Acınohurda ceyranların məhkəməsi

Aygün Rəşidova, Esmira Cavadova,

İyunun 27-də çıxan məhkəmə qərarına görə, Nazirlər Kabineti tərəfindən Acınohur torpağının statusu dəyişdirilməyincə şirkətlər əkin işlərini dayandırmalıdırlar. Özəl şirkətlər və icra hakimiyyəti arasındakı müqavilə və ərazi üzərində İcranın səlahiyyəti isə hələ də qalmaqdadır. 

Məhkəmənin bu qərarı torpağa və o sahədə habitata artıq vurduğu zərərin qarşısını ala bilməsə də, vəkil Aslan Vəliyev nikbindir; o deyir ki, bu natamam qələbə Azərbaycanda bir presedentdir. 

2018-ci ilin avqustunda Qax Dövlət Təbiət Yasaqlığının Acınohur düzündə taxılçılıq məhsullarının əkilməyə başlanması təbiət dostlarını və yerli fermerləri təşvişə salmışdı. Təbiəti mühafizə təşəbbüslərindən olan Ecofront fəalları məlumat yaymışdılar ki, bu əkin işləri toprağı məhv etməklə bərabər, ceyranların da həyatını təhlükəyə atacaq.

Ceyranların mühafizəsi proqramı Sovet hökumətinin idarəçiliyi altında başlayıb. Belə ki, 1969-cu ildə Şirvan Dövlət Təbiət Qoruğu yaradılıb, daha sonra isə gücləndirmə tədbiri olaraq 2003-cü ildə qoruğun bazasında və ətraf ərazilərində Şirvan milli parkı yaradılıb.

2010-cu ildə isə hökumət Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu ilə birlikdə Qobustan və Acınohurda ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası proqramına başlayıb. Beləliklə də, ceyranlar yavaş-yavaş tarixi torpaqlarına qayıtmağa başlayıb.

Hazırda Azərbaycanda ceyran populyasiyasının sayının 7 min başa qədər olduğu müəyyən edilib. Onların əsas yaşayış yerlərindən biri də Acınohurdur.

Acınohur düzündə taxıl əkilməsi üçün minlərlə hektar ərazinin ayrılması xəbərindən sonra ekoloqlar və təsərrüfat mütəxəssisləri həmin xəbərdarlıq etdilər ki, həmin əkin işləri ekoloji böhran yaradacaq, eroziya, şoranlaşma əmələ gələcək, o cümlədən ceyranların məhvolma təhlükəsi meydana çıxacaq.

“Dövlətin keçirdiyi layihənin biri heyvanların nəslini artırır, digəri də nəsilini kəsmək istəyir” - deyə, Ecofron təmsilçisi Cavid Qara hökumətin ceyranlarla bağlı uğurlu bərpa proqramını, eyni zamanda hökumətə bağlı bir kommersiya şirkətinin əraziyə zərər verməyini vurğulayır.

Acınohur ərazisi üzərində səlahiyyət sahibi nə yerli fermerlər, nə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil, Qax Rayon İcra Hakimiyyətidir. İcra hakimiyyətindən bildirilir ki, kənd təsərrüfatı torpaqlarından qış otlağı kimi istifadəyə görə fermerlərlə icarə müqaviləsini uzadıb-uzatmamaq başçının səlahiyyətindədir. “Başçı icarə müqaviləsi bitən fermerlərlə yox, torpaqdan istifadə üçün müraciət edən şirkətlə icarə müqaviləsi imzalayıb” - deyə, icra nümayəndəsi deyir.

“İstənilən əkin işləri üçün mütəxəssislər torpağın kateqoriyasını yenidən qiymətləndirməlidir. Kateqoriyanın dəyişdirilməsi isə ancaq Nazirlər Kabinetinin qərarı əsasında aparlmalıdır. Yalnız ondan sonra ərazidə əkin işləri görülə bilər”, Cavid Qara deyir.

Cavid Qara hesab edir ki, hökumət SSRİ-nin vaxtilə etdiyi səhvi təkrarlayır. 60-cı illərdə də bu ərazilər şumlanıb və qısamüddətli taxıl sahəsi kimi istifadə olunub.

Bu torpaqları qış otlağı kimi istifadə edən fermerlər isə narahatdır ki, əkin işləri torpağı deqradasiyaya uğradacaq, qoyunlar və ceyranların otlaya bilməsi üçün lazımlı təbii ot örtüyünü məhv edəcək.

Fermerlərin vəkili Aslan Vəliyev əkin işləri aparan şirkətləri “yaşıllıq qatilləri” adlandırır. O qeyd edir ki, orda bir santimetr qalınlığında belə şum aparılması qadağan olduğu halda, sözügedən şirkətlər min hektarlarla ərazini 35 santimetr dərinliyində şumlayıb, taxıl əkiblər. 

“Bu, həmin torpaqların deqradasiyaya uğraması, səhralaşdırılması, orda məskunlaşdırılmış ceyranların məhv olması, 175 min baş qoyunun otlaqsız qalması deməkdir”.

Aslan Vəliyev qış otlaqlarını əllərindən alındığı üçün Qax Rayon İcra Hakimiyyətini məhkəməyə verən 40 fermerin vəkilidir.

“Ağılları kəsmir ki, bu torpaqdan taxıl götürmək mümkün olsaydı, bura qışlaq təyinatlı sahələr olmazdı. Taxıl əkməklə həm torpaqları, həm də heyvandarlıq təsərrüfatlarımızı məhv elədilər”, Hacı Artunov, fermerlərdən biri deyir. Onun qoyunları bir neçə aydan sonra yaylaqdan geri dönəcək, lakin qışlaq üçün ərazisi yoxdur. 

“Əkin işləri aparılmaqla məhv edilmiş qışlaq sahələrinə qayıtmağın mənası yoxdur, burada ot örtüyü bir də ən azı 20 ildən sonra bərpa olacaq”, o əlavə etdi.

Qax-Zaqatala regionunun tədqiqatçısı, 70 yaşlı torpaqşünas Amin Babayev xəbərdarlıq edir ki, Acınohur torpaqlarında rütubət az olduğuna, biloloji canlıların zəif olmasına görə bir neçə il dalbadal şumlanma, xüsusilə kotanla aparılan şumlama torpaq örtüyünün deqradasiyasına və torpağın toza çevrilməsinə səbəb olur, beləliklə də səhralaşma yaranır.

Ekoloq Nizami Şəfiyev də Babayevin səsinə səs verir. “Şoran torpaqlarda əkin işlərinin aparılması uğursuz nəticələnir. Torpaq öz ot örtüyünü 20-25 ilə bərpa edə bilir. 20-25 il ərzində torpaqdan istifadə etmək mümkün olmur”.

Hələ ki, məhkəmə təbiət dostları və yerli fermerlərdən yanadır.

“Bu, ilkin nailiyyətdir respublikada. Ölkədə bütün qışlaq sahələrini məhv edirlər. Bu əməliyyatı Acınohurda davam etdirməyə biz imkan vermədik. Ona görə də bunlar çəkinirlər ki, bizim yaratdığımız bu presedentə görə gələcəkdə digər insanlar da səslərini ucaldalar”.

Təbiət dostları təşvişdədirlər ki, bu ərazidə əkin işləri ceyranların həyatına təhlükə törədir. Onlar ürküb qaça və ya əkin üçün istifadə edilən kimyəvi maddələrdən zəhərlənə bilər.

İlisu Dövlət Qoruğunun bir hissəsi uzun illər qoyunlar üçün qış otlağı kimi istifadə olunub.

Ekoloqlar bildirirlər ki, Acınohur düzündə torpaq əkinçilik üçün münasib deyil. Onlar hesab edir ki, bu torpaqda şumlama işləri ərazidə səhralaşmanı sürətləndirəcək.

Qoyunçuluqla məşğul olan yerli fermerlər ərazidə əkinə başlamış şirkətlərə etiraza qalxıblar. Etiraz öz nəticəsini verib: məhkəmə qərarı ilə şirkətlərin əkin fəaliyyəti hələlik dayandırılıb.

Fermerlər qeyd edir ki, Aqroinkişaf 2017 şirkətinin kotanla apardığı şumlama işləri artıq torpağa zərər vurub, belə ki, sürülər üçün bu ərazi daha qış otlağı kimi yararsız hala gəlib.

Fermer Hacı Artunov yasaqlığa yaxın bir ərazidə əkinə yararlı torpağı nümunə göstərir. “Suvarılarkən aralarındakı fərq aydın hiss olunur”.

Məhsul yığımından sonra buğdanın köşənini yanğına vermək tez-tez rast gəlinən təcrübədir. “Bu, həm mühafizə altında olan ərazilər üçün, həm də havanın keyfiyyəti üçün təhlükədir” - deyə, Ecofront təmsilçisi Cavid Qara bildirir.

Hacı Artunov burada 20 ildən çoxdur ki, qoyunçuluqla məşğuldur. O xatırlayır ki, bir dəfə əkin üçün icazə verilən ərazidən bir qədər artığını şumladığı üçün 400 manat cərimələnib.

Ümumiyyətlə, fermerlər deyir ki, ərazidə su çatışmazlığı mövcuddur, bu isə taxılçılığın uğurlu olmasına əngəl yaradacaq.

Hacı Artunov qeyd edir ki, taxılçıların cəhdlərinə baxmayaraq, məhsuldarlıq zəif olub.

Cavid Qara deyir ki, şumlanmış yer tərk edildikdən sonra təbii ot örtüyünün bərpa edilməsi on illər çəkə bilər və ya xüsusi tədbirlər görülmədikcə heç vaxt bərpa edilməyə bilər. Bu isə əlavə xeyli xərc tələb edir. Məhsuldarlıq aşağı olduğu üçün bir müddət sonra tərk edilən əkin yerlərini isə belə qanqal basır ki, bu da ayrıca yanğın təhlükəsi mənbəyidir.

Acınohurda əkin işləri dayandırılıb, lakin davam etməyəcəyinə dair heç bir zəmanət yoxdur.

buraxılış

Bizim Habitat

Sonrakı mövzu