İşsizliyə görə mərcə girənlər...
Məsuliyyətdən imtina
Baxışlar: 751
Dillər: 

Hər gün eyni şey təkrarlanır. Bazar ertəsindən cümə gününə qədər 25 yaşlı Elxan Məmmədov yuxudan oyanır, səhər yeməyini bitirir, saat 9 olanda isə iş sorağı ilə Astara Məşğulluq Mərkəzinə üz tutur.

“Gördüz?.. Eşitdiz?.. Bunların təklif etdiyi iş süpürgəçilikdən o yana keçmir.. Kim gəlir, deyirlər, JEK-də süpürgəçi işi var... ”

Və bazar ertəsindən cümə gününə qədər eyni cavabı alır - ona uyğun iş yeri hələ açılmayıb. Elxan bu cavabı 5 il əvvəl hərbi xidmətdən qayıdandan bəri alır. 

Hər dəfə yox cavabı aldıqca Elxan daha da ümidsizliyə qapılır. İxtisasca çilingər olan gənc ölkəni tərk edib xaricdə iş axtarışına çıxmaq barədə də düşünə bilmir, çünki günəmuzd tapdığı işlər və simvolik gəliriylə xəstə anasına baxmalıdır.

“Gündə 8 saat küçə süpürməyə ayda 150 manat verirlər, bu heç dərman xərcinin cüzi hissəsini də ödəmir. Hələ başqa qayğıları demirəm. Hər dəfə əliboş qayıtdıqca ümidim ölür”.

Elxan gərgin şəkildə çayxanaya üz tutur; burda o, özü kimi işsiz gənclərlə söhbətə başını qatır.

“Çox çətindir, ən çox da rayonlarda vəziyyət ağırdır”.

Azərbaycanda yaşı 30-dan aşağı olan əhali ölkənin 9,8 milyonunun 31 faizini təşkil edir. Ölkə gənclərinin demək olar ki, yarısı regionlarda yaşayır. Rəsmi statistikaya görə, işsizlik faizi isə 9,2-dir - orta göstəricidən yüksək.

İqtisadçılar isə hesab edir ki, reallıqda işizlik göstəriciləri rəsmi rəqəmlərdən xeyli fərqlidir.

“İşsizlikdən əziyyət çəkən əsasən gənc nəsildir. İşsizlik, məşğuliyyətsizlik gənc nəslin həyatına ciddi şəkildə pis təsir edir. Bu səbəbdən də bölgələrdəki gənclər iş üçün ölkə xaricinə baş vurmalı olur” - deyə, Azər Mehdiyev, İqtisadi Araşdırmalar Mərkəzinin direktoru bildirir.

“Son 1 ildə icrasına başlanan özünəməşğulluq proqramları özünü doğrultmur və əhali üçün yetərli deyil. Hökumət başqa çıxış yolları axtarmalıdır”.

Rusiya və Türkiyə azərbaycanlı iş miqrantlarının ən çox müraciət etdiyi yerlərdir, lakin son illərdə bu siyahıda Polşanın adı da gözə dəyir. Mütəxəssislər deyir ki, Avropa Birliyinin bir hissəsi olduğu üçün Polşa bir qədər yaxşı iş şərtlərinə malikdir, eyni zamanda viza prosesi də başağırıdıcı deyil. Həm Polşa, həm də Azərbaycanda müxtəlif iş agentlikləri fəaliyyət göstərir.

Polşada işədüzəltmə şirkətinin Azərbaycandakı subagenti olan Avanti Group" MMC-nin rəhbəri Rüfət Əhmədzadə deyir ki, caricə, xüsusilə də, Polşaya getmək istəyənlərin sayı artır.

“Onların da çoxu Polşa vizasından “tramplin” kimi istifadə etmək istəyən şəxslərdir”.

İşçi vizası ilə məşğul olan və Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlərdən birinin sahibi adının hallanmasını istəmədən bildirir ki, onun şirkətinin işi əsasən Polşada zavodlarla, müəssisələrlə, təsərrüfatlarla danışıqlar aparıb iş yerləri qazanmaq və Azərbaycandan iş üçün müraciət edən 20-40 yaş arası insanlara təklif etməkdir. Məvacib isə 800-900 dollardan başlayır.

“Varşava, Krakov şəhərlərində tikinti sahəsində minlərlə azərbaycanlı fəhlə işləyir. Azərbaycanlılar əsasən kirayələrdə kompakt halda yaşayırlar. Məsələn, 4-5 azərbaycanlı bir ev tutur və evin kirayəsini, kommunalını müştərək qaydada ödəyirlər deyə, çox az xərcləri çıxır. Qida məhsulları çox ucuz olduğundan, qənaətlə dolanıb, qazanclarının çox hissəsini vətənə - ailələrinə göndərirlər”, o açıqlayır. 

İşsizlik məsələsi hökumətin də gündəmindədir; 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasına görə, Azərbaycanda işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirmək nəzərdə tutulur. Strategiyaya əsasən, planlaşdırılır ki, əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş) xüsusi çəkisi 2030-cu ilədək 15 faizə endirilsin.

Elxan Məmmədov isə bu qədər optimist deyil - Onunla birlikdə sinif yoldaşı Əsgərin “Moskviç”inə əyləşir, hansısa kəndə yola düşürük. Əsgər Elxanı inandırmağa çalışır ki, gedəcəkləri kənddəki bir quşçuluq fermasında ona mütləq iş tapılacaq. Yolboyu Elxan rayondakı işsizlik problemindən danışır.

“Əvvəllər kiminsə fərdi təsərrüfatında çalışmağa günəmuzd işlər olurdu. Düzdü, çox işlədib, az pul verirdilər. Ancaq ən azı bilirdin ki, axşam evə çörəklə gedəcəksən, hansısa aptekin borcunun heç olmasa bir hissəsini ödəyəcəksən... Devalvasilayardan sonra sahibkarlar müflisləşdi, işlər azaldı. İndi hansısa sahibkar öz təsərrüfarında elə öz yaxın qohumunu işlədir, çörəyi ona verir”, Elxan deyir.

20 dəqiqə sonra palçıqlı yolları şütüyüb Pensər kəndinə çatırıq. Əsgər yaxın qohumu olan quşçuluq təsərrüfatının sahibini soraqlayıb tapır, Elxanı təqdim edir, ona iş axtardığını bildirir. Təsərrüfat sahibi isə deyir ki, fermasında çalışanların məvaciblərini üçüncü aydır ki, zorla ödəyir. Bu rayonda quşçuluq təsərrüfarı inhisara alındığından müştərilər yalnız bir-iki iri təsərrüfatla işləyir, həmin təsərrüfatların quş əti və yumurtasını alıb aparır. O da öz təsərrüfatını yaxın vaxtlarda bağlamaq qərarındadır.

“Sənin özünə bundan sonra iş axtarmaq lazımdı” -deyə, Elxan Məmmədov kinayəli gülür.

Astara mürəkkəb bir rayondur. Azərbaycan Astarası İran tərəfdəki Astara şəhəri ilə həmsərhəddir. Rayonun iqtisadiyyatını əsasən sitrusçuluq, çayçılıq, tərəvəzçilik və çəltikçilik təşkil edir. Ayrı-ayrı təsərüfatlarda heyvandarlıq, balıqçılıq və arıçılıq da mövcuddur. 2019-cu ilin dövlət büdcəsi layihəsinə görə, Astara da büdcədən dotasiya almayacaq şəhər və rayonların sırasına qoşulub, yəni artıq rayonun öz gəlirləri xərclərini qarşılamağa yetir.

Lakin kiçik təsərrüfat sahibləri bu iddia edilən sərvəti ortaya çıxarmaqda çətinliklə üzləşirlər. Sovet hökumətinin dağılmasından sonra rayonda torpaq islahatı aparılsa da, əksər kəndlərdə əhalinin çox hissəsi pay torpaqlarında istədikləri kimi əkib, məhsul toplaya, sata bilmirlər. Səbəb əkin və məhsul yığımı mövsümlərində texniki problemləri - əsasən, susuzluq, məhsulu yığmaq üçün texnika, gübrənin bahalığı kimi məsələləri həll etmək imkanlarının olmamasıdır.

İş tapmaq çətinləşdikcə insanlar arasında bəxtlərini sınamağa meyl artıb. Azərbaycanda mərc oyunları məntəqələri 2011-ci ildən etibarən yağışdan çıxan göbələklər kimi çoxalıb. Azart oyunlarına qadağa 1998-ci ildən - prezident İlham Əliyevin adının qumarda hallanması barədə qalmaqalla bağlı yayılan məlumatlardan sonra - qaldırılıb. Kazinolar hələ də qadağandır, lakin lotareya və mərc oyunları çiçəklənməkdədir. Mərc oyunları bazarı TOPAZ-ın, ölkənin ən böyük bukmeykerinin inhisarındadır. Bütün ölkədə olduğu kimi Astarada da onun əsas müştəriləri 20-35 yaş arası gənclərdir.

“Astarada çox adam bekarçılıqdan Topaza oturub, ev-eşiyini, ailəsini itirib. Allah başımızı elə qatsın ki, Topaza vaxtımız qalmasın” -deyə, Məmmədov vurğulayır.

Gənclik

Fevral-Mart 2019

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları