Tanrıya Nəyi Qurban Verməli?
Məsuliyyətdən imtina
Baxışlar: 2011
Dillər: 

Qurban Bayramı azərbaycanlılar arasında o qədər önəmlidir ki, 70 illik kommunist idarəetməsi belə, bu bayramın populyarlığından heç nə əskiltməyib.

Qurban SSRİ-nin dağılmasından sonra 1992-ci ildən etibarən dövlət bayramı olaraq qeyd olunmaqdadır. Bu il bayram avqust ayının 22 və 23-nə təsadüf edirdi.

Bayramda dindar azərbaycanlılar məscidə gedir, bayram namazı qılırlarsa, bir çox insan da Qurbanı dünyəvi bir tədbir olaraq qeyd edir; qeyri-iş günlərindən yararlanaraq qısa bir tətil edir, qonaqlığa gedir, qohum-əqrəbaya baş çəkir və s.

Qurbanvermə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Bu hekayə müsəlmanlarla yanaşı, yəhudilər və xristianlara da tanış məsələdir. Belə ki, İbrahim peyğəmbərin etiqadını sınamaq üçün yuxuda Allah ona oğlu İsmayılı qurban verməyi əmr edir. İbrahim əsl inanclı kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu qərardan sona isə Allah qurbanlıq üçün ona bir qoç göndərir.

Buna görə də Qurban bayramında əsas atributlardan biri olan heyvan kəsmə Azərbaycanda da əhəmiyyətli yer tutur.

Bayramın ilk günündə qurban kəsiləcək məkanlarda gözə dəyən kişilər qurbanlıq qoyun seçir, qəssaba ödəniş edir, qoyunu kəsdirir, dərisini soydururdular. Müştərilərə əti qoymaq üçün plastik torbalar satan yeniyetmə oğlanlar da yaxınlıqda gözə dəyirdi.

İslam ənənəsinə görə, qurbanlıq ət kasıblar, imkansızlar arasında paylaşdırılmalıdır.

Qurbankəsmə ənənəsi heç kəsin ciddi narahatlığına səbəb olmasa da, heyvansevərlər tərəfindən kəskin qarşılanır. Bir çox heyvan hüquqları müdafiəciləri qoyunların açıq məkanlarda kütləvi qətl edilməsini qeyri-etik və qəddar hadisə hesab edirlər.

Elxan Mirzoyev, vegetarian və tanınmış heyvan hüquqları aktivistidir və Qurban Bayramını qeyd etmir. “Küçələrin heyvanların qanına boyanması çox ürəkbulandırıcı mənzərədir”, - deyə Mirzoyev bildirir. Onun fikrincə, inanclı müsəlmanlar heyvanları öldürmədən də bu bayramı müxtəlif yollarla qeyd edə bilərlər. 

Bu il heyvansevərlər Azərbaycanda Qurban bayramını bəzi kəndlərdə mağazalara girib satıcılardan nisyə dəftərlərini göstərmələrini xahiş ediblər. “Onlar mağazaya borcu olan yoxsul insanların borclarını ödəyiblər. Heyvansevərlər bu üsulla ehtiyac içində olan insanlarla bayram həmrəyliyi nümayiş etdiriblər”.

“Un, düyü və digər vacib ərzaqlar alıb ehtiyacı olan insanlara paylamaq qurbanvermə fəlsəfəsinə daha çox münasibdir”, - Elxan Mirzoyev əlavə edir.

Ülfət Namaz, müsəlman və Azərbaycan Vegetarian Cəmiyyətinin rəhbəri hesab edir ki, Qurban Bayramının fəlsəfəsi “pis əməlini, asılı olduğumuz zərərli vərdişi qurban verməkdir”. O inanır ki, bu bayram heyvanların kütləvi şəkildə qətl edilməsindən daha böyük bir şeyi özündə ehtiva edir. “Tanrı insanları və heyvanları bərabər yaradıb. Yeganə fərq onların şüurundadır. Heyvanlar da, insanlar da Allahın övladlarıdır”.

Qoyunların kəsilməsinə uşaqların və digər heyvanların şahid olması isə Mirzoyev və digərlərinə daha çox toxunur. “İnanc insanın daxilində olmalıdır. Mən niyə pəncərəmi açıb qana boyanmış küçəyə baxmalıyam? Bu, qəbuledilməzdir”, - Mirozyev bildirir.

İlahiyyatçı Hacı Şahin Həsənli hesab edir ki, Qurban Bayramı dini ritual olaraq sorğu-sual edilməməlidir. “Dünyanın hər yerində heyvanlar kəsilir, sadəcə müsəlman icmasında deyil”, - o qeyd edir.

Bununla belə, Həsənli qəbul edir ki, qoyunları ictimai yerdə, açıq havada insanların, xüsusilə də uşaqların gözü qarşısında kəsməkdən çəkinmək lazımdır. “Qurbankəsmə gigiyenik qaydalara cavab verən qapalı məkanlarda həyata keçirilməlidir”.

Bu il Qida Təhlükəsizliyi Agentliyi paytaxtda və bəzi bölgələrdə 32 qurbankəsmə məntəqəsi müəyyən edib. Bundan əlavə, yerli məmurlara sanitariya qaydalarına cavab verən kəsim sahələrini təyin etmək tapşırılıb.

Qurbanlıqda müxtəlif heyvanlar kəsilə bilər, lakin Azərbaycanda əsasən qoyun qurban edilir ki, bu da milli mətbəxdə də əhəmiyyət kəsb edir. Qurban mərasimi ərəfəsində heyvanların buynuzu və ya ayağına qırmızı lent bağlanır. 

Ülfət Namaz hesab edir ki, Qurban Bayramında heyvanların bu şəkildə kəsilməsi dini qaydalara söykənmir. “Bu, artıq ticarətə çevrilib. Bu vəziyyət ət biznesinin maraqlarına xidmət edir”, - deyə o bildirir.

Alıcıların bildirdiyinə görə, bəzi satıcılar, həqiqətən fürsətdən istifadə edib ətin qiymətlərini qaldırırlar.

İstər dindar, istərsə də sekulyar olsun, Bayramın ikinci günündə qohumlar, ailələr, dostlar aldıqları və ya kəsdikləri qurban ətindən pay verir və bayram süfrəsinə yaxınlarını dəvət edirlər. İnsanlar həm də vəfat etmiş yaxınlarının məzarını da həmin günlərdə ziyarət edirlər. 

Azərbaycanda qurbankəsmə ənənəsini fotoqraf İlkin Hüseynovun Bakının bir neçə yerindən çəkdiyi fotoları ilə təqdim edir.

Bakının Yeni Yasamal rayonunda Qurban Bayramı münasibətilə ayrılmış müvəqqəti qurbankəsmə məntəqəsi alıcılar arasında populyar yerlərdən biridir.
Bakıda 8-ci mikrorayon ərazisindəki qəssablardan birinin uşaq köməkçisi bir azdan kəsiləcək qoyunları izləyir.
Qoyun satıcılarından biri (solda) müştərisinə qoyunu tutmağın doğru yolunu izah edir.
Bakının 8-ci mikrorayon bazarında, uşaqlardan biri qoyunla oynayarkən, ailəsi Qurban Bayramı qeyd etmək üçün digər qoyunu kəsdirir.
Azyaşlı qızı ilə qurbankəsmə məntəqəsinə gələn müştəri qoyun seçməkdədir. Bəzi vətəndaşlar isə qoyunların kəsilməsinə uşaqların şahid olmasına qarşı çıxırlar.
Bakının 8-ci mikrorayondakı bu müvəqqəti mal-heyvan bazarında alış-veriş edənlər ətin kilosuna 11-14 manat ödədiklərini deyirlər.
Qurban Bayramı üçün qoyunu diri şəkildə alıb öz həyətlərində kəsmək üçün aparanlar da var.
Şəhərin sanitariya işçiləri qurbanlıq qoyun bazarında gözə dəyən tək-tük qadınlar idi.
Bakıda toy geyimləri mağazasının qarşısında müvəqqəti qurbanlıq qoyun bazarı. Kəsilmiş qoyunun qanını axıtmaq üçün qəssab dərin çuxur qazıb.
Bakının 8-ci mikrorayonundakı qurbanlıq qoyun bazarında bir qadın əlilliyi olan oğlu üçün nəzir toplayır.
Keşlə bazarında qoyunlardan biri qurban kəsilərkən başqa bir qoyun ona tamaşa edir.
8-ci mikrorayon bazarında qurbanlıq qoyunun dərisi soyularkən…
8-ci mikrorayondakı qoyun bazarı yaxınlığında uşaqlar ət alıcılarına ədədi 10 qəpiyə plastik torbalar satırlar. Uşaqlar burda axşam bazar bağlanana qədər işləyirlər.
8-ci mikrorayon bazarında qəssablardan biri Qurban Bayramı üçün satdığı qoyunun haqq-hesabını edir. Qurbanlıq qoyun bazarında sadəcə kişilər gözə dəyir.
Bakının Yeni Yasamal rayonundakı müvəqqəti Qurban bazarında kəsilmiş qoyunların yararsız parçaları ilə dolu bir zibil qutusu.

Sentyabr 2018, Dini İnanclar

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları