Təxminən 8000 Azərbaycan vətəndaşı 2018-ci ildə ölkəni tərk edib.

Onları ölkəsindən uzaq salan səbəblər müxtəlifdir. Lakin xaricdəki aqibətləri demək olar ki, eynidir. Xarici ölkəyə sığınmaq tələbləri rədd edilənlər çətin bir qərar vermək məcburiyyətiylə üz-üzə qalırlar: müraciətlərinə yenidən baxılmasına çalışaraq nəzarət altında gözləmək; başqa bir yerə qaçmaq; yaxud geri göndərilmək.

Yaşanmış insidentlər göstərir ki, bir çoxları üçün Azərbaycana qaytarılmaq ehtimalı həyatlarının alt-üst olması deməkdir. Siyasi fəallar həbs və ya sorğu-sual ilə üzləşə bilər. LGBTQ+ icması isə daha travmatik nəticələr ehtimal edir.

2019-cu ilin hesabatına görə, Azərbaycan LGBTQ+ üçün Avropanın ən təhlükəli ölkəsi hesab edilir. Buna səbəb insanların gender kimliyinə görə hökumət tərəfindən yaradılmış problemlərlə üzləşmələridir. Məsələn, rəsmi məlumata görə, 2017-ci ilin sentyabr ayında Bakıda polisin LGBTİQ+ reydi zamanı 83 nəfər saxlanılıb, polis bölmələrində, o cümlədən təcridxanada döyülmə və işkəncə halları qeydə alınıb.

Bu gün LGBTQ+lərin ayrıseçkilik və ya qeyri-insani rəftara qarşı təminatı yoxdur. Onlar qısnamaya məruz qala, evlərindən və işlərindən qovula bilərlər. Evlənə bilməzlər, kimisə övladlığa götürə bilməzlər və cinsiyyətlərini dəyişdirmə terapiyasına məruz qala bilərlər.

LGBTQ+lər öz evlərində normal bir həyat imkanından məhrum edildikləri üçün evlərindən uzaqda yaşamaq seçimini etməyə məcbur olurlar - müəyyən qorxuların, çətinliklərin müşayiəti ilə olsa da.

Bu, bir çox insan kimi sığınacaq ümidiylə Avropaya üz tutmuş bir Azərbaycan vətəndaşının hekayəsidir.

O, inanırdı ki, Avropa dəyərləri ona daha yaxşı bir gələcək verəcək, nəinki öz ölkəsindəki mövcud şərait. Ancaq dörd ildir ki, o, sistemdəki bir rəqəmə, məlumat bazasında statistikaya, növbə gözləyən qeyri-qanuni bir ada çevrilib. O, hər şeydən imtina etmişdi ki, qorxu hissi olmadan yaşaya bilsin. Lakin bu gün onu müşayiət edən hiss hələ də qorxu və qeyri-müəyyənlikdir.

Onun hekayəsi ilə daha yaxından özünün yazdığı essesi vasitəsilə tanış olun.


Mən 4 ildir ki, qanunsuz miqrantam.

Almaniyada qeyri-qanuni olmaq hər şeydən əvvəl işləyə bilməmək deməkdir.

Bu, heç bir statusunun olmaması, azad hərəkət etmək imkanının və tibbi sığortanın olmaması, xəstələnəndə həkimə və ya tibb məntəqəsinə gedə bilməmək deməkdir. 

Qanunsuz miqrant olmaq daim qorxu içində və cəmiyyətdən izolyasiya edilmiş şəkildə, gizli yaşamaq deməkdir.

Bu şərtlərə dözməyimin səbəbi odur ki, evimizə qayıtmağa qorxuram. Bununla belə, illeqal olduğum üçün yeni həyat qurmaq imkanım yoxdur. İşləyə bilmirəm, maraq dairəmə daxil olan hansısa hobbi ilə belə, məşğul ola bilmirəm.


Mən kişi bədənində doğulmuş kvir sənətçiyəm. Hədsiz homofobiyanın hökm sürdüyü və varlığımı təhlükəyə atdığı Azərbaycanda doğulmuşam.

Homofobiyadan, cəmiyyətdəki təzyiqlərdən və homoseksual insanlara qarşı nifrətdən, zorakılıq və təcavüzdən qurtulmaq üçün mən 2016-cı ildə vətənimi tərk etdim.

Tərk etdim ki, yaşaya bilim. Əvəzində hələ də 4 ildir ki, illeqal statusu daşımaqla ayrı bir tələyə düşmüşəm. Mənim hekayəm bu haqdadır.

İlk dəfə buraya gələndə ümid dolu idim. Etibarlı vizam var idi. Lakin vizanın vaxtı bitəndə onu uzada bilmədim, çünki rəsmilərin dediyinə görə, Almaniyada qalmaq üçün “güclü səbəbim” yox idi.

Həmin vaxt bank hesabımda nə yetərincə böyük məbləğ, nə qalmağa yerim var idi, universitet və ya başqa bir səbəb də tapa bilmirdim ki, orda qalmağımı necəsə rəsmiləşdirə bilim.

Mühacirlər inkişaf etmiş ölkələrə böyük ümidlərlə gəlsələr də, onlar şokedici irqçi bir prosedur tərəfindən qarşılanırlar. Gender kimliyindən asılı olmayaraq başlanğıcdan etibarən onları qəbul edilmirlər. Beləliklə, mənim gender kimliyim uğrunda mübarizəm olaraq başlayan şey sadəcə mövcud olmaq hüququm uğrunda mübarizəyə çevrildi.

Deportasiya olunmağımla bağlı narahatlığım vizamın uzadılmasının rədd edildiyi andan etibarən gedərək artmağa başladı.

Beləliklə, viza uzadılmasına rədd cavabı verilməsi ilə rəsmi olaraq qeyri-qanuni bir miqranta çevrildim…


Hazırda Almaniyada mövcudluğu sual altında olan varlığımı bu fotodakı müqəvva təmsil edir. Öz istəyindən asılı olmayaraq hər yerə aparıla bilən oyuncaq kimi hiss edirəm.



Tutulma və deportasiya təhdidi altında yaşamaq psixi sağlamlığıma dəhşətli təsir göstərib. Daimi bir qorxu içində yaşayıram.

Bu vəziyyətdə olan yeganə insan deyiləm. Əlbəttə, məndən daha betər şəraitdə olanlar da var. Eləsi var ki, Almaniyada həyatının 35 ilini vizasız, statussuz və deportasiya qorxusu ilə keçirib.

Bizim kimilər çoxdur, bəzilərimizin travmaları dəhşətlidir.



Hazırda dünya bərbad istiqamətə doğru baş alıb gedir: irqçilik, seksizm, homofobiya, transfobiya, ksenofobiya, zorakılıq, hər cür ayrıseçkilik boğazacandır. Azərbaycan kimi ölkələrdə cəmiyyətin quruluşu və mentaliteti bu baxışları gücləndirir. Almaniya kimi mütərəqqi olduğunu düşündüyün ölkələrdə də hələ tə qeyri-tolerantlıq mövcuddur - xüsusilə bürokratik səviyyədə aydın görünür.



Sənədsiz - gizli bir həyat yaşamaq artıq məni yormuşdu - qırılma nöqtəsinə çatmışdım. Dözmək mümkün deyildi. Qərar verdim ki, Miqrasiya İdarəsinə gedib bu qeyri-müəyyənliyə son qoyum. 

Miqrasiya İdarəsində məni bu torpaqlara aid olmayan yadplanetli kimi qarşıladılar.

O gündən bəri özümü deportasiya edilməmək üçün bir döyüşə girmiş kimi hiss edirəm.

İdarədə illeqal kimi qeydə alındıqdan bəri illər ərzində deportasiya olunmağım barədə saysız-hesabsız bildirişlər aldım.

Proses belədir ki, şəxsin qeyri-qanuni bir əcnəbi olduğu müəyyən edildikdə məmurlar onun pasportunu əlindən alırlar. Onun yerinə şəxsə Duldunq (“tolerantlıq”) adlanan sənəd verirlər. Bu icazə kağızı o deməkdir ki, deportasiya qərarı hələ ki, dayandırılıb.

Əslində, o deməkdir ki, istənilən vaxt deportasiya oluna bilərəm, sadəcə bu kağız onu təxirə salır.

Bu o deməkdir ki, hər həftə deportasiya olunacağım barədə məlumat verilir, amma deportasiya təxirə salınır. Deportasiyanı təxirə saldırmaq üçünsə hər həftə müəyyən bürokratik proseduru yerinə yetirməliyəm. Başqa sözlə, vaxtımın xeyli hissəsini miqrantlar əleyhinə ritorikanın güclü olduğu açıq-aşkar sezilən miqrasiya idarələrində xərcləyirəm.

Əksər miqrasiya məmurları ümumiyyətlə insanla göz kontaktına belə girmir, sadəcə səndən mümkün qədər tez yaxasını qurtarmağa çalışırlar. Aqressiv danışırlar, əllərindəki iqtidardan gen-bol istifadə edirlər. Bəzən həmkarlarıyla deportasiya edilmiş insanlardan bəhs edərkən onlara əşya kimi yanaşdıqlarını eşidirdim. Əsasən çalışırlar ki, insanların canına deportasiya qorxusu salsınlar.

Bəzən cinsi oriyentasiyama və alman olmadığıma görə məni lağa qoyurlar. Miqrasiya məmurları ilə ünsiyyət zamanı rişxəndlə çox üzləşmişəm.

Almaniyada homoseksual olaraq qəbul edilmək əsla tam qəbul edilmək demək deyil. Cinsi oriyentasiya bir insanın sosial və ya rəsmi statusunun bir hissəsidir. Mən irqçiliyin və ayrıseçkiliyin qurbanı olmuşam.

Həyatım üçün mübarizə aparan bir insan kimi kimliyimlə bağlı suallar stresə səbəb olur. Çünki deportasiya təhdidi mənim kim olduğumla əlaqəlidir və bu kimlik mənim burada, ya da Azərbaycanda necə yaşayacağımı da müəyyənləşdirir.

Miqrasiya statsumu düşünmədiyim bir gün belə olmur… Və bu statusa qərar vermək alman məmurlarının əlindədir. Öz vəziyyətimi dəyişdirə bilmək gücündə deyiləm. Heç bir gücə malik olmayan bir insan kimi polis mənim üçün əsas qorxu mənbəyidir. 

Ən kiçik qanunu belə pozmağım, məsələn, avtobusda biletsiz olmağım və ya yolu qırmızı işıqda keçməyim deportasiya ilə nəticələnə bilər.

Bu arasıkəsilməz stress demək olar ki, yaradıcı fəaliyyətimi məhv edib. Burada indiyədək cəmi bir solo-sərgi təşkil etmişəm, o da 2015-ci ildə. Sərgi Avropada qaçqın böhranı ilə əlaqədar instalyasiya işindən ibarət idi. Həmin sərgidə mən Almaniyanın, ümumiyyətlə Avropanın immiqrasiya prosedurasını sorğulayırdım.

Lakin mütəmadi deportasiya təhlükəsi altında yaradıcılıqla məşğul ola bilmirəm. Həyatıma hakim olmuş daimi deportasiya qorxusu altında normal yaşayış qeyri-mümkünə çevrilib. İşləyə bilməmək və ya maliyyə dəstəyi almamaq o deməkdir ki, sığınacaq yerin yoxdur, qidalanmaq kimi əsas ehtiyaclarını da ödəyə bilmirsən. Bu prosesdə həddən artıq arıqlamışam və depressiyadan əziyyət çəkirəm. Qida heç vaxt yetərincə olmayıb. Adətən gündə bir dəfə yeyirəm, bəzən ümumiyyətlə yemirəm.


                           Yaşadığım yer bu soyuq və qarmaqarışıq məkandır. Mətbəxim də bu dar otaq sayılır.



Sevgilim və dostlarım burdakı yeganə dayağımdır; qalmaq üçün yer tapmağa və ya ərzaq almağıma həmişə kömək ediblər. Bəzən hətta mənə qara bazarda qanunsuz iş tapmağıma da kömək etməkdən çəkinməyiblər. Lakin başqalarından istəyəcəyim köməyin də bir həddi var.

Arada düşünürəm ki, görəsən, deportasiya edilsəm…Cümləni tamamlamaq belə istəmirəm.

Burda həyat çox çətindir. Bürokratik səviyyədə mövcud olan rasizmlə mübarizə aparmaq olduqca müşkül məsələdir, lakin deportasiya edilmək mənimçün həyatın sonu olar. Azərbaycan homoseksual bir insan üçün təhlükəli yerdir.


Yaşadığım məhəllədəki bina. Binanın üstündə içərisindəki melanxoliyaya zidd olaraq təbəssüm asılıb

Məhəllədə festival təşkil olunmuşdu, mən ora sadəcə pəncərədən baxa bilirdim. Polisdən qorxduğum üçün çox insanın olduğu açıq tədbirlərə gedə bilmirəm.

Hər kəsin festivalda olduğu vaxt mən içəridə təkbaşına eskiz çəkməklə vaxtımı keçirirdim.



Bəs ümidim varmı? Buna ümid deməzdim… sadəcə arzum var. Amma yaşamaq üçün bu da bəs edir.

Keçmişimlə bağlı qorxulu xatirələrim olsa da, gələcək xəyallarımın yeni xatirələrə çevrilməsi fikri məni davam etməyə sövq edir.


buraxılış

QORXU

DONASI

Sonrakı mövzu