Azərbaycan: Döymək sevmək demək deyil
Məsuliyyətdən imtina
Baxışlar: 1491
Dillər: 

       Azərbaycan: Döymək sevmək demək deyil

 

Qafqazın başqa yerlərində olduğu kimi, Azərbaycanda da qadınlar məişət  zorakılığı haqqında danışmağa utanır.

Psixoloji basqıya və məişət zorakılığına məruz qalmış qadınlar bu stereotipi yox etməyi qərar alıb. Onlar sosial mediada Azərbaycan qadınları üçün olan qruplardan birində tapılıb və adlarının gizli qalmasını istəyirlər. Başqa patriarxal cəmiyyətlərdə olduğu kimi, burada da şiddətə məruz qalan əsasən qadınlar olur.

Qadınların bu mövzuda səssizliyi isə məişət zorakılığı barədə statistik məlumatların  qeyri-dəqiq olmasına , problemin isə  həll edilməməsinə gətirib çıxarır.

Öz yaşadıqlarını bölüşən qadınların istəyi odur ki, onları günahlandırmadan dinləsinlər. Qadınların hesablarını müstəqil şəkildə yoxlamaq çətin olsa da, faktlar daha əvvəl qadınlara qarşı bu cür davranışların olduğunu göstərir.

Dövlət və QHT-lər mövcud  vəziyyəti dəyişmək üçün cəhdlər etsə də, əsl dəyişiklik qadınlar susmaq yerinə danışmağa üstünlük verəndə olacaq.

 

Azadlıq axtarışında

 

Bakıda böyüyən 25 yaşlı  kopirayter ailəsində məişət zorakıılığı adi bir hal idi. Onun ilk uşaqlıq xatirələri atasının anasını necə döydüyündən ibarətdir. Bu illərdə onun cəmi 2 yaşı olub. 14 yaşı olanda o, anasını müdafiə etməyə başlayır. Beləliklə özü də məişət zorakılığı qurbanı olur. Onun universitetə hazırlaşmaq üçün müəllim yanına getmək istəyi döyülmək və ya atasının işdəki problemləri barədə şikayətini eşitməklə nəticələnir.

“O heç vaxt mənim üzümə şillə vurmurdu, lakin səsimi çıxartmayım deyə ağzımı əli ilə tutur və məni aşağı  aparırdı”, o xatırlayır.

Atasını vurmağa qorxur, əvəzində isə çarəsizcəsinə öz üzünü və boynunu cırırdı. Kənardan kömək gözləmək isə mənasız idi. “İnsanlar fikirləşir ki, əgər ata qızını döyürsə deməli qız nəsə pis hərəkət edib”, o deyir.

O, ailəsindən ayrılıb, tək yaşamaq istəyir. Lakin bu da mümkün olmur və nəticədə o, 22 yaşında evlənir.

İndi o, ailəsindən ayrı yaşayır və dediyinə görə xoşbəxtdir. Onun sözlərinə görə, əri heç vaxt onunla pis rəftar etmir. “Bizim də problemlərimiz olur, lakin mən qorxmadan öz fikrimi deyə bilirəm, çünki qarşılığında məni döyülmək gözləmir”.

Keçmişdə yaşadıqları tez-tez yuxusuna girsə də, hazırda qəhrəmanımız gələcəyinə fokuslanmağa çalışır. 

“Bu sadəcə mənim həyatımın bir hissəsidir,” o məişət zorakılığı haqqında danışanda deyir. “ “Bundan əlavə hərkəsin gələcəyə dair  plan və məqsədləri olmalıdır.  

Günahkarlıq kompleksi

Milliyətcə yarı Rus, yarı Kabar olan Bakı sakini iqtisadçı və  neft mühəndisi olan gələcək əri ilə 21 yaşında evlənirlər. “21 yaş evlənmək üçün ən uyğun  vaxtdır” o, deyir.

Evləndiyi zaman o, gələcək həyat yoldaşının valideyinləri ilə yaşamağa və onların qaydalarına riayət etməyə razı olur. “Uşaqlığımdan böyüklərə qarşı çıxmağın doğru olmadığı deyilmişdi ”, o əlavə edir.

Lakin, bu qərarı onun həyatında çətinliklər yaradır. Onun qaynanası tez-tez  “gəlin evin süpürgəsidir” deyirdi. Onun gəlininin istəkləri ikinci dərəcəli idi. “ Qaynanam olduğu üçün onun icazəsi olmadan evdə nəsə etmək mümkünsüz idi”, iqtisadçı deyir.

Onun hamiləliyi zamanı da müxtəlif problemləri olub.  Onun sözlərinə görə, ikinci uşağına hamilə olduğu zaman qaynanası onu abort etməyə məcbur edib. Yaşlı qadın cərrahiyyə əməliyyatı olmalı idi.  Yeni doğulacaq körpənin gəlinin vaxtını alacağından və özünə lazımı qaydada qulluq etməyəcəyindən ehtiyat edərək onu aborta məcbur etmişdi.

 

Qaynanasına qarşı çıxarsa , ərinin onu dəstəkləməyəcəyini bildiyi üçün qadın razılaşmağa məcbur olur. Onun sözlərinə görə hələ də bu qərarına görə peşmançılıq çəkir.

Bundan sonra onda panik ataklar və depressiya yaranır. “Mən psixoloji dəstək almağa başladım, dostlarımdan xahiş edirdim ki, mənim doğulmayan körpəm üçün dua etsinlər”.

İki il sonra onun qızı dünyaya gəlir. “Qaynanamın təkidi ilə abort etdiyimə görə özümü heç vaxt bağışlamayacam”, o deyir. 

İqtisadçı və onun həyat yoldaşı tez-tez səyahət edir və artıq qaynanası ilə birlikdə yaşamır. Yenə də keçmişdə yaşadıqlarını unutmaq çətindir.

Tələyə düşənlər

38 yaşlı memarın həyatı çətindir. Onun daimi baş ağrıları, ürək döyüntüsü  olur. Tez-tez intihar haqqında düşünür. Lakin, ailəsinin çörəkgətirəni kimi işləməyə məcburdur.

Beş il, 8  yaşlı oğlu ilə birlikdə yaşamışdı. 2016-cı ildə Rusiyada restoranda işləyən əri evə gəlir. “O iş tapa bilmədi və spritli içkilərə qurşandı. Əsəbləşəndə məni döyürdü. Sonradan öyrəndim ki, Moskovada da bir qadınla yaşayıb”.

Onun həyatı dəyişdi. “Mən həmişə qorxu içində idim. Onu içkili vəziyyətdə görəndə qorxurdum. Bunlar oğluma da təsir edirdi, o əsəbi olmuşdu. Ən xırda məsələyə görə ağlamağa başlayırdı”.

Uşaq vaxtı onun xəyalları başqa idi; o, kariyera qurmaq istəyirdi, öz evi, öz maşını olmasını istəyirdi. Lakin, onun sözlərinə görə,  gələcək həyat yoldaşı çətinliklə də olsa, onu ailə qurmağa razı edə bilir. Bakı yaxınlığındakı qəsəbələrdən birində yaşayan memar hazırda boşanmaq istəsə də, bu mövzu haqqında danışanda əri onu döyməyə başlayır. Hətta onun sözlərinə görə,  bir dəfə, oğlu qorxudan telefonu ona gətirib polis çağırmasını istəyib.

Polisin kömək edəcəyinə də inanmır.  O, ərinin onu döydüyü barədə şikayət edəndə polislərin sadəcə gülməklə kifayətləndiyini deyir.

Lakin onun vəziyyəti heç də gülməli deyil. Memarın sözlərinə görə, əri polisə etdiyi şikayəti geri almasa, onu üzünə sirkə tökmək və öldürməklə hədələmişdi.

(Azərbaycanda polis hesabatları ictimai deyil və yoxlanıla bilməz.)

Memarın  sözlərinə görə əri hətta  məhkəməni onun “fahişə” olduğuna inandırmaqla oğlunu almaq və bir daha görüşməyə icazə verməyəcəyi ilə  hədələyib. Oğlu- onun həyatda tək sevincidir.

Bu xatirələr onu rahat buraxmır. Müalicə üçün maddi imkanı  olmadığından depressiya və qorxuları ilə təkbaşına mübarizə edir.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları