Azərbaycanlı Qadınlar Türkiyədə: Dayə, Baxıcı, Xadimə
Məsuliyyətdən imtina
Baxışlar: 3183
Dillər: 

Gürcüstanın Candar kəndində demək olar ki, hər ailədən kimsə iş dalınca xaricə gedir. Son illərdə isə əmək miqrantları sırasına qoşulanlar arasında qadınların sayının artdığı müşahidə olunur. Gürcüstan üçün bu yeni bir tendensiya hesab edilməsə də, Candar kəndi üçün radikal bir dəyişiklikdir.

Kəndin sakinləri etnik azərbaycanlılardır. Burada ənənəvi olaraq qadınlar maddi cəhətdən ərləri, yaxud atalarından asılıdırlar; ailə qurduqdan sonra isə vaxtlarını əsasən ev işləri ilə keçirirlər.

Lakin indi vəziyyət dəyişməkdədir. 

Kəndin sakinlərə verə biləcəyi iş imkanları çox azdır. Əksəriyyətin gürcü dilini bilməməsi isə iş tapmağı daha da çətinləşdirir.

Demək olar ki, 15 ildir kəndin kişiləri iş dalınca qonşu ölkələrə - əsasən Türkiyə, Rusiya və Ukraynaya gedirlər. Yerli qadınlar da son onillikdə xaricdə iş axtarışına çıxıblar. İşləməyə gedən qadınlar vasitəsilə camaat xaricdə iş imkanları barədə öyrənməyə başlayıb. Kişilərin əksəriyyəti ölkədən kənarda tikinti kimi fiziki əmək tələb edən işlərə yönəlirsə, qadınlar daha çox dayə, xəstə qulluqçusu, xadimə olaraq işləyirlər.

Yerli camaatın dediyinə görə, hazırda Candar kəndinin qadın sakinlərinin təxminən yarısı xaricdə işləyir, əsasən də Türkiyədə. Yeni nəsil getməyə daha çox meyllidir: 10 il əvvəl yaşı 40-dan yuxarı olan qadınlar miqrasiya edirdilərsə, indi bu yaş təxminən 25-ə düşüb.

Bu tendensiya həddən artıq yoxsulluğa görədir? Yoxsa xaricə getmək bu qadınlara həqiqətən müstəqil olmağa imkan yaradır?

Sualın cavabı bir qədər qarışıqdır.

Ailəsini keçindirmək üçün gəlir əldə etmək istəyən bu qadınlar cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Evindən uzaqda işləmək məcburiyyətində qalmış bu qadınlara kənd camaatı arasında yaxşı baxmırlar, hətta onların əxlaqlarını belə sorğu-sual edirlər.

Xaricə getməklə bu qadınlar ana olaraq öz rolunu icra edə bilmirlər, öz uşaqlarını anaları, yaxud qaynanalarının öhdəsinə buraxırlar. Ailənin birlikdə olmaması bir çox hallarda həm də nikahın özünü də zədələyir.

Bundan əlavə,Türkiyəyə işləməyə gedən qadınların dediyinə görə, getdikləri yerdə də ayrı-seçiliyə məruz qalırlar. Bildirirlər ki, yerli işçilərlə eyni maaşı aldıqları halda, onların iş saatı daha çox olur.

Buna baxmayaraq, qadınlar hesab edir ki, xaricdə işləmək onların özlərinə inamı artırır, maddi müstəqilliyin nə demək olduğunu öyrədir. 

Chai Khana xaricdə işləmək üçün evini tərk etmiş dörd qadının hekayəsini təqdim edir.

 


Onların ikinci anası

 Qənirə, 57 yaş

 

Qənirənin gəlini və oğlu dörd ildən çoxdur ki, Türkiyədə işləyir, o isə Candarda nəvələrinə baxır. Valideynlər işləməyə gedəndə uşaqların yaşı az idi, onlar üçün Qənirə ikinci anadır. 

“Balaca nəvəmin 2 yaşı var, onun üçün ana mənəm”, deyə Qənirə bildirir. O əlavə edir ki, əvvəllər gəlini hər 3 ayda bir dəfə evə gələ bilirdi, lakin son bir ildə evinə baş çəkməsi mümkün olmayıb, buna səbəb isə Türkiyədə müdirləri maaşlarını xeyli azaltmağı olub.

“Əvvəl 700-800 dollar maaş alırdılar, indi cəmi 400-500 lira verirlər. Burda da heç iş yoxdur deyə, ordakı işlərini buraxa bilmirlər. Maaşları az olsa da”, Qənirə deyir.

Candar kəndində hazırda iki cür işdən gəlir əldə edilir: bazarda tərəvəz və ya süd satmaq, yaxud da marketdə xırdavat satmaq.

“Candarda mağazaların sayı da bir əlin barmaqlarının sayı qədərdi”.

Qənirə və nəvələri Candar kəndində evlərinin qarşısında
“Balaca nəvəmin 2 yaşı var, məni anası hesab edir”, Qənirə deyir.
Candar kəndi küçələrində uşaqlar oynayarkən

Anamıza görə biz fərqliyik

Güllər, 26 yaş

 

Güllərin anası Türkiyəyə işləməyə 10 il əvvəl gedib – atasının gedişindən 3 il sonra.

Dörd uşaq – iki qardaş və iki bacı isə kənddə təkbaşına qalıb. 

“Mənim 15, bacımın isə 21 yaşı var idi, ona görə də bizə o baxırdı”, Güllər deyir.

Anaları gedəndə kiçik qardaşın cəmi 4 yaşı vardı.

“Qardaşım bizdən anamızı soruşanda deyirdik ki, bostana pomidor yığmağa gedib. Böyüyüb məktəbə gedən vaxt başa düşdü ki, əsl vəziyyət necədir”, Güllər xatırlayır.

Hər uşaq oyuncaqlar və ya əyləncə barədə düşünür, amma mənim tək xəyalım ailəmizi birlikdə görmək idi. Biz başa düşürdük ki, atamız məcbur idi gedib işləsin, ancaq anamızın yanımızda olmamağı bizimçün faciə idi”. Güllərin səsi titrəyir və üzünü yana çevirir.

Güllər indi Tbilisidə işləyir, lakin qardaşından ayrı qalmamaq üçün Candarda yaşayır, hər gün kənddən işə gedib-gəlir. Ataları isə artıq Türkiyədən kəndə qayıdıb.

Güllər deyir ki, anası ilə fəxr edir və onları tək qoyub xaricə işə getdiyinə görə günahlandırmır.

“Baxmayaraq ki, özü heç vaxt ali təhsil almamışdı, bizi həvəsləndirirdi ki, oxuyaq. Mənim bacım jurnalistdir, mən də hüquqşünas olacam. Qardaşım universitetdə təhsil alır. Biz anamıza görə bir-birimizdən fərqliyik”, Güllər deyir.

Güllər deyir ki, Candarda qızlar üçün ən uyğun peşə müəlliməlik hesab olunub. Hələ də çox insan düşünür ki, başqa işdə işləmək qızlar üçün məqbul deyil. Lakin vəziyyət yavaş-yavaş dəyişir, qadınlar özlərini daha rahat hiss etməyə başlayırlar. Güllər deyir ki, ailəsini maddi böhrandan xilas etdiyi üçün bir çox kişi öz həyat yoldaşına hörmətlə yanaşır.

Güllər sosial layihələrdə Azərbaycanca-Gürcücə tərcüməçi işləyir. O hesab edir ki, Candar kəndi sakinləri gürcü dilini bilsələr, Gürcüstanda iş tapmaq daha da asanlaşar.
Güllər anasından hədiyyə olan boyunbağını heç vaxt çıxartmır.
Güllər və qardaşı Musa. Güllər anasının fotolarını göstərir.
“Mən Tbilisidə işləyirəm, kəndə ancaq qardaşımı görmək üçün gəlirəm. Ondan ötrü həmişə nigaranam, çünki yaşı azdır, tək qalmasın. Mənim də yaşım az olanda böyük bacım yanımda olurdu. Qardaşım, demək olar ki, valideynlərini görmədən böyüyüb. İndi də vaxtının böyük hissəsini tək keçirir. Ona qarşı özümü məsul hiss edirəm”, Güllər deyir.

Borc üstünə borc

Şahlıq, 71 yaş

 

Şahlığın bir neçə ailə üzvü Türkiyəyə iş dalınca gedənlərdən olub – bacısı, nəvəsi, gəlini və oğlu.

“Mən çox yaşlı olduğuma görə xaricdə gedib işləyə bilməzdim, həm də ki, inəklərimə baxmalıydım. İnəklərin verdiyi süd Candarda bizim yeganə gəlirimizdir”, Şahlıq deyir.

Şahlıq qeyd edir ki, 10 inəyi saxlamaq da çox baha başa gəlir. O, daha inəklərini yaxınlıqdakı otlaqlara aparıb otara bilmir, çünki hökumət ictimai sahələri satıb və yerli fermerlər həmin otlaqlardan istifadə etmək üçün illik 3000 lari (təxminən 1125 dollar) ödəməlidirlər.

İkinci variant isə inəkləri samanla yemləməkdir. Saman almaq daha ucuz olsa da, yenə də Şahlığın imkanları xaricindədir.

“Bankdan 2350 lari kredit çəkmişəm. Onu qaytarmalıyam, faiziylə birlikdə 4000 lari edir. Mən ayda 180 lari pensiya alıram, 4 il ərzində hər ay onun 90 larisini banka ödəməliyəm ki, borcum bağlansın”, deyə Şahlıq bildirir.

Bu məbləğ sadəcə bir illik saman almaq üçün yetərlidir, il keçdikcə samana verdiyi pulun məbləği də artır.

“Bu boyda ailəni dolandırmaq üçün 90 lari heç nədir. Hətta qatıq-süd satmaqdan əldə etdiyim qazanc da çatmır. Yeganə çıxış yolum o oldu ki, oğlumu və gəlinimi Türkiyəyə göndərim ki, qazanıb kreditlərimizi qaytarsınlar, dolanışıq üçün də pul yollasınlar”.

Türk lirəsinin dəyəri aşağı düşəndən sonra Şahlığın nəvəsi Candara geri qayıdıb. Onun 28 yaşı var, nənəsi deyir ki, evlənmək vaxtı da gəlib çatıb.

“Toy eləmək də xeyli xərc tələb edir. Ya gərək bankdan kredit götürəsən, ya da işləyib pul yığasan. Özünə gələcək qurmaq üçün yenə də Türkiyəyə işləməyə getməli olacaq. İndi maaşları az versələr də, getməlidir”, Şahlıq deyir.

Şahlığın 6 yaşlı nəvəsi Nuray və bacısı Gülhəyat. Gülhəyat da 2 il əvvəl Türkiyəyə iş dalınca gedənlərdəndir. İndi onlar birlikdə Candarda yaşayırlar.
Şahlıq, bacısı və iki nəvəsi. Valideynləri Türkiyəyə işləməyə getdikləri üçün Şahlıq nəvələrinə baxmalı olur. Onların dolanışığı və bank kreditlərini qaytarmaq üçün oğlu və gəlini Türkiyədən pul yollayırlar.
Şahlığın həyatı hay-küylü nəvələrinin yanında keçir
10 inəyi saxlamaq üçün saman tayası. Bir illik saman xərci təxminən 8000 laridir (3000 dollara yaxın). Şahlıq saman almaq üçün bankdan kredit götürüb.
İllərdir ki, Şahlığın yeganə gəlir mənbəyi inəklərinin südü və ondan hazırladığı süd məhsullarıdır. “Soyuqdan əllərim ağrı içindədir. Bu iş üçün çox yaşlıyam. Amma hər gün süd alan müştərilərim var, ona görə hər gün işləməliyəm”.
Şahlıq və nəvəsi. “Nəvəm də Türkiyədə işləyirdi. Lirə düşəndən sonra Candara qayıtdı. İndi 28 yaşı var, evlənmək vaxtıdır. Toy eləmək də xeyli xərc tələb edir. Ya gərək bankdan kredit götürəsən, ya da işləyib pul yığasan. Özünə gələcək qurmaq üçün yenə də Türkiyəyə işləməyə getməli olacaq. İndi maaşları az da olsa, getməlidir”, Şahlıq deyir.

“Miqrant qadınlar ayrı-seçkiliyə məruz qalır”

 Elmira, 47 yaş

 

“Mən Türkiyəyə işləməyə ona görə getdim ki, maddi olaraq heç kimdən asılı olmayım. Həyat yoldaşım Rusiyada işləyəndə yaxşı qazancı olurdu, amma sonra rublun dəyəri düşdü və bu da bizim ailənin gəlirinə ciddi təsir etdi”, Elmira bildirir.

O deyir ki, uşaqları özlərini dolandıracaq yaşda idilər, amma kiçik oğlunun orta təhsilini başa vurub universitetdə təhsil alması üçün əlavə gəlirə ehtiyacları vardı. 

“Türkiyədə bir qadınla tanış oldum, gündəlik 10-20 lirə ödəməklə otaq kirayələyə biləcəyimi təklif etdi. İş tapandan sonra isə ona 2 həftəlik maaşımın yarısını ödədim. Qadınlar Candardan Türkiyəyə gedib işi belə tapırlar”, Elmira deyir.

Türkiyədə yaşamaq Elmiranın həyatına çox dəyişiklik gətirib. O, indi daha sosialdır, şəxsi inkişafı və iş imkanları baxımdan daha çox şeyə əli çatır.

“Kənddə yaşayanda hər gün eyni işi görürsən. Bu isə get-gedə insanı kütləşdirir”, o deyir.

Elmira Türkiyədə Candardan və Marneulidən olan insanlarla tez-tez görüşür. Onun tanışları əsasən qadınlardır, çünki Türkiyədə qadınlar üçün daha çox iş mövcuddur.

Elmiranın fikrincə, Türkiyədə miqrant qadınlar daim diskriminasiyaya məruz qalırlar.

“Mənim həftədə bir dəfə boş günüm olur. Amma həmişə o günü özümçün istifadə etmək mümkün deyil. Hər şey işdən asılıdır, elə olub ki, üç həftə istirahət etmədən işləməli olmuşam. Bundan başqa, biz türkiyəli qadınların eyni maaş qarşılığında işlədiklərindən daha çox işləməli oluruq. Fiziki olaraq bəlkə də necəsə dincələ bilərsən, amma mənəvi olaraq heç vaxt. Orda işləməyə getdiyim ilk il ərzində həmişə uşaq kimi ağlayırdım. İşdən başqa heç yerə gedə bilmirdim. Yeganə istirahətim kafeyə gedib türk kofesi içməkdir”.

Hazırda Elmiranın qızı və ailəsi də İstanbulda yaşayır. Bu da onun həyatında müsbət irəliləyişə səbəb olub. “İşdən sonra uşaq kimi sevincək qaçıram onların yanına. Özümü evimdəki kimi rahat hiss edirəm”, Elmira bildirir.

Elmira 4 ildir İstanbulda xadimə işləyir ki, oğlunun təhsil haqqını ödəyə bilsin. O, yeni ili ailəsi ilə qeyd etmək üçün Candara qayıdıb.

Köçlər, Yanvar/Dekabr-2018/2019

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları