Öz Işinin Sahibi Olmaq Istəyənlər
Baxışlar: 1484
Dillər: 

Son illər Azərbaycan valyutasının dəyərsizləşməsi ölkədə sahibkarlığa ziyan vursa da, elə bu illər ərzində gənclərin daha da aktivləşməsi müşahidə olunur. Ölkədə gənclər tərəfindən yeni kafelər və book kafelər, elə cə də publar açılır. Və ya gənclər start-uplara maraq göstərərək öz tapıntıları ilə iş qurmaq üçün cəhd edirlər. Bir növ öz işlərinin sahibi olmaq istəyirlər.

 

Təhlükəsizlik Vacibdir
25 yaşlı Elşən Zeynalov və 31 yaşlı Səməd Xanməmmədli
Təhlükəsizlik Vacibdir

İki qohum 25 yaşlı Elşən Zeynalov  və 31 yaşlı Səməd Xanməmmədli də bu gənclərdəndir. Onlar birlikdə Swimsos adlı məhsulu yaradıblar.

Swimsos suda hər hansı təhlükə anında xilas edici halqaya sahib çimərlik geyimidir. Bu geyim aktivləşdirildikdə batmaq təhlükəsi olan insanı suyun üzərinə çıxarır. Elşən və Səməd bu geyimin kəşfinin əsas səbəbi kimi suda boğulan insanların sayını azaltmaq olduğunu deyirlər.

Elşən Bakı Dövlət Universitetinin hüquq, Səməd isə həmin universitetoin Tarix fakultəsini bitirib və öz peşələrinə uyğun çalışırlar.

Swimsosun necə yaradılmasına gəlincə Elşən deyir ki, ideya onun öz qorxusu üzərinə getməsi ilə meydana gəlib.

"Uşaqlıqdan sudan qorxum var. Bu səbəbdən dənizin dərin hissələrinə getmirdim. Fikirləşdik ki, elə bir məhsul ola bilər ki, həm əlavə vasitə kimi daşınmasın, həm də təhlükəsizliyi təmin etsin, üstəlik istənilən anda aktivləşdirilə bilsin. Swimsosu yaratdıqdan sonra artıq dənizdən qorxmuram", Elşən izah edir.

 

Səməd ideya yarandıqdan sonra çertyojun çəkildiyini və artıq məhsulun prototipinin hazırlandığını deyir. Məhsulun adı elə məhz ona aiddir.

Müsahiblərim deyir ki, məhsulun ideyası ötən ilin avqustunda meydana gəlib. Bu ilin yanvarında isə prototip hazırlanıb. Prototip hələlik adi üzgüçülük geyimi parçasından hazırlanıb. Ancaq müsahiblərim məhsulun əsas versiyasında dizaynın və istifdə edilən parçanın materialının dəyişəcəyini deyirlər.

Səməd bildirir ki, Swimsos 7 yaşdan yuxarı bütün şəxslər üçün nəzərdə tutulub. Şortun üst hissəsində xilasedici halqa bərkidilib və halqanı aktiv edən qurğu var.

"Xilasedici halqa artıq kəşf edilib və satışdadır. Ancaq bizim məhsul ona görə fərqlidir ki, çimərliyə gedən insanlar özlləri ilə əlavə ləvazimat götürmür. Təhlükə baş verərəsə geyim özü xilasedici vasitəyə çevrilə bilir", Səməd izah edir.

Swimsos 150- 170 kq ağırlığında olan insanı da su üzərinə qaldıra bilir. Və şəxsi 24 saat suyun səthində saxlaya bilir. Xilasedici halqa 1,5-2 saniyə ərzində aktivləşir. Çəkisi  350-400 qramdır, və hələlik 2XL ölçüsünə qədər nəzərdə tutulub.

Elşən hesab edir ki,  Swimsosun hazırda dünya bazarında elə də böyük rəqibi yoxdur. Səməd isə deyir ki, bu geyimdən hətta üzməyi bacaranlar da istifadə etməlidir.

"Statistikaya görə, suda batan insanların böyük əksəriyyəti üzməyi bacaranlardır. Bu səbəbdən bu geyim hamıya lazım ola bilər", o qeyd edir.

Gənclər deyir ki, məhsulun əsas hədəf bazarı Amerika, Avropa və Avstraliyadır.

"Amerika bazarı böyükdür. Hər bir məhsul orda satıla bilər. Təbii ki, düzgün marektinq aparılmalıdır. Amerika hər iki tərəfdən okean ilə əhatə olunub, çimərlliklər çoxdur və su idmanı inkişaf edib. Hətta sörfing ilə məşğul olanlar bizim məhsulu istifadə edə bilər ", Səməd deyir.

Səmədin sözlərinə görə, prototipin hazırlanması üçün onlar müəyyən məbləğdə pul xərcləyib. Bunun üçün   Çinə səfər edilib, bazar araşdırılıb, marketinq addımları atılıb, hətta internet səhifəsi belə yaradılıb.

"Çinə əsasən, geyimə bərkidilmiş xilasedici halqa ilə bağlı getdik. Amma gələcəkdə məhsulun istehsalını ya Çində, ya da Cənubi Koreyada etmək istəyirik".

Müsahiblərim hesab edirlər ki, investisiya tapılan kimi ay yarım müddətində məhsulu bazara çıxarmaq olar. Onlar hələ ki, investisiya təkliflərini dəyərləndirməklə məşğul olduqlarını da qeyd edirlər.

 

Xeyirxah Kəşf
Xeyirxah Kəşf

İT sahəsində çoxdan işləyən Rəşid Əliyev böyük və kiçik şirkətlərdə İT direktor vəzifəsindən tutmuş layihə rəhbərinə qədər müxtəlif vəzifələrdə çalışıb. Son 3 ildir öz layihələrinin üzərində çalışan Rəşid görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuş "Brail pad"-ın müəllifidir.

Brail pad görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuş planşetdir. Onun vasitəsilə həmin şəxslər internet xidmətlərindən istifadə edə, kitab oxuya, şəkil və qrafikaları tanıya bilər. Brailpad imkan verir ki, səth istənilən formada qabardılsın və orda şəkillər qrafiklər xəritə mətn istənilən məlumat əks olunsun.

Rəşid deyir ki, Brail pad barəsində ideya onda 2003-cü ildə yaranıb.

"Universitetin ikinci kursunda təhsil alanda görmə məhdudiyyətli qohumu olan dostum onun üçün bəzi kitabları axtarırdım. Ancaq Azərbaycandə kitabların dril versiyalarını tapmaq çətindir. Araşdırdıq.  Şəhərdə cəmi bir mətbəə brail əlifbası ilə kitab çap edə bilərdi, qiymətlər isə çox baha idi. Xaricdən gətirmək isə böyük xərc tələb edirdi. O vaxtdan fikirləşirdik necə edək. Elektron həlləri araşdıranda isə bazarda belə bir cihazın olmadığını gördük, məsəlçün, Humanware - BrailleNote".

 

Rəşidin sözlərinə görə, 2011-ci ilin axırlarında NASA-dan iki professor elektroaktiv polimerlərin kiçik həcmli səthlərin qabardılmasını bacarır. Amma burda daha çox elektrik enerjisindən istifadə olunur. Rəşid və komandası bir daha araşdırma aparır və planşeti hazırlamağın real olduğunu ortaya çıxarır.

"2012-ci ildə onların tapıntısı əsasında Brail padı hazırmağı qərarlaşdırdıq. Amma hesablamalar göstərdi ki, belə bir displayın hazırlanması çox bahalı texnologiyadır. Bir planşetin həm elektrik cərəyanı problemi olacaqdı, həm də cihaz bahalı olcaqdı deyə saxladım. Bir il bundan öncə artıq elektromexaniki iki üsul üzərində iki həll düşündüm. Artıq planşetin idarəedici modullarını və müəyyən proqram təminatlarını hazırlamışıq".

Rəşid hazırda layihə ilə bağlı Ukraynalı mütəxəssislərlə əməkdaşlıq edir. O, Bakıdakı komandada dəyişikliklərin olduğunu və onlarla işləməyin mümkün olmadığını bildirir.

"Beş aydır ki, Ukrayna komandası ilə bir yerdə işləyirəm. Onlarla daha cəld işlədik və artıq prototipin müəyyən kiçildilmiş formasını ortaya qoymağa hazılaşırıq".

Brail paddan danışan müsahibim dünyada cəmi 3 görmə məhdudiyyəti olnanlar üçün planşet hazırlamaq istəyən şirkətin olduğunu deyir.

"Biri iki ildən çoxdur yaranıb, ancaq ideyadan irəli getməyib. Digəri isə cihazı hazırlayıb. Amma o cihaza ancaq sandıq demək olar. Çəkisi təxminən 6 kiloqramdı və elektrik cərəyanı ilə işləyir. Həm də komputerə qoşulmalıdır. 3-cü cihaz isə bizə aiddir. Bizim cihaz ən realıdır, çünki elektromexaniki üsulla hazırlamışıq. Hazır variantının çəkisi 700-800 qram olacaq. Komputerə qoşulmayacaq və istifadəsi çox rahatdır".

Rəşid bildirir ki, ona bir neçə ölkədən planşetin hazırlanması ilə bağlı təklif gəlir, ancaq planşetin prototipi hazır olmadığı üçün təkliflər dəyərləndirilməyib.

Cihazın kiçildilmiş prototipinin hazırlanması üçün onun komandası  İKT fondundan maliyyə alıb. Ancaq Rəşid bu maliyyənin kifayət etmdədiyini deyir.

"Displayı bitirmək üçün 160 min, kütləvi istehsal üçün isə 1 milyon 5 yüz min dollar pul lazımır", o deyir və əlavə edir ki, planşet hazır olan zaman təxminən 800-1000 dollara satılacaq.”

 

34 yaşlı Rəşid Əliyev

Rəşid Brail pad ilə əlaqəli Ukraynaya səfəri zamanı yeni bir qurğu üzərində də işləməyə başlayıb. Bu qurğunun adı Brail Teach-dir.

"Martda Ukraynaya səfər zamanı orda kiçik uşaqların brail əlifbasını öyrənməsi üçün kiçik cihaz barədə məlumatlar eldə etdim. Onların cihazı çox primitiv idi. Mən təklif etdim ki, funksionalllığı genişləndirək və səs dəstəyi qoyaq ki, uşağın daxil etdiyi kombinasiyaya görə düzgün hərfləri səsləndirsin. Həm də orda oyun oynamaq olsun. Və onlar razılaşdı".

Rəşid Brail Teach-ın yeni versiyasını "arabanı super təyyarəyə çevirmiş kimi olduq" deyə izah edir.

Artıq Brail Teach-ın işlək prototipi var və Azərbaycan dili tərcuməsi bitib. Qurğunu dörd, Azərbaycan, rus, ingilis və Ukrayna dillərində istifadə etmək olar. Azərbaycanda fəaliyyət göstərən bankların birinin dəstəyilə ilk qurğular hazırlanıb və sifarişlə əldə edilə bilər. Rəşid deyir ki, hazırda qurğu 65 dollara satılır. O, bu qiyməti baha adlandırır və əlavə edir ki, istehsal çox olarsa, qiymət daha da aşağı düşəcək.

Müsahibizin sözlərinə görə, cihazı Ukrayna Gözdən Əlillər Cəmiyyəti qəbul edib və məktub verərək avadanlığın tədris formasında tətbiqini təsdiqləyib. Bundan başqa Almaniyada görmə problemlri ilə məşğul olan bir institut da cihazın yararlılığını təsdiqləyib.

Azərbaycana gəlincə isə Rəşid Brail pad ideyasına və Brail Teach cihazına olan münasibətdən narazıdır. Onun sözlərinə görə, Azərbaycanda  görmə məhdudiyyətli insanlar yeniliklərə açıq deyillər. Onlar konservativirlər.

Rəşid Əliyev 1982-ci ildə Bakıda doğulub.  Uşaq vaxtı elektronikaya, komputerlərə marağı olub. Dediyinə görə, köhnə maqnitafonları söküərək, robotlar, müxtəlif qəbuledicilər, ötürücülər, uzaqdan idarəetmə sistemləri və digər cihzalar düzəldib. İqtisad Universitetini bitirib, o vaxtdan İT sahəsində işləyir.

Onun sözlərinə görə, Azərbaycanda informasiya texnologiyalarına və bununla bağlı layihələrə maraq azdır. O, gələcəkdə Azərbaycanda  bu sahınin Almaniya, Cənubi Koreya, Yaponiyadakı kimi inkişaf etməsini arzu edir.

Rəşid, həmçinin, gənclərin bu sahəyə az maraqlı olmasından təəssüflənir.

"İstərdim gənclər nəsə yaratmağa həvəsli olsunlar. Universiteti bitirən kimi tez qaçıb kimin üçünsə işləyirlər. İstərdim özləri nəsə yaratsınlar, start uplar etsinlər".

Rəşid Azərbaycanda İT sahəsinin az inkişaf etməsinə görə gələcək fəaliyyətini ölkədən kənarda qurmaq istəyir. O, texnologiyanın inkişaf etdiyi digər ölkələrə getmək istəyir.

"Azərbaycan bazarında çox boşluqlar var. İT üçün şərait yoxdur. Texnoparklar var ki, ən ucuz 3D printeri belə yoxdur. İnsanlar arasında birlik yoxdur, hamı ekskluzivlik istəyir. Xaricdə isə həm bir-birinə dəstək olurlar. Həm də rəqabət inkişafa gətib çıxarır".

Rəşid Azərbaycanda investisiya probleminin olmasından da söz açır. Deyir ki, sahibkarların çoxu tikinti sahəsinə investisiya qoyur. Yenilik, innovasiyaya qarşı isə maraqsızdırlar.

 


 

Arzuların Dalınca
Arzuların Dalınca

 

20 yaşlı Aysel İbrahimli şəhərin mərkəzində yerləşən kiçik, amma fərqli bir kafenin sahibidir. El Viento adlanan bu kafe turkuaz rəngindədir və divarları boyunca məhz Ayselin əl işləri asılıb.

Aysel 1995-ci ildə Bakıda həkim və ədliyyə polis mayoru ailəsində doğulub. Uşaqlıqdan incəsənətə meyilli olub. Pianist-bəstəkar olan bacısı ilə Bülbül adına orta ixtisas məktəbində təhsil alıb. Bacısı təhsilini davam etdirsə də, Aysel musiqiyə istedadı olmadığını düşünərək, məktəbdən ayrılıb.

 

Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə qəbul olub. Ancaq birinci kursdan sonra universitet təhsilini atıb. Bu barədə qərarını ailəsinə bir müddət sonra açıqlayan Aysel müxtəlif işlərdə çalışıb.

 

Aysel deyir ki, insan hansi peşəni sevirsə, dəlicəsinə oxumalıdır, amma diploma görə oxumaq "ikiüzlülükdür".

 

"Uşaqlıqdan başqa sahələrə marağım olub. Aktrisa olmaq  istəyirdim, 2 filmdə rol almışam. Ümumiyyətlə, ağlıma batan hər şeyi sınamağı sevirəm", o qeyd edir.

Aysel universitetdən sonra qrafik dizayner və food fotoqraf işləyib. Onun sözlərinə görə, iş təcrübəsi zamanı "öz işinin sahibi olmaq istədiyini" anlayıb.

"Anladım ki, o işlərdə öz istədiyim kimi işləyə və ya kreativ nə isə edə bilməyəcəm. İmprovizasiya etmək imkanım olmurdu. Sonra öz kafemi açmağa,  onun dizyneri və food fotoqrafı da özümü olacağıma qərar verdim", Aysel deyir.


O bildirir ki, fotoqrafiya ilə çox maraqlanır, bundan başqa əl işləri də hazırlayır. O, müxtəlif ölçülü dreamcatcherlər, makreme divar asılqanları, pərdə və oturacaqları, behem tərz divar asılqanları və digər əl işləri hazırlayır.
 

O, əl işlərini elə sahibi olduğu kafedə sərgiləyir. Bu əsərləri yaratmağa 16 yaşında başlayan Aysel danışır ki, ilk dəfə dreamcatcheri sosial şəbəkələrdə görüb və bəyənib. Daha sonra əsərlər düzəldərəək elə məhz sosial şəbəkələrdə satışına başlayıb və brendin adını da El-Viento qoyub.

Aysellə elə onun kiçik amma səmimi kafesində söhbətləşirik. Bura Ayselin evi kimidir. O, əslində daha fərqli məkan arzusunda olsa da hazırkı imkanlarla ancaq bunu edə bildiyini deyir. Amma müsahibim gələcəyə də ümidlidir.

May ayında açılan kafe haqda danışan Aysel deyir ki, kafeni açmaqda məqsədi pul qazanmaq olmayıb.

Aysel kafeni bir növ məktəb adlandırır. "Bu kafedə dizaynerliyi də, aşbazlığı da, ofisiantlığı da, mühasibliyi də sınayıram" deyir.

Aysel hazırda dreamcatcherlərdən başqa, makreme sənətini öyrənir. Makreme düyün sənəntidir. Bu üsulla həm geyim, həm aksesuar, həm də ev dekorasiyası hazırlamaq olur.

Aysel El-Vientonun "məhəllənin sevimli kafesinə" çevrilməsini arzulayır.

"İstəyərəm məhəllədə yaşayanlar insanlar gəlib, oturub söhbətləşsinlər. Bura təkcə gənclər yox, yaşlılar da gəlsin", Aysel deyir. Bu zaman kafeyə bir orta yaşlı və iki gənc xanım daxil olur. Bunu görən Aysel çox sevinir.

Aysel gənc yaşda sahibkarlıq haqda da danışır. O sahibkarlığı çətin adlandırır. Amma əlavə edir ki, çətinlik sahə barədə məlumatsızlıqdan irəli gəlir.

"Əvvəllər xidmət sektorunda işləsəydim mənə daha asan gələrdi", deyə o əlavə edir.

Onun arzusu nə vaxtsa Avropa ölkələrində kafe işini öyrənməkdir.

"Xaricə nə vaxtsa getsəm, orda ofisiant kimi işləyib, kafe işini öyrənəcəm. Bu çox yeni sahədir mənim üçün", o qeyd edir.

Ayseldən fərqli olaraq növbəti müsahiblərimizi hələ sahibkar adlandırmaq tezdir. Lakin onlar öz ideyaları ilə iş qurmaq istəyirlər.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları