Ərdəbilli Sənətkarlar
Baxışlar: 1475
Dillər: 

Bu hünərli və sənətkar ailə ilə söhbət üçün iş yerlərinə gedirəm. Axşam saat beşdir, yeməklərin qoxusu gəlir. Deyirlər ki, bu saata gədər qonaqları var imiş və onlarla xalça barədə danışıblar. Otaqların birində toxucular işləyir. Başqa bir otaq isə qonaqlar üçün nəzərdə tutulub. Burada xalçalar və toxumaq üçün dəzgah var.

 

Belə bir gənc ailənin xalça toxumağa necə həvəsləndiyi maraqlıdır.

 

Bu marağıma cavab olaraq Lalə Şəfae xalça fabriki yaratmaının səbəbini danışır:

“Atam xalça tərtibatçısı olub və 40 il bu işlə məşğul idi. Beş il əvvəl yaş həddinə görə bu işdən ayrılıb. Bu səbəbdən mən də uşaqlıqdan xalça toxumaqla maraqlanırdım. Əmirlə nişanlandıqdan sonra ortaq iş qurmaq istəyirdik.

 

Söhbətə qoşulan Əmir Gözəli isə bunları deyir:

“Lalə ilə xalçaçılıq işi ilə məşğul olmağa qərar verdik. Hər ikimiz bu gözəl və əsalətli sənəti sevirik. Ərdəbil şəhərində bu sənətlə bağlı bir yenilik də yox idi”.

 

Lalə və Əmir 3 il əvvəl bu sənətlə məşğul olmağa başlayıblar. Brendin adını isə məhz 3-cü il dəqiqləşdiriblər: “Ərdəbil”

 

Əllə toxunan xalçalarla maşınla toxunanlara qarşı münasibət haqda danışdıqda isə Lalə deyir ki, xoşbəxtlikdən xalq incəsənəti yaxşı tanıyır və qədrini bilir.

 

“Uzaq keçmişdə əllə toxunan xalça İran xalqı arasında xüsusi yeri var imiş. Amma xalçanı təşkil edən maddələr və əmək pulu baha olduğundan bəzən xalqın iqtisadi durumu əllə toxunan xalçanı alıb ayaq altına sərməyə imkan verməyib”

 

Əmir Lalənin sözlərinə əlavə olaraq bildirir ki, əllə toxunmuş xalçanın saxlanılmasının da özünəməxsus zəhməti var.

 

"Keçmişdə insanlar maddi duruma görə maşınla toxunmuş xalçaya üstünlük verirdilər. Amma zaman keçdikcə onlar başa düşdülər ki, həmin xalçaların ömrü əl ilə toxunanlara nisbətdə azdır”.

 

Müsahiblərim təkçə xalça toxumaqla deyil, həmçinin fabrikada kilim, vərni də toxunduğunu və toxunma üzrə təlim dərsləri keçirildiyini də qeyd edirlər. Onlar, həmçinin, xalça tabloları da hazırlayırlar.

 

Söhbət zamanı Əmir xalça istehsalının mərhələlərindən danışır.

 

“Birinci mərhələ ip, sap, çələk kimi ləvazimatların hazırlanmasıdır. Tərtibatçı müəyyən dizaynı çəkəndən sonra ipləri ona uyğun seçirik və öz boyaqxanamızda ipləri boyayırıq. İplər və dizayn hazır olandan sonra xalçanın boyu çəkilir və işçilər dizaynın üzərindən ilmək salmağa başlayırlar. Daha sonra toxuma işi başa çatdırılır. Sonda isə xalçanın üzü alınır və kənarları hazırlanır və satışa çıxarılır”.

 

Rəsmi məlumatlara görə, xalça toxuyanların çoxunu qadınlar təşkil edir.

 

Bu peşədən gələn gəlirin dolanşığa yetməsi ilə bağlı suala cavab verən Əmir bildirir ki, “təəssüf ki, bu sənətə lazimi dəyər verilmir”.

 

Lalənin sözlərinə görə, xalça toxuyanların çoxunun maddi durumu yaxşı deyil.

“Xalça toxuyanların çoxu ailəli olmayan və ya tənha qadınlardır. Onların bu işə ehtiyacları var”, o deyir.

 

Əmir deyir ki, bu peşə ilə uzun müddət məşğul olanlar üçün, xalçaçılıq çox qazanclı işdir. Çünki onlar bazarda yerlərini möhkəmləndiriblər və artıq daimi müştəriləri var.

 

“Bizim kimi bu sahədə yeni olanların bazardan tez getmə ehtimalı  böyükdür”, o qeyd edir.

 

İşimizə başlayışından yenilik və təşəbbüslə bu sahəyə daxil olduq. Çalışırıq hər zaman fərqli işlər bazara çıxaraq. Ümid edirik ki, bu işdə öz istədiyimizi yerə gələrik”, Lalə qeyd edir.

 

Əmirin sözlərinə görə, əvvəllər iş üçün kredit də götürüblər. Ancaq o, bir ildir bu kredi geri ödəməkdən də narazılıq edir.

“Kaş gənc iş yaradanlara himayə olaydı”, o deyir.

 

Lalə deyir ki, əsasən aldıqları sifariş üzrə işləyirlər. Onlar həmçinin, xalq arasında məşhur olan xalçaları da toxuyaraq bazara çıxarırlar.

 

“Hələlik ixrac etmirik, amma  ixrac etmək üçün bir sıra maraqlı xalça toxumağa başlamışıq”, o danışır.

 

Əmir bildirir ki, İranın ən yaxşı qalı toxuyanları Azərbaycanda yaşayır və Ərdəbildə bu sahə daha da güclənə bilər.

“Amma təəsüf ki, bu sahədə çox geri qalmışıq. Çünki bu sahənin keçmiş sahibkarlarının birlik və ittifaqları yoxdur”, o deyir.

 

Lalə də bu sahədə birliyin önəmini vurğulayır.

 

"Təcrübəli xalça işçiləri gənclərə dəstək versələr o zaman yəqin bu sahədə Ərdəbil şəhəri birincilərdən olacaq və ixracatla məşğul olacaq. Biz bu yolda heç bir əmək əsirgəmiyəcəyik”.

 

Lalə onu da qeyd edir ki, son illərdə xalça toxuma məktəb və atelyeləri çoxalıb. Bu səbəbdən də xalq arasında xalça toxumağa yenidən həvəs yaranıb. O, həmçinin, əvvəllər bu sənətdə daha canlanma olduğunu qeyd edir.

 

Əmir atelyedəki işçilərinə yaxşı mühitdə işləmək üçün şərait yaratdıqlarını bildirir və əlavə edir ki, bütün bu səylərə baxmayaraq atelyedə işçi azlığı da var.

 

Sonda müsahiblərim iş qurmaq istəyən gənclərə ümidlərini itirməməyi diləyirlər.

 

“Arzu edirəm bütün gənclər öz məqsədlərinə çatmaqda uğurlu olsunlar. Onlara deyərdim ki, heç vaxt çalışmaqdan əl çəkməsinlər”, Lalə bildirir.

 

Əmir isə gələcəkdə Ərdəbil şəhərinin sadəcə İranda yox, bütün dünyada ən yaxşı xalça istehsal edən şəhər olmasını arzu etdiyini deyir.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları