Devalvasiyanın Bölgələrə Təsiri
Baxışlar: 1936
Dillər: 

2015-ci ildə Azərbaycanda manatın dəyərdən düşməsi, iki kəskin devalvasiya prosesi  iqtisadiyatın bütün sahələrinə olduğu kimi sahibkarlığa da öz təsirini göstərdi. Paytaxtla bərabər bölgələrdə də bu sahədə fəallıq nəzərə çarpan dərəcədə aşağı düşdü, mövcud vəziyyət ticarət dövriyyəsini zəiflətdi.

 

"SSR-i dağılandan sonra  dərman satışı ilə məşğul olurdum. Rusiyaya gedərkən xeyir çox qalsın deyə özümlə qızıl aparıb satırdım,dərman alırdım. Zamanla bu işə maraq artdı. "

Zaqatala sakini, milliyətcə saxur olan Mehdi İsayev 20 ilə yaxındır qızıl satışı ilə məşğul olur.  SSR-i vaxtında baş zootexnik kimi vəzifədə çalışıb. SSR-dən sonra  hamı kimi o da qazanc yolu axtarmağa başlayıb. İlk olaraq xaricdən dərman, sonra isə qızıl gətirib onların satışı ilə məşğul olmağa başlayır. Mehdi İsayev deyir ki,əvvəllər qızılı yalnız əldə satırmış, ayırca dükanlar yox idi. Sonra qanunu şəkildə açan qızıl mağazası artıq 15 ildir fəaliyyət göstərir.


"İndi alver əvvəlki dövrlə müqayisədə nisbətən zəifdir. Satan çoxdur, alan az. Keçən ildən bəri satış azalıb. Əvvəllər 1000-1500 manatlıq iri çəkili,brilliant qaşlı üzük alırdılarsa, indi az çəkili, daha ucuz, 500-700 manatlıq üzük alırlar. Əvvəllər camaatın imkanı olanda 750 əyarlı qızıllar çox satılırdı, indi 585 əyarlı qızıl alınır."

Mehdi İsayev bildirir ki, devalivasiyadan sonra qızılınalıcılıq qabiliyyəti zəifləyib. Əhali qiyməti ucuz olan, az çəkili qızıl mallarını almağa üstünlük verir. Rayon camaatı qiymətinə görə daha çox rus qızılı alır. İtalyan qızılı və ağ qızıl az satılır.

 

"Xaricdən mal gətirməyə ehtiyac olmur. Çünki o zaman hər çeşiddən minimum 1 kilo gətirməlisən. Bizim mağaza isə balacadır,  hər maldan seçib satışa qoyuruq. Malları Bakıdakı ofisdən götürürük. Əsasən qızılllar Türkiyədən və Dubaydan gəlir. Bakı ilə müqayisədə rayonda qızıl mallarının qiyməti daha ucuz olur.  "



Mehdi İsayevin sözlərinə görə satış mövsümə görə dəyişir. Payızda adətən toy üçün iri mallar -dəst alınır. Qışda nişan üzükləri, yaz-yay mövsümündə isə adətən hədiyyəlik xırda mallara tələbat olur. Əsasən böyük satış avqust ayından başlayır.

"Alver əvvəllər yaxşı idi, iki ildir zəifləyib. Dollar qalxandan sonra burda da vəziyyət yaxşı deyil."

Qax sakini,  gürcü  Yelena Kitiashvili 5-6 ildir  kiçik sahibkarlıqla məşğuldur. Rayonun mərkəzində kiçik mağaza və çörəkxanası var. Ərzaq mallarını Azərbaycan daxilində firmalardan, topdan satış mərkəzlərindən alır.

 

"33 ildir iş stajım var. Mühasib kimi müxtəlif dövlət təşkilatlarından işləmişəm. Sonra iş olmadı. Mən də belə kiçik bizneslə məşğul olmağa başladım."

 

Yelena Kitiashvilini deyir ki, oğlu Tərtərdə hərbi xidmətdədir, qızı isə ali təhsilli olsa da  işsizdir. Həyat yoldaşı   əlilliyə görə aldığı aylıq təqaüdü yalnız müalicəyə sərf edir. Ailənin əsas qazanc yeri mağaza və çörəkxanadan gəlir. Devalivasiyadan sonra isə mağazada satış azaldığından ailəni dolandırmaq daha çətinləşib.

 

"Müştərilər demək olar qonşulardı. İndi ümid edirik ki,yayda mağazaya gələn, çörək alan çox olar. Mövsüm başlayanda əvvəlkinə nisbətən tələbat artır.  Qışda isə alver lap zəifləyir.

“Devalvasiyalar insanların alıcılıq qabiliyyətini aşağı saldı, istehlakçı aktivliyini azaltdı, bu isə sahibkarlara mənfi təsir göstərdi.”

 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, sahibkarlığın inkişafı üçün ucuz və uzunmüddətli kreditlərin əlçatan olması əsas şərtlərdən biridir. İki  kəskin devalvasiyanın bank sektoruna ciddi zərbə vurması isə kreditləşməni  durma nöqtəsinə gətirdi. Manatla kreditlərin verilməsi  demək olar dayandırıldı, nəticədə isə sahibkarlara ciddi ziyan dəydi.

 

Ekspert qeyd edir ki, devalvasiyalar insanların alıcılıq qabiliyyətini aşağı salmaqla   birbaşa sahibkarlara mənfi təsir göstərib.

 

“Bölgələrdə  vəziyyət daha acınacaqlıdır, orda tək devalvasiya deyil, Rusiyadan gələn vəsaitin də ciddi və dəfələrlə azalması sahibkarlıq mühitinə zərbə vurdu, ticarət dövriyyəsi xeyli aşağı düşdü.”



Natiq Cəfərlinin fikrincə gələcəkdə manata təzyiqlərin artacağı, tədricən  manatın dəyərdən düşməsi prosesi davam edəcək ki, bu da öz növbəsində bank sektoruna, ticarətə, daşınmaz əmlak və tikinti sektoruna ciddi mənfi təsirləri edəcək, aktivlik daha da azalacaq.

 

Ekspert bildirir ki, problemlərin həlli  yolu artıq tək iqtisadi islahatlardan keçmir. Problemlər artıq ciddi struktur və idarəetmə islahatları ilə həll edilə bilər ki, buna da zaman və siyasi iradə lazımdır.

 

“Bu çətinlikdən çıxış yolu kimi dövlət tərəfindən müəyyən addımlar atırlır. Hələlik bunun qarşısını almaq o qədər asan deyil.”

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirir ki,  Azərbaycanda neftdən gələn gəlirlər azaldığına görə sahibkarlıqla bağlı problemlər qalmaqda davam edir.

 

“İstənilən ölkədə valyutanın ucuzlaşması problem yaradır. MDB məkanında xüsusi ilə neft ixrac edən ölkələrdə neftin qiymətinin aşağı düşməsi iləəlaqədar milli valyutalar devalvasiya uğrayır, Azərbaycan da istisna deyil. Bizdə də milli valyuta iki dəfə, (2015-ci ilin ferval və dekabrında) təxminən 100 % devalivasiyaya uğradı. Bütün bunlar, əlbətdə sahibkarlığa müəyyən qədər öz təsirini göstərir. Çünki sahibkarın da bank hesabında müəyyən vəsaitləri, ödənişləri var. “

 

Vahid Əhmədov mövcud problemin həlli kimi Azərbaycanda sahibkarlarla işləyən bank sistemini sağlamlaşdırmağın vacib olduğunu bildirib.

 

“İndi  qarşıda duran əsas məqsəd sahibkarlala işləyən bank sistemini sağlamlaşdırmaq prosesini bitirməkdi. Bununla əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu palata hazırda bankların diaqnostikasını bitirib, müəyyən qərarlar qəbul edəcək. Bir iqtisadçı kimi hesab edirik ki, Azərbaycanda sahibkarlığın inkişafını daha da yüksəyə qaldırmaq üçün bank sistemini sağlamlaşdırmaq lazımdır ki, banklarla sahibkarlar arasında heç bir problem olmasın.”

 


 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları