Dağlı Məhəlləsinin kişi dünyası
Məsuliyyətdən imtina
Baxışlar: 2147
Dillər: 

“Bu evi görürsüz? 4 kirayənişin qız qalırdı o evdə. Bir-iki dəfə olub məhəlləyə yad oğlanla gəliblər, ya əl-ələ tutublar. Ev yiyəsini çağırıb şikayət etmişik ki, olmaz. Məhəllənin cavanlarını zibilə salmayın. O da qızları evdən çıxarıb. Yoxsa yenə dava düşərdi”, Yasamal sakini, 27 yaşlı taksi sürücüsü Əhməd Məmmədli belə deyir.

“Burda tələbə qızlar kirayə qalanda valideynləri arxayın olur ki, dağlıların məhəlləsindədilər. Həmişə belə olub. O qız əxlaqlı, tərbiyəli qızdısa, onun arxasınca bu məhəlləyə yad adam girə bilməz. Gəlsə də, ona biz cavabdehik” – deyə, 26 yaşlı Üzeyir Əsgərov siqareti tüstülədə-tüstülədə söhbətə qoşulur.

Üzeyirin sözləri Bakının bu məhəlləsində kişi obrazının necə olmağını lakonik və dəqiq təsvir edir.

Dağlı məhəlləsi mühafizəkar, patriarxal dəyərlərin sinonimi hesab oluna bilər.

“İndi narazıçılığımız ondadır ki, gəlmələr, kirayənişinlər hərəsi bir fikirlə gəlir, atmosferi dəyişir” – deyə, 26 yaşlı Nicat söhbətə dostlarına dəstək verir.

Yasamal ərazisində dağlı məhəllələri hər tərəfdən yeni tikililərlə əhatə olunur. Məhəllədə kiçik daxmalarla böyük, iki mərtəbə villalar kontrast yaradır.
Dağlı məhəlləsində böyüyən gənclər mühafizəkar fikirləri dəstəkləyir.
Məhəllələrdə gənc oğlanlar söhbət üçün bir yerə toplaşır. Küçədə gənc qadınlara, demək olar ki, çox az rast gəlmək olur. Onlar əsasən məktəbdən evə, evdən məktəbə gedirlər.
Kriminal zona kimi tanındığından 90-cı illərin ortasına qədər taksilər Yasamal ərazisinə yaxın gəlmirdi. Taksi sürücülərində elə təsəvvür formalaşmışdı ki, məhəllədə onları döyə, yaxud öldürə bilərlər.
Məhəllədə elə evlər var ki, onlar cəmi bir otaqdan ibarətdir.

SSRİ dövründən 90-cı illərin ortalarına qədər bu məhəllə kriminal zona kimi və avtoritetləri ilə tanınırdı. O dövrdə taksilər belə məhəlləyə yaxın gəlmirdi ki, yad olduqları üçün dağlılar onları döyər, yaxud öldürərlər.

İndi vəziyyət daha yumşaqdır. Yazılmayan qaydaları, tabuları, xüsusilə mühafizəkar kişi stereotipləri ilə seçilən dağlı məhəlləsi bu gün simasını dəyişən, meqapolisə çevrilən Bakının tarixinə qovuşur. Lakin dağlı məhələsinin “cayıl kişilər”inin reputasiyası hələ də yaşamaqdadır.

Məhəllələrdə hamı bir-birini tanıdığı üçün kənar adamın gəlişi buradakıların diqqətini tez cəlb edir. Əgər məhəlləyə yad maşın daxil olsa, çox keçməmiş kişilər gələnin kim olduğunu araşdırıb, sorğulayırlar.

Bir-iki mərtəbəli, ayrıca həyəti olmayan, bayır divarları bir-birinə bitişik evlərdən ibarət dağlı məhəlləsi kiçik kəndi xatırladır. Küçələrin kəsişməsində məhəllənin ərzaq, meyvə-tərəvəz dükanları, bərbərxana, gözəllik salonları gözə dəyir. Köhnə daş divarlarının rəngi qopmuş tikililərin arasında arabir damı şiferli, rəngli, iri həyət evlərinə də rast gəlmək olur. Ümumi mənzərədən hiss olunurdu ki, burada yaşayanların əksəriyyəti də orta ya da aşağı təbəqədəndir.

Məhəllənin xalq arasında “Dağlı Məhəlləsi” kimi tanınması sakinlərin soy-kökü ilə bağlıdır. Dağlı tat etnosunun eksonimidir. Dağlılar XIX sonu XX əsrin əvvəllərində Xızı-Bərmək mahalından Bakıya gələnlərdir. Tarixçi Tərlan Ağayev “Azərbaycanın Xızı-Bərmək mahalının tarixi” (2006) kitabında qeyd edir ki, həmin dövrdə Bakıya köçün səbəbi maddi vəziyyətin çətinliyi və işsizlik idi. 

O ərəfədə Bakı sənaye şəhəri kimi formalaşırdı, neft bumu başlayandan sonra XX əsrin ortalarında kütləvi köç zamanı Xızıdan gələnlər Bakının müxtəlif yerlərində məskunlaşmışdılar. Onlar şəhərdə fəhlə, bənna kimi çalışır, şəhərin müxtəlif yerlərində, Bakı ətrafı kəndlərdə yaşayırdılar. 1950-ci illərdə şəhərin qərbində, yuxarı hissəsində, Çəmbərəkənd ilə Həmşəri palanının arası, indiki Yasamal ərazisində də böyük məhəllələr salınmışdı. Bu məhəllələr dağlı məhəllələri kimi tanınırdı.

Məhəllələrdə ərzaq dükanlarından başqa, kiçik xırdavat mağazalarına da rast gəlmək olur.
Dağlı məhəllələri həm də göyərçin saxlayanlarla məşhurdu. Əvvəlki qədər olmasa da, arabir küçədə, evlərin damlarında quşbazları görmək olur.
Sahə az olduğuna görə məhəllə evlərinin hasarları bir-birinə bitişik tikilir. Bəzən köhnə tikililərin üzərinə sonradan ikinci mərtəbə də əlavə olunur.
Köhnə tikililərin arxasından yeni göydələnlər ucalır.
Bazarlıq etmək üçün məhəllədən çıxmağa ehtiyac yoxdur. Küçələrin kəsişməsində çoxlu ərzaq, meyvə-tərəvəz mağazaları var.

Bakı XX əsr boyunca sənayeləşməyə və genişlənməyə davam etdi, belə məhəllələr də böyüyən şəhərin içərisində əriməyə başladı. Məhəllələr arasında fiziki sərhədlər bulanıqlaşsa da, sosial fərqliliklər hələ ki qalır.

Amma nə qədər? Son illərdə şəhərin müxtəlif bölgələrində aparılan söküntülər yerli sakinləri təşvişdə saxlayır ki, sıra onların məhəlləsinə də gəlib çatacaq.

Fəlsəfə elmləri doktoru, kulturoloq Rəhman Bədəlov deyir ki, son 20 ildə Bakı, demək olar ki, dağıdılıb və bu heç də şəhəri müasirləşdirmək sayılmır.

“Dağlı məhəlləsindəki insanların öz dünyası vardı. Bu şəhərə belə müdaxilə etmək olmazdı. Köhnə şəhər, köhnə məhəllələr tarixdir, yaddaşdır”, Rəhman Bədəlov qeyd edir.

55 yaşlı ev ustası Oktay Qasımov dağlı məhəlləsində doğulub, böyüyüb. Deyir, Sovet hökümətindən sonra köhnə, sözü keçən kişilərdən indi qalmayıb. O əlavə edir ki, hamısı ya türməyə düşüb, ya da ölüblər. Ona görə də əvvəlki qayda-qanun, “vor zakon” söhbətləri yoxdur.

Oktay Qasımova görə, köhnə dağlı kişiləri, lotular, cayıllar məhəllənin dayağı idilər; onlar məhəllə sakinlərinin köməyinə çatar, kasıblara maddi kömək edər, sakinlərin nədənsə narazıçılığı, şikayəti olanda həll edərdilər. Avtoriteti olan belə kişilərdən biri də onun mərhum dayısı olub.

“O vaxt bir dənə qız oğlanla yan-yana gedə bilməzdi. Məhəllədə dava düşərdi, o oğlanı döyürdülər. Mən heç döyməmişəm, amma dayım döyüb”, deyə Oktay Qasımov dayısı barədə fəxrlə danışır. 

Oktayın 80 yaşlı anası Hilbehiş Qasımova da qardaşı barədə eyni fikirdədir.  

“Hə, bütün məhəllənin qeyrətini çəkirdi qardaşım.  24 il “srok” çəkib. Küçəyə yad adam buraxmırdı. Bütün məhlənin qeyrətini çəkirdi” – deyə, o xatırlayır.

Mühafizəkarlıq dağlı kişilərin geyimlərində də görünür. Kişilərin əldə təsbeh məhəllədə kimləsə söhbətləşməsi, yaxud təkcə oturub siqaretini tüstülətməsi bu məhəllədə tez-tez rast gəlinən mənzərədir. Dağlı kişilərin, bir qayda olaraq, aksessuar kimi həmişə cib bıçağı olub. Məhəllənin qayda-qanunlarına nəzarət edən avtoritetlər, lotular isə özləriylə əl tapancası daşıyırdılar.
Dağlı məhəlləsi balaca kəndi xatırladır. Son illər sakinlər öz evlərinin bir hissəsini ya kirayə verir, ya da satırlar.
Yaşlı kişilər adət-ənənələrinə sıx bağlıdırlar. Elman Əliyev deyir ki, kənarda onların məhəlləsinə köçənlər olsa da, dağlı adəti dəyişmir.
İşdən sonra imkan olanda kişilər məhəllədə bir yerə toplaşır, nərd oynayır, söhbət edirlər.
Yasamaldakı məhəlləyə 50-ci illərin sonunda ilk köçənlərdən biri Hilbehişt Qasımova olub. O, əslən Xızının Fındığan kəndindəndir. Oğlu Oktay Qasımov bu evdə doğulub.
Oktay Qasımovun fikrincə, dağlı məhəllərində SSR-i dağılandan sonra hər şey dəyişib. “Məhəllənin köməyinə çatan lotular, cayıllar indi yoxdur. İndi imkanlı adamlar təkcə özünü, biznesini düşünür”.

Dağlı məhəlləsində qadınlar hələ də mühafizəkarlıqdan irəli gələn məhdudiyyətlərlə üzləşməyə davam edirlər, lakin orta yaşlı kişilər keçmişdə kişi sözünün daha keçərli olduğu deyir, o günlərin xiffətini çəkirlər.

“Əvvəllər dağlı məhəlləsində qız üçün elçi getmək istəyəndə qadınlardan yox, onu kişilərdən maraqlanırdılar. Çünki qadınlar deyirdi, ağıllı qızdı, vəssalam. Amma kişilər o qızın necə olduğunu, kimlə oturub-durduğunu bilirdi. Kişilər küçələrdə çox olurdu, gəzirdi, ya tində oturub söhbət edirdilər. yoldan keçən olanda hara gedib gəlir fikir verirdilər”, Oktay Qasımov deyir.

Bu, təəccüblü deyil. Bu günə qədər hələ də məhəllədə kişilər qadınlardan daha çox gözə dəyir.

“Qadınlar daim nəzarətdə olur.Yaş artıqca məhəllədə də gənc qızlar gözə görünmür. Daha çox evə qapanırlar, çünki oğlanlar məhəlləni idarə edir. Şəhərdə, düşünürəm ki, vəziyyət dəyişib, amma rayonlarda bu, hələ də qalmaqdadır” – deyə, Bakı Dövlət Universitetinin gender tədqiqatları üzrə müəlliməsi Zümrüd Cəlilova deyir.

Köhnə məhəllə boyu gəzişdikcə tinlərdən birində masa başına toplanmış bir qrup kişiyə rastlaşıram; onlardan ikisi nərd oynayır, digərləri isə oyuçulara azarkeşlik edirlər.

“Biz bir-birimizin evinə indi də gedəndə evin kişisini soruşuruq, qapıya qadın çıxanda da üzümüzü yan çeviririk”, 38 yaşlı Elman Əliyev nərd taxtasına zəri ataraq deyir. 

Bakının sökülmüş bir çox tarixi hissələri kimi, bu məhəlləni də eyni tale gözləyir. Bununla belə, məhəllə sakinlərinin bəziləri icmanın pərən-pərən düşməsi ilə mühafizəkar dəyərlərin yoxa çıxacağına şübhə ilə yanaşırlar. “Buradan da hara köçsək, eyni şey olacaq, öz adətimizi qoyub gedən deyilik”, Elman Əliyev bəyan edir.

“Gender mövqeyindən baxanda urbanizasiyanın köhnə məhəllə adətlərinə həm müsbət, həm mənfi təsiri olur. Məhəllədə qadınlar yığışıb söhbət edə bilir, ama yeni binalarda isə bir-birini tanımırlar, qonşularla münasibət qurmurlar”, gender eksperti Zümrüd Cəlilova davam edir.

Dağlı məhəlləsində yaşayan qadınlar nəsildən-nəsilə ötürülmüş bu patriarxal dəyərləri mənimsəyiblər və onlar üçün kişilər tərəfindən nəzarətdə qalmaq qorunmaq mənasını ifadə edir. 67 yaşlı Rəhimə Əhmədova da hesab edir ki, belə bir iyerarxiya təbiidir və qadınların xeyrinədir.

“Qaynatam ölənə kimi bu kişinin adını çəkməmişəm, - divanda əyləşən əri Miraslana işarə edir - ancaq “O filan yerə getdi, o filan yerdən gəldi” - belə danışırdım. Tək mən yox haa, o biri gəlinlər də elə olub”.

Qaynatanın yanında çörək yemək, başı açıq gəzmək, öz övladını qucağına götürmək də ailədə ayıb sayılırdı, Rəhimə əlavə edir.

Kameramı hazır vəziyyətə gətirib Rəhimənin şəklini çəkmək istəyirəm.

“Aa, yox, nə danışırsan, qardaşlarım belə şeyi xoşlamır. Bilsələr məni danlarlar. Sən elə Miraslanın şəklini çək, bəsdi” - deyə, etiraz edir.

Miraslan Əhmədov (sağda) qardaşı ilə dağlı məhəlləsində. 1975-ci il. Dağlı məhəlləsinin gəncləri daha çox aerodrom papaqla seçilirdi.
72 yaşlı Miraslan Əhmədova görə, söhbətləşmək üçün məhəllədə əvvəlki kimi yaşlı adam qalmayıb. Gənc nəslin dünyagörüşü isə çox fərqlidir.
2016-cı il. Sovetski ərazisinin böyük hissəsi dağıdılıb.
2014-cı il. Dağlıların məskunlaşdığı Sovetski məhəlləsində söküntülər yeni başlayıb.

Maskulinizm

Aprel/ May 2019

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları