Qatar Deposunda Həyat
Baxışlar: 2745
Dillər: 

Biləcəri Deposunun ərazisində, hər gün mazut, neft, qaz daşınan qatarların arasında özlərinə yarı taxta,yarı dəmirdən daxma quran təxminən 25 ailə yaşayır.  

Əksəriyyəti Zəngilan və Cəbrayıl rayonundan olan bu məcburi köçkün ailələri Depo ərazisində Qarabağ müharibəsindən sonra, 93-94-cü illərdə məskunlaşıblar.

Zəif işıqları, çatlamış divarları, uçuq sökük qapı-bacası olan daxmaların hər iki tərəfində günün fərqli saatlarından vaqonlarda yanacaq daşınır.  İnsan həyatı üçün yetərincə təhlükəli məkanda yaşadıqları halda, sakinlərin dediyinə görə 23 ildə onların taleyi ilə maraqlanan olmayıb.

 

"Qatarın səs-küyündən bütün yuxu rejimimiz pozulub.Qatar keçəndə səsindən uşaqlar diksinib yuxudan ayılır."34 yaşlı Maya Baxşəliyeva deyir ki,daxmaların hər iki tərəfindən gedən qatarların səsi hər kəsin əsəb,sinir sisteminə mənfi təsir göstərir.
Ona görə də hamı əsəb xəstəliyindən əziyyət çəkir. Mayanın 15 yaşlı qızı serebral iflic xəstəsidir və səhhətindəki problemlərə görə məktəbdə təhsil ala bilmir. Onunla yalnız fərdi müəllim ev şəraitində məşğul olur.
İndi imkansızlıqdan onu müalicə də edə bilmirəm. Özümün də allergiyam var. Qatarlardan gələn mazutun, qazın iyindən boğuluram."
Maya xanım xalça olan divarı göstərir: "Əlimi vuran kimi divar ovulub tökülür. Hər dəfə qatar keçəndə divarlar silkələnir, çat verir. Baxın, otağın divarını xalça ilə örtmüşəm ki altındakı uçuqlar görünməsin.Belə vəziyyətdə nə qədər yaşamaq olar?"
Depo ərazisində yanacaq daşındığına görə qaz xətti yoxdur. Bəzən günlərlə işıq da kəsilir. İşıq xətləri isə açıq şəkildə daxmaların divarları üzərində yerləşir. Ani bir qığılcımla hər an baş verə biləcək yanğını da sakinlər gözə alaraq yaşayır.
"Evlərin birində belə yanğın olmuşdu. Ev tamamilə alışıb yandı. Yanğını vaxtında söndürməsəydilər vaqonlardakı yanacağa qoşulub aləmi kül edərdi,'' deyir sakinlər.
50 yaşlı Arzu Hüseynova Zəngilan rayonundan məcburi köçkündür, iki qızı ilə pəncərəsiz, üfunətli daxmada yaşayır. Böyük qızına xəstəliyi üçün verilən aylıq 74 AZN pensiya ilə ailəni dolandırır.
Deyir işləməyə imkanı yoxdur, çünki qatarların olduğu təhlükəli ərazidə xəstə qızını təkbaşına buraxıb işə gedə bilmir.
Qatarların gəlib-keçdiyi bu ərazilər yay-qış həm uşaqlar, həm də yaşlıların həyatı üçün böyük təhlükə yaradır. Xüsusi ilə də əqli çatışmazlıq problemi ilə doğulan uşaqları daim nəzarətdə saxlamaq lazım gəlir.
"Uşaqlarımız, nəvələrimiz belə şəraitdə böyüyüb. Uşaqlar qatar yoluna çıxır, bir adam mütləq onlara nəzarət etməlidir ki başlarına bir şey gəlməsin. Bir neçə ay əvvəl yaşlı bir kişinin ayağı qaldı qatarın altında, kəsildi. Çox qorxuludur."
Bu sözləri isə məcburi köçkün 57 yaşlı Gülzar Səfərova deyir. Biləcəri Deposunda məskunlaşanlardan biri də onun ailəsidir. Balaca, yarı taxta, yarı sement olan daxmada onlardan savayı iki ailə də yaşayır.
Gülzar xanım deyir,hər dəfə qatar keçəndə evinin divarları silkələnir, qopub yerə tökülür. Məcbur olub divardakı çatları nə iləsə doldururlar, amma yağış yağanda işlər daha çətinləşir. Oyuqlardan evə su damır.
Yolboyu uzanan balaca daxmaların başındakı üçmərtəbəli binada isə daha səkkiz məcburi köçkün ailəsi məskunlaşıb. Qəzalı vəziyyətdə olan binanın sakini Cəbrayıl Cəfiyev deyir hər dəfə qatar keçəndə bina lərzəyə gəlir.
"Bura dəmiryolunun köhnə dispeçr binası idi. Tamam yanmışdı. Məcburi köçkün olandan sonar getməyə yerimiz yox idi deyə, yığışıb ala-babat şərait düzəldib burada yaşamağa başladıq.
Bina qəzalı vəziyyətdədir, qatarlar keçəndə bütün divarlar , pilləkənlər hər dəfə titrəyişdən ovulub tökülür.Bir də görəcəyik ki bina uçub başımıza. Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edirik,amma gəlib baxan yoxdur."deyir Cəfiyev.
Zəngilandan məcburi köçkün Ruqiyyə Baxşəliyevanın vaqondan ibarət kiçik daxması isə qatar xətinin yarım metrliyində yerləşir.
"Mənim savadım yoxdur ki, harasa ərizə yazıb şikayət, ya tələb edim. Yazan da var, şikayət edən də. Amma baxanımız yoxdur. Bura köçəndən bu vaqonun içində yaşayıram. Gecələr rahat yatmaq olmur. Yay-qış vaqonlarda daşınan mazutun,neftin iyindən boğuluram."

Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi ChaiKhana mövqeyi ilə üst üstə düşməyə bilər.

 
Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları