Bu yazını bəzi gənclər oxuya bilməyəcək
Məsuliyyətdən imtina
Baxışlar: 1439
Dillər: 

Hələ bir neçə il əvvələ qədər Şəhla öz adını belə yazmaqda çətinlik çəkirdi. Yerli məhkəmələrin birində katibə ondan ərizə yazmağı xahiş edib. “Yaza bilmirəm. Hərfləri tanımıram”, deyə Şəhla cavab verib. Ərizəni onun əvəzinə katibə yazıb, Şəhla isə göstərilən yerdə sadəcə imza kimi bir cızma-qara edib.

25 yaşlı Şəhla Gədəbəy rayonunda yaşayır. Artıq 8 yaşı olan qızına aliment almaq üçün məhkəmələri gəzir. Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə keçmiş həyat yoldaşı qızına ayda 100 manat ödəyəcək.

 

 Ev işləri dərs oxumağı arxa plana atıb

 

“Oxuma, yazma bilmirəm. Kənddə cəmi 3 sinif oxumuşam. Sonra atam öldü, anam bazarda alver edib bizi saxlamağa başladı. Mən də evin böyüyü idim, ona kömək elədim, özümdən balaca qardaşıma baxdım, ev işləri ilə məşğul oldum, dərs yaddan çıxdı. Kimsə mənə başa salmadı ki, oxumasam həyatım qaralacaq”, - Şəhla cadarlanmış əlini ovuşdura-ovuşdura danışır.

Şəhla Azərbaycanda yazmaq-oxumaq bacarmayan gənclərdən biridir. O, əyalətlərdə yoxsulluğun, sistemdəki çatışmazlığın nəticəsində savadsız buraxılmış bir gəncdir. Vəziyyət həmişə belə olmayıb. 90-cı illərdə Sovet təhsil sistemindən yenicə çıxmış Azərbaycanda yazıb-oxumağı bacarmayan adamları barmaqla saymaq olardı. Sovet dövründə təhsil icbari idi və uşaqlarını təhsildən kənarda saxlayan valideynlərin cəzalandırılması mexanizmi vardı. Nəzəri olaraq, eyni system davam edir, ümumi təhsil Azərbaycanda hələ də icbaridir, lakin reallıqda dərslərə davamiyyət prosesinə nəzarət mexanizminin olmadığını göstərən nümunələr ilbəil çoxalır. 

Təhsildən kənar qalmış gənclərin statistikası ilə əlaqədar Təhsil Nazirliyi Chai Khananın ünvanladığı yazılı sorğuya cavab verməsə də, qurumun mətbuat xidmətindən şifahi şəkildə belə bir statistikanın aparılmadığı bildirildi.

 

Yeni nəslin əngəlləri: yaza və oxuya bilməmək 

 

Yerli mediada vaxtaşırı bu mövzu ilə bağlı çıxan materiallar isə bu sahədə narahatlığın əsaslı olmasından xəbər verir. 2015-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası açıqlamışdı ki, 9-cu və 11-ci siniflərin şagirdləri arasında, nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub. Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 64 nəfər olub. 

Bir il sonra bu rəqəm daha da artıb: 2016-cı ilin buraxılış imtahanlarında 100 məktəb məzununun yazıb-oxuya bilmədiyi üzə çıxıb.

Təhsil üzrə mütəxəssislər hesab edirlər ki, uşaqların təhsildən kənada qalması, təhsil səviyyəsi daha çox ailələrin iqtisadi çətinlikləri ilə əlaqəlidir. Bu, Şəhla kimi gənclərin nümunəsində regionlarda xüsusilə kəskin hiss edilir.

“Unicef Azərbaycan” Təşkilatının təhsillə bağlı icmalında deyilir ki, uşaqların təqribən 4,7%-i ibtidai məktəbə getmir, baxmayaraq ki, yeniyetmələrin 12,6%-nin orta məktəbdən kənarda qaldığı hesab edilir. Bu uşaqlar ya heç vaxt məktəbə getməyiblər, ya da müxtəlif səbəblərdən məktəbdən çıxarılıblar. Məktəbdən kənarda qalan uşaqların əksəriyyəti qızlar və əlilliyi olan uşaqlardır. 

Bu göstəricilərə əsasən, Şəhlanın taleyi Azərbaycanda minlərlə gəncin və uşağın taleyini əks etdirir. Şəhlanın məktəbdənkənar uşaqlığı xoşbəxt keçməyib. O, 15 yaşındaylən nişanlanıb, bir il sonra isə evlənib.

“Ətrafımdakılar kimi, elə bildim ərə getsəm, xoşbəxt olacam. Rəsmi nikahımız olmadı. Sonra da bəyənmədi məni, atıb başqası ilə ailə qurdu”, Şəhla deyir. 

Şəhla ikinci evliliyə şans vermək istəyir, bu dəfə də nikahını rəsmiləşdirmir. Yaxınlarda Şəhla ikinci qızını dünyaya gətirib. Amma yenə də ailə həyatı uğursuzla nəticələnib; həyat yoldaşı qəzada həlak olub.

İki qızı ilə birlikdə yaşayan Şəhla hazırda kafelərdən birində qabyuyan işləyir. Bəzən də evlərə günəmuzd xidmətçi gedir. Gündəlik gəliri 5 manat olur, ev təmizləyəndə isə bu rəqəm bəzən 8-10 manat olur.

“Hökumətdən heç nə almırıq. Sosial yardım üçün müraciət etdim, vermədilər, gözümü dikmişəm uşağın alimentinə. Bir də yaxşı adamlar sağ olsun, hərdən iş tapırlar, çörəyimi qazanıram. Rayon yeridi, kafedə işləyənə hərə bir söz qoşur. Keçmiş ərimin arvadı, baldızlarım haqqımda hər söz deyirlər. Balalarımı saxlamalıyam, bircə qorxuram mənə yaxdıqları ləkə onların da həyatını qaraldar”, Şəhla köks ötürür.

Elə qızları üçün də şəkilinin çəkilməsinə, yaşadığı kəndin adının yazılmasına razı olmur. “Qızım məktəbə gedir, yoldaşları mənim haqqımda heç nə bilmir. Yeni əraziyə köçmüşük, heç məni yaxşı tanıyan da yoxdur. Şəkilimi internetdə görsələr, adıma qara yaxarlar, uşağa deyərlər, anan internetə düşüb, qorxuram”.

 

Həbibə hecalaya-hecalaya oxuyur

 

Bakı kəndlərindən birində böyümüş 20 yaşlı Həbibə də təhsildən kənarda qalanlardandır - çətinliklər içində keçən uşaqlığı buna səbəb olub. 

“Anamla atam ayrılanda 4 yaşım olub. Nənəmin himayəsində qalmışam. Sənədlərdə göstərilir ki, güya 5-ci sinfə qədər oxumuşam, amma elə deyil”, üç aydan sonra ilk övladını dünyaya gətirməyi gözləyən Həbibə bildirir.

Həbibənin evliliyi qısa çəkib; savadsız bir qadın olaraq hazırda nə iş tapıb qazanc əldə edə bilir, nə də yaşamağa yeri var.

“6 yaşım olanda internata göndərdilər, yadımda deyil nə qədər qaldım orda. Sonra yenə nənəmin himayəsinə verildim. Bütün günü evdə olurdum, ev işləri ilə məşğul idim.

Məni təhsildən yayındırdılar, ümidim yox idi oxuyacağıma, ona görə də heç oxumadım. Elə internatda nə öyrətdilərsə, odur”.

Həbibəgil ailədə 5 uşaq olublar və heç biri məktəbə getməyib. Sonra valideynləri ayrılmaq qərarına gəlib, hər ikisi də özünə yeni həyat qurub, uşaqlardan imtina edib.

Həbibənin nənəsi öləndən sonra isə böyük qardaşları ilə aralarında söz-söhbət olub, qardaşları onu evdən qovublar. Kiçik bacısı və qardaşından isə məlumatsızdır, onların uşaq evlərinin birində olduğunu təxmin edir.

“Anam atamı sevməyib, azyaşlı olanda ərə veriblər. Bizi məcburən dünyaya gətirib. Sonra da sevmədiyi bir kişinin uşaqları olduğumuz üçün atıb. İndi hər birinin öz ailəsi var”. 

Həbibə bir müddət küçələrdə kiçik şirkətlərə məxsus bukletlər paylamaqla, gül satmaqla dolanıb. Qapısını ona açanlar barədə isə “hazırda xeyirxah insanların yanında qalıram” deməklə kifayətlənir. Dünyaya gətirəcəyi uşaq barədə keçmiş ərinin isə xəbəri yoxdur.

“O, mənim uşağımdı, özüm ona baxacam. Necə baxacağımı, necə yaşayacağımı bilmirəm. Vaxtında oxusaydım, bu gün bu vəziyyətdə qalmazdım. İndi çalışıram oxumağı, kompüterdə işləməyi öyrənim. Artıq hecalayıb oxuya bilirəm”, - Həbibə vurğulayır.  

 

Ancaq səsli mesaj göndərir

 

Mingəçevir şəhər sakini 25 yaşlı Arif Əliyevin isə özü oxumaq istəmədiyini deyir. Kəllə-beyin travması almış, ikinci qrup əlilliyi olan Arif oxumadığına peşman deyil.

“Heç vaxt dərs oxumağa marağım olmadı. 6 saylı məktəbə gedirdim, qovdular, bir az da 9 saylıya getdim, heç kitab üzü açmırdım. Oranı da yarımçıq atdım. Başladım şüşə qablar yığıb satmağa, pul qazanmağa. İndi nə oxuya bilirəm, nə də yaza. Bircə rəqəmləri tanıyıram, pulların üstünə yazılır axı”, -deyə Arif vurğulayır.

O, kommunikasiya üçün əsasən Whatsapp istifadə edir. Deyir ki, nömrələrə baxmaqla zənglərin kimdən gəldiyini bilir və yalnız səsli mesaj göndərir.

Arifin başqa məhdudiyyətləri də var; yeniyetmə yaşında yıxılıb başından zərbə aldığına görə, ağır işlər görə bilmir. Çağırırlar, kiminsə həyətində fəhləlik edir, tullantıları təmizləyir, paltar ipi düzəldir, odun sobalarını təmizləyir və qazanc əldə edir. Bunlara baxmayaraq, Arif halından şikayətçi deyil, onun üçün əsas odur ki, kiməsə möhtac qalmır. Gündəlik 5-10 manat qazancı olur. 61 manat da əlilliyinə görə təqaüd alır.

Baxmayaraq ki, sevgilisi var, Arif ailə qurmaqdan çəkinir. “Daimi gəlirim yoxdu, necə ailə saxlayım? Savadım olsaydı, gedib hökumətdən iş istəyərdim. O da yoxdur. Evləndinsə, uşaq olur, onu saxlamaq, oxutmaq lazımdır. Mənim buna imkanım yoxdu, uşağımın da özüm kimi savadsız olmasını istəmirəm”, Arif izah edir.

 

Əsas səbəblər: erkən nikah və məcburi əmək

 

Təhsilsiz qalmış Bakı sakinlərindən biri də 13 yaşlı Rəsuldur. Beş ay əvvələ qədər o, küçələrdə salfet satmaqla məşğul olub. Polislər onu elə küçədən – Fəvvarələr Meydanından götürüb uşaq sığınacağına təhvil veriblər. Sığınacağın rəhbəri, uşaq hüquqları üzrə ekspert Kəmalə Ağazadə deyir ki, 2018-ci ildə sığınacağa 200-dən artıq uşaq gətirilib, onların 80 faizdən çoxu təhsildən uzaq, oxuma-yazma bilməyən uşaqlardır. Onun fikrincə, ölkə üzrə qızların təhsildən yayınmasına səbəb erkən nikah, oğlanlarda isə məcburi əməyə və dilənməyə cəlbedilmədir.

Rəsul insan alveri qurbanı kimi qeydiyyata salınıb; diləndirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı istintaq gedir. Özünün dediyinə görəsə, atasını uşaqlıqda itirib, anası, atalığı və bacı-qardaşı ilə birlikdə yaşayıblar. Bacısı ailə qurandan sonra yeznələri onu işləməyə və dilənməyə məcbur edib. Deyir ki, anası da qorxusundan heç nə deyə, mane ola bilməyib: 

“Bacımın yoldaşı hamımızı döyürdü, bacım da, anam da qorxusundan heç nə deyə bilmirdi. Atalığım istəmirdi alver edim, amma qorxusundan məcbur olub heç nə demirdi”.

Sığınacağa gəldikdən sonra anası ilə bacısı Rəsula baş çəkməyə gəliblər. Lakin 13 yaşlı uşaq artıq əvvəlki həyatıma qayıtmaq istəmir; qorxur ki, yenidən dilənməyə məcbur ediləcək.

“Anamdan niyə məktəbə getmədiyimi soruşanda deyirdi ki, sənədlərin yanıb, gedə bilməzsən”, Rəsul danışır.

“İndi Rəsul iki əllə kitaba sarılıb. Hələlik məktəbə getmir, fərdi təhsilə cəlb olunub. Düşünürük ki, hardasa 4-cü sinfə qəbul oluna biləcək. Çünki dərsləri sürətlə mənimsəyə bilir. Hazırda sığınacaqda onun vəziyyətində olan daha 4 uşağımız var. Onları da fərdi təhsilə cəlb etmişik”, -deyə Kəmalə Ağazadə əlavə edir.

20 yaşlı Həbibə Bakı kəndlərindən birindəndir, hazırda yaşamaqçün yeri yoxdur. "Xeyirxah insanlar bəzən yer verirlər qalmağa", deyir.
Həbibə kompüterdə işləməyi yeni öyrənir.
Bu oyuncaq 20 yaşlı Həbibənindir. O deyir ki, uşaqlığını doyunca yaşamayıb
Həbibənin əsas qayğısı dünyaya gələcək körpəsini yaşatmaq üçün iş tapmaqdı
"Bütün günü evdə olurdum, ev işləri ilə məşğul idim. İnternatda nə öyrətdilərsə, odur", deyir Həbibə
Həbibə bir müddət küçələrdə şirkətlərə məxsus bukletlər paylamaqla, gül satmaqla dolanıb.
Həbibə hecalaya-hecalaya oxuyur. “Bilmirəm necə, amma uşağıma özüm baxacağam”.
Həbibə evini ona açan insanların ev işlərində onlara kömək edir
Arifin həyatdan gözlədikləri çox deyil, evinə gündəlik çörək aparsın, yetər
Arif kiminsə həyətində fəhləlik edir, tullantıları təmizləyir, paltar ipi düzəldir, odun sobalarını təmizləyir və qazanc əldə edir.
Rəsul şəkil çəkməyi sevir, xüsusən də maşın şəkillərini
Musiqiyə marağını öyrəndikdən sonra sığınacaqda Rəsula gitara alıblar
Şəkil çəkmək, futbol oynamaq və gitara çalmaq Rəsulun əsas hobbiləridir
Rəsul əvvəlki həyatına qayıtmaq istəmir, amma sığınacaqdan kənardakı həyat da həmişə marağındadır

Fotolar Nurlan Babazadə tərəfindən çəkilib


 

Gənclik

Fevral/Mart 2019

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları