Beşbarmaqdan Uçan Quşlar...
Məsuliyyətdən imtina
Baxışlar: 1504
Dillər: 

Azərbaycan özünün yeraltı zənginlikləri ilə tanınır - borularla müxtəlif ölkələri keçərək Avropa şəhərlərini işıqlandıran və isidən nefti və qazı ilə.

Amma ölkənin ekoloji cəhətdən başqa bir əvəzsiz təbii sərvəti də var ki, onun haqqında bilən azdır. Söhbət quşlardan gedir.

Hər il payızda milyonlarla quş şimal yarımkürəsindən cənub yarımkürəsindəki qışlama zonasına  köç edir və yazda geri qayıdırlar. Bu miqrasiya vaxtı onlar Xəzər və Qara dəniz arasındakı Qafqaz dağlarını da keçməli olurlar.

Azərbaycanda quşların miqrasiyası əsasən Siyəzəndə yerləşən Beşbarmaq dağında müşahidə olunur. Bakı-Quba şossesinə baxan Beşbarmaq dağı dəniz səviyyəsindən 382 m yüksəkliyə ucalır.

Quşlar köç zamanı enerjiyə qənaət etmək və təhlükələrdən uzaq olmaq üçün təbii maneələrdən yayınırlar. Bəzən isə iki təbii maneənin arasından keçməli olurlar; beləliklə də Beşbarmaq ərazisi köçəri quşlar üçün bir darboğaza (bottleneck) çevrilib. Bu da o deməkdir ki, Böyük Qafqaz dağları və Xəzər dənizi üzərindən uçmaqdan yayınan milyonlarla köçəri quş növü Beşbarmaqda bir yerə toplaşır ki, onlar arasında nadir növlərdən olan gözəl baladoydaqsinqə də müşahidə edilib. Bu ərazi quş müşahidəçiləri üçün qiymətli bir yerdir.

Beşbarmaqdan miqrasiya edən quşlar arasında 45 növün dünyadakı populyasiyasının 1%-indən çoxu bu ərazidən keçir, hansı ki, bu kriteriya Birdlife İnternational tərəfindən müəyyənləşdirilib və köç darboğazlarının əhəmiyyətini göstərir.

Bununla belə, Beşbarmaq ərazisinin quşlar üçün necə əhəmiyyət kəsb etməsi uzun müddət ortaya çıxmayıb. Baxmayaraq ki, yerli əhali Beşbarmağı pir olaraq illərdir ziyarət edir, ərazi üzərindən bu qədər quşun uçduğunu sadəcə 2007-ci ildə alman ornitoloqlar Kai Gauger və Michael Heiss aşkarlayıb. Onların araşdırması göstərir ki, hər il baş tutan köç vaxtı 316 quş növü Beşbarmağa pənah gətirir – bu isə Azərbaycandakı bütün quşların 79 faizi deməkdir.

İndi ornitoloqlar bölgənin təhlükə ilə üz-üzə olduğuna görə narahatdırlar – bir tərəfdən quşlar üçün ölümcül olan neft axıntıları, digər tərəfdən də hazırda ərazidə gedən yol tikintisi ornitoloqların təlaşına səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Chai Khanaya bildirilib ki, qurum ərazini qanunsuz ovdan mühafizə etmək üçün lazımlı tədbirlər görür. “ETSN tərəfindən quşların mühafizəsi məqsədilə brakonyerlərə qarşı ciddi mübarizə tədbirləri aparılır. Ötən il icazəsiz ova görə 20-yə taxın protokol tərtib olunub”.

Nazirlik neft çirklənməsinə görə quşların məhvi məsələsiylə razılaşmır, qeyd edir ki, bugünlərdə ərazilərə baxış keçirilərkən orada ölü quş aşkarlanmayıb. O cümlədən, Beşbarmaq ərazisində çəkilən yol respublika əhəmiyyətli yol olduğunu vurğulamaqla, nazirlik rəsmisi bildirib ki, bu, köç edən quşlara təhlükə yaratmır. “Yol çəkilişində partlayış və qazma işləri aparılmadığından miqrasiya edən quşlar üçün hər hansı təhlükə gözlənilmir. Digər tərəfdən yol çəkilişi zamanı ətraf-mühitə təsirlərin minimuma endirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub, bu da həmin ərazidə faunaya təsirləri minimuma endirəcək”, nazirlik bildirib.

Bununla belə, Beşbarmağın rəsmi mühafizə edilən ərazi olaraq bir statusu yoxdur, belə bir statusun verilməsinə dair isə hələ ki hökumətin bir planı olub-olmadığı məlum deyil.

Beşbarmaqdan uçub keçən Adi sığırçın sürüsü. “Beşbarmaq Avropa regionunda quş miqrasiyasını görmək və saymaq üçün ən vacib ərazilərdən biridir və bəlkə də, hər il beş milyon quş burdan keçir. Amma bu ərazinin heç bir ekoloji mühafizə statusu yoxdur və üstəlik, burada yeni bir avtomobil yolu inşa edilir” – deyə, Tomas Axen Haraldsson, Yaxın Şərq Ornitoloji Cəmiyyətinin təmsilçisi qeyd edir.
Zülfü Fərəcli
Fotodakı adi çaxraxçıl quşudur. Bu növ Azərbaycandan ildə iki dəfə keçən yüzlərlə quş növündən biridir. “Azərbaycan quşlarla zəngin və əhəmiyyətli bir yerdir. Müxtəliflik heyranedicidir və burdan milyonlarla köçəri quş keçir. Coğrafi olaraq belə kiçik bir ölkə üçün biomüxtəliflik xarici quş müşahidəçilərini bura cəlb edən əsas amildir”, Tomas Axen Haraldsson bildirir.
Zülfü Fərəcli
Beşbarmaq dağı fonunda ağacda dincələn adi qaragöz qızılquş
Zülfü Fərəcli
Kiçik ölçülü qızılquş növü olan sərçəçalan. Ornitoloq Michael Heiss qeyd edir ki, darboğaz ətrafında avtomobil yolu tikintisi burada quş müşahidəsinin inkişafı üçün problem yaradır. “Hazırda şosse ətrafındalı yüksək səs-küyə görə quş müşahidəsi etmək demək olar ki, qeyri-mümkündür. Müşahidə üçün alternativ yer yoxdur, yaxud da müəyyənləşdirilməyib”.
Michael Heiss
Yol tikintisi Beşbarmaq üçün çətinlik yaradan yeganə məsələ deyil. Bölgədəki neft nasosları da ərazi üçün ayrıca problem yaradır: ərazinin çirklənməsi ilə yanaşı, yüzlərlə köçəri quşun həyatı bahasına başa gəlir.
Yorulmuş quşlar neft sızıntısından yaranmış gölməçələri istirahət edə biləcəkləri su gölməçələri ilə səhv salırlar. Beləliklə də, qanadları neftə bulaşmış quşlar yavaş-yavaş ölürlər.
Quşların su hövzələri ilə səhv saldığı neft gölməçələri köhnə neft qurğularından sızan neft nəticəsində yaranıb.
“Neftli ərazinin quşlar üçün təhlükə mənbəyi olması 2017-ci ildə müəyyənləşib. Həmin vaxt neft gölməçələrində yüzlərlə ölü quş tapılmışdı” – deyə, ornitoloq Michael Heiss yazır.
Quşların cəsədləri neftdə qaldıqlarından müəyyən müddət sonra əriyir.
Bəzgəklər böyük sürü ilə darboğazdan keçən köçəri quş növlərindəndir. Onlar həmçinin Azərbaycanda ən çox ovlanan quşlardandır. Qanunsuz ov da quşlar üçün təhlükə mənbəyi olaraq qalır.
Güllə ilə yaralanmış bu quş Qırmızı kitab növü olan bizdimdikdir. Müşahidəçi qrupunun ərazidə apardığı son köç müşahidəsi zamanı dan yeri söküləndən axşama qədər güllə səsləri eşidiblər. Halbuki Azərbaycanda xüsusi müəyyənləşdirilmiş ovçuluq zonalarından kənarında ov etmək qadağandır. Beşbarmağın rəsmi olaraq heç bir mühafizə statusu yoxdur, bu da orada ovun qarşısının alınmasında çətinliklər yaradır.
Michael Heiss
Digər məsələ də elektrik xətləridir. Sərçəkimilər və digər kiçik quşlar dincəlmək üçün elekrik xəttləri üzərinə qonurlar, ancaq bəzi digər növləri qəzalı xəttlərdə cərəyən vura bilir.

Bizim Habitat

İyun/Iyul 2019


 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları