FaceTime zəngimizə qayıtmağını gözlədiyim müddətdə Aylanın tavanını müşahidə edərkən bəşəriyyətin özünü yenidən yaratdığı bir dövrdə yaşadığı qənaətinə gəldim. 

Bir çoxumuz illərdir avtopilotda yaşayırdıq, istəmədiyimiz işlərlə məşğul olurduq, davranmaq istəmədiyimiz şəkildə davranır, məhv olmasını istəmədiyimiz şeyləri məhv edirdik. İndi planet yeniləşir və insanlıq yenidən qurulur. Bu "fasilə" təbii bir çıxış yoludur; insanları yenidən düşünməyə, həyat və prioritetlərini təhlil etməyə sövq edən yeganə yoldur. Mənə elə gəlir ki, karantinlə bağlı ən müsbət məqam budur: sanki Yer kürəsinə vaxt verilib ki, insanların yaratdığı çirklənməni və məhvolmanı aradan qaldırsın.

Karantin elan ediləndən bəri fotoqraf olaraq evdə qalıram və heç nə çəkə bilmirəm. Bu foto-layihəni veb kamera vasitəsilə işləməyim durğun vəziyyətdən yeganə qaçışım oldu. Şəxsən mən hazırkı perioddan zövq alıram. Mənim üçün heç nə dəyişməyib; evin damında hər səhər yeməyimi yeyirəm və yaxınlarımla maraqlı söhbət edirəm. Bu FaceTime fotosessiyası da ətrafımdakı insanların eyni şeyi yaşadıqlarını göstərir. Çoxdan arzuladıqları uzun tətil günlərindən zövq alırlar.

Foto-proyektə başlamağı düşünəndə evdə tıxanıb qalmağın çətinliklərini göstərmək istəyirdim, "Yaşamağa fasilə" kimi bir şey danışmaq fikrindəydim. Lakin veb-kamera söhbətləri zamanı layihə tamamilə fərqli bir şeyə çevrildi. Yaşamağa fasilə verilməyib; həyat dəyişilmə prosesindədir.



Əsmər Ələkbərli, Azərbaycan Milli Musiqi Akademiyasının tələbəsi: "Bu periodda ən çox xoşuma gələn şey odur ki, gündəlik işlərdən ayrılıb filmlərə baxıram, pişiyim Markusla oynayıram, musiqidən zövq alıram, yemək bişirmək və zehni istirahət etmək üçün xeyli boş vaxtım var. Karantin bitəndən sonra ilk olaraq harasa gedib Long Island kokteyli içəcəyəm".




Ayla Mustafayeva, marketinq meneceri, “Handicraft”ın qurucusu, Bakı: "Gündəlik çətinliklərin hamısına ara verilib. Bu, mənə özümü düşünməyə vaxt tapmağa imkan verib. Həyatın prioritetləri çox təbii bir şəkildə sıralanıb və nəyin nə olduğu haqqında, nəyin niyə vacib olduğu haqqında bir qədər şüurlu yanaşma var. Karantin özümə olan sevgimi bərpa edib və özümü yeni bir şəkildə tanımağa şans verib. Düşünmürəm ki, bu vəziyyət bitdikdən sonra xüsusi bir şey edəcəm. Bir müddət eyni rejimdə olacağam və sonra tədricən hər şeyi bir addım dəyişərəm.




Famil Ağakişiyev, ixtisasca rejissordur, hazırda isə Berlində işəgötürmə agentliyində çalışır: "Almaniya hökumətinin böhrana münasibəti müsbət mənada hər kəsi şoka salıb. Merkel yenidən kraliçadır. Online dərslər, kitab dükanları və s. - hər şeyi pulsuz ediblər: Halbuki bu periodda hamının evdə oturduğu vaxt çox böyük gəlir əldə edə bilərdilər. Bu periodun şəxsən mənim üçün digər müsbət cəhət odur ki, dəli olmadan evdə uzun müddət qala biləcəyimi ortaya çıxarmaq fürsətim oldu. Karantindən sonra ilk fürsətdə axmaq bir Berlin barına gedəcəyəm. Filarmoniyaya gedəcəyəm. Görüşə çıxmağı planlaşdıracağam. Və Bjork konsertinə getmək!”




Maiko Marexişvili, qonaqpərvərlik agentliyi, Tbilisi: "Əvvəllər özümə ayırmağa vaxtım yox idi, indi bu fürsətdən istifadə edib yeni şeylər öyrənirəm və özünü inkişaf etdirməyə çox vaxt ayırıram. Bu bitən kimi dostlarımla hansısa bara gedib sərxoş olmaq istəyirəm".




Mehrin Əlili, əməliyyat üzrə mütəxəssis, Bakı: "Zənnimcə, karantinin müsbət tərəfi budur ki, xeyli boş vaxtımız var. Və bu vaxtı özümüzə təzyiq göstərmədən, istədiyimiz kimi istifadə etməyimiz vacibdir. Bütün bunlar bitdikdən sonra ilk olaraq dostlarım ilə görüşmək, çimərlikdə piknik etmək və ya ölkə içərisində kiçik bir səyahətə çıxmaq istəyirəm".




Nəzifə Abdullayeva, satış təmsilçisi, Monreal: "Düzünü desəm, karantin periodunda insanların xəstə olmasından başqa, hər şey müsbətdir mənimçün; səmimi-qəlbdən sağalmalarını arzulayıram. Bundan başqa, hesab edirəm ki, bu karantin bəşəriyyət üçün əsl qurtuluşdur. İnsanlar əvvəllər vaxt ayıra bilmədikləri işlərlə məşğul ola bilirlər. Hər gün səhər günəş işığına oyanıram, yoga, meditasiya ilə məşğul oluram, kitab oxuyuram, akvarellə işləyirəm, illərdir baxa bilmədiyim filmləri izləyirəm – bütün bunlardan zövq alıram. Sevdiyim və zövq aldığım şeyləri etmək, həqiqətən, ruhumu oxşayır. Amma karantindən sonra ilk olaraq kinoteatra (ən çox darıxdığım şey) gedəcəyəm və ard-arda altı filmə baxacağam".




Nigar Qasımova, tədbir meneceri, Bakı: "Bu period həyatda bir çox şeyi götür-qoy etmək, yenidən nəzərdən keçirmək üçün fürsətdir. Hər şey qurtarsın, dostlarımla uzun bir gəzintiyə çıxacağam və səyahət planları qurmağa başlayacağam".




Rəcəb Əliyev, memar, Bakı: "Çoxlu boş vaxtım var. Günümü əhval-ruhiyyəmə görə qura bilirəm, ofis həyatı ilə müqayisədə öz üzərimdə daha az təzyiq hiss edirəm. Şəhərdə tanıdığım yerləri gəzib, orda-burda dostlarımla gözlənilmədən rastlaşmaq üçün darıxıram".




İnayət və Ruqiyyə Tahirova, Bakı: "Düzünü desəm, Bakıda karantinin xoşagələn nəticələri məni sevindirir. Marketlərdə və xəstəxanalarda hər kəs şəxsi məkana çox diqqətlə yanaşır (xəstələnməkdən qorxub-qorxmamağa dəxli yoxdur). Ofis işçilərinin 90 faizi hər gün ofisə getməyin və mənasız iclaslara girməyin lazım olmadığını başa düşdü. Və karantin sayəsində videozəng etməyi öyrənmiş 70 yaşlı valideynlərimi görməkdən çox məmnunam. Hətta indi valideynlərim qərar verdilər ki, uzun müddətdir xaricdə olan dostları ilə videozəng vasitəsilə ad günlərini qeyd etsinlər. Amma unutmayaq ki, bunların hamısı müvəqqətidir. Ancaq təsəvvür edə bilərsinizmi, hər şey dəyişsə, karantin vaxtı aldığımız ən faydalı dərsləri davam etdirə bilərik. Bu period qurtarsın, atamı gəzməyə aparacağam. Mən karantindən əvvəl də ailəmlə evdə oturmağı sevən adam idim, amma hər şey qurtarandan sonra ilk olaraq dənizdə və ya təbiətdə vaxt keçirməyə gedəcəyəm".


Səbinə Mingthein, rəqəmsal marketinq meneceri, Bakı: "Həyatın dərinliyinə girmək və onu yenidən nəzərdən keçirmək üçün əlverişli zamandır. Karantindən sonra dostlarımı qucaqlamağı və xaricdə olan ailəmi görmək üçün yola çıxmağı gözləyirəm. Terasda səhər yeməyi və ya dənizkənarı bulvarda gəzmək kimi kiçik xoşbəxtliklərdən zövq alın".




Şeyda Allahverdiyeva, Azərbaycan Turizm Agentliyinin mədəni turizm üzrə mütəxəssisi, Bakı: "Yavaş templi həyatı hər zaman lüks hesab etmişəm və daima həsrətlə baxmışam – indi bunu yaşaya bilirəm. Karantindən sonra etmək istədiyim ilk şey kinoya və saç ustasının yanına getməkdir".



buraxılış

Təcrid

DONASI

əsas
Chai-khana Survay