Müharibə Zamanı Sülhdən Danışmaq
Məsuliyyətdən imtina
Baxışlar: 2029
Dillər: 

Türkiyədə görüşdüyüm bu üç qadının üçü də demək olar ki, münaqişə ağrısını hiss etmiş qadınlardır.

Qafqazda sülh xəyalı ilə yaşayan insanların sayı müharibə təbliğatçıları ilə müqayisədə xeyli azdır. Hərbi münaqişəni həll etmək və əlaqələri yenidən qurmaq cəhdləri çox vaxt marijinallaşdırılır, sülh axtarışında olan azsaylı cəsur insana isə xəyanətkar damğası vurulur.

Qadın aktivistlər üçün bu stiqma daha betərdir - onlar həm də qadının roluna dair regiondakı mühafizəkar  stereotiplərlə üzləşirlər. Üç qadın fəal – Bakıdan Həmidə Qiyasbəyli, Yerevandan Mariya Karapetyan və İstanbuldan Pınar Sayan bu tabulara qarşı mübarizə aparırlar.

Ölkələrində üzləşdikləri çətinliklər müxtəlif olsa da, üçünün də müştərək məqsədi var – sülhə nail olmaq. Nə qədər qeyri-mümkün görünsə belə…

Sülh arzusu ilə bir araya gəlmiş bu üç qadın müstəqil təşkilat olan "İmagine" Münaqişələrin Transformasiya Mərkəzi vasitəsilə müxtəlif layihələr həyata keçirirlər. Cənubi Qafqaz və Türkiyədə gənclər üçün yeni imkanlar yaratmaqla yeni nəsil sülh qurucularının yetişməsinə rəhbərlik edirlər.

 

Həmidə 


 

26 yaşlı Həmidə Qiyasbəyli 8 ildir ki, Azərbaycan və Ermənistan arasında sülh layihələrində fəaliyyət göstərir. Onun konfliktlərin həllinə dair marağının kökləri uşaqlığına gedib çıxır -  Bakıda bir zamanlar valideynlərinin multi-etnik dost çevrəsinə… Həmin çoxmillətli dövr isə Dağlıq Qarabağ münaqişəsi ilə nəticələnib. 

Sırf ermənidir deyə, Həmidənin atası və anası dostları ilə münasibəti kəsməyi düşünməyiblər, lakin öz dinc həyatlarını və dəyərli dostluqlarını qorumağa müvəffəq olmayıblar. Sonradan isə münaqişənin ölkəyə gətirdiyi çətinliklər nəticəsində bir neçə il Azərbaycandan uzaqlaşıb, İsrailə köçüblər.

“İnsanlara elə gəlir ki, sülh quruculuğu siyasətçilərin işidir”, Həmidə deyir. Bir çox insan ona görə də Həmidənin nə üçün sülh quruculuğuna baş qoşduğunu anlaya bilmir. “Halbuki sülh bütün insanların ehtiyacı olan təməl bir şeydir”
Onun üçün sülh Cənubi Qafqaz xalqları və dünyadakı bütün xalqların münasibət qura bilməsidir
O sülhün mümkünlüyünə əmindir, lakin "bir az zamana ehtiyac var"

Həmidə qeyd edir ki, müharibənin dəhşətləri ilə birbaşa üzləşməsə də, onun nəticələrinə qatlanmaq məcburiyyətində olub – ona görə də bu məcburiyyəti gələcək nəsillərin yaşamağını istəmir.

“Mən uşaqlarımın müharibədə ölməyini, yaxud da müharibə dəhşətilə qarşılaşmağını istəmirəm. Mən müharibə illərində anadan olmuşam. Müharibəni görməsəm də, nəticələrini, insanlara və cəmiyyətə necə təsir etdiyini görmüşəm”.

O deyir ki, münaqişənin ölkəsində buraxdığı izlər vahimə doğurur. “Baş verənlər məni həddən çox qorxudurdu. Niyə bu qədər millətçilik, niyə bu qədər travma var, anlaya bilmirdim. İndi də yeni, gənc nəsil üçün köhnə nəsildən olan və bir çox itki vermiş insanları anlamaq çətindir”.

Həmidənin fikrincə, bu iki nəsil arasında körpü qurmaq çox əhəmiyyətlidir ki, “gənc nəsil onları başa düşə bilsin və irəli doğru addım atmaq barədə düşünsün”. 

Ölkəsində sülh və əmin-amanlıq qurmaq arzusu Həmidəni xaricdə yaşamağa, digər konfliktlərin tarixini araşdırmağa və sülh quruculuğu cəhdlərini öyrənməyə sövq edib.

Həmidə bir müddət Avstriyada suriyalıların yaşadığı qaçqın düşərgəsində könüllü fəaliyyətlə məşğul olub. Bu müddətdə o, müharibənin nəticələrinin hər yerdə eyni olduğunu başa düşüb. Düşərgədə keçirdiyi vaxt onun həyatı üçün “vacib bir transformasiya dövrü” olub və Cənubi Qafqaz xalqlarının taleyinin bu baxımdan dünyada yeganə olmadığını dərk edib. 

Həmidənin fikrincə, Azərbaycan cəmiyyəti qadına “əsgər istehsalçısı” kimi baxmağa meyllidir. O deyir ki, bu yanaşma sülh quruculuğu ilə qadınların məşğul olmasına xeyli çətinliklər törədir. Lakin o, mübarizə aparmaqdan çəkinmir.

“Azərbaycan cəmiyyətində belə bir fikir hakimdir ki, qadınlar azad fikrə sahib deyillər, yaxud onların, ümumiyyətlə, fikri yoxdur. Burda bir qədər həqiqət var – səsini çıxarmayan, öz problemlərini qabartmağa platforma tapmayan, bunları bacarmayan qadınlar var. Bununla belə, cəmiyyətdə lider rolunda da qadınlar var və mən onlardan biriyəm. Açığı, çox çətindir qadın olaraq cəmiyyətdə lider roluna malik olmaq- xüsusilə belə həssas mövzularla əlaqədar”.

O qeyd edir ki, münaqişəyə dair məqalə yazarkən, yaxud da ictimai bir fikir bildirərkən bir çox insandan “get mətbəxinə gir”, “ciddi söhbətlər sənlik deyil” kimi fikirlər eşidib. 

Lakin Həmidə əmindir ki, bu təfəkkür ”get-gedə populyarlığını itirir”. O deyir ki, bir qadın olaraq sülh aktivisti olmağın faydaları var.

“Sərhəddə yaşayan icmalarla, qaçqın və məcburi köçkünlərlə çox işləyirəm. O insanların əksər hallarda psixoloji dəstəyə ehtiyacı olur, onlar həssas, emosional məsələlər və travmaları barədə bir qadınla daha asanlıqla söhbət edə bilir, ürəklərini aça bilirlər. Ona görə də qadın olaraq öz işimdə daha çox şeyə nail olduğumu görürəm”.

 

Mariya


 

30 yaşlı Mariya Karapetyan Yerevanda yaşayır. O deyir ki, müharibə kabusundan tamamən qurtulmaq mümkün deyil, çünki ölkədə hər kəsin həyatında təsir buraxıb.

Mariya bildirir ki, Azərbaycanla münaqişəyə dair mövqeyi sülh quruculuğu sferasında 7 illik fəaliyyəti sayəsində formalaşıb.

“Qadın ilk növbədə əsgər anasıdır - Ermənistanda qadınlara bu nöqteyi-nəzərdən baxırlar. İnsanlar düşünür ki, bir qadın olaraq sülh üçün mübarizə aparırsansa, deməli, dövlət qarşısında öhdəliyinə etinasız yanaşırsan”, Mariya deyir.
Peşəsi dilçilik olan Mariya əmindir ki, sülh dildən başlayır - münaqişə haqqında danışarkən seçilən dil və üslub da vacibdir.
O hesab edir ki, münaqişə insan övladına xas bir xüsusiyyətdir.

Mariya sülh layihələrində işləməyə başladığı ilk dövrdə müşahidə edirdi ki, “cəmiyyətimiz arasında əlaqə yoxdur…O vaxta qədər mənə elə gəlirdi ki, yeganə həqiqət budur ki, biz haqlıyıq, onlar isə haqsız”. 

Mariya düşünür ki, kommunikasiya problemi yenə də problem olaraq qalmaqdadır.

“Münaqişə tərəflərinin hər birinin öz “yalan” və “həqiqət” anlayışı var… Dövlətin apardığı müharibə təbliğatı sülh qurucularına əhəmiyyət və hörmət qoymayan bir cəmiyyət formalaşdırıb; Sülhpərvər insanlar ən yaxşı halda xəyalpərəst, ən pis halda isə Ermənistanın milli maraqlarına xəyanətkar olaraq damğa alıblar”.

Qadınların sülh üçün mübarizə aparması ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

“İctimaiyyət hesab edir ki, qadın hərbi xidmətə getmirsə, əsgər deyilsə, döyüşçü deyilsə, yaxud da ana vətənin müdafiəsində deyilsə, deməli, münaqişənin həllinə dair söz sahibi də ola bilməz. Nəticə etibarilə, qadınlar susdurulur”.

Mariya qeyd edir ki, belə olan halda qadınlara verilən mesaj bundan ibarətdir ki, “sərhədlərimizin qorunmasında iştirakın yoxdursa, sözün dəyərsizdir”. Buna görə də Mariya düşünür ki, qadınların sülh quruculuğu prosesində aktivliyi çox azdır.

 

Pınar


 

33 yaşlı Pınar Sayan İstanbulda yaşayır. O, 4 ildir ki, Ermənistan və Türkiyə arasında sülh quruculuğu ilə məşğuldur.

“İnsanlar hesab edir ki, fiziki şiddət yoxdursa, deməli, sülh var. Bu, belə deyil. Mənim sülh haqqında anlayışım daha ətraflıdır: sülh ədalət və bərabərlikdir. İnsanları mənsub olduqları kimliyə görə əzən cəmiyyət sağlam cəmiyyət deyil” – deyə, Pınar bildirir.

Pınar elmi fəaliyyətlə məşğuldur. Sülh quruculuğu sahəsində fəaliyyət göstərmək isə ona kitablar və akademik dünyadan bir qədər aralanıb birbaşa insanların təcrübəsini öyrənməyə kömək edir.
Sülh quruculuğu sadəcə müharibə zonalarında işləməkdən ibarət deyil. Pınar həm də Türkiyədə azlıqlara dair məsələlər üzərində işləyir.

Bir sülh qurucusu olaraq Pınar istəyir ki, şiddətdən irəli gələn problemlərə həll yolları tapsın. O, əmindir ki, cəmiyyətdə zorakılığa son qoymaq üçün fundamental dəyişikliklər lazımdır. “Sadəcə fiziki zorakılıq deyil, zorakılığın bütün növləriylə mübarizə aparmaq lazımdır – bunlar patriarxiya, millətçilik və sosio-iqtisadi fərqlərin yaratdığı zorakılıqlardır. Onların hər biri münaqişəyə səbəb olur”. 

Hazırda Pınarın işlədiyi layihədə erməni və türk tarixçiləri bir araya gəlib məktəblilər üçün tarix kitablarını araşdırırlar. Pınar deyir ki, tarix münaqişənin həllində əhəmiyyətli hissə olduğu üçün bu araşdırma da sülh quruculuğunda vacibdir.

“Hər iki ölkədə tarix çox millətçi və militarist əsaslar ilə öyrədilir. Bu isə hər iki tərəfdə belə bir təəssürat yaradır ki, qarşı tərəf düşməndir. Əgər biz bu vəziyyəti dəyişdirmək istəyiriksə, əlbəttə ki, təhsil mövzusu üzərində də iş aparmalıyıq”.

Pınar qarşılaşdığı çətinliklər barədə realistdir, lakin o inanır ki, irəliləyiş qeyri-mümkün görünsə belə, cəhd etmək vacibdir.

 

 



 

Materialın Azərbaycanla bağlı hissəsi Səbinə Əbubəkirova ilə birlikdə hazırlanıb.


Oktyabr 2018, 'Sülh Qurucuları' sayı

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları