Müharibədən sonra Azərbaycanda moda
Baxışlar: 2259
Dillər: 

Redaktor qeydi: “Hal -hazırda, biz bir zamanlar nifrət etdiyimiz, geyinməkdən imtina etdiyimiz və hətta unutmaq istədiyimiz  90-cı illər modasının “bum”unu - gözlənilməz uğurunu- yaşayırıq. “90-cı illər modası deyiləndə ağlımıza qara rəng, dəri paltolar, (əsasən süni dəri) klassik ayaqqabı ilə idman formasının sintezi, üzərində “Titanik” yazısı olan köynəklər, platforma ayaqqabılar, həcimli saçlar, bizə dəlilik kimi gələn parıltılı idman gödəkçələri və “Kobra” ətri gəlir.

Müharibə yeni qurtarmışdı və Dağlıq Qadarbağdan məcburi köçkünlər paytaxta gəlmişdi, iqtisadi böhran və müstəqillik üçün mübarizə- olduqca qarışıq bir zaman idi. Lakin, qorxu və insanların təşvişinə baxmayaraq, Bakının mərkəzində bir qrup gənc incəsənət və modaya maraq göstərməyə başladı. Onlar öz incəsənət istedadlarını geyim tərzlərinin seçimində istifadə etməyə başladı və digər gəncləri də zövqlə geyinməyə çağırdılar.


 

 

 


 

Azərbaycanda müharibədən sonrakı dövrdə bütün sahələrdə özünübərpa, dirçəliş hərəkatı olduğu kimi, dəb sahəsində də yeni addımlar atılırdı. Yeni dizaynerlər məhz bu dövrdə öz yaradıcı fikirlərini geyimlərdə əks etdirirdilər.

Dizayner Turan Kərimbəyli 90-lardan başlayaraq Azərbaycan dəb sahəsində özünəməxsus rol oynayıb. Onun “Dom Frida” adlı modalar evi var. O, əsasən, müxtəlif aksesuarların dizaynı ilə məşğuldur. Amma bununla yanaşı, çox fərqli tərzdə geyimləri də dizayn edir.

 

 

“Dəblə 1996-cı ildən məşğul olmağa başlamışam. Həmin vaxt Azərbaycanda ilk dəfə dəblə bağlı festival keçirilirdi. Bu festivalın təşkilatçısı Ruffline moda evi idi. Həmyerlimiz Raf Sərdarov ölkəmizə gəldi və elə gəldiyi il də ilk dəb festivalını təşkil etdi. Dəb, geyimlərin sərgilənməsi – bütün bunlar bizim üçün nağıl kimi idi. Mən bu festivala çox hazırlaşmışdım və festivalın lauriyatı da olub diplom qazandım. Əslində isə heç birincilik haqqında düşünmürdüm. Daha sonra Raf Sərdarov Aygün Kazımovanın imicini dəyişdi. Bunların hamsı məndə fotolarda var. Siz göstərə bilərəm. Bu festivalda məşhur müğənni Elton Jhonun şəxsi dizayneri Endri Lokon və Yakutiyadan olan, adını xatırlamadığım çox istedadlı dizaynerlər vardı. Onlar da, çox gözəl geyimlər, aksesuarlar hazırlamışdılar.”

 

Dünyaca məşhur, əsərləri muzeylərdə saxlanılan və hazırda işləri satılmayan Elza Shiaparelli adlı dizaynerinin  işlərini öz paltarlarında hardasa təkrarlayıb və bir kolleksiyanı ona həsr etmək arzusunu bildirən rəssam-modelyer 90-cı illərdə hələ çox gənc olduğunu, məşhur dizaynerlər səviyyəsində olmadığını da  qeyd edir: “Həmin dövrdə məşhur dizaynerlərin əviyyəsində olmağa can atmaq bir az mənim tərəfimdən kobudluq olardı. Düzdür, mən indi də gəncəm, amma indi hər şeyi müqayisə edə , dəyərləndirə bilirəm. O dövrdə bu qədər imkan yox idi. Çalışırdım rəssamlıqla dəbi birləşdirim, ortaya nəsə maraqlı bir şey çıxardım. İlk layihəm isə “Şirvanşahlar sarayı”nda baş tutan milli geyimlərə həsr olunmuş kolleksiya oldu. Azərbaycanda ilk rəssam-modelyer idim ki, rəsmləri parçalarda əks etdirmişdim və bunu əllə çəkmişdim. Çünki həmin dövrlərdə print yox idi və mən bilmirdim ki, parçalarımı Türkiyədə, Çində print etdirə bilərəm. Bunu yalnız 3-5 il sonra etdirə bildim. Lakin ilk dizayn işimlə 1996-cı ildən 2003-cü ilə qədər davamlı keçirilən festivalda iştirak etdim. Təxminən 2000-2001-ci ildə elə həmin festivalda işimlə “İlin donu” nominasiyası adına layiq görüldüm.

Müharibədən yeni çıxmış dövlət idik. Mən də dəblə məşğul olmağa başlayanda artıq müharibə sakitləşmişdi.Qorxu, narahtlıq yox olmağa başlayırdı. Həm də artıq insanlar daha rəngarəng geyinməyə başladılar. Geyimdən tutmuş saça qədər xanımlar daha koloritli olmağa üstünlük verdilər”.

 

 

Dəb və rəng aləmi ayrılmaz dünyadılar, təbii ki, 90-cı illərin dəbindən danışarkən o dövrdə daha çox rast gəlinən yaxud da ki, beyinlərə yeridilən qara rəngə də toxunan dizayner Turan Kərimbəyli bildirir ki, nə müharibə dövründə, nə də ki, indi qara rəng Azərbaycanda özünü göstərib. Yəni, aktual olmayan rəng olub. Əksinə, qonşu ölkə Gürcüstanda bu rəng  istər geyimdə, istərsə də saç tərzində çox aktualdır. Qara rəngi hüznlə bağlı geyinmək başqadır, dəblə geyinmək başqadır. Və deməzdim ki, biz xanımlar qara rəngi daha çox sevirik. Xeyr, biz rəngarəngliyi daha çox sevirik”.

 

Sonda isə o dövrlə bu dövrün dəb sənayesini müqayisə edən xanım dizayner qeyd etdi ki: “Kasetlər disklərlə əvəz olunduğu kimi, dəb sahəsində də dəyişikliklər özünü göstərir. 90-ların dəbilə indinin dəbi arasında fərqlər çoxdur amma elə insanlar da var ki, öz tərzlərini qoruyub saxlayırlar. Xoşbəxtlikdən həmin dövrdə də butiklər açılmışdı, biz də, çalışırdıq ki, gənclər zövqlə geyinsin. Amma dəblə geyinməyənlər də sözsüz ki, olurdu. Qonşu ölkələrdən bizə geyimlər gəlirdi. İndi isə geyim butikləri daha çoxdur. Dizaynerlərin də imkanı daha genişdi. Azərbaycanda dəb həftələri keçirilir. Bu, biz dizaynerlərə özümüzü göstərməyə, yeni insanlara işlərimizi çatdırmağa, müştərilər qazanmağa imkan verən geniş platformadır”.

 


 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları