Normaldan normala keçid

Fotolar: Aygül Salehova

Müəllif: Toğrul Abbasov


Martın 11-də Dünya Səhiyyə Təşkilatı dünya üzrə pandemiya elan etdiyindən üzü bəri, yəni dövlətlər bir-birinin ardınca karantin qərarları aldıqca media və mütəxəssislər insanları təsəlli edəcəyinə inandıqları bir sözü yenidən gündəmimizə daşıdı: keçid dövrü.

Mediada “keçid dövrü”, “pandemiyadan əvvəl və sonra” kimi mövzuların müzakirə edilmədiyi bir gün belə olmadı. Söz növbəsində sıralanmış mütəxəssislərin hər biri çıxış sırası onlara gələndə “normal həyatımıza” necə və nə vaxt qayıda biləcəyimiz üzərinə həyəcanlı proqnozlar verib insanları toxtatmağa çalışırdı. Ancaq bu çıxışların heç birində normal həyatın nə olduğu haqqında heç bir işarə yox idi. Mütəxəssislərə görə, bu bilgi a priori olaraq hər kəs tərəfindən bilinirdi. Bəs mütəxəssislərin həyəcanla xəbər verdiyi, tezliklə keçəcəyimizi bildirdiyi həmin normal həyat nədir? Yaxud bu “normal” kimlərin həyatına aid idi? Hamının üzərində razılaşdığı normal bir həyat varmı?

Azərbaycan dilinin izahlı lüğətində “normal” sözü iki cür izah edilib: “necə lazımsa elə; təbii” və “ruhi cəhətdən sağlam”. 

Hər iki təsvir də lüğəti yazanların əlacsızlığını, çəkdiyi çətinliyi xəbər verib “normal”ın qeyri-müəyyənliyinə vurğu edir. Bu çətinlik isə bizi fransız filosof Mişel Fukonun dünyasına aparır.

Fuko öz əsərlərində modern dünyada “normal”ın necə müəyyənləşdirildiyini araşdırır və onun gəldiyi qənatə görə, modern dünyada normanı iki sahə müəyyənləşdirib: hüquq və səhiyyə. Hüquq iqtidarlar üçün qanun-qaydalar qoyaraq “normal həyat” yaratma sahəsidir, səhiyyə isə onlar üçün bədənlərin və ruhi vəziyyətin necə olmalı olduğunu müəyyənləşdirən sahə. Elə isə sualı təkrarlamalıyıq; pandemiyadan əvvəl modern dünyanın qəbul etdiyi normal həyat kimlər üçün var idi, pandemiyadan sonra normal həyat kimlər üçün olacaq? Bu “keçid dövrü” haradan haraya keçiddir?

Azərbaycanda keçid və normallıq ideyası tez-tez dəyişib. SSRİ dağılandan bəri “keçid dövrü” normaya çevrilib. Cəmiyyət normanın tərifini heç vaxt açıq müzakirə etməsə də, hər bir “keçid dövrü” də istədiyimiz “normal həyata” tezliklə çatacağımız hissi və ümidi ilə yüklənmişdi – əlimizi uzatsaq, çatacaqmışıq kimi. Kimi üçün bu yüksək maaş demək idi, kimi üçün firavan həyat. Bu keçidlərin hansındansa uşaqlarına yüksək miras buraxacağı hissi ilə keçən də olub, onlara “demokratik cəmiyyət” bəxş edəcəyi hissi ilə keçən də.



52 yaşlı Eldəniz deyir ki, pandemiya zamanı həyatında bir dəyişiklik olmayıb. Ancaq onun üçün Sovet dövründən sonrakı keçid dövrü çətin dövr olub; O, Hərbi Akademiyada işini itirib və tikinti yerində işə başlayıb.


Bununla belə, bütövlükdə cəmiyyət normalın nə olduğunu müzakirə etmədiyi və normalın müəyyənləşdirilməsində fəal iştirakçı olmadığı üçün "keçid" özü də Azərbaycan həyatının normasına çevrilib.

Elçin Abbasov 7 yaşında görmə qabiliyyətini itimiş, 13 yaşından etibarənsə toxuma güllər düzəldib parklarda satan bir gəncdir. Amma pandemiya onun bu işlə məşğul olmasını tamamilə qeyri-mümkün edib.

“Toxuduğum güllər mənim qaranlıq dünyamın işığı idi, indi isə tamamilə qaranlıqda qalmışam”, deyir. 

Elçinə görə, normal həyat o vaxt olardı ki, ona bir ev verilərdi, o da toxuyub satdığı güllərdən gələn qazancını anası ilə birlikdə yaşadığı kirayəyə vermək məcburiyyətində qalmazdı. Pandemiyadan əvvəlki həyatını normal yox, qeyri-adi adlandırır. 

“Kimlər üçünsə normal həyat odur ki, evlənim, uşağım olsun və s., amma mənim üçün odur ki, gecələr minbir əziyyətlə, yuxusuz qalaraq toxuduğum gülləri səhər kiminsə alacağını bilim” - deyə, Elçin izah edir. 

“Normal olan, çox pulun olması, ona-buna sataşmaq deyil, heç kimə möhtac olmadan öz zəhmətinlə yaşaya bilməkdir”, o əlavə edir.


Bakıda sərt karantin dövründə evsiz olan bu şəxs Rus Dram Teatrının qarşısında yatırdı.

Qonşular bu qadın haqqında "normal deyil" deyirlər. O, karantin zamanı şəhərin mərkəzində ac pişikləri bəsləyirdi.

Bu məcburi köçkün qəsəbəsində həyat çətindir; qadınlar gündəlik ev işləriylə məşğuldur, günəmuzd işləyən kişilərinsə əksəriyyəti indi işsiz qalıb.

Beynəlxalq Avtobus Terminalının yaxınlığında normal vaxtlarda dolu olan bir kafe

Ulduz metrosu çıxışındakı çörək mağazası karantin vaxtı yetərincə satış həyata keçirmədiyi üçün bağlanıb.


Pandemiyadan əvvəl 65 yaşlı Elmira Mirzəyeva da öz əl işlərini parklarda, metro çıxışlarında, İçərişəhərdə səyyar şəkildə sataraq güzəranını təmin etməyə çalışırdı. Lakin karantin müddətində boşalan küçələr, bağlanan metrolar onu bu yeganə gəlir mənbəyindən də məhrum edib.

“İndi karantin rejimidi, görürəm ki, insanlar əziyyət çəkir, amma əslində bu, mənim 20 ildir öyrəşdiyim həyatdır. Mən 20 ildir ki, karantin rejimində yaşayıram”.

Elmira Mirzəyeva keçmiş günlərini də, SSRİ-nin dağılması ilə başlayan “keçid dövrünü” də indiyədək xatırlayır.

“Normal həyatımız var idi, amma ticarətlə məşğul olan yoldaşım müflis olduqdan sonra borclarımızı ödəyə bilmək üçün evimizi satmaq məcburiyyətində qaldıq. Ondan sonra da mən məcbur olub kiramı ödəyə bilmək üçün bu işi görməyə başladım”, o deyir.

“Bu [indi baş verənlər] keçid deyil, xəbərdarlıq dövrüdür. Bir-biri ilə ünsiyyətini itirən, bir-birinə əl tutmağı unudan insanlara allahın göndərdiyi xəbərdarlıqdır” - deyə, əlavə edir.

Avtoparkların birində günəmuzd gözətçi işləyən 65 yaşlı Əkrəm Məmmədov sürücü olaraq işlədiyi Sovet dövrü ilə Sovetdən sonrakı dövrü müqayisə edir. Deyir ki, o dövrdə işsizlik yox idi, dövlət bir balans yaratmışdı, insanlar arası uçurum yox idi, Sovetin dağılmasından sonra isə bütün balans pozuldu.

“İndi biz qəbirstanlıqla sağ qalmaq arasındakı uçurumda yaşayırıq, arada heç nə yoxdur. Məsələn, mən xəstələnsəm, başıma bir iş gəlsə, heç bir şey edə bilmərəm”.

Sosialist quruluşun dağılmasından sonra başlayan keçid dövründə özünün heç bir gözləntisi olmayıb. Amma deyir ki, ətrafındakı bəzi insanlar paylanan özəlləşdirmə çeklərindən, vəd edilən həyatdan ümidlənmişdi, lakin nəticədə nə həmin özəlləşdirmə çeklərinin, nə də vədlərin heç biri işə yaramayanda hamısı məyus olub. Beləcə, keçid dövrü arxasında ümidləri puç olmuş xeyli insan buraxıb.

“Sovet dağılanda mən bildim ki, kasıb-kusub üçün həyat bir dəfəlik qurtardı. Mən nə o mitinqlərə qoşulurdum, nə də Sovetin dağılmasını istəyirdim”, Məmmədov vurğulayır.

Ailəsi Şəkidə yaşayan Əkrəm Məmmədov 10 ildir “çörəkpulu” qazanmaq üçün təkbaşına Bakıda kirayədə yaşayır və qazana bildiklərinin bir hissəsini rayona göndərir.

“Normal həyat mən ona deyərdim ki, normal bir işim olsun, ailələmlə birlikdə yaşaya bilim və sabaha ümidimiz olsun - bunların isə heç biri yoxdur. Heç düz əməlli yemək bişirməyi belə bacarmıram, bir təhər ötüşürəm”.

Pandemiya isə onun işlərini daha da çətinləşdirib, üstəlik sərt karantin qaydaları ucbatından artıq 6 aya yaxındır ki, ailəsi ilə ümumiyyətlə görüşə bilmir. “Onlar orda, mən burda, sadəcə telefonla danışa bilirik”.


65 yaşlı Elmira Mirzəyeva əl işlərini metro girişində satmaqla qazanc əldə edir.

Sovet dövründən sonra Ulduz metrosu yaxınlığındakı sənaye sahəsi boş qalıb. Ərazidəki bəzi zavodlar anbara çevrilib.

Ulduz metrosu yaxınlığında fəaliyyətini davam etdirən metal emalatxanalarından biri

Maskalar qapalı yerlərdə məcburi olduqları üçün artıq insanların həyatında yeni bir aksessuara çevrilib.

İsmayıllı şəhərində əsasən turistlərin üz tutduğu bir kafe. Pandemiya zamanı paytaxtın digər bölgələrlə əlaqəsi kəsildiyi üçün kafe, restoran və digər turizm obyektləri mənfi təsirə məruz qalıb.


1-ci qrup gözdən əlil, uşaqlıdan görmə qabiliyyətini itirmiş 48 yaşlı Vəfadar Novruzov da deyir ki, o, heç pandemiyadan əvvəl də normal həyat yaşamayıb.

“Təkcə məndən yox, onminlərlə əlildən söhbət gedir. Bunların içində uzağı yüz nəfərin aktiv fəaliyyəti var, qalan hər kəs, bütün əlillər ev dustaqlığı yaşayaraq keçirir həyatını. Əmək Nazirliyi hər dəfə yeni bir keçid dövrü elan edib, bəh-bəhlə yeni qanunlar qəbul etdikcə biz hüquqlarımızı daha çox itirdik”.

72 yaşlı anası ilə birlikdə yaşayan Novruzov hesab edir ki, pandemiyadan sonra vəziyyətin daha pis olacaq. 

“Belə nümunə verim; ilk keçid dövrü deyəndə elə bil üçotaqlı evlərimizdən ikiotaqlı evə keçdik, sonra keçid edirik deyəndə birotaqlıya keçdik. Daha sonra isə sanki zirzəmilərdə yaşamağa başladıq. Ona görə artıq bu keçiddən sonra edəcəyimiz tək şey həyatda sağ qalmaq olacaq yəqin ki”.

Vəfadar Novruzovun sözləri yenidən Fukonu yada salır. Fukoya görə, iqtidarlar çalışır ki, “normal olmayanlar”, “günahkar bədənlər” kimi cəmiyyətin “normal strukturuna” maneə yaradan fərdlər hüquq və səhiyyənin köməkliyi ilə ortalıqda görünməsin.

İqtidarlar üçün ən münasibi onların görünməməyidir. Çünki onların varlığı iqtidarın norma hesab etdiyi ilə tərs gəlir. İqtidarlardan bu insanların payına düşən heç vaxt bitməyən bir nəzarət və karantinadır. Pandemiyadan əvvəl də, pandemiyadan sonra da. Daima.


buraxılış

Keçid

DONASI

əsas
Chai-khana Survay