Bakıda skeyterlər: Yer axtarırıq
Məsuliyyətdən imtina
Baxışlar: 1371
Dillər: 

Anar, Mikayıl, Cavid, Vaqif, Zaur.

Bu beş tələbə skeytlərinin üstündə manevrlər edir, ətrafdan keçənlər bir addım saxlayıb onları izləyirlər.

Günü qovhaqovla keçən bu yeniyetmələr Bakının yeni nəsil skeyterləridir - işləri bir qədər çətindir, çünki məşğuliyyətləri heç də hər kəs tərəfindən xoş qarşılanmır.

Görünən odur ki, onlar bütün skeyterlərin qarşılaşdıqları ənənəvi problemlərlə üzləşirlər. Yəni valideynlər. Ata-anaları bu gənclərin dərslərinə diqqət verməkdənsə küçədə təhlükəli tryuklar göstərməsinə qarşı çıxır, uşaqları ciddi işlə məşğul olmağa çağırırlar.

Bir qədər dərində isə mədəniyyətlərin toqquşması məsələsi onlar üçün çətinlik yaradır.

Baxmayaraq ki, skeytbordinq çoxdandır ictimai asayişi pozmaqla xarakterizə olunmur, (məsələn, 2020-ci il Tokio Olimpiya Oyunlarında idman növü olacaq), mühafizəkar Azərbaycan cəmiyyətində bu ənənə itməyə doğru gedir.

Skeytbordinq daha çox paytaxt gəncləri arasında populyarlığa malikdir. Lakin skeytborderlərin şəhərdə fəaliyyətləri üçün çox az məkan mövcuddur. Baxmayaraq ki, şəhərdə gözəl parklar salınıb, onlar skeyt sürmək üçün əlverişli deyil.

Halbuki əvvəllər vəziyyət bir qədər fərqli olub.

Skeytbordinq 2000-ci illərin əvvəlində Azərbaycanda populyarlıq əldə edib. Paytaxtda skeyt park yaradılmışdı və skeyterlər orda özlərini inkişaf edib professionallaşır, yarışlar keçirir və pul da qazanırdılar.

Mikayıl Zeynalov Bakının skeytbordinq icmasında köhnə skeyterlərdən biridir. Onun 20 yaşı var və hazırda Azərbaycan Neft Akademiyasının tələbəsidir. Mikayılın skeyt sürməklə tanışlığı 11 yaşında baş verib - dostu Tahirin sayəsində.

O gün bu  gündür, Mikayıl skeytbordinqə aludə olub. Skeyt almaq üçün yeniyetmə valideynlərinə xeyli yalvarmalı olub, axırda dayısı yumşalıb və ona hədiyyə edib.

Mikayılın skeytbordinq sevgisi paytaxtın bir çox məhəlləsində əks-səda verib. Onunla birlikdə manevr göstərməyə çıxan skeyterlər də eyni yoldan keçiblər.

Məsələn, Vaqif Mirzəyev skeytbordinq dünyasına girəndə cəmi 12 yaşı vardı.

O vaxtdan 6 il keçib, Vaqif bu sahədə öz bacarıqlarını inkişaf etdirməklə professionallığa çatmağa hələ də xeyli vaxt ayırır. Eyni zamanda o, Azərbaycan Texniki Universitetində təhsil alır və ofisiant işləməklə qazanc əldə edir.

16 yaşlı Cavid Məlikli ilk skeytini 10 il əvvəl alıb. Lakin bu sahəyə dərin entuziazmla 3 il əvvəl bağlanmağa başlayıb. Həmin vaxt o Budapeştə gedib və ordakı skeytbordinq mədəniyyəti Cavidi mütəəssir edib. Bakıya qayıdandan sonra şəhərin skeytbordinq icması ilə əlaqə yaratmağın yollarını axtarıb və Azərbaycanın ilk skeyterləri Denis Raxmaninov və Ruslan Şirinov tərəfindən qurulmuş Youtube kanalını tapıb.

Ondan sonra Cavid Bakıda kiçik, lakin güclü bir skeytbordinq icmasının yaradılmasına kömək edib. 17 yaşlı Anar da bu icmadandır.

“İlk dəfə kurizeri (skeytin kiçik növü) 2015-ci ildə Youtubeda görmüşəm. O qədər xoşuma gəlmişdi ki, valideynlərim dedi əgər 9-cu sinifdə yaxşı qiymətlər alsam, ondan birini mənə hədiyyə edəcəklər. Amma dərs ili başa çatmadan əvvəl atamla mərcə girdim ki, mən Harry Potter kitabını 2 saata oxuya bilərəm. Belə də etdim. Düzdür, ordakı çox şeyi buraxdım və atama filmdə baş verənləri danışdım. O isə mənə kruizer aldı” - deyə, Anar xatırlayır.

Xırdalan şəhər parkında evlərinin yanında skeyt sürərkən onu digər skeyter İlkinlə tanış ediblər. Anar İlkindən xeyli manevr öyrənib.

Bu tanışlıqdan sonra da Anar Cavid və digərləri ilə görüşüb və icmanın parçası olub.

İndi skeytborderlər görüşmək və təhlükəsiz bir yerdə skeyt sürmək üçün ciddi çətinliklərlə üzləşdiklərini deyirlər. Bir ovuc skeyter yığışıb Bakının parklarını gəzir və öz təcrübələrini artırmaq üçün münasib yer axtarırlar.

Baxmayaraq ki, parklarda skeytbordinq qanunazidd məşğuliyyət deyil, polis və post patrul əməkdaşları gəncləri tez-tez saxlayır və onları şəhərin ictimai yerlərində mərmər örtüklərə zərər verməkdə günahlandırır.

Bəzən polislə anlaşılmazlıqlar kəskinləşə bilir.

Vaqif bir neçə il əvvəl belə anlaşılmazlıqlardan biri nəticəsində polis bölməsinə aparıldığını xatırlayır.

“Polis maşını gəldi və bütün skeyterlərə işarə etdilər ki, yaxınlaşın. Mən qulaqlıq taxmışdım və onları eşitmirdim, ona görə də sürməyə davam edirdim. Polis məni çağırdı və digərlərinə əmr verdi ki, hamını maşına bassınlar. Hamı qaçmağa başladı, amma mən aradan çıxa bilmədim, polis mənim qolumdan tutub saxlamışdı. Dostumuz Əkbər  (Twist) sonradan bölməyə gəldi ki, necəsə mənə kömək etsin, amma nəticədə onun özünü də tutdular. Əkbər o vaxt rüşvət verib bizi buraxdırmışdı”.

Skeytbordinq Olimpiya idman növləri sırasına daxil edildiyi üçün Bakıda bunun üçün meydan salınmasına dair planlar var.

Skeyterlərin fikrincə, nəzərdə tutulan park çox kiçikdir, həm də çox gecikmiş qərardır.

Vaqif qeyd edir ki, skeytbordinqə gələn növbəti nəsil gəncləri məşq etdirməyə hazırdır. Lakin onun üçün sual yaranır: bu şərait belə davam edərsə, gələcəkdə ümumiyyətlə bu sahədə kimlərsə olacaqmı?

Skeyterlərin üzünə açıq ictimai məkanların olmaması o deməkdir ki, çox az uşaq skeyterlərin varlığından xəbər tutacaq. Skeyterlərin məşğuliyyətini görməmək isə idmanın bu sahəsinə marağın azalacağı ilə nəticələnəcək.

“Bu ənənə hələ davam edir: daha təcrübəli skeyterlər yeni nəsli həmişə qəbul edəcək və onlara təmənnasız dəstək verəcək, öyrədəcək. Bu sahənin milli və gender kimliyi yoxdur - Azərbaycan skeyterlərinin həyat tərzi və fəlsəfəsi budur”, Vaqif deyir.

Mika və Anar Bulvarda Xalça Muzeyinin yanında. Mika bir neçə gündür skeyt sürmədiyi üçün əzələlərini açmağa çalışır

Gənclik

Fevral/Mart 2019

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları