Güllə Qəlpələri, Qələbə Medalları və Sevgi Məktubları
Məsuliyyətdən imtina
Baxışlar: 1695
Dillər: 

Yay qış, nə geyinsə də medalları əynindəki köynəyindən əksik olmaz. Böyük hərflərlə SSRİ yazılmış, 5 ulduzlu, təmtəraqla bəzədilmiş, rəngli lentlərdən asılı döş nişanları 91 yaşlı Həsən Novruzovun ən əziz əşyalarıdır.  

Gürcüstanın Marneuli rayonunun Sabir kənd sakini Həsən Novruzov böyük vətən müharibəsinin iştirakçısı olub. Marnuelidə o və baqşa bir həmkarından başqa müharibə iştirakçısı qalmayıb. Danışır ki, medalları sovet dönəmindən qalan illərin ən əziz xatirəsidir. Bir az daha irəli gedərək deyir ki, gəncliyinin nişanəsidir.  

“Mənim 18 yaşım var idi müharibəyə gedəndə. Hələ da yadımdadır. 1941-ci ilin aprel ayının 17-si idi. Gördüm könüllü dəstələri gedir mən də qoşuldum. Əvvəlcə rus sovet ordusunun azərbaycan qvardiyasının tərkibində Ukraniyanın Xarkov şəhərinə apardılar, daha sonra isə Belarusiyaya göndərildik. Ağır müharibə idi. Silah səslərindən qulaq batırdı, az oğullar ölmədi orda”.

Qəlpələr dolmuş qulağı zəif eşitdiyindən hər sual verdikcə qulağını yumağ kimi əli ilə qabağa gətirib, dinşəyir. Bükük,  kövrək çiyinləri sanki müharibənin əzəmətinin altında qaldığını sübut edir. Qırışlarda itib batan gözlərini gah yumur, gah da uzaqlara dikib xəyallara dalır, danışır....

 

“Müharibə iki ay idi başlamışdı. Ayağımın dibində pulemyot gülləsi açıldı, baldırıma doldu, dörd gün hərbi hospitalda saxlanıldım. Sonra yenidən qayıtdım orduya. Hələ də ayağımda o qəlpələrlə yaşayıram. Bir dəfə də güllənin xırda qəlpələri üzümə tərəf gəldi. Qulağıma dolduğuna görə o vaxtdan zəif eşidirəm. Çətin günlər çox oldu, həqiqətən böyük müharibə idi”.

Həsən Novruzov deyir ki, o ağır günlərdə 12 gün tamamilə ac susuz qalıblar. Lakin xoş xatirələri də az deyil. Danışır ki, indiyədən həyatından çox xanımlar gəlib keçsə də müharibə dövründə tanış oluğu Ukraynalı qızları yadından çıxara bilmir. Deyir ki, uşaqları böyümüşdü, ancaq hələ də Moskvadan, Ukraynadan sevgi məktubları alırmış. 

“Nəvələrim tez tez məni söylədirdilər ki, baba bizə o vaxtlardan müharibədən danış. Oğul nəvələrim bilirdilər ki arvad qısqanır qəsdlə mənə rus qızlarından sual verirdilər. Mən də danışırdım. Bir neçə tanışlarım var idi. Məsələn Olqa ilə hərbi hospitalda tanış olmuşduq. Müharibədən sonra 7-8 il məktublaşdıq. Kəndə qayıdan kimi məni evləndirdilər. Məktubları yoldaşım görürdü gah qısqanırdı gah da əhəmiyyət vermirdi. Amma hamı bir yana Ukraniyalı qızlar kimi dünyanın heç bir yerində gözəl qızlar görmədim”. 

O illərdə Gürcüstandan 700 minə qədər vətəndaş müharibəyə göndərilib, onlardan 300 minə geriyə qayıtmadı. Marnuelidə Böyük Vətən müharibəsini görmüş başqa bir etnik azərbacanlı isə Sabir kənddə yaşayan, 93 yaşı haqlamış Abbas Əliyevdir. Həsən Novruzov kimi o da müharbəyə könüllü qoşulub. Abbas Əliyev deyir ki, o zamanlar çox az adamı qəbul ola bildiyi 28 ci- rus diviziyasında vuruşub.  

 

93 yaşlı Abbas Əliyev
Marneuli İcra Hakimiyyəti sizləri 9 May - faşizm üzərində Qələbə Günü münasibəti ilə təbrik edir

Lakin gileylənir ki, mühribədə min bir əziyyətlə qazandığı medalların bircəsini belə saxlaya bilməyib. Gürcüstan hökümətinin o vaxtlar xoş olmayan münasibətinə görə, xanımı ehtiyyat edib hamısını atıb.

“Müharibə bitəndən sonra xeyli medallar təqdim edilmişdi. Sovet dönəmi bitəndən sonra Gürcüstan höküməti müharibə iştirakçılarına elə də yaxşı münasibət götərmirdilər. Hətta həyətdə müharibədən danışmaq yasaq idi. Xanımım məndən xəlvət hamısını atıb. Qorxurdu ki, uşaqlarımıza hökümət problem yaradar, tutarlar. O vaxtlar kənddə çox adam medallarını evdən itirdi”.    

 

Abbas Əliyev deyir ki, Kvemo-Kartlidən olan müharibə veteranları Marnuelin mərkəzində kiçik bir otaq kirayələyiblərmiş. Lakin mühit yol vermədiyindən hamısı pərəm düşüblər. Ancaq xeyir-şər məclislərində toplaşıb, əsgərlik xatirələrəini bölüşə bilirmişlər.

Hazırda Gürcüstanda Müdafiə Nazirliyi qələbə günlərində veteranlara medal və 1000 lari ($ 371)  həcmində pul yardımları edir. Lakin Abbas Əliyev deyir ki, onlara verilən təqaüd çox azdır.

“Bayramdan bayrama yada salırlar bizi. Çoxlu sertifikatlar, medallar təqdim edirlər. Lakin bu hörmət izzət deyil. Mənim bədənimdə o qədər yara izi xəstlik var. Aldığım təqaüd isə cəmi 220 laridir ($ 81). Heç o pul mənim dərmanlarıma bəs etmir”.

1941-45 ci il Böyük Vətən Müharibəsindən onlara sinələrində daşıdıqları medallardan tutmuş, ürəklərindəki niskilli sevgiləri, bədənlərindəki qəlpələrə qədər çoxlu izləri qalıb. Ən əsası isə qələbə sevinci!

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları