Tənha Ana Borclarını Ödəmək və Uşaqları ilə Əlaqə Yaratmaq Üçün Mübarizə Aparır
Baxışlar: 1177
Dillər: 

“Axırıncı dəfə uşaqlarımı 2015-ci ilin sentyabrında 10 dəqiqə görə bilmişəm. Uşaqlar məni qucaqlayıb deyirdilər “Ana, bizlə gedək”. Heç bir şey deyə bilmədim. Eləcə “nənəniz xəstədir, ona baxıram. Qayıdacam.” deyib ayrıldım.”

33 yaşlı Esmira İbrahimova aldığı böyük miqdarda borc pulu  sonradan geri qaytara bilmədiyinə görə Sumqayıt məhkəməsinin qərarı ilə 2016-ci ilin yanvarında azadlıqdan məhrum edilir. İki ay yarımdan  sonra həbsxanada üçüncü övladı dünyaya gəlir və 8 il müddətinə ev dustağı kimi şərti cəza alır. Amma ona böyük uşaqlarını görməyə hələ də imkan verilmir.  

“Həbsxanada olanda ekspertiza keçirilmişdi. Böyük oğlum məni görmək istəmədiyini deyib, kiçik oğlum isə deyib, guya “nə zaman istəsəm atam mənə anamla görüşməyə icazə verir.” Halbuki heç bir görüş olmayıb.  Uşaqlarıma öyrədiblər ki,mən pozğun və əxlaqsız qadınam. Ona görə də onlara yaxınlaşa, görüşə bilmirəm. Sumqayıt Polisi isə şikayətimə baxmır.”

İbrahimova deyir ki, borc almağa onu həyat yoldaşı vadar edib, sonradan isə ümumiyyətlə məsuliyyəti üzərindən atıb.
 
“Yoldaşım bir dəfə dedi ki, “bir adama borcum var, verə bilmirəm. Borclu olduğum adam səni, uşağı izləyir. Oğlumu məktəbə aparma.” Ailədə qohumlara söhbəti aça bilmirdim. Böyük oğlum epilepsiya xəstəsi olduğundan xüsusi internat məktəbinə gedirdi.  Elə həmin məktəbdə bir valideyn  qızıl alveri ilə məşğul olan tanışından danışmışdı. Yoldaşımın istəyi ilə həmin qadından faizinə qızıl aldım. Borcu pulla ödəyəcəkdim. Sənədləşmə mənim adima idi və 4 illik müqavilə ilə üzərimə böyük miqdarda borc  ödəmək düşürdü. Baha aldığım qızılları ziyanına ucuz qiymətə satırdım, həm faizi , həm də yoldaşımın borcunu ödəyirdim. Yoldaşımın dediyinə görə bu pulla borclarını tamam qaytarmışdı.”

İbrahimovanın sözlərinə görə   bir müddət  sonra evdən üzərində böyük miqdarda pul hesabı yazılan topaz qəbzləri tapır. Elə bundan sonra yoldaşı və onun qohumları ilə mübahisə yaranır.   

“Onlar əlimdəki qəbzləri alıb cırdılar, məni günahkar çıxardılar. 2015-ci ilin aprel ayının 1-də ərim uşaqları, şəxsiyyət vəsiqəmi əlimdən alıb anamın üstünə atdı ki, özbaşına pul götürmüsən,mənim heç nədən xəbərim yoxdur. ”


 

İbrahimova deyir, sonradan borcun az hissəsi qalsa da  faizi ödəmək imkanı olmayıb,   qarşı borc verən tərəf isə onu məhkəməyə verib və beləliklə, həbs olunub.

“Həbsdən əvvəl yoldaşım boşanma üçün müraciət etmişdi. Qısa müddətdə xəbər gəldi ki məhkəmə qərar verib, boşanmışıq. Sonradan bildim ki, məhkəmədə saxta qərar verilib. Heç bir boşanma olmayıb, apellyasiya məhkəməsində, ümumiyyətlə, boşanma işinə xitam verildi. Çünki qanunla yeni doğulan uşağın bir yaşı tamam olana kimi boşanma ola bilməzdi. İndi ərim həbsxanada doğulan kiçik övladını qəbul etmir. Şərti azadlığa çıxsam da  yaşadığım, qeydiyyatda olduğum evə buraxmır, şəxsi əşyalarımı götürməyə icazə vermir. Uşaqlarımla da görüşməyə də qoymurlar. Mənim uşaqlarımla görüşmək hüququm var.”

İbrahimova deyir həbsdən buraxılandan sonra qohumları da onu  qəbul etməyib. O da beş aylıq körpəsi ilə birgə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdindəki qadın sığınacağına yerləşib. Övladı  isə travma ilə doğulub,həm pnevmaniya xəstəsidir. İmkanı olmadığı üçün müalicə də edə bilmir. Səhiyyə Nazirliyinə, Ailə Qadın və Uşaq Problemləri Dövlət Komitəsinə müraciət etsə də hələlik ona köməklik göstərilmədiyini deyir.

İbrahimova bildirir ki, Sumqayıt Apellyasiyasında avqust ayında yenidən məhkəmədə işinə baxılacaq və hakimin xəbərdarlığına görə  qalan borcun müəyyən hissəsi ödənilməsə yenidən həbsə atılacaq, üçüncü övladı isə internat evinə veriləcək.  

“Körpə xəstə uşağımı tək qoyub işləyə, borcumu qaytara bilmirəm. Yeganə istədiyim şey uşaqlarımın yanımda olmasıdır. Yenidən həbsə düşmək istəmirəm.”


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin və qadın sığınacağının rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə hazırda İbrahimovaya məhkəmə işi və mülkiyyət hüququnun bərpa olunması  ilə bağlı təşkilatda müəyyən hüquqi yardım göstərilir.

“Hüquqi yardımla yanaşı birliyimizin sosial işçisi bütün lazımi sənədlər, məhkəmə qərarları ilə tanış olub. Qanunla İbrahimova ailəli sayılır və digər övladları ilə görüşmək hüququ var. Lakin burda ailədaxili zorakılıq kimi həyat yoldaşı tərəfindən analıq hüququ pozulur. “

 

Hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov vətəndaşların borcla bağlı probleminə münasibət bildirərkən qeyd edib ki, qanunvericiliyə görə həbs yalnız borclu şəxsin imkanı olduğu halda məhkəmə qətnaməsini icra etmədikdə mümkündür. Əgər borc alan şəxsin borcu ödəmək imkanı yoxdursa qarşı tərəf ( borc verən ) məhkəmədə iddia qaldıra bilər. Bu iddiaya görə borc məsələsi dəqiqləşdirilir və məhkəmə borcun ödənilməsi ilə bağlı qətnamə qəbul edir. Sonra isə qətnamənin icra mərhələsi başlayır.

Əgər borc alan şəxsin borcu ödəməyə maddi imkanı yetmirsə o zaman qətnamə icrasız qalacaq. Bu hal borc alan şəxsi borcdan azad  etməyəcək. Nə zamansa qazanc olsa həmin şəxsdən borc yenidən tələb ediləcək. “

"Müvafiq icra hakimiyyəti orqanlarının nəzdində yaradılan qəyyumluq və himayə komissiyaları  var. Əgər valideynlə uşağın ünsiyyətində problem yaranarsa öz səlahiyyəti çərçivəsində həmin orqanlar tədbir görməlidir."

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova bildirir ki, Komitəyə valideyn hüququnun pozulması ilə bağlı çox şikayətlər daxil olur. Xüsusi ilə analıq hüququnun həyat yoldaşları tərəfindən pozulması hallarına daha tez-tez rast gəlinir.

“Biz araşdırma aparırıq, qəyyumluq və himayə orqanlarını bu cür məsələlərə cəlb edirik. Məhkəmə yolu ilə  valideyn hüququndan məhrum edilməyibsə ananın öz övladı ilə görüşmək hüququ var. Amma bəzən vəziyyət o həddə çatır ki, uşaq uzun müddət digər valideynin təsiri altında olduqda anasını görmək istəmir. Biz bu halda anaya dərhal məhkəməyə müraciət etməyi məsləhət görürük. Məhkəmə yolu ilə ünsiyyət qaydası müəyyənləşdirilir. Əgər görüş uşağın mənafeyinə uyğun deyilsə o zaman ünsiyyət təmin edilmir.”

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları