Su qıtlığı: qadınların çiynindəki yük

Fotolar: Ehtiram Cəbi

Müəllif: Leyla Həsənova


Azərbaycan su çatışmazlığından əziyyət çəkir; yerli və beynəlxalq proqnoza görə, bu problemin  getdikcə dərinləşəcəyi gözlənilir.

Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyinin gətirib çıxardığı bu vəziyyət daha çox kənd yerlərindəki qadınların əziyyətinə səbəb olur.

BMT-nin İnkişaf Proqramı proqnozlaşdırıb ki, 2021-2050-ci illərdə iqlim dəyişikliyi ilə əlaqəli quraqlıqlar Azərbaycanda su təminatını 23 faiz azaldacaq. Beynəlxalq Təbii Resurslar İnstitutunun quraqlıqla üzləşəcək ölkələr haqda tərtib etdiyi siyahıda Azərbaycanın 2040-cı ildə ilk 20 ölkənin sırasında olacağı bildirilib.

“İqlim dəyişikliyi nəticəsində su resurslarımız 15 faiz azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır”, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclasında deyib.

Azərbaycan Coğrafiya Cəmiyyətinin elmi katibi Mirnuh İsmayılov qeyd edir ki, fermerlər artıq ölkədə iqlim dəyişikliyinin təsirini hiss edirlər.

“Xüsusilə su ehtiyatları Biləsuvar kimi isti və quru iqlimə sahib və yarımsəhra zonalarında yerləşən rayonlarda çox vacib amillərdən biridir. Burada susuzluq və quraqlıq kimi problemlər bilavasitə əhalinin həyat fəaliyyətinə, onun iqtisadi gəlirinə çox kəskin şəkildə təsir göstərir. Məhsuldarlıq bir neçə dəfə aşağı düşür və bu əhalinin gəlirinə, sosial həyatına təsir edir” - deyə, o əlavə edib.


Dəqiq rəqəmlər əlimizdə olmasa da, Azərbaycanda qadınların kənd təsərrüfatındakı sayı dəqiq 50 faizdən yuxarıdır. Əksər hallarda onların kənd təsərrüfatında məşğulluğu məşğulluq kimi deyil, ayrıca sahibkar fəaliyyəti kimi deyil, daha çox ailəyə töhfə kimi qiymətləndirilir”, gender mütəxəssisi Şəhla İsmayıl qeyd edir.

Yağıntıların azalması və su çatışmazlığının ziyanı artıq Biləsuvar bölgəsindəki fermerlərin güzəranında özünü büruzə verir. 

Ənənəvi olaraq, bölgəyə ildə orta hesabla 70-80 gün yağış yağır. Rayonun Səmədabad kənd sakini Səkinə Əzimova deyir ki, 2019-cu ilin ikinci yarısında cəmi iki dəfə yağış görüblər.

Torpaq, kredit və təhsil kimi mənbələrə qeyri-bərabər çıxışın olması səbəbilə qadınlar dəyişikliklərə daha yavaş uyğunlaşırlar, bu isə onları quraqlıq şəraitinə daha həssas edir.

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl bildirir ki, su çatışmazlığı qadınların işini daha da ağırlaşdırır.

“Su çatışmazlığının kənd təsərrüfatına məhvedici təsiri var, amma əlavə olaraq bunun fiziki yükü qadının üzərinə düşür. Belə ki, bəzi yerlərdə qadınlar hətta suyu fərdi surətdə daşımalı olurlar. Əvvəla, ağır yük daşımaq qadınların adətən reproduktiv orqanlarında fəsadlara səbəb olur, əsasən də yaşlı dövrdə, bu da müəyyən patologiyalara gətirib çıxarır”, o deyir.

Nəzərə alsaq ki, patriarxal cəmiyyətlərdə məişət işlərini qadının öhdəliyi kimi görürlər, Şəhla İsmayılın sözlərinə görə, su qıtlığı olan yerdə qadının uşaqları və evini təmiz saxlamaqla bağlı çətinlikləri də yaranır; bu isə xəstəliklərə yol açmaqla qadınların işinin üstünə iş gətirir.

O əlavə edir ki, əksər hallarda qadınlar daha yaxşı və səmərəli fermer olmaq üçün lazım olan təhsil və avadanlıqlardan məhrumdurlar.

“Kənd təsərrüfatında işləyən qadınların yeni avadanlıqlara və yeni biliklərə əlinin çatmaması da ciddi problemdir. Hətta vaxtaşırı seminarlar, maarifləndirici tədbirlər təşkil olunsa da, ya qadınlara ailədəki kişilər icazə vermir o tədbirlərə getməyə, ya da ev işləri o qədər yükləyir ki, vaxt çatdıra bilmir”.


Biləsuvar rayonunun Səmədabad kəndində, digər kənd yerlərində olduğu kimi, qida, su, yanacaq üçün məsuliyyət qadınların boynundadır və ailənin qayğısını onlar çəkirlər. Su çatışmazlığı onların işini daha da artırır, ailələrinə qayğı göstərmələrini çətinləşdirir.


Azərbaycan hökuməti kənd təsərrüfatı ilə məşğul olan qadınların kişi fermerlərlə bərabərliyini təmin etmək üçün müəyyən layihələr başlatsa da, ümumi mənzərə məyusedicidir.

Məsələn, I qrup əlil olan Səkinə Əzimova dövlət tərəfindən verilən 12 hektarlıq torpaq sahəsini pilot layihəyə düşdüyü üçün itirməli olub. Həyətyanı sahələrində kiçik həcmli heyvandarlıqla məşğul olsalar da, susuzluq və quraqlığa görə torpağı vaxtında əkib becərə bilmir, buna görə də məhsul götürə bilmirlər.

“Demək olar ki, keçən il arpa, buğda heç olmadı. Toyuqlarımıza dəmi güclə götürdük. Heç öz həyətimizə su çatmır. Arpa-buğda ilə yanaşı, həyətdə elə gözəl güllərim vardı ki, hamısı susuzluğa görə yandı”, Əzimova deyir.

Onun əri və 2 oğlu da öz təsərrüfatlarında işləyirlər, lakin qazancları suvarma suyunu ödəməyə belə kifayət etmir.


Heyvanların olması müəyyən qədər kömək olur, yoxsa bir nəfərin işləməsiylə heç cür alınmır. Gərək toyuq-cücə, mal-qara saxlayasan ki, yumurtasından, ətindən istifadə edəsən. Onlar olmasa, tək maaşa baxsan, heç cür dolanmaq olmur”, Səkinə Əzimova izah edir.

Səmədabad kəndinin digər sakini Gülnaz Ağayeva susuzluq və quraqlıq kimi problemlərə görə, əkin sahələrindən məhsul götürə bilmədiyi üçün meyvə-tərəvəzi pulla almalı olur.

Ağayeva biri məktəbli olan 3 uşağı və həyat yoldaşı ilə birlikdə yaşayır.

Ailənin mal-qarasına, toyuq-cücəsinə və bostanına baxmaq üçün saatlarını sərf etsə də, su yoxdur deyə, ailə çətinliklə təməl ehtiyaclarının öhdəsindən gəlir.

“Hər şeyin təzəsi, yaxşısı şəhərə gedir və orada da ucuzdur. Pomidor şəhərdə 70-80 qəpik, burada 1 manat olur. Hətta toyuq-cücənin dəmini də pulla alırıq”, o qeyd edir. 

Ağayeva əlavə edir ki, mal-qara üçün alınan yem bir litr südün qiymətindən altı dəfə baha başa gəlir.

“Samanın heyvan üçün heç bir doyumluluğu yoxdur. Yonca isə 6 manatdır. Elə ailə var ki, kommunal xərcini ödəyə bilmir, onlar heyvan üçün necə yem, su alsın?”

Hökumət tədbir görəcəyini vəd etsə də, bu günə qədər edilən yardım cəmi iki kənddə suya çıxışın yaxşılaşdırılmasından ibarət olub. Landşaftşünas Mirnuh İsmayılovun fikrincə, ən yaxşı tədbir az su tələb edən bitki yetişdirməkdir.

Lakin hökumət bölgədə bol su tələb edən pambıq istehsalını artırmağa can atır. 2019-cu ildə Azərbaycan təxminən 92 milyon dollar dəyərində pambıq lifi ixrac edib.

Səkinə Əzimova isə bu gedişlə kənddə kiminsə qalıb-qalmayacağından, qalanların dolanışığı necə təmin edəcəyindən narahatdır.

“Gərək toyuq-cücə, mal-qara saxlayasan ki, yumurtasından, ətindən istifadə edəsən. Onlarsız sadəcə maaşla ailəni təmin etmək mümkün deyil”, o deyir.

“Bizim kənddən şəhərə gedib işləyən çox adam var. Qadınlar qalır, kişilər iş üçün gedir. Gedənlərin əksəriyyəti iş tapa bilmədikləri üçün ailələrini tərk etməli olan gənclərdir. Tək qalan isə qadın olur”.


Gülnaz Ağayevanın 3 uşağı və həyat yoldaşı ilə yaşadığı evi. Gülnaz mal-qaraya, toyuq-cücəyə və bostana baxmaq üçün saatlarını sərf etsə də, su yoxdur deyə, ailə çətinliklə təməl ehtiyaclarının öhdəsindən gəlir.

Səkinə Əzimova və qonşuları evdə və təsərrüfatda üzləşdikləri problemləri müzakirə edirlər.

“Hər şeyin təzəsi, yaxşısı şəhərə gedir və orada da ucuzdur. Pomidor şəhərdə 70-80 qəpik, burada 1 manat olur. Hətta toyuq-cücənin dəmini də pulla alırıq”, Gülnaz Ağayeva qeyd edir.

“Bizim kənddən şəhərə gedib işləyən çox adam var. Qadınlar qalır, kişilər iş üçün gedir”, Səkinə Əzimova deyir.

“Samanın heyvan üçün heç bir doyumluluğu yoxdur. Yonca isə 6 manatdır. Elə ailə var ki, kommunal xərcini ödəyə bilmir, onlar heyvan üçün necə yem, su alsın?”, Gülnaz Ağayeva bildirir.

Azərbaycan hökuməti bölgədə bol su tələb edən pambıq istehsalını artırmağa can atır. 2019-cu ildə Azərbaycan təxminən 92 milyon dollar dəyərində pambıq lifi ixrac edib.



Bu məqalə Chai Khana və Femiskop arasında tərəfdaşlıq çərçivəsində hazırlanıb.

buraxılış

Etiraz

DONASI

əsas
Chai-khana Survay