Qafqazda kişi olmaq nədir?
Məsuliyyətdən imtina
Baxışlar: 1110

Giriş mətninin müəllifi: Guy Edmunds

Kurator: Monica Ellena

 

Qafqazda kişi olmaq nə deməkdir? Bir çox kişi üçün bu sualın cavabı ənənəvidir: sərtlik və cəsarət, müstəqillik və özünə nəzarət. Fikirləri ümumiləşdirsək, kişi olmaq sadiqlik, vətənpərvərlik və gücdür – daxilən və fiziki cəhətdən.

Tarixən bir-biriylə uzun müddət çəkişmiş Rusiya, Osmanlı, Persiya və başqa imperiyaların qurulduğu bir bölgədə - kişinin rolu mübarizə aparmaq, vətənini müdafiə etmək və ailəsini qoruyub saxlamaq olub.

Yaxın tarix isə Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya üzərində gedən acı müharibələr şəklində bu fikirləri daha da möhkəmləndirib.

Lakin bölgədəki silahlı münaqişə hələ ki dondurulub, əksər kişilərin döyüşə getməsi üçün müharibə yoxdur; onların mübarizəsi evlərinə daha yaxındır, çünki gündəlik həyatda urbanizasiya, miqrasiya, texnologiya və bazar iqtisadiyyatı içində yaşanan çətinliklərlə üzləşirlər.

Gürcüstan, Azərbaycan və Ermənistan dəyişikliklərə məruz qaldıqca - siyasi, iqtisadi, sosial – maskulinlik, kişilik konsepsiyası da təkamülə uğrayır.

Bu, bəzi kişilərdə təəssüf doğurur: kiçik icmalar şəhərin nisbətən anonim həyatı ilə əvəzləndiyi üçün “kişi sözünün əvvəlki dəyəri qalmayıb”; bunun yerinə, pul bir kişinin qədir-qiymətinin əsas ölçüsü olaraq köhnə məziyyətləri kölgədə qoyur.

Digər kişilər dini dünyagörüşü tərəfindən təyin olunmuş ənənəvi gender rollarında təsəlli tapırlar  - bunun özlərinə əminlik hissini gücləndirdiyini deyirlər, baxmayaraq ki, qadınlar üzərində təsiri başqadır.

Bununla belə, başqa bir qrup kişi hesab edir ki, modern dünyanın gətirdiyi dəyişikliklər insanı azadlaşdırır. Onlar müxtəlif mədəniyyətləri duymaq və öz yollarını müəyyənləşdirmək üçün müasir kommunikasiya texnologiyasından istifadə edirlər; bu, məhdudlaşdırıcı gender rollarına meydan oxumaq və kimliklərində müxtəlif tərəfləri tədqiq etmək mənasına gələ bilir.

Qadın hüquqlarının müdafiəçiləri üçün də ümidverici vəziyyət yaranır: məsələn, qadınlar evin çörəkağacı roluna daha çox sarıldıqca kişilər evin içərisində öz rolunu artırsınmı?

Yeni atalar üçün atalıq məzuniyyəti nədir? Belə söhbətlər hələ yeni başlayır...

Amma müasir dünyada həyat mərhəmətsiz ola bilər. İşsizlik və yoxsulluq özünü ailə başçısı rolunda görən kişilər üçün daimi təşviş mənbəyidir. Regionda geniş yayılmış korrupsiya və nepotizm iddialarını nəzərə alaraq, hökumət də çox ümid vəd etmir. Zəifliyi göstərməməyə öyrədilmiş kişilərdə isə arzuların puça çıxmağı alkoqolizm və narkomaniya kimi məsələlərlə peyda ola bilər. Ekstremal nümunə versək, hazırda intihara meyl edən kişiləri görürük. Daha böyük nəticə isə regionda geniş yayılmış ailədaxili zorakılıqdır.

Maskulinlik ciddi rola malikdir - həm kişilərin, həm də qadınların həyatında.

Ermənistan

 Artak Qevorqyan, 47 yaş, zərgər (Dilican)


 

Mənimçün kişi olmaq qətiyyətli və sərt olmaqdır. Düzdür, bu keyfiyyətlər qadınlarda var.

Kişilik müəyyən hədəf qoymaq və onu həyata keçirməkdir. Mənim həyatda məqsədim odur ki, qızım və oğlum öz məqsədlərinə çatsınlar.

Əgər möhkəmsənsə, deməli, səndə kişilik var. Mənim atam çox erkən öldü, gənc idim. Mən çox heyfsilənirəm ki, o heç vaxt öz nəvələrini görə bilmədi, mənim və qardaşlarımın böyüməyini görə bilmədi. Ailəni qoruyub saxlamaq kişi üçün ən vacib işdir - əvvəlcə ailənlə başlayırsan, beləcə də öz ölkəni qoruyursan.

Mənimçün mühüm məsələ həm də övladlarıma düzgün təlim-tərbiyə verməkdir ki, yaxşı insan olsunlar.

Qevorq Kas (Gevorq Qukasyan), 22 yaş, psixoloq və rəssam (Gümrü)


Ermənistan kimi patriarxal və tabularla dolu mühafizəkar bir cəmiyyətdə kişi güclüdür; o, xüsusi ciddi bir mövqeyə malikdir; çətin qərarlar qəbul edərkən qətiyyətli olmalıdır.

Mənə görə, kişilər doğulan gündən onlara süni, axmaq məsuliyyətlər və doqmalar yüklənir. Nəticədə mədəni və sivil varlıq olan bir kişinin həyatdan zövq almağının, özünüifadə imkanlarından yararlanmağının, azad nəfəs almağının qarşısı alınır. Ömür boyu kişilərə yeridirlər ki, filan cürə olmaq lazımdır, nəticə etibarilə, onlar heç vaxt dərk etmirlər ki, necə olmaq olardı.

Vəziyyət budur. Mən düşünmürəm ki, kişi olmaqda nəsə xüsusi bir şey var. Həmişə gender əsaslı stereotiplərə qarşı mübarizə aparmışam.

Askaryan Tiqran, 26 yaş, fitnes klubda məşqçi (Abovyan)


Mən maskulinliyi ailə ilə əlaqələndirirəm. Uşaqlıqda kişi olaraq nümunə atam idi. Mənim üçün yetkin bir kişi odur ki, onun ailəsi var və onu mümkün qədər xoşbəxt saxlayır. Həmçinin kişi sözünün üstündə duran şəxsdir.

Bu gün mənim rol modelim özüməm. Özündən razılıq kimi səslənə bilər, amma belə hiss edirəm. Mənə görə, kişi həmişə öz üzərində işləməlidir, məsələn, 40 yaşında universitetə girməkdən çəkinməməlidir.

Erməni kişiləri öz ailələrinə çox bağlıdırlar və təəssüfləndirici haldır ki, bir çoxu öz arvadına evdən kənarda nə iləsə məşğul olmağı qadağan edir. Düşünürəm ki, bu, özünəinam əskikliyindən qaynaqlanır, nəinki maskulinlikdən. Gücündən asılı olmayaraq, heç bir kişi öz yanında güclü bir qadının olmasını xoşlamır. Ona görə də güclü qadınlar çox vaxt tək qalırlar.

Andronis Qaribyan, 31 yaş, həkim-seksoloq (Yerevan)


Maskulinlik nədir? Çox çətin sualdır, bunun bir tərifi yoxdur, uşaqlıqdan bəri hər birimizə yüklənmiş informasiya yığınıdır. Mən maskulinliyi çalışqanlıq, məqsədyönlülük və fiziki güc ilə əlaqələndirirəm.

Mürəkkəb vəziyyətlərdə qadınlar kişilərə arxayın olurlar, əlbəttə ki, bunun əksi də mümkündür.

Bizim Ermənistan reallığında kişinin rolu çox əhəmiyyətlidir. Radikal feministlər deyəcəyim fikrə, hər nə desəm, qarşı çıxacaqlar və iddia edəcəklər ki, onlar olmasa, dünya dağılar. Eybi yox, qoy desinlər, amma, məncə, əgər sobanı yandırmaq üçün odun kəsmək lazımdırsa, bunu kişi etməlidir, çünki kişi fiziki olaraq daha güclüdür.

Həmçinin maskulinlik və femininliyin insanın seksual oriyentasiyasına dəxli yoxdur. Homoseksual birisi maskulin ola bilər və heteroseksual biri də kişilər üçün tipik olan xüsusiyyətlərə malik olmaya bilər.

Narek Mkrtçyan, 22 yaş, Yerevan Dövlət Teatr və Kinematoqrafiya İnstitutunun tələbəsi və aktyor


Kişiliyin nə ifadə etməsi insandan insana dəyişir, mən xüsusi bir tərif verə bilmirəm. Ümumiyyətlə, mən mühafizəkaram, məsələn, hesab edirəm ki, kişinin bir qadından xoşu gəlirsə, gərək onunla görüşmək üçün atasından icazə alsın. Düşünürəm ki, erməni kişisi belə olmalıdır. Kişi ailə başçısıdır, rəhbərdir. Mənim üçün kişiliyin ən əhəmiyyətli xüsusiyyəti sədaqətdir.

Mən çox qısqanc insanam. Əslində qısqanclıq erməni kişilərinin hamısında var. Bilmirəm bu, yaxşıdır, yaxud pisdir, amma faktiki belədir.

Mən 2016-cı ildə Aprel döyüşlərində Artsaxda [Dağlıq Qarabağda] döyüşmüşəm. O vaxt 19 yaşım var idi və bu, mənə ciddi təsir göstərmişdi. Mən orda daha da yetkinləşdim. O hadisələr məni ayıq, müstəqil, eyni zamanda daha çox insan etdi.

Azərbaycan

Mərdan Heydarov, 58 yaş, çayçı (Lənkəran)


Kişi olmaq nədir? Bu sualın cavabını almaq üçün Həzi Aslanovun adını çəkmək bəsdir. O, burda, Lənkəranda doğulmuş Sovet qəhrəmanı idi.

Əsl kişilik keçmişdə qalıb. 50 il qabaq kişi kişi idi, dediyini deyirdi, sözü də keçərli idi. Bu gün belə deyil. İllər əvvəl bir dostumun babası gedib Cəlilabadda bir kəlmə söz ilə ölüm hadisəsinin qabağını almışdı. Çünki o vaxt sözün dəyəri vardı. İndiki cavan onu bacara bilməz.

Həmçinin cəmiyyət indi cibində pulu olanı kişi hesab edir. İndiki zəmanədə hər şey alınıb-satılır. Yenə təkrar edirəm, kişi olmağın nə demək olduğunu bilmək üçün Həzi Aslanovun şəklinə baxmaq bəsdir. Ondan sonra danışmağa ehtiyac yoxdur.

Ömər Qasımov, 57 yaş, əntiq əşyalar satıcısı (Tbilisi)


Mən 1962-ci ildə Gədəbəydə doğulmuşam. Özüm azərbaycanlıyam, pasportum Rusiyanındır, sürücülük vəsiqəm Ermənistanın, hərbi biletim isə Gürcüstanındır. Hazırda işimlə əlaqədar Tbilisidə yaşayıram.

Mənə görə, kişilik insanın daxilindən gəlir. Kişi olmaq o demək deyil ki, sən hər şeyin öhdəsindən gələ bilirsən; bəzən çətinə düşürsən, məsələn, müharibəyə düşürsən. Mən, Füzulidə “Krasnıy bazar” döyüşünün iştirakçısıyam. Müharibədən ölüm havasını hiss edirsən, bu zaman səndən kişilik tələb olunur ki, təpərli olasan.

Bir də avtomobil sürəndə. Əyləci basarkən bir az ayağın əssə, onda maşın axıb gedəcək. Sükanı gərək elə saxlayasan ki, maşın tam nəzarətin altında olsun.

Məncə, kişi olan adamı kişilikdən sala bilməz - qadından başqa. Deyirlər, qadın zəif məxluqdur, amma, məncə, qadın çox güclü varlıqdır.

Fərhad Rzayev, 31 yaş, marketoloq (Bakı)


Müasir dünyada kişi olmaq ailənə, işinə və dostlarına qarşı məsuliyyət və öhdəlikləri yerinə yetirmək deməkdir. Sizin üçün vacib insanlara kömək əli uzadarkən enişlər və yoxuşlar yaşaya bilərsiniz, bu zaman isə mənəvi prinsiplərinizə sadiq qala bilməlisiniz.

Biz davamlı kommunikasiya içində yaşayırıq, tez-tez lazımsız və faydasız məlumat axınına məruz qalırıq. Stressli vəziyyətdə mühüm qərarlar qəbul etmək insanın reallıq hissini təhrif edə bilər, yalnış hədəflər, yalnış dostlar və düşmənlər yarada bilər.

Qafar Qənizadə, 32 yaş, yoqa müəllimi (Bakı)


Mən 7 ildir ki yoqa ilə məşğulam və 4 ildir ki treyner kimi işləyirəm. Bu təcrübə mənim maskulinlik və femininlik ideyamın formalaşmasında mühüm rol oynayıb.

Hər bir insanda həm kişi, həm də qadın enerjisi mövcuddur. Ata kimi mən nizam-intizam üçün sərt ola bilərəm, həm də şəfqətli ola bilərəm. Həyat və onun yaratdığı əngəllərin öhdəsindən gəlməyə imkan verən həyati enerji axınını İn və Yan yaradır – mən daxilən bu enerjini tarazlaşdırmaq üçün çalışmışam.

Azərbaycanda sosial normalar kişidə feminin xüsusiyyətlər sayılan faktorları boğmağa meyllidir. Hansısa bir qadın şəxsi biznesini yaradıb onun başında ola bilər, eləcə də hansısa kişi də uşaq bağçası açıb onunla məşğul ola bilər.

İnsan ətrafdakı gözəlliyi görə, emosiyalarını göstərə, istəyəndə ağlaya bilməlidir. Bunlar balanslı yaşayan insanın əlamətləridir. Bu hisslər boğulmamalıdır, çünki vaxt keçdikcə bu, energetik planda yığılır, fiziki plana keçir və beləliklə də xəstəliklər yaranır.

Mehman Rəsulov, 60 yaş, işsiz (Lənkəran)


Kişi olmaq mənimçün möhkəmlik deməkdir. 70-80 illik ömür yaşamaq üçün möhkəm, tarazda və təbiətə sadiq olmaq lazımdır. İnsanın ilk öncə öz qeydinə qala bilmək iqtidarında olmağı bir kişilik nümunəsidir.

İki övladım var. Onlar müstəqildirlər. Onları böyütmüşük deyə, sinəmizə döyüb özümdən asılı edə bilmərik. Biz ancaq kömək edə bilərik; hər kəs öz yolunu getsə, görə bilər, hər şeyin fərqinə vara bilər.

Gürcüstan

 

Açiko Mçedlidze, 30 yaş, mühəndis (Tbilisi)


Mənim üçün əsl kişi ailəsini düşünən insandır. O, sözü üstündə durmalı və ədalətli olmalıdır. Balıqçılıq, məncə, bu ideyaya uyğun bir şeydir. Uşaq vaxtı balıq tutmağa heyran idim – indi də belədir. Bu, sadəcə bir hobbi deyil, bu, idmandır və məni rahatlaşdırır. Ancaq ədalətli olmaqla bağlı fikrimə də riayət edirəm: Mən tutduğum balıqları həmişə azad edirəm.

Qiqa Makaraşvili, 34 yaş, jurnalist, ictimai fəal (Tbilisi)


Kişi olmaq heç vaxt vaz keçməmək və tərəddüdsüz bir şəkildə məqsədə doğru irəliləməkdir. Mən belə edirəm.

Mən Gürcüstanın ərazi bütövlüyünü qorumaq istəyirəm. Mən ölkə boyunca gəzmişəm - 1600 kilometr saymışam.

2018-ci ilin sentyabrın 14-ə Tbilisidən Enguri Körpüsünə (Abxaziya ilə sərhəd xəttinə işarə qoyaraq) qədər 340 kilometr gəzdim. Səyahətimi sentyabrın 27-də bitirdim  - Suxumi Döyüşü günü. Aprelin 9-da səfərimin növbəti raunduna Qoriyə yola çıxmaqla başladım. May ayının 27-də səfərimi Svanetiyada bitirəcəyəm.

Şota Betlemadze, 37 yaş, qarışıq döyüş ustası (Tbilisi)


Gürcü kişisi 3 şey üçün doğulmalı, yaşamalı və ölməlidir: vətən, ləyaqət və inancı üçün.

1997-ci ildən 2009-cu ilədək Gürcüstan Silahlı Qüvvələrində xidmət etmişəm. Müharibə veteranıyam, 2008-ci ilin avqustunda Rusiyaya qarşı müharibədə savaşmışam.

İlk dəfə qarışıq döyüş ilə 7 yaşımda məşğul olmuşam, 30 il əvvəl. 2018-ci ildə dünya çempionluğunu qazanmışam. Mən döyüşərkən uduzmaqdan qorxmuram. Qorxduğum yeganə şey mənə güvənən insanları məyus etməkdir.

Saba Qorqodze, 23 yaş, fotoqraf (Tbilisi)


Kişi olmaq mənim üçün nə etdiyinin fərqində olmaq və əməllərinə görə məsuliyyət daşımaq deməkdir.

2018-ci ilin mayın 12-də minlərlə gənc polisin Tiflisdə bir neçə gecə klubunda keçirdiyi xüsusi əməliyyata etiraz etdi. Mayın 13-də etiraz pik nöqtəyə çatdı və o gün həm də gürcü neo-nazi və dindar qruplar etiraz edənləqə qarşı nümayiş elan etdilər. Mən bütün axşamı əks-nümayişçilərin arasında keçirdim. Onlar aqressivlik göstərir və polis mühasirəsini qırmağa çalışaraq diskriminativ şüarlar səsləndirirdilər.

Amma alınmadı. Əks-nümayiş açıqca göstərdi ki, pozitiv maskulinlik necə toksik ola bilər. Bir il keçib, hələ də orda ağlıma suala cavab tapa bilməmişəm. Əgər neo-nazi kişilər polis mühasirəsini yarıb qarşı tərəfə keçsəydilər, nə baş verərdi? Gürcü kişilərinin getdiyi yol zorakılıq yoludurmu?

Sandro Kerauli, 22 yaş, musiqiçi (Tbilisi)


Kişi və ya qadın olmaq sadəcə insan olmaq deməkdir. Mən yeniyetmə yaşlarımdan musiqi ilə məşğulam. 2015-ci ildə Quemmekh adlı ilk metal qrupumu yaratmışam. Quemmekh “artilleriya topu” deməkdir. Biz bu sözü seçmişik ki, müasir Gürcüstana dair fikirlərimiz daha yüksək səslənsin, insanlar bunu eşitsinlər, mümkün qədər onların azadlığına töhfə verək. Bu, aqressiv maskulin enerjinin cəmiyyət üçün, xalq üçün incəsənətə çevirməyin nümunəsidir.

 


Maskulinizm

Aprel/May 2019


 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları