Üç Evə Açılan Atəş
Baxışlar: 2112
Dillər: 

“İyulun 1-i gəlməli idi.  O vaxt yaxınlaşdıqca başqa cür oluram, əvvəlki kimi yox”.

 

“Mən hələ qəbul edə bilmirəm ki, o yoxdu. Deyirdi havalar isinsin, gələcəm. İndi adam yanıb-tökülür, havalar isindi, o gəlmədi”- aprelin 1-də Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından sonra cəbhədə şəhid olan Müfiq Orucovun valideynləri köks ötürə-ötürə oğullarından danışırlar. Onlar müharibəni bir dəfə görmüşdülər. Zəngilan rayonundan köçkün düşəndə hələ Müşfiq doğulmamışdı. 1994-cü ildə Bakıda doğulan Müşfiq Zəngilanı ata-anasının söhbətlərindən tanıyıb. Bir də evlərinin yaxınlığındakı 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Anası deyir ki, yataqxanada yaşayıblar. Qaldıqları ev indiki otağın yarısı boyda olub. Müşfiqlə bacısı eyni vaxtda universitetə hazırlaşıblar. Anası Aygün Məmmədli deyir ki, oğlu darısqal evdə, dəhlizdə səs-küylə, evdə dizinin üstünə taxta qoyub dərslərini yazırmış. Əziyyətinin nəticəsində Müşfiq 700 balla Azərbaycan Texniki Universitetinin Avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub. Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib.  Havalar isinəndə  axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışırmış. “Oradan da çıxıb universitetə gedirdi. Bizə kömək etmək istəyirdi. Deyirdi, heç olmasa yol pulumu özüm qazanım”- atası Arif Orucov danışır.

 

Ailə istəyib ki, Müşfiq magistratura imtahanın versin, bəlkə ona qədər qanun dəyişər, əsgərlikdən möhlət verərlər.

 

“Məhəllədə 5-6 uşaq əsgərliyə gedib gəlmişdi. Deyirdi, yaşca mən onlardan böyüyəm, onlar əsgərlikdə olublar, mən qalmışam. Utanıram, gedim-gəlim sonra magistratura oxuyaram”- atası deyir.

 

Valideynləri Müşfiq haqqında danışdıqca arabir səsləri qırılır, uzun sürən sükut başlayır. Anası bir əlində dəsmal gözünün yaşın silir. Evdən asılan saat da dayanıb. Saatın içinə Müşfiqin əsgərlik şəkilləri qoyulub. Evin hər tərəfi əsgərin şəkilləridir.

Aygün Məmmədli deyir, sonuncu dəfə yanvarda oğlu ilə görüşüblər. Onun xidmət etdiyi Naftalan şəhərinə gediblər.  “Əlində yenə kitab var idi. Deyirdi, kitab oxuyun. Bu kitabda pul qazanmağı öyrədirlər. Gülə-gülə dedim ki, maman qurban, biz oxumağı öyrətmişik, sən də pul qazanmağın yolun öyrən, gələndə özünə bir iş qur. İxtisası da elə idi ki, gələn kimi iş tapacaqdı”.

 

Sonuncu dəfə 29 martda atası Müşfiqlə danışıb. Ona çatdırıb ki, diplomun alıb, surətin çıxarıb yaxın vaxtda göndərəcək. Atəşkəs pozulduğu günlərdə valideynlər düşünüb ki, yəqin zəng etməyə imkan olmur. 4 apreldə gözlənilməz xəbəri alıblar, Müşfiq döyüşlərdə həlak olub. “Hadisələr baş verəndə onları Tərtərdə Talış kəndi yüksəkliyinə qaldırıblar. Ara sakitləşib, 4 nəfər bir yerdə oturublar. Bir nəfəri nəsə gətirməyə göndəriblər, o gəlib görüb ki, mərmi düşüb onlar həlak olublar”.

Müşfiq Orucov ölümündən sonra “Vətən uğrunda medal”la təltif olunub.

 


 

 

Əsgərlikdən gəlib evlənəcəkdi

 

Rəşid Baxşəliyevin hərbi xidməti döyüş başlayan gün, aprelin 1-də başa çatıb. Amma onu saxlayaraq döyüşə cəlb ediblər. Bu haqda Rəşidin  atası Əliağa Baxşəliyev danışır.

 

“Ayın birində əmri çıxan uşağı saxlamağa onların ixtiyarı yoxdur. Cəbhəyə, posta göndərməyə, hətta əlinə silah verməyə ixtiyarları yox idi. Anası ilə danışanda deyib, aprelin 12-də gəlirəm. Ayın 10-da ona 20 manat pul göndərdim ki, gəlir, nəyəsə ehtiyacı olar. Aprelin 11-də gecə meyitin gətirdilər”.

 

Rəşid Baxşəliyevin ailəsi Zəngilandandır, amma özü 1996-cı ildə Bakıda doğulub. Onun musiqiyə həvəsi olub. Asəf Zeynallı adına musiqi məktəbin qurtarıb. Anası Çimnaz Baxşəliyeva oğlunun ifa etdiyi sintezatoru indi gözündən uzaq yerə qoyub ki, görəndə qəhərlənməsin. “O qədər arzuları, niyyətləri var idi. Onu necə deyim?! (doluxsunur) Bu evdə nəyə əl atıram onundur. Suvenirlər, balaca vaxtından qalan oyuncaqlar. Hər dəfə zəng edəndə deyirdi ki, gələcəm, özümə toy eləyəcəm. Sabirabadlı bir qızı sevirdi. Qohumun toyuna da gələcəkdi, demişdi ki, xonçadakı şirniyyatdan mənə də saxlayarsınız. Qızlar o şirniyyatları onun qəbrinə tökdülər”.

Rəşid hərbi xidmətdə qalmaq istəyib. Ailəsi “evin tək oğlusan” deyib, buna razı olmayıb. Axırda razılığa gəliblər ki, Bakıya qayıdıb 10-15 gün qalandan sonra oğulları qərarın verər.

 

“Evə qırmızı pərdə tutdum, qırmızı döşək saldım, elə həvəsli idim ki, gələcək. Gecə onun şəklin əlimə alıb üzümü divara tutub ağlayıram ki, heç kim eşitməsin, heç onun dəqiqəsin heç nəyə dəyişmərəm”-anası Çimnaz xanım gözündən axan yaşları silə-silə danışır.

 

 


 

14 əsgərdən ikisi sağ qalıb

 

“O şəkili görürsünüz, onun içində iki əsgər sağ qalıb” Seyfəddin Qurbanlı döyüşlərdə şəhid olan oğlunun da yer aldığı şəkildəki 14 nəfəri göstərib bu sözləri deyir.

Ailə İrəvandan Azərbaycana köçkün düşüb.  Şəhid Fəxrəddin Qurbanlı 1994-cü ildə Bakıda doğulub. Azərbaycan Universitetinin sosial iş fakültəsinə qəbul olub. Atası danışır ki, universiteti bitirənə qədər ən yüksək təqaüd alıb. Döyüşlərdə həlak olandan sonra da oxuduğu universitet onun adına təqaüd ayırıb, tələbələr arasında Fəxrəddin Qurbanlının adına futbol turniri keçirilib.

Atası deyir, oğlum bu vaxta qədər heç kimlə dalaşmayıb, hamı ilə mülayim dolanıb. Asudə vaxtı olan kimi qocalar evinə, internat məktəblərə gedib. Atası Tərtərdə xidmət edən Fəxrəddinin Seysulanın alınmasında iştirak etdiyini deyir. Seyfəddin Qurbanlı iki gün Tərtərdə oğlunu axtardıqdan sonra aprelin 8-də onun döyüşlərdə həlak olduğu xəbərini alıb. Dəfn olunduğu gündən hər gün onun məzarına gedir. Evdə özünə yer tapmadığını deyir. Oğlunun otağına keçir, paltar dolabındakı ütülənmiş köynəklərini, şalvarlarını kövrələrək yatağın üstünə atır. Heç bir əşyasını evdən çıxarmadığını deyir.

 


 

 

Hər üç şəhid ailəsini birləşdirən cəhətlər var.  Hər üç ailə köçkünlük həyatı yaşayıb. Hər üç şəhid 90-cı illərin gəncləridir. Heç biri davaya meyilli olmayıb. Hər üçü evin tək oğlu olub.  Onlar aprel döyüşlərində həlak olublar. Valideynlərin hamısının bircə istəyi var, övladlarının adları küçəyə, ya oxuduqları məktəblərə verilsin. Onların adı unudulmasın.

 


 

 

 

 Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi ChaiKhana mövqeyi ilə üst üstə düşməyə bilər.

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları