Sinifdənxaric Oxu: Məktəblərdə Sülh Tədrisi
Məsuliyyətdən imtina
Baxışlar: 666
Dillər: 

Səfurənin dünyaya gəlişi silah səsi və top atışı ilə qarşılanıb.

“Toplardan biri doğum evinin həyətinə belə düşmüşdü. Həmin vaxt həkimlər, xəstəxana heyəti canını qurtarmaq üçün qaçmışdılar. Orada yalnız analar və yeni doğulmuş körpələr qalmışdı”, deyə orta məktəb müəlliməsi illər əvvəl anasından eşitdiyi hadisəni yada salır.

O hadisənin üzərindən keçən 20 ildə heç nə dəyişməyib. Azərbaycan və Ermənistan arasında gedən müharibəyə 1994-cü ildə bağlanmış atəşkəs sazişi rəsmi şəkildə son qoysa da, silahları susdurmadı. 25 yaşlı müəllimənin işlədiyi Ermənistanla sərhəd kənddə atışma səsləri kəndin gündəlik həyatının bir parçasıdır. Bununla belə, gənc müəllimə üçün düşmən məfhumu xeyli fərqlidir.

“Bütün bunları yaşadığıma baxmayaraq, mən erməni xalqına nifrət etmirəm. Düşünürəm ki, burda xalqların günahı yoxdur”, Səfurə köks ötürür. “Qarşı tərəf də bu kimi şeylər yaşayıb. Məncə ən kiçiyindən, ən böyük müharibələrəcən istənilən münaqişə [tarix göstərir ki] sülh yolu ilə həll olunur. Şagirdlərimə isə insanları sevməyi, heç kəsi özünə düşmən hesab etməməyi aşılayıram”.

Bu, asan iş deyil. Həllolunmamış münaqişə sərhədə yaxın yaşayan insanlar üçün vahimə deməkdir: sülh isə mücərrəd bir şeydir, həm də potensial olaraq təhlükəli məfhumdur, çünki “qeyri-vətənpərvərlikdə” ittiham edilməyə rəvac verə bilər.

Problemin mahiyyətini anlatmağa doğru Səfurənin cəhdləri yavaş tempdədir, gələcəyə yönəlikdir və uzunmüddətli nəticəyə hesablanıb.

“Bu uşaqlar sərhəd xəttinə daha yaxın olduqları üçün müharibənin təsirləri onların gündəlik həyatlarında və sülhlə bağlı düşüncələrində əks olunur. Atəşkəsin pozulduğu zamanlarda onlarda nifrət hissi özünü büruzə verir. Onlar hər gün məktəb koridorundan asılmış şəkillərdə erməni hərbçilərinin atəşə tutması nəticəsində dağılmış yaşayış məntəqələrini görürlər. Bu da onlarda sülh məfhumunun formalaşmasına təsir edir”, deyə hər gün şəhər mərkəzindən kəndə dərs keçməyə gedən Səfurə əlavə edir.

1994-cü ilin may ayına qədər 30000-ə yaxın insan itkisinə səbəb olan hərbi ixtilaf hələ də canlıdır və məktəblilərə daim xatırladılır. Demək olar ki, hər məktəbin divarlarında münaqişə zonasının, müharibə qurbanlarının “vətən uğrunda şəhid olmuş” hərbçilərin fotoları asılıb.

“Dərs dediyim şagirdlərə yalnız humanizmi, müharibə tərəfdarı olmamağı təbliğ etməyə çalışıram. Onlara izah edirəm ki, müharibə siyasi məsələdir. Burda xalqların rolu elə də böyük deyil. Buna görə də günahsız insanlar bunun əziyyətini çəkməməlidir”, təhsilin siyasi ideologiyadan azad olmasını düşünən Səfurə bildirir.

Vətənpərvərlik ritorikası on illərlə əsasən 90-cı illərdə gedən Dağlıq Qarabağ müharibəsi ətrafında qurulmuşdu, lakin 2016-cı ilin aprelində baş vermiş dörd günlük döyüşlərdən sonra yeni bir səhifə açıldı. Artıq yeni nəsil üçün müharibə ölkə tarixinin bir parçası olmaqla yanaşı, gündəmi tutan və şahid olduqları hadisə idi.

Səfurənin işlədiyi kənddən bir əsgər də aprel döyüşləri zamanı həyatını itirib və hər il məktəbin şagirdləri tərəfindən yad olunur. Bu məqsədlə keçirilən tədbirdə şagirdlər səhnəciklər hazırlayır, qız şagirdlər qara yaylıq bağlayaraq şeirlər söyləyirlər.

Şagirdlərinin çoxu Səfurə müəllimə ilə sülh quruculuğuna dair ortaq fikirdədirlər və eyni dəyərləri paylaşırlar. Ancaq bəzi istisnalar da olur.

“6-cı sinifdə oxuyan bir şagirdim var. Sinif yoldaşları sülhpərvər olsa da, bir gün gəlib dedi ki, “evə gedib fikirləşirdim ki, erməniləri də sevmək lazımdır, onlara düşmən kimi baxmamalıyam. Ancaq nə qədər elədimsə də, Xocalı faciəsi, körpələrin necə əzabla öldürülmələri və sair gözlərimin qabağından getmədi. Ona görə də bu düşüncə yanlışdır və məncə, biz ermənilərə nifrət etməliyik. Çünki onlar bundan sonra da bizim başımıza bu kimi müsibətlər gətirə bilərlər.” Yalnız belə kiçik istisnalarla qarşılaşmaq olar, əksərən isə uşaqlar sülhpərəstdirlər”.

Coğrafiyasına dair ümumi məlumatları çıxmaq şərtilə, sərhədin o tayındakı, bir neçə kilometr uzaqdakı həyat, insanların yaşayışı barədə şagirdlərin bilikləri məhduddur. Ölkələr arasında əlaqələrin olmaması, davam edən atışmalar və daimi müharibə təbliğatı da şagirdlərin məlumat bazasını formalaşdırıb. 

Sinifdə Səfurə ənənəvi müzakirələr zamanı 5-ci sinif şagirdinin belə bir hekayəsini dinləyib. “Atası burda yaşayan erməni əsilli bir ustaya avtomobilini təmir etdirməyə gedərkən oğlunu da özü ilə aparıb. Atası onu özünün erməni dostu ilə tanış edir, avtomobilini ona düzəltdirir. Bunu sinifdə danışan şagird hesab edir ki, ermənilərə pis insan kimi baxmaq, harda görsək, döyməyə, öldürməyə cəhd etməli deyilik”.

Səfurənin gələcəklə bağlı fikirləri optimistdir. Ancaq o hesab edir ki, uşaqları sülhyaratma prosesinə cəlb etmək və onları sülhpərvər tərbiyədə yetişdirmək üçün yeganə yol müharibələrə dair daha dərin və qərəzsiz bilik verməkdir.

“Müşahidə etmişəm ki, şagirdlər müharibə mövzusunu araşdıranda, dərk edəndə daha çox sülhə meylli olurlar. Mən öz yaşıdlarımın arasında da humanizmin dəyərləndirildiyini görürəm”.

“Xüsusilə sərhəd boyunca yaşayan icmalarda həll olunmamış bir münaqişəyə balanslı yanaşma nümayiş etdirmək çətindir”, Səfurə izah edir. “Burda xalqların rolu elə də böyük deyil. Buna görə də günahsız insanlar bunun əziyyətini çəkməməlidir”, o deyir.
“Əgər mən köməksiz erməni uşağı görsəm, ona yardım edərəm. Çünki müharibədə uşaqların heç bir günahı yoxdur”
“Anam mənə deyib ki, müharibəni əsgərlər və böyüklər törədir, uşaqlar yox”
“Əgər ermənilər sadəcə əsgərlərlə vuruşsaydılar, biz onlarla sülh bağlaya bilərdik. Ancaq onlar qocaları, uşaqları, qadınları qətl etdiklərinə görə biz onları bağışlaya bilmərik”
Sərhəd kəndlərdə yaşayan uşaqlar üçün münaqişə daha yaxındadır - atışma səsləri kəndin gündəlik həyatının bir parçasıdır. Dərsliklərdə isə döyüşlərin detalları, itirilmiş ərazilər barədə ətraflı məlumat verilir.
Həyat Bilgisi dərsliyində vətənpərvərlik mövzusu. Kitab keçmiş prezident Heydər Əliyevi əsl vətənpərvər kimi təqdim edərək onun məşhur sitatını paylaşır: “Mən ömrümün qalan hissəsini də Vətənimə bağışlayıram”.
Xalqların düşmən obrazının yaradılması sərhədin o tayında insanların yaşayışı ilə maraqlanmağa əngəl törədir. Şagirdlərdən hansısa erməni musiqisi, ədəbiyyatı, kinosu haqda nəsə bildiklərini soruşduqda heç kim cavab verə bilmədi.
Məktəbin işçilərindən biri koridorda gəzərkən
2016-cı ilin aprel ayında baş vermiş döyüşləri əks etdirən tablo.
“Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır”, İlham Əliyev. Ölkənin bütün məktəblərinin girişində prezident Əliyevin portreti şagirdləri salamlayır.
Tənəffüsdə məktəb pəncərəsindən küçəyə baxan şagirdlər

Noyabr 2018, 'Sülh Qurucuları' sayı

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları