Azərbaycanda Inzibati Həbslər
Baxışlar: 3478
Dillər: 

Azərbaycanda inzibati  həbslərin sayı getdikcə artmaqda və hökümətə qarşı etirazını bildirən istənilən vətəndaşı hədəfə almaqdadır. Son üç il ərzində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)  22 üzvü, Müsavat Partiyasının 18 üzvü, NİDA Vətəndaş Hərəkatının 15 üzvü inzibati qaydada həbs olunublar. Gənc fəalları siyasi fəaliyyətdən çəkindirməyin yollarından da biri inzibati həbslərdən keçir.

 

Həbs olunan siyasi fəallar bir çox hallarda İnzibati Xətalar Məcəlləsinin 310.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə ittiham edilirlər. Onları adətən küçədə yüksək səslə söyüş söyməkdə, insanlarla mübahisə etməkdə günahlandırırlar. Əslində isə fəallar iri cüssəli mülki geyimlilər tərəfindən oğurlanıb, polis bölməsinə gətirilir. Orada onlara hədə-qorxu gəlinir, polisin istədiyi ifadəni verməsələr, daha ciddi ittihamla ilə hədələnirlər. Məsələn, onların cibindən külli miqdarda heroin çıxara bilərlər. Təzyiq vasitələrinin sonu fəalların inzibati həbsi ilə nəticələnir. 

İnsan hüquqları üzrə ekpert Səməd Rəhimli hesab edir ki, gəncləri bir neçə gün həbsə atmaq metodu vətəndaş cəmiyyəti və siyasi fəalları susdurmaq üçün bir vasitəyə çevrilib. 

İnzibati həbslərlə bağlı təşkilatların hesabatları var. "Human Rights Watch", "Amnesty İnternational" və digər təşkilatların dövrü və ya Azərbaycanla bağlı xüsusi hesabatlarında da öz əksini tapır. Avropa Məhkəməsinin qərarlarında bununla bağlı pozuntu halları aşkarlanıb. Bundan əlavə, bu ilin may ayında Avropa Şurası üzv ölkələrində inzibati həbslərdən sui-istifadə halları ilə bağlı hesabat yayıb. Bu hesabatda Azərbaycanla bağlı qeyd olunub ki, Azərbaycan ictimai və yaxud siyasi fəallara qarşı inzibati həbslərdən kütləvi olaraq istifadə edir. 

 

 

Turan Ibrahimli

24 yaşlı Turan İbrahim  həbsdə olan AXCP sədrinin müşaviri, siyasi məhbus Məmməd İbrahimin oğludur. Azərbaycan Kooperasiya Universitetində qiyabi ödənişli təhsil alır.  Deyir ki, atası həbsdə olduğu üçün ailənin  yükü onun üzərinə düşür. Buna görə də ödənişli təhsil aldığı universiteti bitirə bilmir.

2015-ci ilin fevral ayında Azərbaycan manatının dəyərdən düşməsi, ölkədə kəskin qiymət artımına səbəb oldu. Bu isə öz növbəsində ölkədə etiraz dalğası yaratdı. Turan deyir ki, onun cəzalandırılmasının səbəbi sosial media hesabından ölkə hakimiyyətini tənqid edən paylaşımlar etməsdir.

 

“Yanvar ayının 13-də qardaşım mənə zəng elədi ki, özünü polis əməkdaşı kimi təqdim edən şəxs səni axtarır. O, qardaşımı evin yanında tutub, elə bilib ki, mənəm. Məsələ aydınlaşdıqdan sonra onu buraxıblar. Qardaşımın zəngindən belə məlum oldu ki, onların evimizin yanında məni gözləyirlər. Mən də evə tərəf getdim. Maşından 5-6 nəfər düşdülər və dedilər ki, 18-ci polis bölməsinə gedirik. Bölmədə mənə dövlət tərəfindən bir vəkil təyin elədilər. Bundan imtina etdim və dedim ki, öz vəkilimi istəyirəm, onunla danışmaq üçün mənə şərait yaradın. Amma tələblərimi yerinə yetirmədilər”.

 

AXCP üzvü deyir ki, ona təzyiq edilib ki, ifadəsində qeyd etsin ki, guya ünvansız söyüş söyüb. Bundan sonra polislər ona yaxınlaşaraq iradlarını bildiriblər. O, da polislərin qanuni tələblərinə əməl etməyib və onlarla mübahisə edib. Bu mübahisənin də sonu fəalın polis bölməsinə gətirilməsi ilə nəticələnib:

“Dedilər ki, ya bu ifadəni imzalamalısan, ya da narkotik ittihamı ilə sənə cinayət işi açacağıq. Mən də məcbur olub imzaladım. Bir gün bölmədə qaldım, səhərisi gün məhkəməyə apardılar. Məhkəmədə iki yalançı hal şahidi olan polis üzümə durdu ki, belə bir hadisə olub. Hakim də mənə 7 sutka həbs cəzası verdi. Binəqədi təcridxanasında ciddi təzyiq yox idi, sadəcə, guya nizamnaməyə uyğun olaraq saçımı qırxdılar."

Turan gəlməmişdən əvvəl şifrəni və telefonu dostlarına verib, onlar da profilini bağlamışdılar.

"Çünki bölmədə ciddi cəhdlə feysbuk profilimi axtarırdılar,"deyir Turan.

"İlk gün təcridxananın rəisi məni yanına çağırıb, bu işlərdən uzaq olmağımı, feysbukda hakimiyyətin əleyhinə status yazmamağımı məsləhət gördü.  Bölmədə xəbərdarlıq edirdilər ki, bu işlərdən uzaq olmasam, bu dəfə uzunmüddətli həbs edəcəklər”.

 Bu İbrahimlini öz yolundan çəkindirmir, o öz sosial –siyasi fəaliyyətinə davam edir və hakimiyyətin istəyinin əksinə söz azadlığını təbliğ edir.

NİDA Demokratik Gənclər Hərəkatı  ölkədə vətəndaş  cəmiyyəti və sosial sahədə  dəyişikliklər etmək məqsədi ilə  2011 –ci ildə təsis edilib. Heç bir siyasi partiyaya aidiyyatı olmayan bu hərəkat sosial media vasitəsi ilə gəncləri küçə yürüşlərinə çıxarmağa nail olmuşdur. Lakin indi onlar özləri də təyziq və təhdidlərə məruz qalıblar.

NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Ülvi Həsənli üç dəfə inzibati həbsə məruz qalıb. 29 yaşlı Ülvi Həsənli 2005-ci ildə qəbul oldunduğu Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almaq üçün Gəncədən Bakıya gəlib. 2005-ci ildə Dalğa Gənclər Hərəkatıan qoşulub və hərəkatın sədri seçilib.  Dalğa Gənclər Hərəkatındakı ictimai-siyasi fəaliyyətinə görə, təhsil aldığı universitetdən xaric edilib. Daha sonra 2008-ci ildə Azərbaycan Turizm Universitetinə qəbul olub.  2013-cü ildən NİDA Vətəndaş Hərəkatında təmsil olunur.

O, ilk dəfə 2011-ci ilin 11 mart “Böyük xalq günü” etiraz aksiyasında Azad Gənclik Təşkilatının sədri kimi həbs edilib. “Böyük xalq günü” “Ərəb baharı”ndan sonra Azərbaycanda artan etirazların ilk mütəşəkkil aksiyası hesab olunur.  Həmin aksiyada gənc fəal polisin qanuni tələblərinə tabe olmamaq və qanunsuz piketdə iştirakda ittiham edilərək yeddi sutka inzibati həbsə məruz qalıb.

 

2009-cu ildən inzibati həbslər artmağa başladı. Artıq Binəqədi müvəqqəti təcridxanasının əməkdaşları siyasi fəallarla münasibət yaratmışdılar. Çünki onlar bildirdilər ki, siyasi fəallar hər hansı bir cinayətə görə ora düşməyiblər. Təcridxananın azsaylı əməkdaşı fəallara qarşı qəddarlıq edirdi, amma çoxluğun münasibəti pis deyildi. Təxminən üç ildən sonra hökumət artıq bildi ki, Binəqədi təcridxanasında müxalifətçilərə qarşı ümumilikdə münasibət sərt deyil, ona görə də rəhbərliyini dəyişdilər. İndi oranın heyətinin fəallara olan münasibəti çox qəddardı”.

İkinci dəfə 2012-ci ilin 20 oktyabrında fəvvarələr meydanında parlamentin buraxılması ilə bağlı aksiyada həbs edilən Ülvi Həsənli deyir ki,  Polis İdarəsində fəallara işgəncə veriblər. Onun sözlərinə görə, 68 nəfər fəalı 29 kvadrat metrlik bir otağa salıb qapını bağlayıblar:

“Orada bizə işgəncə verirdilər – nə yemək, nə su, verirdilər, nə də insanların təbii ehtiyacını ödəmək üçün şərait yaradırdılar. İsti və havasız otaqda bizi təxminən beş saat saxladılar. Bundan sonra gənc fəallar qapını möhkəm döyərək etiraz etməyə başladılar. Etiraz səslərinin səngimədiyini eşidən polislər bundan sonra otağın qapısını açdılar. Bu dəfə də polisin qanuni tələblərinə tabe olmamaq adı ilə yeddi sutka həbsə məruz qaldım”.

Bir il əvvəl başqa bir hadisədə eyni senari təkrarlanıb. İyul ayının 14-ü 2013 –cü ildə Nida hərəkatının üzvləri Bakının müxtəlif yerlərində sloqanlar yapışdırarkən həbs olunmuşdular.

“Metroya minəndə gördüm, girişdə yoxlama aparan polis məni görən kimi polis salamı verdi və yanındakı mülki geyimliyə məni göstərərək nəsə dedi. İki saat sonra şəhərdə məni tutdular. Metro polisinə apardılar və mən orada həmin mülki geyimli əməliyyatçını gördüm. Onlar çox əsəbi şəkildə metroda bizim stiker yapışdıran dostumuz Kənan Qasımlının şəklini göstərdilər və onunla Məcid Mərcanlını axtardıqlarını dedilər. Mən də dedim ki, əməliyyat keçirmisiniz və onları özünüz tapa bilərsiniz. Bundan sonra Kənan Qasımlı və Məcid Mərcanlı da həbs olundu."

Həbslər Ülvünu qorxutmur. Həsənli Nida vətəndaş hərəkatının idarə heyətinin üzvüdür.

Səməd Rəhimli

Bəzən siyasi fəaliyyət valideyinlərdən övladlara keçir.  Amid Süleymanovun mübarizliyi ona atasından keçib. O, 2016-cı ilin may ayında polisin tələblərinə tabe olmamaqdan inzibati həbs cəzası alıb.

NİDA Vətəndaş Hərəkatının 29 yaşlı üzvü Amid Süleymanov bu il mayın 25-də “fəallar üçün xüsusi nəzərdə tutulan” polisin qanuni tələblərinə əməl etməmək ittihamı ilə həbs olunub. Amid Süleymanov da atası Yusif Süleymanov kimi uzun illər Müsavat Partiyasının fəallarından olub. Lakin 2014-cü ildə partiya başqanlığına keçirilən seçkilərə etiraz olaraq Müsavat Partiyasından ayrılıblar.

O deyir ki, mayın 24-dən 25-ə keçən gecə mülkigeyimlilər evlərinə daxil olmaq istəsələr də, atası qapını açmayıb. Dəvətsiz “qonaqlar” mayın 25-i saat 11:30 yenə qapını döyməyə başlayıblar. Bu dəfə onlar sahə müvəkkili ilə birlikdə mənzilə daxil ola biliblər. Amid Süleymanovun sözlərinə görə, evə daxil olan mülki geyimlilər sanki qatı cinayətkar tuturmuşlar kimi, fəalı zorla maşına aparıblar. Qandallanaraq polis bölməsinə gətirilən siyasi fəalın şəxsi kompyuteri də müsadirə edilib.

“Bölmədə bunu belə aktlaşdırdılar ki, guya mən blokun ağzında durub söyüş söymüşəm. Bu vaxt mənə yaxınlaşan polis əməkdaşları ictimai asayişi pozduğumu bildiriblər və " mən də onlarla mübahisə etmişəm" və polisin qanuni tələblərinə tabe olmadığım üçün məni bölməyə gətiriblər. İstədiklərini aldıqdan sonra məni məhkəməyə apardılar, məhkəmə hakimi də şou düzəldib, mənə 10 sutka inzibati həbs verdi."

Orada Amid Süleymanov fotoreportyor Elnur Muxtarla bir kamerada olub. Daxili qaydaları əsas gətirib, üzümüzü və saçımızı qırxdılar. Bir müddətdən sonra mülki geyimli  şəxs onları ayrı-ayrılıqda sorğulamağa başlayıb:

“Məndən üzvü olduğum NİDA Vətəndaş Hərəkatı ilə bağlı soruşdular. NİDA-nın üzvləri, idarə heyətində təmsil olunan şəxslər barasində suallara verdilər. Mən də onların əvvəlcədən bildiyi və ümumi məlumatları verdim. Çünki həqiətən də bizim təşkilatın hər hansı gizlinliyi yoxdur. Sorğu-suallardan sonra saxlnma təcridxanasında adəti üzrə günlərimizi saydıq. Onu da deyim ki, qidalanma məsələsində problemimiz yox idi. Həta ilk günlər təcridxana əməkdaşları bizimlə sayqısız davranırdılar, fəal və jurnalist kimliyimizə lağ edirdilər. Amma müəyyən müddətdən sonra ünsiyyət qurduqca mədəni davranışımızı görüb, bizə hörmət etdilər. Saxlanmağımın səbəbi bilmirəm. Çünki həmin dövrdə hər hansı bir aksiya baş verməmişdi, hərəkətlilik də yox idi. Hesab edirəm ki, məni kimləsə səhv salmışdılar, ya da sadəcə yuxarılara yalan məlumat verib həbs etmişdilər”.

 

Ölkə daxilində və xaricdə fəaliyyət göstərən hüquq müdafiə təşkilatları hökümətin bu addımını siyasi təyziq vasitəsi kimi dəyərləndirir. Facebook sosial şəbəkəsində “İnzibati cəza alan Azərbaycan siyasi fəallarını müdafiə” adlı səifə yaradılıb ki, onun da 1000 dən artıq dəstəkləyicisi var.

2016-cı ilin May ayında Avropa Şurasının Strasburqda yerləşən və əsasən insan hüquqları sahəsində fəaliyyət göstərən təşkilatı, üzv ölkələrdə inzibati həbslərin sayının artması ilə bağlı hesabat yayıb.

Hesabatda bildirilir ki,  2013-cü ilin may ayında Azərbaycan  yeni qanunvericilik qəbul edərək cuzi xətalara görə, məhkəmə qərarı olmadan inzibati həbslərə icazə verən əsasnamələr qəbul edib. Məsələn, qanunsuz nümayişlərin təşkil edilməsinə 60, polisin tələblərinə qulaq asmamağa isə 30 günə qədər  inzibati həbs  həbs nəzərdə tutulur. ( əvvələr hər iki halda  limit 15 gün idi)

Azərbaycan 2001-ci ildə təşkilata üzv seçilib. Lakin, hesabatlara görə, hələ də bu Cənubi Qafqaz ölkəsi inzibati həbsləri “siyasi gərginlik, əsasən də seçki öncəsi və sonrası siyasi opponentləri, nümayişçiləri  və aktivistləri həbsə atmaq üçün vasitə kimi” istifadə edən ölkələr siyahısındadır. 

 


 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları