı. Şəkillər müvafiq olaraq, 1959 və 1951-ci illərdə çəkilmişdir. Aydın fizik idi, 34 yaşında dünyasını dəyişir. Arif isə metallurgiya mühəndisi isə və 2001-ci ildə dünyasını dəyişir.

“O zamanlar xaricdə oxumaq olduqca cəsarətli bir addım idi; xüsusən də Şəkidə.”

Cəsarətli olsa da, nənəmin bəxti də müəyyən qədər gətirmişdi. Valideynləri onun maraqlarını anlayırdılar – onlar haqqında danışanda çox istedadlı olduqlarını, amma, təhsil ala bilmədiklərini qeyd edir. Onun gələcək həyat yoldaşı da özü kimi açıq fikirli və proqressiv idi.

“Bir neçə pərəstişkarım var idi, amma heç birindən xoşum gəlmirdi.” Biri kürən idi (onun zövqünə heç uyğun deyil), ikincisinin ali savadı yox idi, üçüncüsü isə “molla” idi. “O, oruc tutar, namaz qılardı,” nənəm xatırlayır. “Mən bilirdim ki, Raufun anası məni yayda corab geymək və başımı bağlamaq kimi absurd şeylərə məcbur etməyəcək. Onun üçün də Moskvada oxuyan bir qızla evlənmək üstünlük idi.”

Nənəm 1955-ci ilin yazında məzun olur, 7 noyabrda isə Raufa ərə gəlir. Həmin gün Oktyabr İnqilabının ildönümü münasibətilə qeyd olunan Razılıq və Anlayış bayramı idi və hər yerdə paradlar və nümayişlər var idi.  

“Buna qədər Rauf yalnız bir dəfə bizim evə 21 yanvarda, mənim ad günümdə gəlmişdi və mənə “Krasnaya Moskva” (Qırmızı Moskva) hədiyyə etmişdi.”

Toy olduqca sadə idi – 30 nəfərə yaxın adam evdə yığılmışdı. Makiyaj və ağ gəlin paltarı da yox idi.

 

Nənəm və babam. 1931-ci ildə anadan olan babam Rauf Allahverdiyev geoloq idi və həyatının böyük hissəsini Şəkinin 10 nömrəli məktəbində coğrafiya dərsi deyib. O, çox bacarıqlı bağban idi və qızılgül bağı bütün şəhərdə məşhur idi. 2004-cü ildə dünyasını dəyişib.
Nənəm və babam, atam İlqar və bibilərimdən biri Kəmalə ilə. Onların ümumi dörd övladları var idi.
Tamilla Əfəndiyeva (solda) və nənəm (sağda) birinci sinifdən universitetə qədər rəfiqə olublar. Onlar Moskvada da birlikdə oxuyur, hətta otaq yoldaşı olurlar. Ərə gedəndən sonra Tamilla Bakıya köçür. Bundan sonra nənəm onunla əlaqəni itirir və bir daha görüşmürlər.
Əsmər Həsənova, nənəmin xalası. İkinci Dünya Müharibəsi zamanı və 1990-cı illərə qədər tibb bacısı işləyir. Heç vaxt ərə getmir, çünki o zaman orduda olan qadınlarla heç kim ailə qurmaq istəmirdi. Hesab edirdilər ki, müharibə zamanı onların əsgərlərlə romantik münasibətləri ola bilərdi.
Nənəm (sağdan birinci) 1952-ci ildə Moskvada Tekstil İnstitutundan olan rəfiqələri ilə yeni il keçirir. Nənəm bu illəri çox böyük rəğbətlə xatırlayır.
Moskva, 1951. Nənəm və qrup yoldaşları.
Nənəm ən yaxın rəfiqəsi Tamilla Əfəndiyeva ilə Moskvada şahmat oynayır. Nənəm yaxşı şahmat oynayardı və hesab edir ki, bu, olduqca nəcib bir oyundur. 1951.

“Nişanda Raufun ailəsi mənə mavi krep-satin parça hədiyyə eləmişdi. Onun bir tərəfi parlaq, o biri tərəfi isə mat idi. Tamillanın [nənənim ən yaxın rəfiqəsi]” anası dərzi idi. O, parçanın mat tərəfindən mənə bir don tikdi, parıldayan tərəfi ilə də dona bir az dekorativ elementlər əlavə etdi. Sonradan həmin donu işə də geyirdim.”

Mənim mərhum babam da çox qeyri-adi bir adam idi – hündürboy və yaraşıqlı, eqosentrik və avtoritar. İndi geriyə baxanda düşünürəm ki, o, nənəm üçün həm ilham mənbəyi, həm də nailiyyət əldə etməyə sövq edən bir qüvvə idi.

Ailə bir tərəfə, 20 il ərzində Afərdənin həyatının mərkəzi hissəsi rənglər, naxışlar tekstil təşkil edirdi: İpək Kombinatında onun vəzifəsi yeni parça strukturları hazırlamaq idi. İş olduqca ağır idi və tez-tez konfrans və sərgilərdə iştirak etmək üçün səyahət etmək lazım olurdu. Lakin o, çox arzu etdiyi İstanbulu da görə bilməmişdi.

“Sovet vaxtı İstanbula getmək çox çətin idi. Xüsusi icazə lazım idi.” Nənəm heç vaxt belə məsələləri başa düşə bilmir.

 

Tamilla Əfəndiyeva nənəmin ən yaxın səyahət yoldaşı idi. Uzun səyahətlər zamanı onlar tez-tez bir-birlərinə baş çəkərdilər. Bu şəkillərdə onlar birlikdə Leninqradda (indi Sankt-Peterburq) və Moskvadadırlar.
Nənəm (mərkəzdə, oturub) Şəki İpək Kombinatında bir neçə iş yoldaşı ilə tekstil modelləri haqda müzakirə aparır. 1972-ci ildə o, şəhər sovetinin üzvü seçilir, lakin, sovetin sədrini tənqid etdikdən sonra, onu ikinci dövrə seçmirlər.
Babam tez-tez nənəmi iş səfərlərində müşayiət edirdi və bu ancaq mühafizə məqsədli deyildi (o zaman olduqca normal hesab olunsa da), əsas məqsəd nənəmlə birlikdə səyahətlər zamanı yeni yerlər görmək və yeni qızıl gül növləri kəşf etmək idi. Burada nənəm və babam 1950-ci illərdə Bakıdadırlar.

Üç uşaqla bunların öhdəsindən gəlmək zarafat deyil və yaxın qohumlar arasında ona kömək ola biləcək adamların sayı çox az idi.

Onun üçün əhəmiyyəti olan işinə hörmət və uğur qazanmaq idi.

O, Sovet dövrünün prinsiplərini və qaydalarını dəstəkləyirdi, amma, razı olmadığı məsələlər ilə bağlı fərqli fikirlərini bildirməkdən də heç vaxt çəkinməzdi. Məsələn, şəhər sovetinin o zamankı sədrini yenidən seçmək üçün görüşdə bildirmişdi ki, ikinci dövrdə qalmaq üçün həmin sədr heç nə etməyib, küçələrdən su axmaqda davam edir, yolların vəziyyəti, infrastrukturun yaradılması üçün heç nə etməyib. Amma, Sovet vaxtları idi, ona qulaq asan yox idi və həmin şəxs yenidən seçildi.

 

Nənəmin tərtib etdiyi parça modelləri; aralarında “Proxlada” (rus dilində sərinlik mənası verir), “Gülüstan”, “Nəsimi” və “Naz-naz”.

Nənəm üçün kommunizm heç vaxt sitayiş ediləcək bir büt olmayıb. 1953-cü ildə Stalin öləndə nənəm də Moskvada onun cəsədini görmək istəyən minlərlə şəxsin içində idi. Lakin yolun yarısında qərar verir ki, bu əziyyətə dəyməz və yarımçıq qayıdır.

SSRİ sadəcə nənənim doğulduğu bir məkandır. Lakin həmin illərə əldə etdiyi təcrübəyə görə minnətdardır.  

 

Nənəmin “Əla müvəffəqiyyət və nümunəvi əxlaq üçün” verilən qızıl medalı hələ də durur. Bu medal ona 1950-55-ci illərdə Moskva Tekstil İnstitutunda (hazırda Moskva Dövlət Tekstil Universiteti) oxumaq imkanı vermişdi.
Nənəmin Komunist Partiyasının təhsil təşkilatı olan “SSRİ-də insanların maariflənməsi üçün” çalışan “Bilik cəmiyyəti”nə üzvlük bileti. Bu qrup ilə nənəm həmkarlar ittifaqlarının dram klublarının təşkilində iştirak edirdi.
Nənəm 1955-ci ildə Tekstil İnstitutundan məzun olur, sonra Bakıya qayıdır və həmin ilin noyabr ayında ərə gedir.
İşindəki nailiyyətlərinə görə nənəm Şərəf Orderni ilə təltif olunmuşdu.
1970-ci ildə iş yerindəki nailiyyətlərinə görə Vladimir Leninin anadan olmasının 100 illiyi münasibətilə buraxılan Yubiley Medalı ilə təltif olunur.
İşdə və təhsildəki nailiyyətlərinə görə nənəmin aldığı mükafatlar: Şərəf Ordeni (yuxarı sağ), Lenin Yubiley Medalı (yuxarı sol) və məktəbdən verilən qızıl medal.
Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları