Sərt təcriddən sonra Marneuli

Müəllif: Klaudia Kosicinska


Qlobal pandemiya Gürcüstanı vuranda ən çox təsirlənən bölgələrdən biri həm Azərbaycan, həm də Ermənistan sərhədlərinə yaxın yerləşən Marneuli rayonu oldu.

Bir neçə sakinində Covid-19 aşkarlandıqdan sonra 137 mindən çox əhalisi olan rayon 56 gün ərzində ölkədə ən ciddi karantin tədbirlərinə məruz qaldı.

Məhdudiyyətlərin çoxu Gürcüstanın başqa bölgələrində də tətbiq olunan karantin tədbirləri ilə eyni idi: zəruri olmayan bütün müəssisələr bağlandı və insanlar öz icmalarını tərk edə bilmədilər. Səyahət məhdudiyyətləri iqtisadiyyatın əsasını təşkil edən sahələrdə işləməyi çətinləşdirdi. Bundan əlavə, yerli əhali üçün ənənəvi əhəmiyyət daşıyan toy və yas mərasimləri kimi genişmiqyaslı tədbirlər qadağan edildi.

Ancaq ölkənin tamamilə təcrid olunmuş ilk hissəsi kimi, Marneuli rayonundakı vəziyyət bir çox cəhətdən bənzərsiz idi; bu təcrübə yerli əhalinin uzun müddətdir üzləşdiyi və davam etməkdə olan bir neçə problemi daha bariz göstərdi.

Rayonda əsasən etnik azərbaycanlı və erməni vətəndaşlar yaşayır. Gürcüstanda ilk olaraq məhz bu bölgənin sərt bir şəkildə virusa məruz qalmış olması faktı sosial mediada etnik azlıqlara qarşı nifrət nitqinin vüsət alması ilə müşayiət olundu.

Daha sonra isə yerli sakinlərin bir çoxunun dövlət dili olan gürcü dilini bilməməsi vəziyyəti daha da mürəkkəbləşdirdi. Sakinlərin Azərbaycan və erməni dillərində məlumatlandırılması üçün bir qədər səy göstərilsə də, reallıqda bir çoxları xəbər almaq üçün Azərbaycan, Ermənistan və Rusiya KİV-lərinə bağlı idi və beləliklə ölkədə onların həyatına birbaşa təsir edən məlumatlardan və faydalı açıqlamalardan xəbərsiz qaldılar.

Hərəkətə qorulan məhdudiyyətlər Marneuli sakinlərinə məhsullarını paytaxt Tbilisi və digər şəhərlərdə satmağı da çətinləşdirdi ki, bu da bəzi kiçik etirazlara səbəb oldu.
Marneulidə etnik azərbaycanlılar haqqında doktorantura tədqiqatım çərçivəsində 2018-ci ildən bəri hər ay bu kəndlərdə vaxt keçirirəm. Mart-iyun ayları arasındakı karantin həftələri bölgəyə gələ bilmədim. Məhdudiyyətlər qaldırıldıqdan sonra, sərt izolyasiyanın onlara necə təsir etdiyini öyrənmək üçün Daştəpə, Şulaveri və Zemo Sarali də daxil olmaqla bir neçə kəndin sakinləri ilə söhbət etməyə qayıtdım.


Artıq Marneulidə iqtisadiyyatın, demək olar ki, bütün sahələrində insanlar iş başındadırlar. Rayon sakinləri 56 günlük karantin ərzində icmalarından kənara səyahət edə bilməyiblər. Daştəpə (əhalisi - 1092) sakini 50 yaşlı Elmira karantini böyük çətinlik kimi xatırlayır - kənddə virus olmasa da, küçəyə çıxa bilməyiblər, bir-birlərinə baş çəkə bilməyiblər. Etnik erməni olan Elmira azərbaycanlı qonşularına nəsə lazım olanda həmişə kömək etməyə hazır olduğunu deyir.



Yerli sakinlər karantin ərzində çox əziyyət çəkiblər; açıq çay evləri kimi müəssisələr bağlanıb, ticarətlə məşğul olmaq və ya tarlada işləmək çətinləşib. İnsanlar çətin günlərdə ehtiyaclarını qarşılamaq üçün müxtəlif yollara baş vurublar: istifadə olunmuş paltarlarını satanlar, ehtiyacı olanlara bağ-bostanından məhsul paylalayanlar vardı…

“İnsanlar ilk dəfə koronavirus haqqında eşidəndə çox narahatlıq keçirdilər, çünki bunun sadəcə bir oyun və ya saxta olduğunu zənn edirdilər. Gürcüstanda ilk yoluxma təsdiqlənəndə çaxnaşma başladı və şəhərimiz qırmızı bölgə kimi təsnif edildi” - deyə, 23 yaşlı Sadiq bildirir.

"Bu, uzun çəkən karantin idi, buna görə bütün ölkə boyu insanlar işlərini itirdilər... Koronavirus səbəbiylə uzun müddət əziyyət çəkdilər. Xoşbəxtlikdən tibb sistemimiz çox yaxşı idi və həkimlərimiz əsl qəhrəmanlardır, çünki çox sayda insan həyatını xilas etdilər”, o əlavə edir.

17 yaşlı Mamuka Şulaveridəndir (əhalisi - 2500 nəfər). Ona və digər ailə üzvlərinə Covid-19 diaqnozu qoyulub. Onları Tbilisidə bir xəstəxanaya aparıblar, orada 15 gün yatırıblar, sonra iki həftə özünütəcrid üçün evə göndəriblər. O, bu gün sağalıb və universitet imtahanlarını yenicə başa vurub. Tbilisidə tarix və ya biznes oxumaq istəyir.

24 yaşı Maxo Tbilisidən olan gürcüdür. Bir müddətdir nənəsi ilə birlikdə Maretidə qalır. O, Tbilisidə aktyor olaraq işləyir. Pandemiya səbəbiylə son filmlərinin premyeraları təxirə salınmalı olub. Ancaq o, karantinə baxmayaraq, kənddə həyatın davam etdiyini deyir. Məsələn, qonşuları tarlalarda işləməyə davam ediblər.

58 yaşlı Misir Şulaveridə yaşayır. Həyat yoldaşı və oğlu Rusiyada yaşayır. O qeyd edir ki, sərhədlərin bağlanmasına baxmayaraq, regionda iş tapmaq üçün hələ də fürsət var. “Hazırda evlərdə boya işləri görürəm, qonşuluqda tikinti və təmir işləri aparıram. Burada iş tapmaq mənim üçün asandır. Həyatımdan məmnunam”.


Marneulidə, eləcə də ölkənin hər yerində uşaqlar virusun yayılmasının qarşısını alınması səbəbilə onlayn olaraq dərslərə qoşulmalı olublar. Hökumət Microsoft Teams üzərindən dərslər təşkil edib; dövlət televiziyasında erməni, azərbaycan və gürcü dillərində dərslər verilib. Ancaq bəzi yerli sakinlərin, xüsusən də Azərbaycanda yayımlanan televiziya verilişlərini izləyən etnik azərbaycanlıların bu verilişlərdən xəbəri olmayıb. Bundan əlavə, internet və digər texniki problemlərin çox olmasına görə mart ayında məktəblər bağlandıqdan sonra bir çox uşaq yalnız məhdud sayda dərsə qoşulub və ya ümumiyyətlə dərs üzü görməyib.



Marneuli kitabxanası əksər məhdudiyyətlərin qaldırılmasına baxmayaraq hələ də bağlıdır. 42 yaşlı İlham 2017-ci ildən Marneuli bələdiyyəsinin məclis üzvüdür. "İki aydır heç bir yeni iş görməmişik… Gələn il turizm Gürcüstana qayıdacaq və ondan sonra yaşıl zona hesab ediləcəyik. Qırmızı zona idik, indi yaşıl olacağıq".



Bəzi yerli sakinlər hələ də virusun mövcudluğuna şübhə ilə yanaşsalar da, digərləri hökumətin virusla mübarizə məqsədilə atdığı addımlara görə minnətdar olduqlarını bildirirlər. 

"Bu virusla yaşamağa öyrəşməliyik, çünki deyirlər ki, birdəfəlik yoxa çıxmayacaq. Yaxşı ki, sərhədləri bağladılar, çünki bunu etməsəydilər, heç kim sağ qalmazdı”, Elmira deyir. O əlavə edir ki, kənddə adi gigiyena kənddə problemləri var: karantin zamanı suyun gəlmədiyi vaxtlar olurdu. "Burada tez-tez su kəsilir, gündə 30 dəfə əllərimizi necə yuyaq?" 

buraxılış

Keçid

DONASI

əsas
Chai-khana Survay