Ruhi xəstəliklə üz-üzə: O, gumrah insanlara da təsir edir
Məsuliyyətdən imtina
Baxışlar: 2506
Dillər: 

O, 34 yaşında evli, uşaq sahibi və işi olan gənc azərbaycanlı kişidir. Buna baxmayaraq, özü iddia edir ki, valideyinləri nadir halda onu tək harasa buraxırdı. Hətta, tək avtobusa belə minə bilmirdi.  

O, emosional tənzimləmə pozğunluğundan əziyyət çəkir. Uzun illərdir ki, bu xəstəliyi ilə mübarizə aparır. Lakin bu heç də asan deyil.  

“Mənim 34 yaşım var və sizə müsahibə verməkdən də qorxuram”, vəziyyəti ilə əlaqədar olaraq adının gizli saxlanılmasını tələb edən Bakı sakini deyir. “Ailəmin bu müsahibədən xəbəri yoxdur, əgər olsaydı buna icazə verməzdi”.

Müsahibimiz uşaqlığından beyinin funksiyasının pozulması nəticəsində əhvalın tez-tez dəyişilməsi və nitq mərkəzinin zədələnməsi ilə müşahidə olunan epileptik emosional pozğunluqdan əziyyət çəkir.

Bütün Qafqazda olduğu kimi, Azərbaycanda da psixoloq və psixiatr köməyindən istifadə birmənalı qarşılanmadığı üçün çox vaxt bu tip problemlər müalicə olunmur. Dövlətin açıqladığı statistik məlumatlara əsasən,  96.848 azərbaycanlı müntəzəm psixoloji və ya psixiatrik müalicə alır. Həmçinin qeyd olunur ki, xəstələr çox vaxt şəxsiyyətini gizli saxlayır.

Müsahibimiz Bakı xəstəxanalarından birində qeydiyyatçı işləyir. O da adınının gizli qalmasını istəyənlərdəndir.

Çayxana ilə söhbətində o, öz təcrübəsini bölüşəcək və insanlara emosional pozqunluqla bağlı mənfi stereotiplərlə necə mübarizə aparmaq yollarını danışacaqdır.

O uşaq yaşlarında olanda bu çətinliklər özünü göstərməyə başlayır – 13 yaşına qədər epileptik tutmalardan əziyyət çəkir.

Başqa yerlərdə olduğu kimi, Azərbaycanda da valideyinlər səhhətində problem olan ailə üzvlərini müdafiə etmək məqsədi ilə cəmiyyətdən uzaq tutur və onların öz ayaqları üstündə durmağına mane olurlar.

Zaman keçdikcə bu “qayğı” daha da genişlənir.

 

Dövlət Ruhi Sağlamlıq Mərkəzi 2012-ci ildə yaradılmışdır. Burada vətəndaşlara qaynar xətt də daxil olmaqla müxtəlif psixoloji və psixiatrik kömək göstərilir.
Drama terapiyasında iştirakçılar, qədim teatr tamaşalarında olduğu kimi yarımdairə şəklində otururlar.
Drama terapiyasındakı iştirakçılar əsasən müzakirə edilən mövzuya diqqət çəkirlər.
Bakı Ruhi Sağlamlıq Mərkəzindəki dram terapiyalarının iştirakçılarının yaşı yeniyetmə və orta yaş arasında dəyişir.

O, 11-12 yaşı olanda məktəbdən sinif yoldaşları ilə İçərişəhər gəzintisinə getməyini yada salır.

“Geri qayıdanda mən yaddan çıxdım və itdim”, o, xatırlayır. “Mən insanlardan kömək istədim, onlar məni polis bölməsinə apardılar. Polis məni ailəmə geri verdi və valideyinlərim buna görə mənə acıqlandı. Bu hadisədən sonra mənə daha çox nəzarət etməyə başladılar”, o deyir.

O, məktəbi bitirəndə ailəsi onun harda təhsilini davam etdirməsini müzakirə etməyə başlayır. Gözünün zəifliyini əsas gətirən ailəsi onu universitetə göndərmir, bunun yerinə o, Bakı Tibb Kollecinə daxil olur və anası kimi tibb işçisi olur. Kollecdə təhsil müddəti iki il yarımdır.

Onun özünün də tibbə marağı olur, hətta çox vaxt anasının tibbi kitablarını da oxuyur, lakin buna baxmayaraq qeyd edir ki, “Mənim fikrimi heç kim soruşmur”.

Ailəsi hətta onun şəxsi həyatına da müdaxilə edir. Onun ilk evliliyi ailəsinin seçdiyi uzaq qohumla olur və bir neçə aydan sonra onlar ayrılır. .   

“Bundan sonra ailəm mənə dedi ki, istədiyim qadınla evlənə bilərəm və mənim şəxsi həyatıma müdaxilə etməyəcəklər”, o deyir.

İkinci həyat yoldaşı ilə dostunun vasitəsi ilə tanış olur.  Cütlük və onların iki yaşlı qızı oğlanın valideyinləri ilə birlikdə yaşayır.

Lakin, onun dediyinə görə, valideyinləri ilə yaşamaq onlara təsirsiz ötüşmür.

O, deyir ki, onun özgüvəni olduqca aşağıdır. Kimsə onun yolunu kəssə və ya taksi sürücüsü onu soysa etiraz etməyə cürəti çatmaz. O hər yerdə diskriminasiya hiss edir.

Qohumları emosional pozqunluğun nə olduğunu anlamır və ona əqli çatışmamazlığı olan xəstə kimi yanaşır.

“Hər hansı vacib bir məsələ müzakirə ediləndə və ya qərar qəbul ediləndə mənim fikrim soruşulmur”, o, deyir.

“Bacımın yoldaşı "iki vur iki neçə edir?" deyib məni lağa qoyurlar. Bacım isə məni heç vaxt müdafiə etmir və düşünür ki, mənim beynimin necə işlədiyini tez-tez yoxlamaq olduqca normal bir şeydir”. 

Dram terapiyasındakı iştirakçılar öz qarşılaşdıqları problem və xatirələri danışır.
Bir saatlıq dram terapiyasında iştirakçılar onları narahat edən mövzu barədə söhbət edir.

İşdə də o, ikili standartla qarşılaşır.

“Bizə təzə işçi gələndə, mənim yerimi ona verirlər və mənə özümə başqa yer tapmağımı deyirlər,” o, deyir.

Onun dediklərini yoxlamaq mümkün olmasa da, demək lazımdır ki, Azərbaycanda əqli cəhətdən xəstə insanlar tez-tez bu tip problemlərlə qarşılaşır.

Dövlət Ruhi-sağlamlıq Mərkəzinin psixoloqu Günel Vəliməmmədovanın fikrincə bu şəxslər sosial həyatda da, işdə də ayrıseçkiliyə məruz qalır.

Hətta mərkəz emosional pozqunluğu olan şəxslərin işə yararlı olduğunu təsdiqləsə də “işəgötürənlər emosional pozqunluq sözünü görən kimi onlardan imtina edir”, Vəliməmmədova deyir.

Emosional pozqunluq çox vaxt “dəlilik” kimi qəbul edilir və Bakının bir çox restoranları Ruhi –Sağlamlıq Mərkəzinin həkim və xəstələrinin etdiyi ziyafətləri keçirməkdən imtina edir, o əlavə edir.

Bu xəstəlikdən əziyyət çəkənlər ailə qurmaq istəyəndə də oxşar çətinliklə qarşılaşırlar.

Bu problemlərlə başa çıxmaq üçün xəstə bir neçə ay psixoloji dəstək alır. Bakı Ruhi Sağlamlıq Mərkəzində bir ay müddətində müalicə olunandan sonra onun davranışı dəyişir və onda özünə inam yaranır.

“O, özünü idarə etməyi öyrəndi”, onun kliniki psixoloqu Aygun Sultanova deyir. “O, artıq insanlarla kobud rəftar etmir. O, təmkinlidir və özünü müdafiə edə bilir”. 

Hazırda o,dram dərslərində iştirak edir. Burada iştirakçılar çıxış yolları tapmaq üçün öz problemlərini səhnələşdirirlər.

Başqaları da onlarda özünə inamın yarandığını hiss edir. Onun fotoqrafiyaya olan marağını nəzərə alan xəstəxana işçiləri rəsmi tədbirlərin şəkillərini çəkməyi ona tapşırıb. Onun qavrama qabiliyyəti də yaxşılaşıb.

Qayğıya görə öz valideyinlərinə təşəkkür etsə də, o, həmçinin bu xəstləlikdən əziyyət çəkən digərlərinin valideyinlərini öz övladlarının fəaliyyətini  məhdudlaşdırmaqa yerinə, onlara mənəvi dəstək olmağa çağırır. Onun fikrincə, hər kəs öz səhvlərindən dərs alaraq həyatı öyrənməlidir.

İnanclı müsəlman olan müsahibimiz oxuduğu son kitabdan sitat gətirir :“ Fiziki cəhətdən qüsurlu olmağımız heç bir işə yaramadığımız demək deyil. Ən asası gözəl ürəyə sahib olmaqdır. Allah bizə yardımçı olacaq”

 

Bakı Ruhi Sağlamlıq Mərkəzində müalicənin bir növü kimi iştirakçılara şəkil çəkmək və başqa sənətlər öyrədilir.
Əl işləri və incəsənət psixoloji və psixiatrik problemləri olan fərdlərə özünü ifadə etmək yollarını öyrədir
Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları