Tatlar - Azərbaycanın Azsaylı Xalqı
Məsuliyyətdən imtina
Baxışlar: 9244
Dillər: 

Əhalisi Tatlardan ibarət olan Zarat Xeybəri kəndi Şamaxı şəhər mərkəzindən 45 km  aralı, Böyük Qafqaz dağlarının ətəyində, dəniz səviyyəsindən  1700 m hündürlükdə yerləşir. Çay daşlarından tikilən bir-iki mərtəbəli kürsülü  kənd evlərinin damları dəmir şiferlə örtülüb.  Hər evin yanında qoyun-quzunu saxlamaq üçün tövlə və kiçik ev eyvanları üçün daxmalar var. Kəndin ümumi bir məktəbi, 14-15 evi, təxminən 70 nəfər sakini var.

İran və Azərbaycan ərazisində məskunlaşan tatlar fars dilli etnoslardan sayılır. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, etnik xalq Şimali Azərbaycana köçürülərkən yerli türkdilli əhalini müəyyən qədər öz təsiri altına salmağa cəhd edirdi. Buna başlanğıcda qismən nail olsalar da zamanla daha çox özləri türkdillilərin təsirinə düşüblər. Etnik xalqın tarixi və dili barədə bu günümüzə kimi çox səthi araşdırmalar aparılıb. Publisist Maqsud Hacıyev 1995- ci il nəşrli "Toy-düyün xəzinəmizdən" kitabında qeyd edir ki tatların sayı barədə dəqiq məlumat yoxdur.

Buna isə səbəb assimilasiya və tatların ölkənin bəzi yerlərində pərakəndə yaşaması olub. 2009-cu ildə rəsmi siyahıyaalınmada Azərbaycandakı tatların sayı 25,200 kimi qeyd edilir. Əsas məşğuliyyəti heyvandarlıq, qismən əkinçilik olan tat xalqı Azərbaycanın Şimal-şərq rayonları (Abşeron yarımadası, Şamaxı, Dəvəçi, Quba, Xızı) və dağlıq zonalarında yaşayır. Tatlar eyni zamanda həm tat, həm də azərbaycan dilində danışa bilir. Kompakt yaşadıqları ərazidə tat dili əsas ünsiyyət vasitəsi hesab olunur. 

Neft və qaz ilə zəngin olan Azərbaycanın dağ kəndlərinə qaz və enerji verilmir. Əhalinin 20% qaznan təmin olunmur. Kənddəki elektrik dirəkləri 1967-ci ildə çəkilib. Sakinlərin sözlərinə görə o vaxtdan kənddəki şəraitlə maraqlanan olmayıb, getdikcə dirəklər də əyilir. Günlərlə işıqsız qalan kənd camatı neft lampalarından istifadə etməli olur.
http://ru.echo.az/?p=55790
"Yollar yaman gündədir. Elə ki qar yağdı, kənddən çıxa bilmirik. Qar əriyəndə də yollar palçığa dönür, çayların suyu da aşıb daşır, yerimək də olmur.Elə olub ki xəstəni şəhərə atla aparmışıq. Qar yağıb deyə maşın hərəkət edə bilməyib."- kəndli 55 yaşlı Seyidəzim Rəhimov deyir.
Həyət-bacadan təkcə xoruz, toyuq-cücə səsi gəlir. Qoyunları isə səhər tezdən otlağa aparılır. Qonşu evlərin xanımları həyətbacanı təmizləyir, yuyulmuş paltarları həyətin ortasından asılmış zivəyə sərirlər. Kənddə maddi vəziyyətin olduqca aşağı olması sakinlərin Novruz bayram tədarükü görməsinə çətinlik yaradır.
"Bayram gəlir, süfrəyə şirniyyat qoymaq lazımdı. Bilirsiz qozun-fındığın kilosu neçəyədi? İmkanımız çatsa bayrama 5-10 dənə şirniyyat bişirib süfrəyə qoymalıyıq," 69 yaşlı Şükufə Rəhimova deyir.
Kənddə bayram əhvalı təkcə pəncərə səkisinə qoyulmuş səmənilərdən hiss olunur.
Bir-iki mərtəbəli kənd evlərinin arasında taxta qapısı qıfıllanmış,bir mərtəbəli tikili diqqəti cəlb edir. Bu kəndin yeganə məscid binasıdır. Kəndlilərin sözlərinə görə şəraitsiz və baxımsız olduğundan heç istifadə olunmur.
Rəhimovanın ailəsi böyük olmasa da maddi cəhətdən çətinlik çəkir. 55 yaşlı Nazim Rəhimov heç bir yerdə çalışmır. 13 yaşlı kiçik oğlu hələ məktəbdə oxuyur. Qızı, 28 yaşlı Rahibə də nişanlıdır.
Amma ailənin maddi imkanı olmadığından cehiz almağa imkanı yoxdur. Ailə iki-üç baş qoyun-quzu, toyuq-cücə saxlamaqla dolanır.
"Bu kənddə demək olar ki, heç kim işləmir. Hərdən bir heyvanlardan bazara satmağa aparırıq ki onun pulu ilə özümüzə ərzaq alaq.Heyvanı da ya alan olmur, ya da dəyər-dəyməzinə satırıq. Bu kənddə hamı çətinliklə yaşayır. Başqa bir yerdən gəlirimiz də yoxdur." - Gülyaz Rəhimova ocaq qala-qalaya gileylənir.
Kiçik kürsülü evlərin üstü taxta şalbanlarla örtülü olur. Evi isti saxlamaq üçün divar kağızı ilə örtülü divarlara və taxta döşəmələrə xalı-xalça salınır.
"Burda meşə də yoxdu ki odunla ocaq qalayaq. Təzək tədarükümüzü yaydan hazırlayırıq. O da yetməyəndə pulla odun alırıq. Onu maşınlar gətirirlər. Bir maşın odun 300-400 manatadır." -Nazim Rəhimov əlavə edir.
Kəndin bir problemi isə ümumi su xəttinin olmamasıdır. Kənd camaatının dediyinə görə hərə öz imkandı daxilində yaxınlıqdakı dağ çaylarından evinə su çəkdirir. "Ötən ilə kimi suyu bidonlar, kanstrlərlə çaydan daşıyıb gətirirdim. Bir ildir ki evimə su xətti çəkmişəm. Amma qar yağanda su torbası donur, məcburuq çaydan su gətirək." - bu sözləri isə 61 yaşlı kənd sakini Zəkiyyə Ağayeva deyir.
Kənddəki elektrik dirəkləri 1967-ci ildə çəkilib.Sakinlərin sözlərinə görə o vaxtdan baxan olmayıb, getdikcə dirəklər də əyilir. Günlərlə işıqsız qalan kənd camatı neft lampalarından istifadə etməli olur.

Kənd evlərindən bir qədər aralıda, alçaq təpənin üzərində isə bir mərtəbəli məktəb binası yerləşir. Məktəb otaqları olduqca soyuq və təmirsizdir. Bu səbəbdən dərsə davamiyyət də zəifdir. Zarat Xeybəri kəndindəki məktəbdə cəmi 11 şagird təhsil alır. Qanuna görə, təhsil 11 illik olmalıdır, amma bu məktəb cəmi 9-cu sinifə qədər dərs verə bilir. Təhsilini davam etdirmək üçün şagirdlər 45 km-dən artıq məsafədə yerləşən Şamaxı məktəbinə getməlidirlər. Şamaxı rayonunda fəaliyyət göstərən 6 Tat kəndinin məktəblərində Tat dili dərsi keçirilmir. Etnik Tat olan jurnalist Dəyanət Məmmədovun sözlərinə görə, Qubanın Zarqava və Korkmazoba kəndlərində tat dili dərsi keçirilib. Hal-hazırda tat dili tədrisdə bərpa olunma layihəsi müzakirə olunur, amma dəqiq vaxtı hələ də aydın deyil.

Media üzrə vəziyyət də eyni olaraq qalır. Quba rayonunda yerli radio 1995-ci ilə qədər, Gutb TV telekanalı isə 2014-cü ilə qədər tat dilində xidmət göstərib.

Yaşayış olsa da Zarat- Xeybəri kəndinin nə xəstəxanası, nə apteki, nə də mağazası var. Kənd camaatı məcburən 45km yolu keçib şəhər  mərkəzinə getməli olur. Hər gediş -gəliş üçün isə adam başına 50-60 manat xərc çıxır. 

"Elə vaxt olub atla gedib yolları qardan təmizləmişik. Xəstəmiz olanda, ya yüngül bazarlıq etmək istəyəndə də Dəmirçiyə getmişik. "- Rəhimov bildirir.

Dəmirçi kəndi Zarat-Xeybəridən 10 kilometr aralıda yerləşən tat kəndlərindən biridir. Seyidəzim kişi deyir ki, xəstəsi olan mərkəzə gedə bilməyəndə,əlacsız qalanda təkcə Dəmirçidəki kənd həkiminə üz tuta bilir. Əvvəllər Zarat-Xeybəriyə çağırırdılarsa indi heç kim kəndin yollarına görə gəlmək istəmir. Kənd camaatı ehtiyac olanda bəzi ərzaq məhsullarını Dəmirçidəki kiçik mağazadan almağa gəlir.

Günün batmasına az qalır. Bir qədər sonra sürünü örüşdən gətirəcəklər. Sosial problemlərindən bol olan kənd camaatı ilə sağollaşıb Vilislə şəhər mərkəzinə qayıdıram. Kənd arxada, solğun qovaqların, qarlı təpələrin arasında gizlənir.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları