SSR Azərbaycanının Itirilmiş Gəncliyi
Məsuliyyətdən imtina
Baxışlar: 1386
Dillər: 

Nobel laureatı Svetlana Alekseiviç öz “İkinci mənbə”-sində Sovet ölkələrinin, son günlərini yaşadığı 1990-cı illərdə, adi sovet insanlarının səsini qeydə alır.

SSRI dağılanda onun və milyonların həyatı alt üst oldu, kommunizm yeni quruluş olan kapitalizmlə əvəz olundu və sovet insanları yaşam mübarizəsinə başladı. Tezliklə, insanların sevinci ümudsizliklə əvəz olundu.

Bu partlayış 30-40 yaşlarında insanların həyatını dəyişdi, onlar bütün ömürləri boyu nifrət etdikləri bu yeni sistemdə yaşaya bilməyəcəklərini anladılar. Onlar bütün köhnə sovet respublikalarını ağuşuna alan  yeni nəhəng iqtisadiyyatı, sosial, siyasi dəyişiklikləri anlamırdılar. Onlar bu dəyişikliklərin içində itib - batmışdılar.

Füzuli rayonunun Şıxlı kəndində anadan olan 66 yaşlı Fiqan İmanov o illəri yaxşı xatırlayır. 1974 ildə Xalq Təsərrüfatı İnstitunun (indiki Dövlət İqtisad Universiteti) bitirdikdən sonra rayona qayıdıb müxtəlif müəssisələrdə iqtisadçı, mühasib kimi çalışır. 30 yaşında olarkən gözlənilmədən məsuliyyəti ağır  olan bir vəzifəyə- “Yeni Həyat” Kolxozunun sədri seçilir.

“Kolxoz sədri seçildiyim gün hələ də yadımdadır. Onda Həmkarlar təşkilatında baş mühasib işləyirdim, oturmuşdum otağımda. Rayon katibinin köməkçisi gəlib katibin məni çağırdığını dedi.  Narahat oldum, çünki rayon katibi hələ təzə seçilmişdi, fikirləşdim ki, birdən nə isə problem olar mənlə bağlı. Otağa girəndə gördüm, büro üzvləri də içəridə əyləşib. Katib onlardan “Dediyiniz adam budur mu?”- deyə soruşdu, onlar da təsdiqlədi. Qarşısındakı sənədlərə baxıb: “Belə məsləhət bildilər ki, səni kolxoz sədri seçək.” dedi. Çox təəccübləndim.”

36 il keçməsinə baxmayaraq 65 yaşlı Fiqan İmanov həmin günü anbaan xatırlayır. 

“Elə yaşda idim ki, irəli getmək,yeni vəzifəyə keçmək istəyirdim. Ancaq kolxoz işi tamamilə kənd təsərrüfatı ilə bağlı idi, mənim üçün çox yeni idi, həm də məsuliyyətli.”

“Yeni Həyat”a sədr seçilməzdən əvvəl, İmanovun sözlərinə görə, kolxozun məhsuldarlığı çox aşağı idi, ondan isə qısa zamanda kolxozun işlərini yaxşılaşdırmaq tələb olunurdu. O da  vəzivəsini icra etməyə başladığı ilk ildən islahatlar apararaq məhsuldarlığı artırmağa nail oldu və təqribən 9 il bu vəzifədə çalışdı.  

“İşləməyə başlayanda gördüm ki, həqiqətən də, kənd təsərrüfatı işi çox çətindir. Çünki birbaşa təbiətə bağlısan və nə olacağını bilmirsən. Təbiət o məhsulu sənə verə də bilər, verməyə də. Olurdu ki, aylarla yetişdirməyə çalışdığın bir məhsulu hansısa təbii fəlakət nəticəsində itirirdin. İnsanlar barədə yaxşı olan tərəf də bu idi ki, onların içinə girirdin və hərşeyi görürdün. Kolxoz sədri  Kolxozda çalışanların məsuliyyətini götürürdü, istər işlə, istərsə  də şəxsi həyatları ilə bağlı məsələlərdə onlara dəstək olmalı idi.”

Məcburi köçkün kimi gəldikləri üçün, rayondakı şəkillərin çoxunu orada qoyub gəldiklərini deyir. Kolxoz sədri olduğu zamanlarda çəkilmiş bir şəkli tapıb göstərir:

“Bax, 84 ya 85-ci ildəki Yeni il şənliyində çəkilib bu. Onda bütün rayonlardan qabaqcıl əməkçiləri və kolxoz sədrlərini Dövlət televiziyasının (İndiki AZ TV) yeni il çəkilişi üçün dəvət etmişdilər,onların arasında mən də var idim.” - deyə gülümsəyir.

SSRI-nin dağılması və Qarabağ münaqişəsinin başlanması milyonlarla insan kimi İmanovun həyatına da təsirsiz ötüşməmişdi.  Qarabağ müharibəsindən sonra hökümət məcburi köçkünləri yataqxanalara yerləşdirmişdi. Bu yataqxanalar Sovet zamanında  zavod və universitetlərə məxsus idi. Lakin indi isə Pedoqoji sənaye Kollecininin bu 9 mərtəbəli binasında Fiqan İmanov kimi 200 məcburi köckün ailəsinin məskunlaşmışdı. Hər bir ailənin bir otağı, ümümi mətbəx və hamamı var idi. İmanovun qonşusu köçəndən sonra, o, qonşunun otağını satın alır. İndi həmin otaqda oğlunun ailəsi yaşayır.

İmanov öz əskərlik və peşə həyatında ancaq bir ideologiyaya bağlı idi- hər kəs ümümi iş üçün çalışmalı idi. Onun həyatı planlı idi. Lakin birdən hər şey dağıldı və onun əlində olanlar yox oldu.  İmanov deyir ki, o vaxtlar yaxşı işləyənlər mükafatlandırılırdı.

“Bura köçdüyümüz vaxtdan bəri bu yataqxanada məskunlaşmışıq. Mən 90-cı illərdə burda bir neçə işdə çalışmağa cəhd etdim. Bəzi müəssisələrdə hələ Sovetin izləri qalmışdı. Ət kombinatında nəzarətçi kimi çalışmağa başladım, bir müddət sonra müdir dəyişdi və kapitalizmin ilk nəticələrin görməyə başladım; hər yeni vəzifəyə gələn işi bildi- bilmədi öz yaxınını cəlb eləməyə başladı. Sovet vaxtı isə  belə şey etməyəixtiyarın yox idi. Yanında öz qohumunu, tanışını hansısa yerə gətirə bilməzdin. Gördüm ki, bu quruluş və insanları mənlik deyil. Hərkəs nələrisə dağıtmağa çalışır, nə hesabat verən var, nə də hesab istəyən. Kapitalizmin iş etikası ilə uyğunlaşa bilmədim heç cür. Heçkəsdə məsuliyyət ya da qorxu yox idi. Biz bu cəmiyyətdə yetişmədiyimiz üçün belə şeylər  görməmişdik. Ona görə də 1997-ci ildən bəri işsiz qalmışam.”

 

“Mən hər iki dövrdə yaşamışam, ona görə müqayisə edə bilirəm. O dövrdə əziyyət çəkən bəhrəsini görürdü. Səni nəzərdə tutulandan artıq işləməyə heçkəs məcbur etmirdi.. İnsana insan kimi qiymət verirdilər, kiminsə şikayəti olanda baxırdılar, həll edirdilər. Qiymətləri də heçkəs öz kefinə görə müəyyənləşdirə bilməzdi.''

Kolxoz sədri kimi çalışanda  İmanov 192 manat maaş alırdı. Bundan əlavə də il sonu hesabatlarından sonra əgər kolxoz məhsuldar və gəlirli olurdusa, illik planı vaxtından əvvəl doldururdusa 1500-2000 manat da mükafat kimi verirdilər.

''25 ildir bu yataqxanada yaşayırıq, şəraiti yaxşı deyil. Dövlətin xırda çörəkpulundan (aylıq 20 AZN) başqa heç bir dəstəyin görməmişəm. Bu da tələbatın 1%-ni belə ödəmir.''

O hələ də ümudsizdir.

''Bəli, müstəqillik hər bir millətin ən şirin arzusudur. Təbii ki, sözdə yox əməldə müstəqillik. Bu müstəqillik dövrü şəxsən mənə heçnə vermədi, əzabdan başqa. Müstəqil olduğun üçün sevinirsən, amma yaşayış səviyyəsi çox aşağı olanda müstəqilliyin də bir dəyəri qalmır.”

Fiqan İmanov ailəsinin gələcəyindən narahatdır. Bir neçə dəfə ölkəni tərk etmək istəsə də buna cəsarət edə bilməyib. O, ailəsinin və sevdiklərinin yanında qalmaq, onları təmin edə bilmək üçün yaxşı pul qazanmaq istəyir lakin, hazırki şəraitdə bu arzu sadəcə mümkünsüz kimi görünür.

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları