Alovla ölüm: Azərbaycanda ekstremal etirazlar

Müəllif: Gülər Mehdizadə


Kollajlar Çiçək Bayramlınındır


Qarabağ veteranı Zaur Həsənov Bakıda hökumət binası qarşısında özünü yandıranda 42 yaşında idi. 2013-cü ildə onun ölümü ictimai səs-küyə səbəb olmuşdu. Bu vəziyyətlə əlaqədar etiraz çağırışlarına gətirib çıxarıb. Prezident İlham Əliyev də hadisəyə münasibət bildirib və "müharibə əlillərinə müalicə və yardım göstərilməsi" üçün göstəriş verib.

Bununla belə, rəqəmlər göstərir ki, intihar Azərbaycanda getdikcə yayılmaqda olan haldır və müharibə veteranlarını əhatə etmir. İntiharın ən ekstremal forması olan özünü yandırma halları  cəmiyyətdə artdığı müşahidə olunan çarəsizlik hissinin göstəricisidir – mövzunu şərh edən sosioloqlar, psixoloqlar və politoloqlar bu fikirdədirlər.



Zaur Həsənov məhkəmədə uzun müddət davam edən və müsbət nəticələnməyən mülkiyyət çəkişməsindən sonra 25 dekabr 2013-cü il tarixində uşaqlarının gözü qarşısında özünü yandırıb. Dağlıq Qarabağ müharibəsi veteranı 1995-ci ildə restoranı söküldükdən sonra təzminat almaq üçün iyirmi ildən çox mübarizə aparmışdı.

Onun ölümünün ardınca Azərbaycan mətbuatında özünü yandırma halları barədə xəbərlərın sayı çoxalmağa başladı, bu halların çoxu ölümlə nəticələnmişdi.

2014-cü ildə Sumqayıt sakini Jalə Talıbova və onun həyat yoldaşı Qarabağ müharibəsi veteranı Elçin Salahov Prezident Administrasiyasının qarşısında özünü yandırmaqla intihara cəhd edib. Ər-arvadın özünə qəsd etməsinin səbəbi məhkəmənin mülkiyyətçi kimi kompensasiya almaq hüquqlarını tanımaması olub.

2015-ci ildə 39 yaşlı mikroavtobus sürücüsü Arzuman Hümbətov 20 Yanvar dairəsinin yaxınlığında üzərinə benzin tökərək yandırıb. Hadisə şahidlərinin dediyinə görə, o, Nəqliyyat Nazirliyinin müfəttişlərinə etiraz olaraq bu addımı atıb.



Ramiz Manafov 2017-ci ildə Bank Respublika qarşısında özünü yandırıb, güman edilir ki, bu intihar onunla sözügedən bank arasında ödənməmiş kredit problemilə əlaqədar olub.

Özünü yandırma cəhdləri Azərbaycanda intihar hadisələrinin çoxalması ilə üst-üstə düşür. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun sözlərinə görə, son 5 ildə Azərbaycanda 3000-ə yaxın insan intihar edib. Bu rəqəm qonşu ölkələrə nisbətən daha kiçikdir, lakin 2008 və 2016-cı illər arasında ölkədə intihara cəhdlər dörd dəfə artıb.

Psixoloq Aysel İskəndərli hesab edir ki, intihar cəhdlərinin çoxu insanları sosial və iqtisadi problemlərdən əziyyət çəkdiyinin göstəricisidir.

“İnsanların yaşadıqları problemə başqaları da əlavə olunduqda artıq psixoloji partlayış baş verir. İntiharın forması isə artıq daha dərin problemlərin olduğundan xəbər verir. Məsələn, özünü yandırmaq. Bu, intiharın ən ağırı, ən dəhşətlisi və ən nümayişkəranəsidir”, o deyir.



Sosioloq Rüfət Qaragöz bu tendensiyanı cəmiyyətdəki dərin problemlərin təzahürü kimi görür.

“Baxıram, intihar edənlər, özünü yandıranlar içində gənclər də var. Bu, sadəcə çarəsizlikdir. Özü də çarəsizliyin lap son həddidir. Bu da cəmiyyətimizdə böyük problem, boşluq olduğunu göstərir. Bizim cəmiyyətdə ədalət problemi olduğu üçün insanlar bu yollara əl atırlar”, Rüfət Qaragöz bildirir.

“Normal cəmiyyətlər buna fikir verirlər. Belə halların qarşısını alırlar. Ən azı azalmasına çalışır. Məktəblərdə, məhkəmələrdə ədalətsizliyi yığışdırmalıdırlar. Ancaq bizdə yüzlərlə insanlar hətta məhkəmədən şikayətçi olur. Ədalət tapa bilmirik, nəticədə ən zəif, dözümsüz, aciz insanlar belə yollara əl atırlar, tab gətirə bilmirlər. Psixologiyaları, müdafiə sistemləri qırılır. Buna da ən nümayişkəranə şəkildə etiraz edir, intihar edirlər. Problemin kökü isə dərindir. Özünü yandırmalar isə ümumilikdə ölkəmizdə ədalətsizlik səviyyəsinin çox yüksək olduğunu göstərir” – deyə, sosioloq izah edir.

Azərbaycan hökuməti bəzi addımlar atmağa qərar verib: 2019-cu ilin noyabrında verilən açıqlamaya görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən Azərbaycanda intiharların qarşısının alınması üçün ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq.

Özünü yandıranların ailələri bu sahədə daha çox iş görülməli olduğunu düşünürlər. Nuridə Məmmədova 32 yaşında olarkən iki övladının gözü qarşısında özünü yandırıb. Bibisi Pəri Hüseynova deyir ki, o, ailədaxili problemlərin öhdəsindən gələ bilməyib.



Nuridə boşanmaq istəsə də, əri və ailəsinin daimi təzyiqi altında bu addımı atmayıb.

“Bizdə yola getməyən ailələrin ayrılması, boşanması və s. normal qarşılanmır. Halbuki vaxtında ayrılsaydılar, qızın başına bəxbəxt hadisə də gəlməzdi. Belə olmadı. Məhkəməyə getdiyinə görə qıza demədikləri qalmadı. Axırda namusuna da dil uzatdılar. Dedilər, məhkəməyə gedən normal adam olmaz. Yaxşı gəlin ərini məhkəməyə verməz”, Hüseynova xatırlayır.

Beləliklə, Nuridə təzyiqlərdən təngə gəlir və özünü yandırır…

Politoloq Zərdüşt Əlizadə inanır ki, Nuridə kimi insanlar ona görə intihara sürüklənir ki, ölkədə hüquqlarını müdafiə edəcək heç kim qalmayıb. 

“İntiharın digər sifəti terrordur. Əslində intihar aciz fərdin öz mənliyinə və qismən də cəmiyyətə qarşı tətbiq etdiyi terrordur”, o deyir. 

“Dövlətin səlib yürüşü nəticəsində tək-tük qalmış insan hüquqlarını müdafiə edən vətəndaş cəmiyyəti özəkləri o qədər az və əhalinin məlumatsızlığı o qədər genişdir ki, öz hüquqları uğrunda mübarizə üçün onlara müraciət əksəriyyətin ağlına gəlmir".



Bu gün Nuridənin qızının 22, oğlunun 14 yaşı var. Onlar analarını itirdikləri gündən bəri evlərinə gedə bilmirlər. Nənəsigildə 11 nəfərlik böyük bir ailədə yaşayırlar.

Bibisi Pəri Hüseynova deyir ki, bu hadisədə heç kəs günahkar bilinməyib. Nuridənin ölümündən sonra cinayət işi açılıb və tezliklə də işə xitam verilib.

“Halbuki bu uşağı özünü yandırmağa sövq etmişdilər. Durduğu yerdə özünü yandırmamışdı. Ombudsmana, Prezident Administrasiyasına, Mehriban xanıma, bir müddət hər yerə yazdıq. Onların da bir nəticəsi olmayandan sonra, hamımız susub, oturduq. İndi sadəcə xatırlayırıq. O qarayanız, bəstəboy, şirin- şəkər balamızı xatırlamaqla kifayətlənirik”.


buraxılış

Etiraz

DONASI

əsas
Chai-khana Survay