Kişi Məclisi

Aygün Rəşidova

Çayxanalar uzun müddət Azərbaycanda icma quruculuğunda mühüm bir rola malik olub və kişilərin dominantlığı ilə seçilib. Bu məhəllə çayxanalarında kişilər yemək, içmək, söhbət etmək üçün toplaşıblar.

Qadınlar ənənəvi çayxana mühitinə yavaş-yavaş daxil olsalar da, müxtəlif növ yazılmamış qaydalara tabedirlər.

Patriarxal dəyərlərə görə, əvvəla, özünə hörmət edən bir qadın çayxanada, çox kişinin toplaşdığı yerdə oturmamalıdır. Ancaq o mühitə daxil olursa belə, ya diqqət mərkəzindən kənarda – küncdə, yaxud da bağlı qapılar arxasında yerləşməlidir.

Ancaq çayxanalar qab yumaq, yemək bişirmək kimi işləri görmək üçün qapısını qadınlara açıq tutur. Bununla belə, gərək işini göz qabağında icra eləməsin. Nəhayət, sonuncu qayda da odur ki, hörmətəlayiq olan heç bir qadın kafelərdə ofisiant işləməz və kişilərə açıq şəkildə xidmət göstərməz. 

Lakin paytaxt getdikcə kosmopolitləşdiyinə görə, kişilərin üstünlük təşkil etdiyi çay evləri yavaş-yavaş öz yerlərini qadınlar üçün də açıq olan qəhvəxanalara verirlər.

Gender aktivisti Vahid Əli hesab edir ki, bu dəyişiklik ölkədə mədəni və iqtisadi dəyişiklikləri əks etdirir.

O qeyd edir ki, həm kişilər, həm də qadınlar kofeşoplara getməkdə sərbəstdirlər, xüsusi bir qayda yoxdur burda. Yeni formalaşan kofe məkanları özünün müasir və konseptual dizaynı ilə də fərqlənir.

Vahid Əli həmçinin, ənənəvi çayxanalar və yeni qəhvəxanalar arasında güclü iqtisadi fərq olduğunu qeyd edir.

“Şəhər mərkəzində feminin məkan olan kofeşoplar, mərkəzdən kənarda isə daha maskulin olan çayxanalar yerləşir. Bu bölünmə özündə həm də kapitalizmin bölgüsü əhatə edir: çayxanalar emalatxana tipli kapitalizmi, kofeşoplar isə sənayə kapitalizmi, çayxanalarda ənənəvi həyat tərzi, kofeşoplarda isə müasir həyat tərzi üstünlük təşkil edir”.

Bundan başqa, kişimərkəzli çayxanalar kofeşoplardan daha ucuzdur; çayxanada bir çaynik çay 1 və ya 2 manatdırsa, modern kafelərdə bu ən azı 5 manatdır. 

Vahid Əli deyir ki, ənənəvi çayxana mədəniyyəti cəmiyyətdə polarizasiya yaradır: kişilər və qadınlar, varlılar və kasıblar. Onun sözlərinə görə, bu bölünmə zamanla yoxa çıxacaq, urbanizasiyanın davamlı təsiri, ölkədə sosial iqtisadi həyatın dəyişməsi ilə kişilərin dominantlığının müşahidə olunduğu yerlər azalacaq.

buraxılış

Maskulinizm

Sonrakı mövzu