Ivanovka: Zamana Tabe Olmayan Kənd
Baxışlar: 2645
Dillər: 

Molokanlar-“süd içənlər” kimi tanınan bu etnik qrup, boyunlarına xaç taxmaq, ikonalara sitayiş etmək və oruc tutmaq kimi dini ayinlərin icrasından imtina etdikləri  üçün 19-cu əsrin əvvəllərində Rusiyadan qovulub   Azərbaycanın İvanovka kəndində məskunlaşıblar.

Molokanlar qısa zaman ərzində özünəməxsus mədəniyyət yaratmağa nail olub və onu muasir günümüzə gətirib çıxardıb.


Hal-hazırda İvanovkanın təqribən 3000 sakini var və onların əsas gəliri mənbəyi kənd təsərüffatıdır. İvanovka kolxoz sisteminin saxlanıldığı yeganə kənddir.

 

90-cı illərin əvvəllərində gənclər İvanovkanı tərk etməyə başladı və kənd demək olar ki boşaldı.

 

90 –cı illərdə İvanovkadan Rusiyaya mühacirət dalğası başladı. Buna Sovet İttifaqının dağılması və ölkədəki iqtisadi böhran ilə yanaşı, Ermənistanla başlayan Dağlıq Qarabağ müharibəsi də təsir etdi. Kollektiv iqtisadi sistemin dağılması səbəbi ilə insanlar  daha stabil həyat axtarmaq üçün kəndləri tərk etməyə başladılar.  

Tatyana Semyonova ömrünün 25 ilini kolxozda çalışmaqla keçirib. Onun hər iki oğlu 90-cı illərdə İvanovkanı tərk edib. Orda təhsillərini başa vurub vətəndaşlıq alıblar. Müstəqilliyin ilk illərini yada salanda, Tanya xala xüsusyilə narazı danışır: “Bu yenidənqurmaya qədər Azərbaycan daha yaxşı və zəngin yaşayırdı. Həyat sanki əvvəlki kimi deyil. Burda həmişə ədalət, düzgünlük vardı, heç vaxt qapını açar ilə bağlamazdım.”

Tanya xala deyir ki, həmin illərdə ölkənin rusdilli əhalisi üçün heç bir perspektiv görünmürdü. “Neçə illər hər şey rus dilində olmuşdu, bir anda  hər şey dəyişdi. Dili bir günə öyrənmək mümkün deyil axi.”
Kənd əhalisinin dediyinə görə həmin illərdə cavanların kəndi tərk etməsinin tək səbəbi yuxarıda sadalanan amillər deyildi-  buna cəbhədəki hərbi əməliyatlar da təsir edirdi.

Kolxoz idarəsinin sədri Vasiliy İvanviç düşünür ki, bu sadəcə təsadüf idi.

“Kimə harda rahatdırsa, orda da yaşayır.  Məgər burada qalıb və firavan yaşayan yoxdur? Sadəcə durğunluq dövrü bir çoxlarını qorxutdu və onlar xaricə getdilər. Başqa kəndlərdən gedən olmayıb?”

“Bizim vətənimiz Azərbaycandır, Rusiya deyil. Biz heç yerə gedəsi deyilik.  Hara gedirsən xarici pasport istəyir. Uşaqlarımız Rusiyada yaşayır, bizim indi az qala 80 yaşımız var, pasport nəyimizə gərəkdi”, İvanovka sakinləri deyir.
İndi isə kəndə geri qayıtma prosesi gedir.  Kolxoz işçiləri arasında vaxtiylə Rusiyaya gedib, ordakı böhrandan sonra vətənə qayıdanlara rast gəldik.

 


Burada hələ də “Kolxoz”lar var

İcma həyatı molokanların yaşayış tərzinin ayrılmaz hissəsidir. Sovxoz və Kolxozlar öz fəaliyyətini dayandırdı, lakin İvanovka sakinləri təslim olmadı, əhalinin 90%-i kolxozların saxlanılmasına səs verdi.  Mərhum prezident Heydər Əliyev onun saxlanılmasına icazə verdi. “Heç bir problem yoxdur, necə istəyirsinizsə elə də yaşayın”, o demişdi.

Demək olar ki, kəndin hər sakini kolxoz haqqında söhbət edəndə Nikolay Vasilyeviç Nikitini xatırlayır. Qeyd edək ki, kolxoz Nikolay Nikitinin adını daşıyır.

Bu əfsanəvi insanın ölümündən sonra (1994) əhali onu layiqincə əvəz edəcək birini tapa bilmir.  Tanya xala o illər haqqında böyük həyacanla danışır.  Onun kiçik mavi gözləri dolur.

“İndi kolxozda qarma-qarışıqlıqdı,- o, bir qədər əsəbi səslə deyir,- hamı öz cibini düşünür. İki il işlədi, sonra başqasını seçdilər, daha sonra yenə başqasını. Yaxşı olardı ki, bu torpaqları əhaliyə versinlər. Biz özümüz torpağı əkib becərərdik, heç bir problem olmazdı və heç kim də getməzdi”.

 

Büdcədə yaranan problemlərə görə fermada heç bir avadanlıq təzələnməyib.

Keçən il bir qədər texnika alındı.  Sədr tezliklə yeni texnika almağı düşünür.
“Dövlət xüsusiylə aqrar sahənin işciləri üçün lizinq proqramı olacağına söz verib. Lizinq proqramı qəbul olunan kimi bu fürsətdən mütləq yararlanacayıq”.

Kolxozun və kənd əhalisinin əsas həll olunmamış problemi su təminatı ilə bağlıdır ki bu problem də özünü ən çox yay aylarında büruzə verir. “Bir neçə il əvvəl prezident xüsusi ilə bu məsələ ilə bağlı pul ayırdı. Mən əmin deyiləm, lakin kanalın pulunun məmurlar tərəfindən şəxsi mənfəətləri üçün xərcləndiyi və kanalın səhv çəkildiyi barədə şaiələr dolaşır. Biz də susuz qalmışıq.  Krandan suyun gəlməyi əsl bayramdır, su isə mərkəzi kanala yaxın olan evlərdə gəlir”, fermanın işçsi Elşən deyir.  Su toplanıb, xüsusi anbarlarda saxlanılır.  Hamı maksimim dərəcədə suya qənaət etməyə çalışır.

Son beş aydır ki, kolxoz böhran yaşayır. İşçilər  maaşlarının verilmədiyindən şikayət edir. 

“Mənim aylıq əmək haqqım 30 AZN-dir, təsəvvür edirsiz? Kommunal xərclərə isə 120 AZN ödəyirəm.  Belə vəziyyətdə biz necə yaşamağa çalışırıq, bilirsiz? Bəli, oğurlayırıq!”, fermanın bir işçisi deyir.

Lakin, sədr müavini əminliklə deyir ki, tezliklə bu məsələlər öz həllini tapacaq, çünki hal-hazırda məhsul yığımı gedir.
“Büdcə çətinlikləri-bu normaldır, bunun da öhdəsindən gələrik. Maliyyə olmayanda maaşlar ərzaq ilə ödənilir”.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları