Qədim kişi hobbisi: Quşbazlıq
Məsuliyyətdən imtina
Baxışlar: 1577
Dillər: 

Bakı kəndlərini gəzintiyə çıxsanız, evlərin damında göyərçinlərlə oynayan kişilərə rast gələ bilərsiniz.

Quşbazlıq Azərbaycanda kişilərin boş vaxtını keçirdiyi məşhur hobbilərdəndir. Atadan oğula, babadan nəvəyə keçən quş çağırma sənəti əsrlərdir nəsildən-nəsilə ötürülüb.

Lakin şəhərin siması dəyişikliyə məruz qaldıqca, bu qədim peşə də yoxa çıxmağa doğru gedir. Bundan əlavə, kişilərin televiziya qarşısında və ya internetdə vaxt keçirməyə üstünlük verməyi də onları digər məşğuliyyətlərdən uzaqlaşdırıb. 

Yeni nəsil gənc kişilər quş saxlamaq maraqlarını itirməyə başlasa da, nadir də olsa, qadınlar arasında bu hobbiyə meylin ortaya çıxması özüylə birlikdə mübahisə gətirib: göyərçin saxlamağa kimin haqqı çatır?

Sosioloq Humay Axundzadə düşünür ki, quşbazlığın kişi hobbisi kimi ortaya çıxması onların işdən sonra boş vaxtlarının olmasından irəli gəlir.

“Zənnimcə, bu fəaliyyətin kişilər arasında yaranması ilk növbədə ondan irəli gəlir ki, ənənəvi həyat tərzi qadınlara ümumiyyətlə asudə vaxt imkanı vermir. Əgər kişilər sutkanın müəyyən vaxtını işləyib, digər vaxtlarda dincələ və bu zaman quş saxlamağa vaxt ayıra bilərdilərsə, qadınların ev-ailə əməyi faktiki olaraq fasiləsizdir” – deyə, Peterburq Avropa Universitetinin tədqiqatçısı Humay Azundzadə izah edir.

Azərbaycanda qadınların boş vaxtının nə qədər olub-olmamasına dair bir sosioloji araşdırma olmasa da, Bakı məhəllələrində söhbətləşdiyimiz insanlardan bu təəssürat yarandı ki, açıq görünməsə də, qadınların da göyərçinlərlə oynamağa marağı varmış. Bu maraq isə ənənəni qoruyub saxlayan kişilərin narahatlığına səbəb olur.

İllərdir ki, əmioğlular Hafiz və Ramiz Əliyevlər dünyasını dəyişmiş dədə-babalarından qalan göyərçinləri hər səhər dan yeri söküləndə qəfəslərdən azad edirlər.

50 yaşlı Əliyevlər quşbazlıq ənənəsini qoruyub saxlamaqda çox iddialıdırlar, baxmayaraq ki, öz oğulları göyərçinlərə baxmaqdan boyun qaçırırlar.

Hafizin quşlara sevgisi hələ məktəb yaşlarından başlayıb; Dərsdən gələrmiş, çantasını bir tərəfə atıb, babasının böyründə oturub göydəki quşlara tamaşa edərmiş…

İndi Hafizgilin təxminən 30 göyərçini var, amma 20 və 24 yaşlı oğlanları bu hobbiyə maraq göstərmirlər. Ona görə də Hafiz işdə olanda quşları həyat yoldaşı Xanıma tapşırıb gedir. 

Hafiz Əliyev həyat yoldaşının quşlara qulluq etməyindən məmnunluq hissi keçirsə də, Ramiz Əliyev üçün bu, qəbulolunmaz bir şeydir.

“Hafiz quşları arvadına tapşırıb gedəndə mübahisəmiz düşür. Məsəlçün, mənə görə, arvad gərək arvad işiylə məşğul olsun. Quş saxlamaq kişi işidi”, Ramiz deyir.

Ramiz Əliyevin narahatlığı xüsusilə ona görədir ki, öz həyat yoldaşında da göyərçinlərlə vaxt keçirməyə meyl müşahidə edib. 

“Arada gördüm yoldaşım başlayıb quşlara maraq göstərməyə, dedim, birdən bu da nərdivan qoyub dama çıxar, biabır olaram. Getdim qəfəsdə iki dənə tutuquşu aldım, gətirdim qoydum evə ki, necə deyərlər, qurdunu onunla öldürsün, dama çıxmasın”, Ramiz gülür.

Ramiz düşünür ki, Azərbaycan mentaliteti qadının nərdivan qoyub evin damına dırmaşmağını, fit çalıb quş çağırmağını qəbul etmir. 

“Keşlədə yoldaşı rəhmətə gedəndən sonra onun quşlarını saxlayan qadın vardı – Xalidə. Rəhmətlik Xalidədən danışanda indiyəcən də “quşbaz Xalidə” deyirlər. Qadının adının qarşısında “quşbaz” sözü olanda, adamların dodağı qaçır, o qadın bir növ gülüş hədəfinə çevrilir,” Ramiz bildirir. 

“Məhəllədən keçənlərin mənim yoldaşım haqqında artıq-əskik nəsə deməsini, təbii ki, qüruruma sığışdırmaram. Əvvəl gərək cəmiyyət quşbazlığı ciddiyə alsın ki, mən də arvadımla bu məşğuliyyəti bölüşüm. Ona dama çıxıb, fitləyib göyərçinləri quşxanaya toplamasına icazə verəm. Quş ki göyə qalxdı, artıq kişilikdir”, o əlavə edir.

Amma bu mühafizəkar yanaşmanın yavaş-yavaş dəyişməsinə dair əlamətlər də müşahidə olunur.

“Əvvəl hər kiçik məhəllədə ən azı iki quşbaz olardı. Araşdıranda görərdin ki, bu quşbazların yeddi dönəm o tərəfi də quşbaz olub. Biz uşaq olanda babalarımızla bərabər quş saxlayan adamlar ki vardı, indi baxıram ki, nəvə-nəticələri həyətdəki quşxanaları söküb, yerində qaraj tikib”, Hafiz qeyd edir.

Hafiz Əliyev fəhləlik eləyir, təxminən 350-400 manat civarında aylıq gəliri olur, onun da təxminən 50 manatdan bir az çoxunu quşlar üçün yemə xərcləyir. Deyir ki, ölkədə iqtisadi vəziyyət pisləşəndə onun göyərçinləri də öz komfortlu yuvalarını itirib. Belə ki, əvvəllər quşları aşağıda – həyətdəki dədə-babadan qalma təxminən 10-12 kvadratmetrlik hindəki qəfəslərdə saxlayarmış.

“Maddi durum pisləşdikcə ilk zərbə quşlara dəydi. Quşların dədə-babadan yerlərində əvvəl kiçik mağaza açdım, mağazadan da çölə qapı açdım. Quşlara da damda kiçik bir hin düzəltdim, indi məni yerdə tapmaq çətindi, nə vaxt axtarsan, damda quş uçurduram”, o gülür.

Hafiz işə gecikəndə həyat yoldaşı dama çıxıb quşları uçurdur, onları yemləyir.

“Bir nərdivan düzəltmişəm, birtəhər dırmaşır dama, səsləyir, haylayır, göydən endirir, yığır içəri. Yemləyir”, o deyir.

Hafizin fikrincə, əsas məsələ quşlara qayğı göstərməkdir. “Onları yemləyib rahatlamasam, özüm evə keçib süfrə arxasına oturmaram. Gününün yarısı fəhləlikdə, yarısı da damda quşlarla keçir, o qədər öyrəşirsən ki onlara, hər birini öz balan kimi qoruyursan”. 

Vaqif Cəfərov, Keşlənin başqa bir quşbazı da Hafiz Əliyevin fikrinə tərəf çıxır. O hesab edir ki, quşa kimin baxmağının təvafütü yoxdur.

“Necə ola bilər ki, qadına toyuq saxlamağa icazə var, amma göyərçin yox? Dovşan, tutuquşu, toyuq saxlaya bilər, göyərçin yox? Bunda nə var ki… Qoy saxlasın… Ona heç kim deyə bilməz ki, sən bu quşu niyə saxlayırsan”.

Göyərçin saxlamaq Azərbaycanda qədimdən qalma bir adətdir
Quşbazlıq əsrlərdir davam edir. Bəzi ailələrdə bu hobbinin 100 illik tarixi var
50 yaşlı Ramiz Əliyev Keşlə qəsəbəsinin sakinidir. O, uşaq yaşlarından quş saxlamağa maraqlı olub.
Əmioğlu Hafiz və Ramiz Əliyevlər asudə vaxtlarını əsasən şərik saxladıqları quşlarla keçirirlər. Quş yuvaları adətən damın başında olur.
Bir çoxları üçün bir hindəki quşlar eyni görünsə də, işini bilən quşbazlar öz göyərçinlərini tanıyıb digərlərindən ayırmağı bacarır.
Qadınların göyərçin saxlamağına münasibətdə əmioğulları Ramiz və Hafiz çox kəskin fərqlənir. “Dama çıxmaq, fit çalmaq qadına yaraşmaz”, deyə Ramiz Əliyev bildirir.
Urbanistik mühit dəyişdikcə quşbazlar da artıq Bakının damlarından yoxa çıxır.
“Ənənəvi həyat tərzi qadınlara ümumiyyətlə asudə vaxt imkanı vermir. Əgər kişilər sutkanın müəyyən vaxtını işləyib, digər vaxtlarda dincələ və bu zaman quş saxlamağa vaxt ayıra bilərdilərsə, qadınların ev-ailə əməyi faktiki olaraq fasiləsizdir” – deyə, sosioloq Humay Azundzadə izah edir.
Vaqif Cəfərov üçün quşbazlıq sadəcə hobbi deyil. Deyir, bacaran həm də gəlirini bununla təmin edə bilər.
Vaqif əlinə ağ dəmir qabı götürən kimi göyərçinlər onun təlimatını anlayıb ətrafına toplaşır.
Quşbazlar öz aralarında kiçik rəqabət aparırlar. Ən çətini də quşlar dəyişik düşəndə baş verir: biri digərinin quşlarını aldadıb öz tərəfinə cəlb edir. Göyərçin aldanarsa, onu qonşudan geri istəmək bəzi quşbazların prinsiplərinə ziddir.
Bu təlimat quşbazlara sürünü genişləndirmək imkanı yaradır: sürüyə yeni quş qatılanda, quşbazın cəld hərəkəti göyərçini özününküləşdirir.
Quşbazlar arasında belə bir prinsip var ki, kim hininə daha çox quş cəlb edə bilirsə, onun xüsusi hörməti olur. 100-dən çox göyərçini olan Vaqif Cəfərov Keşlədə hamıdan çox quş sahibi olduğunu iddia edir.
Alabəzək quşlar aydın səmaya qalxır, kəndin üzərində pərvazlanır, tez-tez damlara qonub dincəlir, yenə göyləri qanadlarının altına alırlar.

Maskulinizm

Aprel/May 2019

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları