Qubanın Gədik-Zərqova yolunun sağındakı yenicə yaşıl dona bürünən meşənin cığırıyla dərinliklərə doğru yol başlayır. Meşə sonsuzadək uzanır, ətrafdakı torpağı üzərini tamamən örtür. Lakin burada belə - yaxın qəsəbədən bir neçə kilometr uzaqda da çoxdankı və indiki ağac kəsimlərinin izləri açıqca görünməkdədir… Meşə kəsilmiş ağac gövdələriylə doludur. Kötüklər meşə boyunca səpələnmiş başsız bədənləri xatırladır.

Gədik Bakıdan 168 kilometr aralıdakı Quba rayonunun bir kəndidir. Qubanın mərkəzindən təqribən 4 kilometr aralıda, Azərbaycanda iri çaylardan hesab olunan Vəlvələçayın bir qolunda - Gədik çayının kənarında yerləşir. Dağətəyi düzənlikdəki bu kənddə təxminən 150 ailə yaşayır. Kəndlilərin güzəranı əsasən meyvəçilik və heyvandarlıqdan asılıdır.

Gədik meşəsinin bir hissəsinə - “Quba Meşə Təsərrüfatının birinci dolayı” deyilən əraziyə əsasən gədiklilər nəzarət edir. Lakin kəndlilər narahat olmağa başlayıblar ki, ağaclar yoxa çıxırlar və məhv olmağa başlayıblar, bu isə onların həyatına təhlükə deməkdir.

Quba-Qusar-Xaçmaz rayonları meşə təsərrüfatları geniş olan ərazilər hesab olunur. Sovet hakimiyyəti dövründə meşə təsərrüfatı burada daha yaxşı qorunub. Sovet dağılandan sonra meşə təsərrüfatları d, kəndlilər demişlən, sahibsiz qalıb və Azərbaycanın meşələrində sürətlə “keçəlləşmə” gedib.

54 yaşlı gədikli Rəsul Mehrəliyevin həyətindən dağüstü Gədik meşəsinə tamaşa edirik. O, bu meşəyə ən çox göz-qulaq olan kəndlilərdəndir. Gündə azı 4-5 dəfə hündürlükdəki meşəyə qalxıb cığırları gəzib-dolaşır, ağacların kəsilib-kəsilməməsinə, torpaqların daşınıb-daşınmamasına könüllü nəzarət edir. Gözünə belə hal sataşanda müvafiq qurumları məlumatlandırır.

Bununla belə, Mehrəliyev qeyd edir ki, vəziyyət bir qədər yaxşılaşıb - əvvəllər bu meşənin ağacları əsasən parket, yeşik, taxta emalı, mebel sexlərinə daşınırdı.

“Son vaxtlar bir qədər azalıb. Çox yazıldı, çox deyildi, yəqin ondandır, həm də meşələrin bəzilərində müşahidə kameraları quraşdırılıb”.

Rəsul Mehrəliyevlə meşənin içərisinə doğru irəlilədikcə cığırboyu qarşımızdakı uzun yolda - yağışdan sonra qurumaqda olan torpağın üzərində dərin iz salmış təkər izlərini göstərir. “Diqqətlə baxın, bu izlər ağır tonajlı maşınların təkərlərinin izləridi... Baxın, bu budaqları da həmin maşınlar rahat hərəkət etsin deyə, qırıb kənara yığıblar”- deyə, təəssüf edir.

Hökumət də razılaşır ki, Azərbaycan meşələrində qırılma baş verir. Ekologiya Nazirliyinin bildirdiyinə görə, son vaxtlar meşələrə müdaxilə daha çox Oğuz, Lerik, Quba meşələrində qeydə alınıb.

Meşə yaxınlığındakı kəndlərdə günün istənilən vaxtı çaqqal, çanavar, tülküylə rastlaşmaq olar. “Meşə heyvanları yem tapmadığına görə yaşayış yerlərinə kütləvi axın edə bilər”, ekoloq Nizami Şəfiyev deyir.

54 yaşlı kənd sakini Rəsul Mehrəliyev meşəyə ən çox göz-qulaq olan kəndlilərdəndir. Gündə azı 4-5 dəfə hündürlükdəki meşəyə qalxıb cığırları gəzib-dolaşır, ağacların kəsilib-kəsilməməsinə, torpaqların daşınıb-daşınmamasına könüllü nəzarət edir.

“Diqqətlə baxın, bu izlər ağır tonajlı maşınların təkərlərinin izləridi... Baxın, bu budaqları da həmin maşınlar rahat hərəkət etsin deyə, qırıb kənara yığıblar” -deyə, Rəsul yol boyu mənzərəyə diqqət çəkir.

“Qırmızı kitab”a düşən Xan çinar tamamilə yoxa çıxmaq üzrədir deyə, Quba-Qusar-Xaçmaz meşələrində bu ağacın xeyli şitili əkilib. Ancaq meşə sahəsinə buraxılan heyvanlar bu şitilləri yeyir.

Hesablamalarında peyk görüntülərini əsas götürən beynəlxalq monitorinq qurumu globalforestwatch.org-a əsasən, Azərbaycan 2000-ci ildən bəri 7000 hektar ağac örtüyünü itirib.

Lakin ekologlar hətta peyk şəkillərinin də problemi tam olaraq təsvir etmədiyini bildirirlər. Çünki peyk sensorları bataqlıq sahələrini və gölləri tünd yaşıl rənglərlə qarışdırmış ola bilər. Peyk şəkilləri beş metrdən hündür olan hər hansı bitki örtüyünü kimi ağac örtüyü kimi göstərir, belə olan halda meyvə bağları və ya parkları da səhvən hesab qata bilər. “Hətta bu əlavələrdən sonra da Azərbaycanın ağac örtüyü 880 min hektara yaxın çıxır, bu isə rəsmi rəqəmlərdən aşağıdır – rəsmi olaraq ölkədə meşə ilə örtülü sahə 1022 min hektar təşkil edir”, eko-aktivist Cavid Qara qeyd edir.

Bristol Universitetində Ətraf Mühit Siyasəti və İdarəetməsi üzrə magistr olan Cavid Qara 4 il Azərbaycanın meşələrində vəziyyətin araşdırılması ilə məşğul olub.

O qeyd edir ki, rəsmi statistik məlumatlar meşə zolağının azalmasının real miqyasını nəzərə almır, belə ki, ölkədə mövcud meşələr və ağac örtüyü barədə rəqəmlər süni şəkildə yüksəkdir.

“Sağlam və geniş meşələrsiz Azərbaycan ancaq zərər görür və daşqınlar, səhralaşma, quraqlıqlardan daha çox əziyyət çəkəcək...”, Cavid Qara deyir.

“Mən son dörd il ərzində meşə və kənd sahələrini araşdırdım və on ay ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşəçilik İnkişafı Departamentində mühafizə üzrə baş məsləhətçi kimi işlədim. Meşələrin qırılması hər hansı peyk əsaslı hesabatlardan və rəsmi rəqəmlərdən daha ağırdır”.

O bildirir ki, Azərbaycan meşələri 3 əsas təhlükə ilə üz-üzədir: meşə ərazisinin tamamən təmizlənməsi, selektiv kəsilmələr və meşə yanğınları.

“Meşə materialları hazırlanması meşələrimiz üçün ən böyük təhlükədir. Peşəkar mişarçılar ən nadir və ən böyük ağacları seçə bilərlər və bu, əslində asanlıqla qarşısı alına bilən məsələdir. Əgər siyasi iradə olsa, bir neçə gün ərzində dayandırıla bilər”, Cavid Qara bildirir.

Onun sözlərinə görə, digər problemlər də - odun və kömür hazırlamaq üçün ağacların selektiv kəsilməsi də həlloluna bilən məsələdir - əgər hökumətin müvafiq addımlar atmaq istəyi olarsa.

Məsələn, ölkənin Gədik kimi bir çox kəndi təbii qazla təmin olunmayıb, ona görə də onlar qışda isinmək üçün odundan asılıdırlar.

“Bütün bu kəndlər və uşaq bağçaları, məktəblər, hərbi binalar və s. kimi inzibati binalar əlverişli alternativlərlə təmin olunmasa, yanacaq məqsədilə ağackəsmə qaçılmazdır”, Cavid Qara əlavə edir.

“Lakin daha yaxşı meşə idarəçiliyi və daha səmərəli odun sobalarını təşviq etmək və s. məsələnin həllinə gətirib çıxara bilər. Xüsusilə ideal olardı ki, meşə ətrafındakı kəndlərdə elektrik və qaz insanlara daha ucuz qiymətə təklif olunsa, bu, odun yanacağı istehlakını azaldacaq”.

Oğuzun Calut kəndindən görünən Böyük Qafqaz Dağları. Yaxında yaşayan əhalinin bildirdiyinə görə, boz nöqtələr boşalmış meşə örtüyüdür.

Oğuzun Calut kəndindən görünən Böyük Qafqaz Dağları. Yaxında yaşayan əhalinin bildirdiyinə görə, boz nöqtələr boşalmış meşə örtüyüdür.

Oğuz rayonunda meşə qırılması, odun və kömür məsələləri müzakirə üçün qadağan olunmuş mövzulardır.

Sakinlər deyir ki, meşələrdən il ərzində 400-500 maşın odun çıxarılır.

Ağaclar adətən gecə saatlarında kəsilir və maşınlarla bu yol ilə aparılır.

Köhnə “Drujba” zənciri və odun daşımaq üçün maşınların keçdiyi yol.

Ağacdan hazırlanmış kömür. Oğuz rayonunda yerli əhali əsasən kömür hazırlayıb satmaqla dolanır. “Kömür hazırlamaq məqsədilə ağacların kəsilməsi meşələrə ciddi ziyan vurur. Keyfiyyətli kömür üçün cavan pöhrə lazımdır, bu da o deməkdir ki, meşənin özünü bərpa etmək imkanı olmur. Halbuki bunun qarşısını asanlıqla almaq mümkündür”, deyə Cavid Qara bildirir.

Kömürü böləndə arasında olan xəttlər ağacın yaşını göstərir. İstehsalda əsas məsələ isə odur ki, istifadə olunan ağaclar qoca olmamalıdır. Yoxsa o kömür yaxşı yanmır.

“Meşələrin mühafizəsi üçün ən böyük problem odur ki, Meşə İdarəsinin maliyyə imkanları məhduddur və buna görə də pis idarəetmə yaranır. Və əmək haqqının aşağı olmasına görə, bəzi peşəkarlar və yaxşı meşə mühafizəçiləri işdən çıxmaq məcburiyyətində qalıblar; yeni, yaxşı təhsilli və dürüst mütəxəssislər də meşəçilikdə işləməyə maraqlı deyil” - deyə Cavid Qara bildirir.

Kömürün qiyməti 4-5 manatdır. Ağacların yandırıldığı bir quyudan təxminən 20-25 kq kömür çıxarılır. Bazara aparıb satmaq üçün kömürün hazırlanması 1 həftə çəkir. Kəndlilər kömür hazırlamaqla həftəyə təxminən 60-70 manat qazana bilər.

Ağaclar həmçinin kənd təsərrüfatı sahələri üçün də kəsilir.

“Məsələn, bir biznesmen Gədik meşəsinin bir neçə hektar ərazisini Qusar kartofu əkmək üçün ağaclardan təmizlətdirib. Kimsə kartofdan gəlir əldə edəcək deyə, 40-50 illik ağaclardan geriyə kötükləri qalıb”, Rəsul Mehrəliyev danışır.

Ekoloq Nizami Şəfiyev bildirir ki, meşələrin hissə-hissə yoxa çıxması bütün icmaları təhlükə altına atır.

Ağaclar, xüsusilə adı “Qırmızı kitab”a düşmüş vələs ağacı meşələrdə əsas təbii su mənbəyi hesab olunur. Yerli camaat Gədikdə su problemlərini də dilə gətirirlər və ekoloqlar xəbərdarlıq edirlər ki, meşələr və əhalinin su təminatı bir-biriylə sıx bağlıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Azad Quliyev deyir ki, nazirlik qanunsuz ağac kəsənlərə qarşı həm cərimələrlə, həm də meşələrə girişə nəzarət etməklə addım atır.

“Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında meşə ərazilərində birgə reydlərin keçirilməsi, meşələrin giriş-çıxış yerlərində nəzarətin gücləndirilməsi ilə bağlı memorandum imzalanıb.. Məqsəd meşə materiallarının qanunsuz daşınmasının qarşısını almaq idi. Bu işə Daxili İşlər Nazirliyinin bölgələrdəki post-patrul əməkdaşları cəlb olunub”, Quliyev qeyd edir.

O əlavə edir ki, Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ meşələrinin intensiv giriş hissələrində müşahidə kameraları quraşdırılıb.

Bununla belə, Gədik əhalisi üçün kameralar bu problem qismən həll edə bilər. Ekoloq Şəfiyevin fikrincə, ayrı-ayrı şəxsləri cərimələrlə cəzalandırılsalar da, meşələri ağacdan təmizləyən şirkətlər bu cəzadan kənarda qalır.

Hazırda özbaşına kəsilən ağaca görə cərimə məbləgi bir kubmetrə görə 5 manat 18 qəpikdir. Şəfiyev hesab edir ki, böyük şirkətlər üçün bu məbləğ cəza deyil. “İndiyədək bunu edənlərlə bağlı müxtəlif qurumlara məlumat vermişəm, ancaq bunu edənlərin pulu çoxdur və arxalarında yüksək vəzifəli məmurlar dayanır deyə, heç bir tədbir görülmür”.

Nəticə etibarilə, daha çox əziyyət çəkən yenə də yoxsul təbəqədir - qışda isinmə ehtiyacı və gündəlik dolanışıq üçün ağaclardan kömür hazırlayıb satmaqla gəlir əldə etmək istəyən təbəqə.

Cavid Qara deyir ki, nəticədə qanunsuz qazma işlərinin ekoloji təsiri və hökumətin zəif reaksiyası sayəsində istilikdən və quru kömüründən asılı olan yoxsul, yerli icmalar yaşayır.

“Yoxsul insanlar çörək qazanmaq üçün təhlükəli və qeyri-sağlam şəraitdə işləməli olurlar, zəngin biznesmenlər və korrupsiyaya batmış məmurlar daha da varlanırlar. Ən intensiv ağac kəsintisi Oğuz və Lerik rayonlarında baş verir; burada qonşu regionlara nisbətən daha az iqtisadi imkanlara malikdir. Bu bölgələrdə meşələr kəndlilər üçün əsas gəlir mənbəyidir”, o vurğulayır.

Cavid Qara bu fotonu Lerik meşələrində monitorinq apararkən çəkib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, son 1 ildə meşə qanunvericiliyinin pozulmasına görə 825 fiziki şəxs barəsində akt və protokol tərtib olunub.

Meşələrə müdaxiləyə görə cərimə olunanlar arasında hüquqi şəxlər, şirkətlər yoxdur.

Bu foto isə Cavid Qara tərəfindən Oğuz rayonunda qanunsuz kəsilmiş ağacların araşdırılması zamanı çəkilib. Bu fotolardakı qırılmalara görə nazirlik tərəfindən qanunauyğun tədbirlər görülüb - yəni meşəyə dəymiş ziyan hesablanıb və ödənilib, bir neçə məsul və vəzifəli şəxs də işdən çıxarılıb.

buraxılış

Bizim Habitat

Sonrakı mövzu