Hamamda, Zavodda, Klubda…Yaşamaq
Məsuliyyətdən imtina
Baxışlar: 1019
Dillər: 

Bu, kütləvi köç idi – insanlar yük maşınları və avtobuslarla çıxardılır, arabalarda uşaqlar və çamadanlar daşınırdı. 1990-cı ilin əvvəllərində Sovet İttifaqı çökdüyü ərəfədə Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında silahlı münaqişə yüz minlərlə insanı evindən köçkün saldı: insanlar evlərindən çıxarıldılar və münaqişə həll olunmadığı üçün hələ də evlərinə qayıda bilmirlər.

BMT-nin Miqrasiya Agentliyinin məlumatına əsasən, 1994-cü ildə atəşkəs imzalanan zaman müharibədə 30000-dən çox insan həyatını itirmiş, 600000-dən çox insan məcburi köçkün və 250 mindən çox etnik azərbaycanlı isə qaçqın vəziyyətinə düşmüşdü. 1993-cü ildən etibarən Azərbaycan hökuməti beynəlxalq təşkilatların dəstəyi ilə məcburi köçkünlərin və qaçqınların sosial ehtiyacları üçün 6,2 milyard manat, o cümlədən ərzaq, kommunal və yaşayış yerləri üçün subsidiyalar, habelə hər bir şəxsə 36 manata qədər aylıq təqaüd ayırıb.

Köçkün düşmüş əhali içərisində yoxsulluq ciddi həddədir, mənzil problemi kritik olaraq qalır. Məcburi köçkünlər sığınacaq olaraq istifadə edə biləcəkləri hər yerə yerləşiblər - məktəblər, xəstəxanalar, uşaq bağçaları, kitabxanalar, tərk edilmiş ictimai hamamlar, dağılmış fabriklər və s. Bu yerlərin müvəqqəti sığınacaq olacağına ümid edilirdi, ancaq 25 ildən artıqdır ki, bu qeyri-yaşayış obyektlərinin bir çoxu daimi yaşayış yerinə çevrilib.


Səhnə


Vəli Əkbərovun həyatı bir səhnədir. Həqiqətən. 65 yaşlı həvəskar xanəndə heç vaxt düşünməyib ki, tərk edilmiş mədəniyyət evinin dağılmış səhnəsi bir gün onun evinə çevrilə bilər. 1993-cü ilin aprelində onun doğma şəhəri Kəlbəcər Ermənistan silahlı qüvvələrinin əlinə keçib. O, əvvəlcə ailəsilə birlikdə Tərtərə, daha sonra Sumqayıta, 1995-ci ildə isə Şamaxının Nağaraxana kəndinə köçüb. Burada onlar boş bir mədəniyyət evinə yerləşiblər.

Hazırda 33 və 42 yaş arası dörd uşaq atası köçhaköçdən bezdiyini deyir. “Köçməkdən bezdik, bir qərar tutaq dedik. Başladıq övladlarımıza təhsil verməyə. Onun da öhdəsindən kasıbçılıqla, birtəhər gəldik. Köçkünlük bizdən çox şey qopardı”.

Əkbərovun gəliri məcburi köçkünlərə verilən 36 manat müavinət və yaşlılığa görə aldığı 140 manat təqaüddür. Bir qızı və oğlu hələ də onlarla yaşayır və Əkbərov maddi çətinliklərə görə övladlarını evləndirə bilmədiyini deyir.

Binada tualet, istilik sistemi yoxdur, pərdələr isə evin içərisində divar rolunu oynayır, mətbəx auditoriyanın oturduğu hissədə, masa isə səhnədədir. Evi odun və çör-çöplə isidirlər, istilik sadəcə sobanın kənarındadır.

“Buralarda azı 9 ay qış olur. Evin içində palto ilə gəzirik. Hamam yox, ayaqyolu yox, çətinlikdir. Tamaşaçıların oturduğu yerdə yemək bişirir, səhnədə yeyirik. Qoyub gəldiyimiz şəraitimiz beləydimi? Doğma yurdundan didərgin düşmək qətiyyən yaxşı bir şey deyil. Heç düşmənimə də arzulamaram”.

Solmaz Əkbərova deyir ki, onu ayaq üstə tutan bir gün evlərinə qayıtmaq ümididir.

“Biz xarici ölkədə deyilik, Şamaxı da bizimdir, lakin Kəlbəcər bizim ana vətənimizdir. Biz çox şey itirdik, amma bir gün Kəlbəcəri yenidən görəcəmsə, bütün bunlara dözməyə dəyər”.

“Bura tamaşaçıların oturduğu yer, yuxarı isə səhnədir,” 65 yaşlı Vəli Əkbərov evini göstərir.
Giriş qapısı ilə mətbəxi pərdələr ayırır
Təqaüdçü Vəli Əkbərov güzəranını yaxşılaşdırmaq üçün arada toylara gedib xanəndəlik edir. Lakin bu, ehtiyaclarını qarşılamaq üçün yetərli deyil. Deyir ki, maddi imkansızlıqdan oğlanlarını evləndirə bilmir
Evi odun və meşədən toplanmış çör-çöp ilə isidirlər
56 yaşlı Solmaz Əkbərova qırıq pəncərədən əri ilə danışır. “Bu yaşayışı biz özümüz seçmədik ki, məcbur qoydular”, deyir.
Mədəniyyət Evi - Binanın adı hələ də girişdə qalır
Mədəniyyət Evinin kiçik həyətində Əkbərovlar ailəsi iki inək saxlayır. “Başqa cür də mümkün deyil. Nə ilə dolanaq? Məcburuq, zülmlə də olsa, saxlayaq”, Solmaz deyir.

Zavod


Sovet dövründə Bakının Dərnəgül rayonundakı 3 saylı zavod beton istehsal edirdi. Sovet İttifaqından sonra fəaliyyətsiz qalan zavod bir də Qarabağ müharibəsi ilə canlanıb, məcburi köçkünlər üçün sığınacağa çevrilib. 2000-ci illərin sonunda dülgərlər və dəmirçilər zavodun geniş ərazisinin bir qismində kiçik emalatxanalar qurublar. Bu sexlərdə gedən iş bütün əraziyə səs-küy yaymaqla bərabər, tüstü də buraxır, bu isə öz növbəsində zavoda sığınmış insanların ağciyərlərinə hopur. 

Məcburi köçkün Xəyalə Davudovanın özü üçün xəyal etdiyi evlə indi yaşamağa məcbur qaldığı ev arasında ortaq heç nə yoxdur. Dördü uşaq olmaqla, altı nəfərdən ibarət ailəsi zavodun içərisində 25 kvadratmetr bir daxmada yaşayır.

“Gənc yaşda hamımız əsəb xəstəsi olmuşuq. Uşağa bir ağızdan 4 nəfər deyir, sakit dur, sakit ol. Bir otağın içində ağız deyəni, qulaq eşitmir. Arımız, üzümüz də qalmayıb böyüklərin yanında. Bir otaqda neçə nəfər yaşaya bilərik ki?” deyən 27 yaşlı Xəyalə əslən Ağdam şəhərindəndir.

“Öz xoşumuza köçməmişik, məcbur qalmışıq. Arada düşünürəm ki, kaş köçməsəydik, ölüb elə Ağdamda qalsaydıq.”

Davudovadan fərqli olaraq, 25 yaşlı Fiyala Əhmədovanın arzusu buranı tezliklə tərk etməkdir. O, elə zavodda doğulub.

“Bunun nə qədər ağır olduğunu bilirsinizmi? Mən burda doğulub, burda böyümüşəm. Bir yerə qonaq gedəndə, onların yaşayışını, gününü-güzəranını görəndə, uzağa getməyək televiziyalardakı kinolara baxanda özümə nifrət edirəm. Mən doğulmamalıydım, heç kim bu zülmə layiq olmamalıdır”.

 

Əliağa İsmayılov çayının isinməyini gözləyir. Pəncərə zavod divarına açıldığı üçün mənzil günəş işığı almır. Əksər uşaqların tənəffüs sistemində problem var
“Evə bir gələn olanda utanırıq, qonaq üzünə həsrətik, eyni zamanda, qonaq qarşısında xəcalətik,” deyir Xəyalə Davudova
Zavod ərzisində anti-sanitariya şəraiti hökm sürür. Bu qədər sakin üçün bir neçə tualet var
“Günün günorta çağı işıqsız keçinmək mümkün deyil. Evlər qaranlıq, dar, inanın, siçan yuvasıdır,” Əliağa İsmayılov deyir
Evlərdəki elektrik xətlərinin üstü açıqdır, hörümçək torunu xatırladır. Sakinlər uşaqlarına görə çox narahatdırlar ki, birdən kimsə əlini uzadar, cərəyan vurar
Fiyalə Əhmədovanın evi. İstismar müddəti başa çatdığı üçün evlərin divarları uçub tökülür
Şəmsiyyə Hüseynova çəkdiyi şəkillərlə divardakı dəlikləri tutur
Paltar qurutmaq üçün asılan iplər

İctimai Hamam


İçəri addım atanda nəm qoxusu insanın üzünə sillə kimi dəyir. Köhnə bir ictimai hamamda yaşayan 11 ailə onillər boyunca bu ağır və boğucu qoxu ilə hər gün mübarizə aparırlar. Lökbatanın Puta qəsəbəsindəki 59 saylı hamam Dağlıq Qarabağın müxtəlif yerlərindən olan 60 insanın evidir  - Füzuli, Ağdam, Qubadlı və Laçından olan insanların. Hamamın beton otaqlarını evsiz doğulan üç nəsil uşaq tanıyır. Otaqlar arasında bir kanalizasiya borusu keçir.

“Vallah külək olanda elə üfunətli qoxu gəlir ki... Üstünü xalı ilə örtdüyümüzə baxmayın. Qoxu xalını da vurub keçir. Hər yer ilan, çayan, tarakan, siçovul... Elə səhər evə yekə bir ilan girib. Hələ də çıxmayıb. Deyirlər, ilan qonaqsevən olur, ehtiyatlı olun ha”, 64 yaşlı Rəfiqə Əsgərova zarafatından qalmır.

O, Füzulinin Kürdlər kəndindəndir. 1993-cü ildən bəri köçmədiyi, gəzmədiyi yer qalmadığını deyir.

“Bir müddət Beyləqanda pambıq məntəqəsinin yaxınlığındakı bir tikilidə yaşadıq. Sonra Masallının bir kəndinə köçdük. Daha sonra Hacıqabul, axırda da bu hamama gəldik. Elə bu hamam hamımızın axırına çıxdı”.

Əsgərova 2003-cü ildə 25 yaşlı oğlunu itirib. Rütubətdən ciyəri xəstə düşmüş gənc vərəm xəstəliyinə tutulubmuş. Oğlunun arxasınca bir neçə aydan sonra Əsgərovanın həyat yoldaşı da vərəmdən dünyasını dəyişib. 

“İndi kiçik nəvəmdə tapılıb. Vallah hamısı nəmişlikdən, betondan, soyuqdan, şəraitsizlikdəndir. Qonşuluqda da vərəmdən ölənlər çoxdur”. 

Ailəsi Laçından çıxanda Fəxriyyə Əhmədova uşaq idi. Doğma ev ilə bağlı heç bir xatirəsi yoxdur. Xatırladığı sadəcə keçirdiyi qorxu hissidir.

“5 il Beyləqanda çadırda, 10 il Bərdədə məktəbdə, xəstəxanda yaşadım, indi də Lökbatanda hamamda. Soruşsalar ki, bu yerlərin əsl evdən fərqi nədir, ayırd edə bilmərəm. Mən ağlım kəsəndən şəraitsizlikdəyəm. 30 yaşımda özümü qocalmış, tükənmiş hiss edirəm. Kaş uşaqlarım da mənim kimi olmaya. Birində artıq vərəm tapılıb.”.

Onun doqquz yaşı var.

Hamam sakinləri burda yaşamaqdan beziblər. Rütubət və soyuq, demək olar ki, hər sakində bir xəstəliyə səbəb olub
Uşaqlar oyun oynayır. Valideynlər deyir ki, məktəbə yaşayış yerindən arayış verəndə orada hamam yazıldığına görə uşaqlar utanırlar
30 yaşlı Fəxriyyə Əhmədovanın uşaqları mətbəx kimi istifadə olunan otağın girişində. Qarabağdan köçkün düşərkən uşaq olduğu üçün Əhmədova heç vaxt normal evdə yaşamayıb: çadırda, pambıq məntəqəsində, məktəbdə, indi isə hamamda.
Hər valideyn SOS siqnalı verir: “Uşaqlarımızın həyatı təhlükə altındadır”
15 kvadratmetrlik otaqlarda azı beş nəfər yaşayır. Otaqlar həm yataq, həm qonaq otağı, həm də mətbəx funksiyası daşıyır
45 yaşlı Səbinə Mahmudova 1993-cü ildə Ağdam şəhərindən köçkün düşüb. Puta qəsəbəsindəki hamama 2003-cü ildə köçüb, ona qədər isə başqa hamamlarda keçirib həyatını
Hamamın kir basmış kafelləri qırılıb tökülür
Divardan asılmış gözmuncuğu. Rəfiqə Əsgərova deyir ki, bəzək üçün asılıb. “Gözdən qoruyacaq qiymətli heç nə yoxdur onsuz da”
“Kiməsə qonaq gedəndə uşaqlar qayıtmaq istəmirlər bura. Biz də yaxşı ev istəyirik, yaxşı hamam istəyirik, oynamağa park istəyirik”, deyir sakinlərdən biri
Sınıq-salxaq pillələri ehtiyatla çıxmağa çalışan uşaq

Köç, Dekabr/Yanvar 2018

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları