Evindən Uzaqda Evini Tapmaq
Məsuliyyətdən imtina
Baxışlar: 624
Dillər: 

“Les Trois Frères”də Babi Bədəlovu müntəzəm görə bilərsiniz. “Les Trois Frères” Parisdə əlcəzairli qardaşların açdığı kafedir, azərbaycanlı-fransız rəssamın emalatxanasından bir neçə metr aralıda yerləşir. Bu məkan həm də Parisin Barbes məhəlləsində spirtli içki verən nadir yerlərdən biridir – Barbes Parisə ən az dəxli olan, onun bohem stereotipinə yad bir məhəllədir.

59 yaşlı rəssam Babi Bədəlov 2011-ci ildən bəri bu multikultural rayonu öz evi adlandırır – həmin vaxt onun Fransaya sığınacaq müraciəti təsdiqlənib. Gender kimliyinə görə ölkəsindəki ictimai normalara uyğun gəlməyən Babi Azərbaycandan çıxdıqdan sonra keşməkeşli bir köç həyatı yaşayıb. Artıq Fransa vətəndaşı olan rəssam oranın sosial problemlərini də dərindən hiss edir.

“Əslində sarı jiletlilərin növbəti etiraz mitinqinə qoşulmaq niyyətindəyəm, vergilər, həqiqətən, gülünc bir şəkildə hər ay qaldırılır. İndiki hakimiyyət bunun işçi sinfi üçün nə demək olduğunu başa düşmür,” – deyə o bildirir.

Babi ictimai-siyasi məsələlərlə bağlı fikirlərini öz incəsənət əsərlərində əks etdirir. O, rəssama çevrilmiş bir miqrant deyil, daha çox miqrasiya etməli olmuş bir rəssamdır.

Bədəlovun öz vətənindən köçüb getməsi nadir bir hadisə deyil. Azərbaycandan son illərdə başqa ölkələrə kütləvi axın özünü rəsmi statistikada da aydın göstərir. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2012-ci ildə ölkəni 200 nəfər, 2013-cü və 2014-cü illərdə 800 nəfər daimi yaşayış üçün tərk etmişdisə, 2015-ci ildə bu rəqəm 1600 nəfər olub. Səbəblərsə müxtəlifdir. Ölkəni tərk edənlər arasında incəsənət xadimlərinin də sayı artmaqdadır, onlar daha çox Türkiyə və Rusiyaya yerləşiblər, bir az bəxti gətirənlər isə Avropada yaşayış icazəsi ala biliblər. 

Çamadanları boşaltmaq və yenidən yığmaq – Babinin həyat hekayəsində ən çox təkrarlanan səhnədir bu. Hərbi xidmətini başa vurduqan sonra Babi doğulub-böyüdüyü Lerik rayonundan 1980-ci ildə ayrılır və o vaxtkı Leninqrad şəhərinə gedir. Qısa bir zamanda şəhərin andeqraund yaradıcılıq hərəkatının əsas fiqurlarından birinə çevrilir. Lakin SSRİ-də, daha sonra da Rusiyada yaşayış xeyli çətinləşir. Yenidən Azərbaycana qayıdan sənətçi vətənində də çox duruş gətirmir. Uzun illər cinsi mənsubiyyətini gizlətməyə çalışan Babi Bədəlov sığınacaq almaq üçün 2008-ci ildə İngiltərəyə gedir. Azərbaycanda homoseksuallıq qadağan olmadığı üçün Babinin müraciəti sığınacaq almaq şərtlərinə yetərli hesab olunmur və İngiltərədən rədd cavabı alır. O da sığınacaq üçün Fransaya üz tutur…

Babi etiketlərdən qaçır, amma sənətini təqdim etmək üçün qəbul etdiyi yeganə ifadə “vizual poeziya” ifadəsidir.

Bir kaliqraf olaraq Babi öz əsərlərində sözlər və kaliqrafiyanı birləşdirir, güclü siyasi məzmunlu fotoşəkillərlə kombinasiya yaradır, instalyasiya və performativ işlər təqdim edir.

Şair olaraq onun dilə özünəməxsus, yaradıcı yanaşması var; alliterasiya, asonans, bir sözdən digər sözə tədrici keçidlər və neologizmlər üzrə ustalıq nümayiş etdirir. O, dilin dərinliyinə enmək üçün dildəki imkanları istifadə etməyə və onun sərhədlərini aşmağa çalışır. Bildiyi talış, azərbaycan, rus və ingilis dilləri onun əsas yaradıcılıq materialıdır; şair-rəssam müxtəlif dillər arasında bağ qurmaqla müxtəlif icmalar arasında körpü yaradır, çünki dillər insanlar arasında bir-birini başa düşmək üçün vasitə olmaqla birlikdə onları ayırıb izolyasiya da edən fenomendir.

Babi yaradıcılığında geosiyasi məsələlərə toxunur; bu məsələlər onun şəxsi təcrübəsini də, miqrasiya və səyahətə dair təəssüratlarını da əks etdirir. Sözlər, illustrasiyalar, fotolar, kətanlar, T-shirtlər, ayaqqabılar, kağızlar, kollajlar, divarlar, tullantılar birləşdirilir, qarışdırılır və yeni bir incəsənət məhsuluna çevrilir. Onun əsərlərində bütün dünya yığışıb: insanlar və şüarlar, ayrı-seçkilik və propaqanda, dillər və əlifbalar, anasının ölümü, Lerikin nostalgiyası, incəsənət tarixi, İngiltərədə tutulmağı, gender kimliyi, özünün və başqalarının fotoları, söyüşlər, bütün yer üzünü bürümüş hədsiz iqtidar arzuları sözlərə və görüntülərə çevrilərək çatdırılır.

İncəsənət onun kiçik emalatxanası ilə kənar dünya arasında bir dialoqdur – öz dünyasında tək ehtiyacı olan şey budur. 

“Elə günlər olur ki, mən heç danışmıram. Heç kəslə. Bəlkə, arada çörəkçi ilə,” Babi gülümsəyir. “Ya da əlcəzairli qardaşlar ilə.”

Yaşadığı məhəllə çox sadə, xaotik, fərqli və “real insanlarla doludur”, deyə qeyd edir. Sosial və mədəni cəhətdən ona Leriki - qayıtmayacağı doğma şəhərini də xatırladır; bu isə onun yoxsulluq içində keçən uşaqlıq illəri və indiki yaşayışı arasında bir körpü qurur, çünki Babi, demək olar ki, hələ də hər hansı böyük maddiyyata sahib deyil.

“Bu yer, bu insanlar bir rəssam olaraq mənim üçün sönməz ilham mənbəyidir,” o deyir.

Babi öz evindən uzaqda -Barbesdə evini tapıb…

Babi “Les Trois Frères” bistrosunda insanların əhatəsində fikrə dalıb.
1959-cu ildə Lerikdə doğulmuş Babi ikili etnik kimliyə malikdir
Fransa vətəndaşları fransız bürokratiyasının öhdəsindən gəlmələri üçün miqrantalara ciddi kömək edirlər
“Les Trois Frères”da kuskus yeməyi. Bistronun daimi müştərilərinin sevimli yeməyi olan kuskus verilən yerlərə Barbes məhəlləsində çox rast gəlinir, çünki məhəllədə Şimali Afrikadan xeyli insan məskunlaşıb.
Rəssamın Kunstraum Münhendə sərgiyə çıxarılmış növbəti işi | 22 aprel, 2015
Rəssamın Kunstraum Münhendə sərgiyə çıxarılmış növbəti işi | 22 aprel, 2015
Miqrant, 2018, parça üzərində rəsm, Courtesy Galerie Jérôme Poggi, Paris
“Bardan şərab qədəhi ilə bayıra çıxmaq sizin də, barın da cərimələnməsinə səbəb ola bilər”, pəncərədə yazılıb
Babi üçün vücudu da kətandır
Babi ətrafında rastlaşdığı maraqlı detalları telefonunun kamerası ilə çəkir
Parisdə kirayə qiymətləri bahadır; insanlar dar mənzillərdə yaşamaq məcburiyyətində qaldığı üçün ictimai yerlərdə işləmək adi hala çevrilib.
“Nəsimi” sözü üzərində söz oyunu
Babi alman şirkəti OBI-nin adını dəyişdirib OBEY-ə çevirib. OBEY ingiliscə “itaət et” deməkdir.
Nanəli çay rəssamın sevdiyi içkilərdəndir
Parisin Barbes məhəlləsindəki müxtəliflik, özünü ifadə azadlığı Babini daha çox cəzb edir

Köçlər, Yanvar/Dekabr-2018/2019

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları