Gürcüstan: Maneələri dəf edən üç qadının hekayəsi
Məsuliyyətdən imtina
Baxışlar: 2323

 Bütün Qafqazda belə bir inanc var ki, sənin doğulduğun icma sənin kim olduğunu və kim olacağının müəyyən edir. Amma, Gürcüstanda yaşayan üç etnik azərbaycanlı xanım bu maneəni dəf etməyin yolunu tapıb və azad peşəkar obrazını yaradıb.

 

 

Aida Tağıyeva, 29 yaş, aktrisa

 

Aida Tağıyeva Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının 11 nəfərlik truppasının 3 qadın aktrisasından biridir. Dediyinə görə, Gürcüstandakı etnik azərbaycanlıların böyük hissəsi düşünür ki, o ümumiyyətlə teatrda olmalı deyildi.

“Cəmiyyət teatrlarda aktyorluq edən qadınları normal qəbul edə bilmir” – bu insanlardan danışarkən Aida deyir. “Onlar bizi işimizə görə əxlaqsızlıqda ittiham edirlər”.

Belə bir təfəkkür ucbatından truppa öz tamaşalarında, xüsusilə də oradakı sevgi səhnələrində bəzi hissələri çıxarmalı olur. Amma, 16 yaşından Azərbaycan Dövlət Dram Teatrının səhnəsində oynayan Tbilisi doğumlu Tağıyeva hələ ki bu yolda dayanmaq və səhnədən getmək üçün bir səbəb görmür.

Əksinə, o hesab edir ki, problem başqa yerdədir. “Gürcüstan azərbaycanlılarının arasında mühafizəkar və patriarxal normalara riayət edənlərin teatr mədəniyyəti yoxdur" – deyə o, bildirir. "İnsanlar onları düşünməyə və maarifləndirməyə imkan verən pyesləri sevmirlər. Oxumağı sevməyən bir cəmiyyəti teatrı sevməyə məcbur etmək çox çətindir " – Aida öz fikrilərini bölüşür.

“Teatrın tamaşalarına gələnlərin sayı çox azdır - haradasa 5 nəfərdən 40 nəfərə qədərdir “– deyə o əlavə edir.

Teatr binası təmirsiz olduğundan, özünün qənaət etdiyi vəsait hesabına kostyum tikdirən truppa Tbilisinin müxtəlif teatrlarında tamaşa göstərməyə məcburdur. 

Bunlara baxmayaraq, teatr bu gənc xanımın ilk iş yeri olmayıb. Televiziya jurnalistikası üzrə təhsil alan Aida 2015-c ildə dostları ilə birgə Gürcüstanın siyasi və iqtisadi həyatını əhatə edən Rennesans.ge saytını yaradıb.

Lakın, məscidin minarələri ətrafında əllərində kitab olan gənc adamların gəzdiyini təsvir edən karikaturanın yerləşdirilməsindən sonrakı güclü etiraz saytın bağlanmasına səbəb olub. “Radikal islamçılar” tərəfindən təhdid olunan Tağıyeva polisə müraciət  edib.

O, layihəni bir il sonra dayandırmalı olub, amma, özünün sözlərinə görə, buna səbəb heç də karikatura deyildi.

Onun teatrı atıb getmək planı yoxdur. Aida özünü aktrisa hesab edir. “Baxmayaraq ki, maaş çox aşağıdır (orta aylıq əməkhaqqı 250-300 lari və ya 102-122 ABŞ dolları arasında dəyişir), truppa tamaşalara öz ürəyini qoyur.

"Bizim teatrda heç kim pula işləmir. Teatr bizim məhəbbətimizdir. Çətin olsa da, biz cəmiyyəti dəyişmək üçün çox çalışmalıyıq," deyə Aida əlavə edir.   

Tbilisi doğumlu 29 yaşlı aktrisa Aida Tağıyeva, Tbilisidəki Azərbaycan Dövlət Dram Teatrında məşqə hazırlaşır. Tağıyeva jurnalistika fakültəsini bitirsə də, onun əsl sevdası aktrisalıqdır.
(c) Ian Mcnaught Davis
Tağıyeva “Yerin altında” psixoloji dramında nəsillərin bölünməsinə qarşı çıxan ana – Ayşə rolunda. Tağıyeva deyir ki, özü ana olmasa da, Gürcüstandakı azərbaycanlı ailələrdə də nəsillər arasında belə problemlər olduğu üçün bu rolu dərindən hiss edərək oynayır.
(c) Ian Mcnaught Davis
Teatrın foyesində Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının keçmiş tamaşalarının afişaları asılıb. Tbilisinin mərkəzində yerləşən binanın təmirə çox böyük ehtiyacı var.
(c) Ian Mcnaught Davis
(c) Ian Mcnaught Davis
Tağıyeva (arxada, solda) digər həmkarları ilə birgə məşq zamanı. 11 nəfərlik kollektivdə cəmi 3 qadın işləyir. Tağıyeva bildirir ki, Gürcüstanın etnik azərbaycanlıları arasında aktyorluğa yaxşı baxmırlar və bir çox insan aktrisalığı qadınlar üçün “mənəviyyatsız” peşə hesab edirlər.
(c) Ian Mcnaught Davis
Tağıyeva Azərbaycan teatrının səhnəsində taburetdə oturarkən. Gürcüstandakı aktyorların çoxu mübarizə aparır. Azərbaycan teatrının aktyorları orta hesabla ayda 250-300 lari (102 $-122 $) qazanır, Tağıyeva deyir, bu məbləğ səfər xərcləri də daxil olmaqla bütün xərcləri ödəməlidir.
(c) Ian Mcnaught Davis
Tağıyeva səhnəyə çıxmadan öncə qrim edir. Aktyor truppası aktrisalara qarşı düşmənçiliyi azaltmaq üçün cütlüklərin öpüşü və ya onların yataq otağındakı görüntüsünü tamaşadan çıxarır. Tağıyeva kişi aktyorun səhnədə köynəyini çıxardığına görə teatrın tənqid olunduğu hadisəni xatırladır. Zalda oturan qadın teatrı tərk edibmiş.
(c) Ian Mcnaught Davis
Tağıyevanın səhnə paltarındakı portreti. 29 yaşlı aktrisa deyir ki, aktyorluq məharətinin ona müxtəlif rolları başa düşməyə imkan verməsindən zövq alır.

Kamila Məmmədova, 33 yaş , jurnalist

 

Kamilla Məmmədova çoxlarının sevərək etmək istədiyini edib: o, radio dinləmək hobbisini öz doğma şəhərindəki radioda karyeraya çevirib. Amma, Gürcüstanın cənubunda - etnik azərbaycanlıların çoxluq təşkil etdiyi Marneuli şəhərindəki yeganə icma radiosu olan “Radio Marneuli”nin yaradıcısı, karyerası üçün hər gün öz layiq olduğu haqqı tələb etməlidir.

Onun 2006-cı ildə BBC-nin bir layihəsi kimi  yaratdığı radio stansiyası Azərbaycan və Gürcü dillərində yerli xəbərlər və problemləri işıqlandırır. O, redaksiyanın müstəqilliyini bütün siyasi təsirlərdən qoruduğunu qeyd edir və hökuməti tənqid etməkdən çəkinmir. Açıq mikrofon siyasəti imkan verir ki, hər kəs canlı efirə gəlib onu narahat edən məsələlərdən danışsın. 

“Bizim regionda  çoxlu problemlər var. Bu problemləri ictimaiyyətin diqqətinə çatdırmaq çox vacib idi” - Kamilla vurğulayır. Amma, bir çox marneulililər üçün bu hələ də çətindir.

Sayı heç də az olmayan ənənəvi fikirli insanlar inanırlar ki, çox gənc yaşda ailə qurmayan qadınlar özlərini ictimaiyyətə təqdim etməməli və hökumətə qarşı etiraz etməməlidir. Bəziləri isə hətta Məmmədovadan bu adətlərə hörmət etməsini də xahiş ediblər.

“Onlar məni lezbiyan, mənəviyyatsız adlandırırlar” – deyə Məmmədova şərh edir. “Onlar belə böhtanlardan istifadə edərək mənim doğru məlumatları verməyimə mane olmaq istəyirlər. Amma, bu baş tutmayacaq. Mən insanam və bir jurnalist kimi həqiqəti çatdırmağa davam edəcəyəm”.

Jurnalistika və hüquq üzrə iki diplomu olan Məmmədovanın məqsədi etnik azərbaycanlıları gürcü dilində danışmağa təşviq etmək və hökumətin cari işləri barədə seçicilərə hesabat verməsi üçün onların biliklərindən istifadə etməkdir.

Amma, bunu etmək üçün mübarizə aparmaq lazımdır. “Radio Marneuli” FM lisenziyasını yalnız 2016-cı ildə alıb. Gürcüstanın Milli Kommunikasiya Komissiyası bu ləngimələrin texniki səbəblərdən baş verdiyini bildirib.

Məmmədova radiostansiyanın redaksiya müstəqilliyi uğrunda mübarizə aparır və azərbaycandilli radioverilişlər məmurları ehtiyatlanmağa sövq edib.

O, inanır k, vəziyyət hələ də belədir, amma, işini əzmkarlıqla davam etdirmək  niyyətindədir. “Biz azadıq və insanlara həqiqəti çatdırırıq” –  Məmmədova vurğulayır.

 

(c) Elene Shengelia
33 yaşlı Kamilla Məmmədova Gürcüstanının cənubundakı etnik azərbaycanlı əhalinin çoxluq təşkil etdiyi Marneuli şəhərindəki evində.
(c) Elene Shengelia
Radio Məmmədovanın sevgisidir. O, günün çox hissəsini işdə keçirir və yatmağa getmədən öncə də radionu dinləyir. O, deyir: “Bu mənim sevimli məşğuliyyətim idi. İndi isə işimə çevrilib”
(c) Elene Shengelia
Məmmədova ofisinə Bob Marlinin posterini alıb. Yarandığı gündən “Radio Marneuli”nin əsas vəzifəsi yerli həyat haqqında obyektiv və qərəzsiz məlumatın çatdırılması olub.
(c) Elene Shengelia
Lakin, Məmmədova deyir ki, onun radionun redaksiyanın müstəqilliyini saxlamaq prinsipləri yerli hakimiyyət və hökumətə çağırışlar etməkdən boyun qaçıran yerli sakinlər tərəfindən o qədər də müsbət qarşılanmır
(c) Elene Shengelia
İşdən başqa, Məmmədovanın Marneulini tərk etmək fikrinin olmamasıının səbəbi onun ailəsidir.
(c) Elene Shengelia
Məmmədova övladı adlandırdığı Xanna adlı iti ilə. Ailə qurmamış və iki diplomu olan 33 yaşlı bu xanım Marneulidə yaşayan eyni yaşda olan mühafizəkar qadınlarla müqayisədə kəskin təzad təşkil edir.
Məmmədova “Radio Marneuli”dəki studiyada verilişi izləyərkən. Donorlar tərəfindən maliyyələşdirilən radioda 8 nəfər çalışır.
(c) Elene Shengelia
FM dalğasında yayım üçün lisenziya alana qədər Radio Marneuli gündəlik məzmunları veb-saytıda yerləşdirməkdən çox asılı idi. Onlar həmçinin, Marneuli parklarında audiokassetlərin paylanması və səsucaldanlar vasitəsilə verilişlərin yayımlanmasını həyata keçirirdilər.
(c) Elene Shengelia

Samirə İsmayılova, 27 yaş, siyasətçi

Gürcüstanın əsas müxalif siyasi partiyasının ilk etnik azərbaycanlı xanım olan yerli ərazi nümayəndəsi Samirə İsmayılova hamıdan seçilməyə öyrəşib. Amma, öz rayonu olan Bolnisidəki mühafizəkar kənd icmasında bu onun üçün potensial əngəl ola bilərdi.

Müxalif Birləşmiş Milli Hərəkatın üzvü olan İsmayılova deyir ki, ona qarşı olan təhdid (silahlı şəxs də daxil olmaqla) və şəxsi həyatı barədə böhtanlar 2016-cı ildə parlament seçkilərində “qadın siyasətçiləri ört-basdır etmək” adlı böyük təşəbbüsün bir hissəsi olub və iddia edir ki, “məni seçki kampaniyasından çıxartmaqla qorxutmaq istəyirdilər”.

“Gürcüstanda etnik azlıqların yaşadığı hər yerdə oxşar münasibət var”– deyə Samirə bildirir. “Bizim bölgədə aktiv siyasətdə olan azərbaycanlı qadın heç vaxt görülməyib”.

Ancaq, İsmayılova bu vəziyyəti dəyişmək istəyir.  

Bolnisinin etnik azərbaycanlıların yaşadığı Darbazi kəndində doğulan və müəyyən səviyyədə xarici təhsili olan İsmayılova ilk dəfə olaraq siyasətə Tbilisidəki Gürcüstan Texniki Universitetində təhsil alarkən qoşulub. Parlamentdə təcrübə proqramını keçdikdən sonra o, təhsil nazirliyinin, sonra isə keçmiş prezident Mixail Saakaşvilinin etnik azlıqlar üzrə müşaviri kimi çalışıb.

Onun növbəti addımı artıq özünün siyasətçi kimi yetişməsidir. “Bir siyasətçi və ana kimi mən daha inkişaf etmiş bir Gürcüstan görmək istəyirəm” -  Samirə deyir. O, 2016 –cı il parlament seçkilərini uduzsa da, hazırda Bolnisidə eyni adlı rayonun bələdiyyəsində çalışır.

O, işinin mahiyyətinin  etnik azərbaycanlı kəndlərinə səfər edərək yerli camaatın infrastruktur, işsizlik və təhsil problemlərini dinləməklə təsvir edir. İsmayılova erkən nikahların qarşısını almağa, azərbaycanlı qadınların öz sözlərinin deməyə və özlərini dəyişmək üçün kampaniyaya təşviq etmək üçün cəhdlər edir.

Onun bu cəhdlərinin nə zaman bəhrə verəcəyi məlum deyil, amma, S. İsmayılova diqqətini gələcəyə yönəldib. “İnanıram ki, mən siyasətçi kimi öz gücümdən istifadə edərək daha çox şeyləri dəyişə bilərəm” – deyə Samirə bildirir.

(c) Elene Shengelia
27 yaşlı Samirə İsmayılova Tbilisinin ətrafındakı partiya qərargahında Birləşmiş Milli Hərəkatın(BMH) qurucusu olan Gürcüstan Prezidenti Mixail Saakaşvilinin portreti qarşısında dayanıb.
İsmayılovanın vaxtı BMH-nin baş qərargahı və paytaxtdan 66 km cənub-qərbdə yerləşən Bolnisi şəhərində yerləşən ofisi arasında iki yerə bölünüb
Gürcüstanın Bolnisi bölgəsinin 27 yaşlı yerli sakini Samirə İsmayılova siyasətə universitet tələbəsi olarkən qoşulub və 2016-c ildə Bolnisi şəhər şurasına bələdiyyə üzvü seçilib.
(c) Elene Shengelia
(c) Elene Shengelia
Gürcüstanda əsas müxalif siyasi partiyanın bölgə rəhbəri olan ilk etnik azərbaycanlı xanım Gürcüstan Milli Hərəkatının baş qərargahında
(c) Elene Shengelia
İsmayılovanın siyasi həyatı o qədər də asan olmayıb.
(c) Elene Shengelia
“Mən 2016–cı ildəki seçki kampaniyasında çox şeylərlə qarşılaşmışam. Mən... hədələrdən, ailəmə təhdidlərdən və başqa təzyiqlərdən keçmişəm. İnsanlar mənim şəxsi həyatımı müzakirə edirdilər. Onlar məni hörmətdən salmaq üçün yollar axtarırdılar”

Mətn: Nuranə Məmməd

Foto : Ian Mcnaught Davis & Elene Shengelia


 

                                                                                    July 2018, Identity Edition 

 

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları