Silueti, yaşıllığı, havası dəyişən Bakı

Müəllif: Emin Mathers


Mən Bakıda doğulub-böyümüşəm. Küçə və həyətlərdəki böyük ağaclar, sonrakı bir neçə il ərzində yeni binalar tikmək üçün o ağacların kəsilib məhv edilməsi şəhərlə bağlı uşaqlıq xatirələrimin bir hissəsinə çevrilib.

Məsələn, Tofiq Bəhramov adına stadionun yanında nəhəng şam ağaclarından ibarət sahə və Əhmədli qəsəbəsində zeytunluq vardı; hər ikisi daha geniş yol salınması, ADA Universitetinin tikintisi və Dədə Qorqud parkında nəhəng süni göl yaradılması səbəbindən qismən və ya tamamilə yoxa çıxıb.

Bakı sakinləri göz görə-görə yaşıllıqları itirirlər və bu məsələnin onların sağlamlıqları və rifahlarına təsirindən xəbərdardırlar. Dünya Səhiyyə Təşkilatının standartlarına görə, şəhərlərdə adambaşına 50 kvadratmetr yaşıl sahə olmalıdır. Lakin şəhərlər üzrə qlobal orta rəqəm standartın yarısından azdır - adambaşına 21 kvadratmetr. Bakıda isə adambaşına düşən yaşıl sahə 6 kvadratmetr təşkil edir.


Son 30 ildə Bakıda əhalinin sayı 2 dəfə artıb, yaşıllıq sahəsi isə 2 dəfə azalıb. Halbuki 70-ci illər ərzində şəhərin yaşıllıq sahəsi 3 dəfədən də çox artırılıb; 1970-ci ildə hər sakinə 6,2 kvadratmetr yaşıllıq zonası düşürdüsə, 80-ci illərdə bu rəqəm 45 kvadratmetrə çatdırılmışdı.


1985-ci ildən sonra isə bu məsələ dövlətin prioriteti olmaqdan çıxıb, nəticədə yaşıllıqlar dağıdılaraq yerində mağazalar, kafelər, şadlıq sarayları, qarajlar, villalar tikilib.


“Mən Bakıya 90-cı illərdə köçmüşəm və ilk gəldiyim gün Bakıya aşıq olmuşdum. Çünki hər tərəfi yaşıllıqlarla əhatə olunmuş küçələrlə tramvayla Azneft meydanından Elmlər Akademiyası metrosuna tərəf gedirdim. Bakını həmin vaxtla müqayisə edəndə çox böyük fərq var”, Rövşanə Babayeva, eko-aktivist öz xatirəsini paylaşır.


Bakıda yaşıl sahənin itirilməsi ilə bağlı son dövrdə tez-tez müzakirələr ortaya çıxır; bundan ilhamlanaraq qərar verdim ki, foto-arxivləri araşdırım, şəhərin yaşıl sahəsinin “dünən”i və “bu günü”nə baxım. Azərbaycan Fotoqraflar Birliyinin arxivindən 1950-1970-ci illərdə çəkilmiş mərkəzi yerlərin (bir çoxu sakinlərin sevimli yerləridir) şəkillərini tapdım. Şəkillərdən bələdçi olaraq istifadə edərək yaşıl sahənin necə dəyişdiyini görmək üçün həmin yerləri eyni bucaqdan çəkməyə çalışdım.


Nəticə olaraq, gördüm ki, bir çox yerdə situasiya qarışıqdır - əksər hallarda daha çox tikili, eyni zamanda bəzi ərazilərdə daha çox ağac örtüyü qarşıma çıxdı. Məsələn, tez-tez abadlıq işləri aparılmış Mərkəzi Park daha çox yaşıllaşıb deyə bilərəm. Amma ümumiyyətlə, bir çox eko-aktivist, o cümlədən Rövşanə Babayeva şəhərin yaşıl örtük vəziyyətinin ağır olduğunu düşünür.


“Müxtəlif mənbələrə əsasən, atmosferə atılan tullantıların 80 faizini avtomobillər təşkil edir. Yaşıllıq zonaları şəhərin havasının təmizlənməsində, təbii ki, böyük rol oynayır. Yaşıllıqların artırılması ilə paralel, atmosferə zərər verməyən hibrid avtomobillərin və elektromobillərin Azərbaycana gətirilməsinin çoxalması üçün şərait yaradılması və velosipedin ekoloji nəqliyyat vasitəsi kimi istifadə olunması üçün velosiped yollarının salınması hal-hazırda ən ehtiyacımız olanlardandır. Fikrimcə, bu işlər paralel aparılmalıdır”.


Ətrafındakı şam ağaclığı salınmazdan əvvəl Tofiq Bəhramov stadionuna və ətrafındakı boş əraziyə havadan baxışı. İsaak Rubençikin fotosu, AFB arxivi

Tofiq Bəhramov stadionu, ADA Universiteti və yeni zoopark ərazisi 2020-ci ildə.






Stadionun yaxınlığında şam ağaclarının əkilməsi. AFB arxivi

Dədə Qorqud Parkı və genişləndirilmiş şosse boyunca yeni əkilmiş ağaclar. 2020-ci il






"Azad qadın" heykəlinin 1965-ci ildə çəkilmiş fotosu. (ГОСКАТАЛОГ.РФ)

Eyni heykəl 2020-ci ildə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında






Karl Marks Parkı, 1950-ci illər. Park yerli camaat arasında Parapet bağı və ya Quru bağ kimi də tanınıb və 1950-ci illərdə əsaslı təmir zamanı şəhərin baş planına daxil edilib. AFB arxivi.

Fəvvarələr meydanı, 2020-ci il. Park 1984-cü ildə əsaslı təmir edilib və genişləndirilib. Parkdakı palma ağacı keçmiş icra başçısı Əliş Ləmbəranskiyə hədiyyə olaraq verilmişdi.






1930-cu illərdə bu ərazidə evlər sökülüb və memar E.S. Abramovanın dizayn etdiyi parka çevrilib. AFB arxivi

1947-ci ildə tikilən Nizami heykəlinin 2020-ci ildə çəkilmiş görüntüsü






Qala Divarından Nizami heykəlinə baxış, 1950-ci il. AFB arxivi

Sabir bağından Nizami heykəli və çoxmərtəbəli avtomobil dayanacağının görüntüsü. 2020-ci il.






Azneft meydanındakı avtobus dayanacağı, 1950-ci il. AFB arxivi

Azneft Meydanı 2020-ci ildə






Stalin prospektində Petrov meydanı, 1950-ci il. AFB arxivi

Neftçilər prospekti, Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi qarşısındakı meydan, 2020-ci il. Bina 1960-cı ildə Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və həmin vaxtdan etibarən sərgi mərkəzi kimi istifadə edilir. Muzey Mərkəzinin birinci sərgisi 1961-ci ildə insanın Kosmosa uçuşuna həsr olunmuş vernisaj olub.






Krasnoarmeyskaya küçəsindəki yaşayış binası, hazırda Səməd Vurğun küçəsi, 1970-ci il. AFB arxivi

Səməd Vurğun küçəsi, 2020-ci il






Bakı Şəhər Duması. Layihə polyak memar İosif Qoslavski tərəfindən tərtib edilib. Binanın təməli isə 1900-cü ilin mayında qoyulub. AFB arxivi

İstiqlaliyyət küçəsindəki bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti kimi tanınır.






Keçmiş Krasnokrestovskaya küçəsindəki “40 pilləkən”, 1970-ci illər. AFB arxivi

Həsən Seyidbəyli küçəsindən “40 pilləkən”ə baxış, 2020-ci il






Keçmiş Krasnokrestovskayanın bir hissəsi, hazırkı Şeyx Şamil küçəsi. Qış, 1930-cu illər. AFB arxivi

Şeyx Şamil küçəsi, 2020-ci il






1960-cı illərdə funikulyorun fasadı. İsaak Rubençikin fotosu. AFB arxivi

Funikulyor və Bəhram-Gur heykəli 2020-ci ildə






“Bakı funikulyorunun istifadəyə verilməsi ilə (uzunluğu 450m) şəhərin sahil və dağlıq hissələri arasında bir növ körpü atıldı. Funikulyor sizi Kirovun möhtəşəm heykəlinin ətəyindəki gözəl Dağüstü Parka aparacaq. Müşahidə nöqtəsindən amfiteatr kimi buxtaya enən nəhəng şəhərin mənzərəsinə baxa bilərsiniz. İşıqlar altında parıldayan Bakı gecələri xüsusilə gözəldir” Foto A. Zaxarçenkoya (turist) məxsusdur

Funikulyorun qalxdığı yol 2020-ci ildə






Bakı buxtası və Kirovun heykəli, 1960-cı illər. İsaak Rubençikin fotosu, AFB arxivi

Bakı buxtası, 1980-ci illər. Köhnə bir reklam fotosu

Alov Qüllələri arasından Bakı buxtasına baxış, 2020-ci il

buraxılış

Keçid

DONASI

əsas
Chai-khana Survay