"İşdən çıxarılırsınız"

Məqalənin müəllifi: Türkan Bəşir, Əziz Kərimov,


29 yaşlı Əli Əliyev 2012-ci ildən Unibankda işləməyə başlayıb. Azərbaycanın ən böyük özəl banklarından biri olan bu qurumda karyerasını yüksəltmək üçün Əliyev əlindən gələni edib. O, çalışqanlığının əvəzini də görüb; belə ki, bir ildə onun maaşı ikiqat artırılıb. Yəni iş həyatında hər şey öz axarında gedirmiş. 

Ta ki, 2015-ci ilin fevral ayında manatın ilk devalvasiyası baş verənə qədər.

“Birinci dalğada yanımda əyləşən iki iş yoldaşımı işdən çıxartdılar. Səbəb olaraq isə satışın olmadığını, insanların götürdükləri kreditləri belə ödəyə bilməmələrini göstərdilər. Bu andan sonra mən və digər iş yoldaşlarım işimizi itirmək qorxusunu hiss etməyə başladıq. Sıra bizə nə vaxt gələcək?”

Əli çox gözləyəsi olmadı. Mərkəzi Bank 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etdi. Yəni ikinci devalvasiya dalğası baş verdi. Azərbaycan manatı həmin il ərzində MDB və Avropa məkanında ən çox dəyərdən düşən valyuta oldu.

İndi manatın vəziyyəti stabildir, lakin iqtisadi çətinliklər hələ də davam edir.

Əliyevlər ailəsində ilk olaraq, Nərgiz Əliyevanı işdən çıxarıdblar. İdarədən bu qərar açıqlayarkən təəssüfləndiklərini bildirsələr də, buna məcbur qaldıqlarını deyiblər. Əli isə bundan sonra ümid edirdi ki, yeni qurulmuş ailənin hər iki üzvünü işdən çıxarmayacaqlar.

Lakin o yanılmışdı.

“Və beləcə mənim iş kariyeram, arzularım yarı yolda qaldı. Çünki o dövrdə, ixtisarların başlandığı bir vəziyyətdə yeni iş tapmaq mümkünsüz idi. Biz sadə ailədə təhsil almış, öz gücünə işə girmiş bütün uşaqların aqibətini yaşadıq. Təbii ki, işdən çıxanda elə öz bankımıza olan böyük məbləğda borclarla”. 

Əli Əliyevin hekayəsi qeyri-adi hadisə deyil. Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda işsizlik ötən illə müqayisədə 213.2 faiz artıb (baxmayaraq ki, Komitə son 15 ildə ölkədə 2 milyon yeni iş yeri yaradıldığını da vurğulayıb).

Gözə dəyən digər rəqəmlər belədir: Bu ilin oktyabr ayının 1-nə qədər ölkədə 74100 nəfər işsiz qeydə alınıb ki, onların 35.4%-i qadın olub. Müqayisə üçün: keçən ilin eyni dövründə 34760 nəfərə işsiz statusu verilib.

Bu gün Azərbaycanda baş verən bu iqtisadi problemləri necə izah etmək olar və sıravi vətəndaşlar onun öhdəsindən necə gəlir?

İşlərini itirdikdən sonra Əliyevlər qeyri-ixtisas sahələrində işə giriblər. Nərgiz marketdə kassir, Əli isə paket fabrikində işləməyə başlayıb. Amma bununla ailənin yükü azalmayıb.

“Maşınım vardı, onu satdım. Pulunu isə evə qoydum və dedim ki, bununla bankın aylıqlarını ödəyin. Özüm isə yoldaşımla birlikdə ölkəni tərk etdim” - deyə, Əli Əliyev xatırlayır. Cütlük Polşada iş tapdıqdan sonra ora yerləşib.

“Mən ötən il Azərbaycana gəldim, çox məyus oldum. Onsuz da qara gündə olan millətimin rəngi daha da qaralmışdı güzəranları kimi. Həyətdə boş-boş gəzən, bütün gün çayxanalardan evə yığılmayan işsiz gənc nəsil və dağılan ailələr gördüm”.


2018-ci ilin 14 aprel tarixində Məhsul stadionundakı mitinqdə işsizliyə son çağırışı

Mərkəzi Bank 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi qərarını verib. İndi manatın vəziyyəti stabildir, lakin iqtisadi çətinliklər hələ də davam edir.

2015-ci il devalvasiyasından sonra Azərbaycan manatı il ərzində MDB və Avropa məkanında ən çox dəyərdən düşən valyuta olmuşdu.

Bank kreditləri olan insanlar üçün devalvasiya xüsusilə ağrılı oldu, çünki ABŞ dolları ilə müəyyən edilmiş krediti dəyərdən düşmüş manatla qaytarmaq məcburiyyətində idilər.

Dövlət Statistika Komitəsi, manatın ilk devalvasiyasından sonra 2015-ci ilin doqquz ayında təxminən 67 min iş yerinin yaradıldığını bildirib.


Bu, manatın ikinci devalvasiyasından sonra genişmiqyaslı işsizliyin yaratdığı mənzərədir. Belə ki, hökumət qurumları və özəl şirkətlərdə devalvasiya sonrası iş ixtisarları geniş vüsət almışdı. Ən ciddi ixtisarlar bank sektorunda başladı ki, qeyri-rəsmi mənbələr bu prosesdə 5 min bank işçisinin iş yerini itirdiyini iddia edir. Bir sıra dövlət müəssisələrində, ASC-lərdə, məsələn, Azəriqaz və Azərenerjidə maliyyə böhranı səbəbindən yüzlərlə əməkdaş işini itirdi. Kiçik pərakəndə biznes qurumları da ziyansız ötüşmədi.

Bununla belə, Azərbaycan hökuməti ölkənin iş bazarının daha yaxşı mənzərəsini yaratmağa cəhd göstərir. Məsələn, Statistika Komitəsi bildirib ki, milli valyutanın devalvasiyasından sonra, 2015-ci ilin ilk 9 ayında ölkədə təxminən 67 min daimi iş yeri yaradılıb. Daha sonra prezident İlham Əliyev 2018-ci ilin əvvəlində Davosda etdiyi çıxışda ölkədəki işsizlik səviyyəsinin aşağı olduğunu demişdi. “İlin yekunlarına görə, Azərbaycanda işsizlik 5%, yoxsulluq isə 5,4% səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir”, prezident bildirib. 

Dünya İqtisadi Forumunun builki hesabatında işsizlik nisbətinin ölkə daxilində 5,2% olduğu bildirilir. Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda yoxsulluq səviyyəsi 2001-ci ildəki 49%-dən 2018-ci ildə 4.9 faizə enib. 

Müstəqil ekspertlər isə real rəqəmin daha böyük olduğuna əmindirlər. Fakt Yoxla platforması Davos Forumundan sonra müxtəlif rəsmi mənbələrə istinadən üzə çıxarıb ki, 2018-ci ildə Azərbaycanda işsizlik səviyyəsi əslində 21%-ə yaxındır.

70 il Sövet İttifaqının bir hissəsi olmuş Azərbaycanın daha yaşlı nəsli üçün bu vəziyyətə öyrəşmək daha çox vaxt alır; o vaxt insanlar arxayın idilər ki, təhsili başa vurduqdan sonra bütün hallarda işlə təmin olunacaqlar.

Əmək hüquqları üzrə mütəxəssis Azər Quliyev deyir ki, bu gün insanların işsiz qalma qorxusunun toxumları sosialist sisteminin dağılmasından etibarən səpilib.

“Fabrik, zavod və s. müəssisələrin bağlanması, bazar münasibətlərinə keçid, eyni zamanda yeni texnologiyaların yaranması bizdə də işsizliyə təsir edib. Bu gün işdən azad olmalar böyük psixoloji gərginlik yaradır, bir tərəfdən iş tapa bilməmə qorxusu var, digər tərəfdən isə işsizlərin sayı artır”.

İqtisadi inkişaf üzrə məsləhətçi Nicat Qarayev hesab edir ki, bu işsizlik dalğasının həm də qlobal iqtisadi səbəbləri var. Qarayev izah edir ki, 2008-ci il böhranından bəri qlobal bazarların dəyişkənliyi, gəlir və sərvət bərabərsizliyinin və avtomatlaşdırma sahəsindəki inkişafın artması işsizlik səviyyəsinin artmasında rol oynayıb.

“Bu proses Azərbaycandan da yan keçməyib. 1990-cı illərdən bəri neft və qaz ixracından artan iqtisadi asılılıq Sovet dövründən qalmış, onsuz da rəqabətə davamsız sənaye və kənd təsərrüfatı sektorunu zəiflədib”, Qarayev deyir. “Neft sektoru bacarıqlar tələb etdiyi və nisbətən az insanı işə aldığı üçün əhalinin əksəriyyəti struktural işsizlik ilə üzləşdi. Keyfiyyətli peşə təhsilinin olmaması yeni əmək bazarı tələbinə uzlaşmaq prosesini də ləngidir”.


Bu ilin oktyabr ayının 1-nə qədər ölkədə 74100 nəfər işsiz qeydə alınıb ki, onların 35.4%-i qadın olub.

Əmək hüquqları üzrə mütəxəssis Azər Quliyev deyir ki, bu gün insanların işsiz qalma qorxusunun toxumları sosialist sisteminin dağılmasından etibarən səpilib. “Fabrik, zavod və s. müəssisələrin bağlanması, bazar münasibətlərinə keçid, eyni zamanda yeni texnologiyaların yaranması bizdə də işsizliyə təsir edib.”

Bakıda binalardan birinə yapışdırılmış iş elanı

Şəhər mərkəzində belə iş elanlarına tez-tez rast gəlinsə də, real iş olub-olmadığına zəmanət yoxdur.


Rəsmi statistikaya görə, azərbaycanlıların 55%-nin dövlət qurumları tərəfindən işlə təmin olunduğunu nəzərə alsaq, əhalinin əhəmiyyətli bir hissəsi büdcə çatışmazlığından qaynaqlanan ixtisarlardan ciddi təsirlənir. Qarayev əlavə edir ki, post-neft iqtisadiyyatında belə, daha effektiv və ilk növbədə kənd təsərrüfatında özəl iqtisadi təşəbbüslərin böyüməsi növbəti 20 il ərzində əmək bazarında daha böyük dəyişkənliyə səbəb ola bilər. “Bu o deməkdir ki, qeyri-stabil iş mühiti, əlbəttə ki, xaricə beyin axınının artması, gəlirlərin yenidən bölüşdürülməsi və stressin yaratdığı sağlamlıq problemləri ilə nəticələnəcək”.

Bu qeyri-stabillik işini itirmiş insanın üz tuta biləcəyi alternativ resursun olduqca az olmasından ibarətdir. Nadir Qasımovun başına gələnləri buna nümunə göstərmək olar.

56 yaşlı Qasımov Azərbaycan Dəmir Yollarının Gəncə lokomotiv deposunun təmir-tikinti briqadasında 16 yaşından etibarən rəngsaz vəzifəsində çalışıb. O, 2017-ci ilin dekabrında ixtisara salınıb. Bu qərarı haqsızlıq hesab etdiyini deyir.

“40 il dəmir yolunda işləməyimə baxmayaraq, məndən sonra işə qəbul olunanlar qalsa da, məni işdən azad etdilər. Bir sözlə, son iki ildə dəmir yolunda ixtisar başlayanda sonuncu işə qəbul olunan işçilər deyil, təcrübəli uzun illərin işçilərini ixtisara salmaqla böyük narazılıqlar yaratdılar”.

Bu, əksər işçiləri çətin vəziyyətə salır, lakin Nadir Qasımovun yaşına çatmış işçilər üçün sıfırdan başlamaq daha qəlizdir. Nəzərə alsaq ki, ölkənin qazancının böyük bir hissəsi əhalinin yalnız bir hissəsini işə alan yeganə sənaye sahəsindən gəlir. 

“Qeyri-neft sektoru çox kiçikdir və dövlət dəstəyindən çox asılıdır. Rəqabətli olmadığı üçün maaşlar müzakirə olunmur [...] Zəif fəaliyyət göstərən həmkarlar ittifaqları və ədliyyə sistemi işçilərin istismara məruz qalmaması və işdən azad edilməməsi üçün kifayət qədər hüquqi təminat vermir”, Nicat Qarayev izah edir.

Ölkədə müstəqil həmkarlar ittifaqı ənənəsinin olmaması işçiləri ümidsiz vəziyyətə salır. Azərbaycan Beynəlxalq Əmək Təşkilatına 1992-ci ildə qoşulsa da, bunun dəyişikliyə səbəb olacağı ehtimalı çox azdır.

2018-ci ilin yanvar ayında Azərbaycanda işsizlik müavinəti yeni bir anlayışla – “işsizlik sığortası” anlayışı ilə əvəz olundu; işsizlikdən sığorta müavinəti sadəcə hansısa müəssisənin ləğvi nəticəsində iş yerlərini itirən işçilərə, yaxud işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində işini itirən və məşğulluq mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir. Bu, o deməkdir ki, əmək müqaviləsinin müddəti başa çatan və yenilənməyən işçilər üçün dövlət dəstəyi nəzərdə tutulmur.

Minimum əmək haqqının 250 manat, orta əmək haqqının 581 manat olduğu ölkədə qənaətcil olmaq mümkündürmü ki, şəxs işini itirəndə qənaət etdiyindən yararlana bilsin – sual açıq qalır. 

Nicat Qarayev ölkənin əmək qanunvericiliyinin mütərəqqi olduğunu bildirsə də, kiçik müəssisələr tərəfindən ona ciddi əməl edilmədiyini vurğulayır.

“Kölgə iqtisadiyyatının böyük payını nəzərə alsaq, vəziyyət daha da pisdir. Bununla belə, şəffaflıq istiqamətində müsbət addımlar var və bəziləri öz bəhrələrini verməyə başlayıb [...] Məsələn, Vergilər və Maliyyə nazirliyi işçilərin müdafiəsinə yönəlmiş əmək bazarının rəsmiləşdirilməsini təşviq edir.”

İki ildir işsiz qalmış Nadir Qasımov isə deyir ki, bu müddətdə o, bir sıra dövlət qurumuna müraciət edib. Yeni Azərbaycan Partiyasının üzvlüyü belə, onun səsinin eşidilməsinə kömək etməyib.

“Bu yaşımda işsizəm. Uzun illərimi, sağlamlığımı dəmir yolunda, inamımı isə YAP-da qoymuşam. Məni bu yaşda başqa işə də götürmürlər”.


“Və beləcə mənim iş kariyeram, arzularım yarı yolda qaldı. Çünki o dövrdə, ixtisarların başlandığı bir vəziyyətdə yeni iş tapmaq mümkünsüz idi”, manatın devalvasiyasından sonra bankdakı işini itirmiş və hazırda Polşada qeyri-ixtisas sahəsində işləyən Əli Əliyev deyir.

70 il Sövet İttifaqının bir hissəsi olmuş Azərbaycanın daha yaşlı nəsli üçün bu vəziyyətə öyrəşmək daha çox vaxt alır; o vaxt insanlar arxayın idilər ki, təhsili başa vurduqdan sonra bütün hallarda işlə təmin olunacaqlar.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda işsizlik ötən illə müqayisədə 213.2 faiz artıb (baxmayaraq ki, Komitə son 15 ildə ölkədə 2 milyon yeni iş yeri yaradıldığını da vurğulayıb).

“2008-ci il böhranından bəri qlobal bazarların dəyişkənliyi, gəlir və sərvət bərabərsizliyinin və avtomatlaşdırma sahəsindəki inkişafın artması işsizlik səviyyəsinin artmasında rol oynayıb” - deyə, iqtisadi inkişaf üzrə məsləhətçi Nicat Qarayev vurğulayır.

İşini itirmiş insanların alternativ resursa müraciət etmək imkanları çox azdır.



____________________________________________________________________________________________
Bu məqalə Chai Khana və Müharibə və Sülh Xəbərləri İnstitutu (IWPR) arasında tərəfdaşlıq çərçivəsində hazırlanıb.
____________________________________________________________________________________________

buraxılış

QORXU

DONASI

Sonrakı mövzu