Xuraman Abbasovanın Kəlağayısı…
Baxışlar: 3370
Dillər: 

...Sosialist Əməyi Qəhrəmanı, Ali Sovetin deputatı, üç dəfə SSRİ-nin yüksək mükafatı olan Lenin ordeni, Oktyabr İnqilabı və Şərəf Nişanı ordenlərinin sahibi.

Onu bir zamanlar belə tanıyırdılar. Adından əvvəl bu tutullar sadalananda hamı bilərdi ki, söhbət Ağdamdakı Lenin adına kolxozun sədri Xuraman Abbasovadan gedir.

Azərbaycan müstəqillik qazandıqdan sonra isə o, hər kəsin yaddaşında öz yaylığı ilə qaldı. Bu yaylıq sanki bir az da Qarabağ savaşının simvoluna çevrildi…

 

İradənin sınağı

 

Əslində yaylıq məsələsi Xuraman Abbasova haqqında əfsanələşmiş ilk hadisə deyil. Bundan əvvəl bir ana kimi üzləşdiyi faciə zamanı göstərdiyi iradə də Qarabağ camaatı arasında əfsanəyə çevrilmişdi. Belə ki, qızının toy günündə oğlunun ölüm xəbərini alan Xuraman Abbasova keçirdiyi iztirabları gələn qonaqlara hiss etdirmədən övladını ər evinə yola salır. Səhərisi gün isə onun toy mağarını dünyasını dəyişmiş oğlunun yas məclisinə çevirir.

Əslində bu rəftarı ana Xuraman Abbasovanın xarakterini oxucuya kifayət qədər açır. Amma o, təkcə ana deyildi, həm də qadın, kolxoz sədri, deputat, sovet illərinin ən yüksək adlarını özündə daşıyan biri idi.

Qızı, Bakı Dövlət Universitetinin professoru Aida Qasımova müsahibələrində anasını başqa bir yöndən anladır:

“Anam bir yandan çox qorxmaz, iradəli bir insan idi, fədakar və cəsarətli, o biri tərəfdən inanılması mümkün olmayacaq dərəcədə ürəyi yumşaq və mərhəmətli, zəhmətkeş, uşaqlarının üstündə əsən qadın idi. Birimizin üzündə azacıq kədər görsəydi rahat olmazdı, o qədər qayğıkeş idi. Evimiz həmişə qonaq-qaralı olurdu, bu qonaqlara vaxt ayırmağa imkanı olmasa da, kababı həmişə özü bişirərdi, yaxşı aş dəmləyərdi”.

 

“İliyinə qədər kommunist”

 

Xuraman Abbasova haqqında birmənalı fikir söyləmək çətindir. Çünki onun ötkəmliyi, kolxozçularla rəftarı heç də həmişə xoş qarşılanmayıb. Hətta medal uğrunda insan əməyini istismar etdiyini deyənlər də var. Yəni, rəhbərlik etdiyi kolxoz seçilsin deyə tabeliyində olan insanları gecə-gündüz işlətməkdən çəkinməyib. Bunu sovet dövründə onun haqqında çəkilmiş filmdən də aydın görmək mümkündür.

 

Jurnalist, əslən ağdamlı Asəf Quliyev deyir ki, Xuraman Abbasova sovet rejiminin yetişdirdiyi məmur idi: “Məmurluğunun ona verdiyi səlahiyyətlər, əlaqələr onu siyasi xadim formatına salmışdı. Əslində isə siyasətçi deyildi, sırf məmur idi. İxtisasca aqronomdu. Ağdamda ən üzdə olan Lenin adına kolxozun sədri idi. İliyinə qədər kommunist idi. Təsəvvür edin, hamı partbletini atanda o atmadı. Bir qrup adamlar bunu müsbət qiymətləndirdi ki, əqidəsinə sadiq adamdır. Amma başqa bir qisim hesab edir ki, o, sadəcə əlində olanı itirməyə qorxurdu. Mənim fikrimcə isə, o, sovet adamıydı və təsəvvür edə bilmirdi ki, sovet hökuməti dağılacaq və o partbilet lazımsız bir kağız parçası olacaq. Möhkəm xarakteri vardı”.

 

Qarabağ savaşının ilk qığılcımları

 

Qarabağ savaşının başlanması Xuraman Abbasovanı cəmiyyətə başqa bir yöndən tanıtdı. Bu tanıtım kəlağayı olayı ilə başladı. Nəticədə o, sülhpərvərlərin qəhrəmanı, millətçilərin qınaq yerinə çevrildi.

Xuraman Abbasovanın heç vaxt yaylıq bağlamadığını, papaqla gəzdiyini deyən bir qisim insan kəlağayı olayının uydurulduğu qənaətindədir. Məsələn, hazırda Qarabağ Yaradıcılıq Birliyinin rəhbəri olan Ağdam rayon mədəniyyət şöbəsinin 14 illik müdiri, sabiq millət vəkili Çimnaz xanım Əliyeva “Həftə içi” qəzetinə müsahibəsində jurnalistin bununla bağlı sualına “o cür söhbətlərlə qətiyyən razı deyiləm. Düzdü, Xuraman xanım oraya getmişdi. Ancaq heç o zaman yaylıq örtmürdü, qış idi, papaq qoymuşdu” – cavabını verib.

Ağdam rayon Partiya Komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayev isə Asəf Quliyevin ilk şəhidlərlə bağlı filmində  Xuraman Abbasovanın həqiqətən də kəlağayını Əsgərana hücum edən gənclərin ayağı altına atdığını deyir:  

“Fevralın 22-də şəhər gəncləri meydana yığışdı. Ölkə rəhbərliyi dağılışmağı məsləhət gördü. Ancaq əliyalın camaat evlərinə yox, Xankəndinə üz tutdu. Bunun qarşısını almaq qeyri-mümkün idi. Camaat 11 kilometrə qədər hərəkət etdi.

Əsgərana 2 kilometr qalmışdı. Ordu çıxdı qarşımıza. 366-cı Alayın komandiri olan bir general gəldi, dedi ki, qərar var, biz əhaliyə qarşı atəş aça bilərik. Xankəndinə üz tutan insanların da sayı-hesabı yox idi. Qonşu rayonlardan da insanlar bayraqlarla gəlib qoşulmuşdular. Mərkəzi Komitənin katibləri Telman Orucovla Həsən Həsənov gəldilər. Onlar da camaatın qarşısını almağa çəhd etdilər. Biz əhalinin qarşısını birtəhər saxlamağa çalışanda 100-150 nəfər Qarqar çayını keçib getdi. Əsgərandan xəbər gəldi ki, hər pəncərədən 2 avtomat lüləsi çıxır, yerdə qalan adamlar da silahlandırılıblar. Ancaq biz o çayı keçib gedən adamların qarşısını ala bilmədik. Onlar da Əsgərana girən kimi atəşə tutulublar. 55 nəfər yaralandı, iki nəfər – Əli və Bəxtiyar öldü.

Ondan sonra əhali məsələnin mahiyyətini başa düşdü və geri qayıtmağa başladı. İndi deyirlər, orda Xuraman yaylıq atıb. Düzdü, orda bir qadından yaylıq aldıq verdik ona, o da atdı, camaatı saxlamaq üçün bir cəhd etdik. Əgər qarşısını almasaydıq, getsəydilər, o zaman bəlkə də bir 10 min meyit qalardı. Əsgərlər əmrlə gəlmişdilər. Xocalı faciəsindən dəhşətli faciə olardı”.

 

“Xuraman xanımın başında papaq vardı”

Hadisədən bir gün əvvəl, 21 fevralda Ağdamın mərkəzi meydanında keçirilən mitinqdə iştirak edən Asəf Quliyev də Xuraman Abbasovanın kəlağayı örtmədiyini deyir. Elə mitinqdə olan kadrlarda da Xuraman Abbasova papaqda görünür. Asəf Quliyev də etirazçıların ayaqları altına kəlağayının atıldığını, amma bu addımın işə yaramadığını deyir:

“Fevralın 21-də Ağdamda mitinq oldu. Əslində bu mitinqlər Dağlıq Qarabağda fevralın 12-dən başlamışdı. Ağdamda olan mitinq də Azərbaycan rəhbərliyinin cavab reaksiyası idi. Bakıdan icazə verilmiş bir mitinq idi və Xuraman Abbasova da orada çox fəal iştirak edirdi, tribunada idi, çıxış etdi.

Amma səhərisi gün baş verən hadisə planlaşdırılmamışdı, icazəsiz idi. 21 fevral mitinqində Eldar Səmədov adlı şəxs çıxdı tribunaya və dedi ki, ya hökumət bunu yoluna qoysun, ya da sabah gedib ermənilərlə haqq-hesab çəkərik. Bu, artıq ssenaridə yox idi. Xalqın özünün təşəbbüsü idi. Bu təşəbbüsün qarşısı alınmalıydı. Çünki Bakı - mərkəz məsələnin qarşısının alınmasını tapşırmışdı. Fevralın 22-də gənclər toplaşdılar. Meydanda rayon rəhbərliyi dedi ki, dağılışın. Əhalinin bir hissəsi dağılışdı. Bir hissəsi Əsgərana yollandı. Rayon rəhbərliyi biləndə ki, artıq camaat Əsgərana gedir, bütün vasitələrdən istifadə etdilər ki, qarşısı alınsın. Həmin vaxt Həsən Həsənov, Telman Orucov da Ağdamda idi. Qarabağın ən tanınmış adamlarından olan Seyid Lazım Ağanı gətirdilər. Sadıq Murtuzayev camaatın qarşısında diz çöküb yalvarırdı ki, getməsinlər. Xuraman Abbasova da gəlmişdi və başında papaq vardı. Vəziyyəti dəyişmək üçün ona yaylıq tapıb gətirdilər ki, sən bunu at, dayansınlar. Kimin təşəbbüsü olduğunu dəqiq deyə bilmərəm, amma ona yaylıq verilib. Mən həmin hadisənin şahidi olmamışam. Amma yaylıq atılan zaman həmin yerdə olan adamlardan eşitmişəm ki, yalnız bir neçə dəqiqəlik dayanma olub. O da ancaq yaylığın düşdüyü yerdə. Adamlar həmin yerdən aralanıb və başqa istiqamətlərdən yollarına davam ediblər, sadəcə yaylığı tapdamayıblar.

İndi müxtəlif don geyindirirlər, sülhpərvərliklə bağlayırlar. O zaman bu məsələnin bir məqsədi vardı – Bakıdan verilən tapşırığı yerinə yetirmək”.

Asəf Quliyev onu da deyir ki, sonralar gəncləri ayağa qalxmağa səsləyən Eldar Səmədov ölkə rəhbərliyinin təzyiqlərinə məruz qalıb. Həmin şəxs sonradan ordu sıralarına qoşulub və Qarabağ savaşının fəal iştirakçılarından olub.

 

“Kəlağayı olayının şahidiyəm”

 

Qarabağ qazisi Firudin Məmmədov isə həm 21 fevral mitinqinin iştirakçısı, həm də kəlağayı olayının şahididir. Qarabağ qazısı deyir ki, həmin hadisələrin fəal iştirakçılarından biri müəllimi, sambo üzrə məşqçı Nazim Səfərov olub. Həmin vaxt 18 yaşı olan Firudin Məmmədov və başqaları isə öz müəllimlərinin yanında mitinqlərə qatılıblar:

“Biz Nazim müəllimin tapşırıqlarını yerinə yetirirdik. O, həmişə istəyirdi ki, sülh yaratsın. 21 fevral mitinqində iştirak etdik. O zamanlar mən 50 nömrəli peşə məktəbində oxuyurdum. Fevralın 22-si səhər saat 9-a işləmiş olardı, dərsə gedəndə gördüm ki, içi adamla dolu yük maşınları şəhərə doğru hərəkət edir. Maşın karvanında şüarlar, plakatlar asılmışdı.

Həmin vaxt şəhər gəncləri də meydana toplaşmışdı. Biz də onlara qoşulduq, Əsgərana doğru hərəkət etdik.  Bu zaman bir atlı gəldi, dedi ki, ermənilər Xocalıda 7 nəfəri ot tayalarının yanına yığıb, yandırmaq istəyir. Hardasa 100-150 nəfər adam atlının arxasınca getdi. Qarqar çayının sağ və sol sahili ilə gedənlər vardı. Biz isə şumluqla getməyə başladıq. Əli də düz yanımda idi. Əsgərana çatanda polislər qarşımızı kəsdi. Biz onları daşlamağa başladıq. Bu zaman onlar göyə atəş açdılar. Panika yarandı, hamı geriyə çevrilib qaçmağa başladı. Bu vaxt Əli yerə yıxıldı. Əvvəl elə bildim ayağı ilişdi. Yaxınlaşanda gördüm güllə dəyib. Onu polislər vurmuşdu. Qışqırıb qabaqda gedənləri çağırdım. Adamlar geri dönüb onu götürdülər. Güllə arxadan düz ürəyinə dəymişdi, ağzı qanla dolmuşdu. İlk dəfə idi yaralanmış adam görürdüm. Dəhşətə gəlmişdim. Onu götürüb geri qayıtdıq. Əlinin vurulması vəziyyəti daha da gərginləşdirdi. Adamlar Əsgərana doğru irəliləməyə başladı. Rayon rəhbərliyi, vəzifəli şəxslər, Seyid Lazım Ağa da orda idi”.

Kəlağayı olayından danışan Qarabağ qazisi deyir ki, Xuraman Abbasovaya qədər ərazidə bir yaylıq “sindiromu” yaşanırdı: “Əsgərandan gəlib Ağdamın içindən keçməklə Martuniyə gedən avtobuslar daşlanırdı. Həmin vaxt avtobuslardan birinin içərisindən bir ağbirçək qadın yaylığını çıxarıb yellədi, dedi ki, avtobusda erməni yoxdur, daş atmayın. Bundan sonra daha bir neçə maşın keçərkən yaylıq çıxardı. Hətta aksiyaçılardan biri əsəbi şəkildə maşından yaylıq yelləyən qadının əlini itələyib “bu nədir, hərəniz bir yaylıq çıxarırsız? Rədd elə yaylığı” – dedi.  Adamlar həmin oğlanın üstünə düşdülər ki, yaylığa söz demək olmaz.  

Xuraman Abbasova da başında papaq gəlmişdi, amma çiynində o zamanlar qadınlar arasında dəbdə olan bahalı, zərli şal vardı. O, “Jiquli” markalı bir maşının yük yerinin üstünə çıxdı və həmin şalı adamların ayağının altına atdı. Təbii ki, həmin ərazidə olan insanlar o yaylığı tapdamadılar. Amma Əsgərana yürüş bir neçə istiqamətdən davam etdi”.




“İlk milli batalyona kömək edib”

 

Xuraman Abbasova Qarabağ savaşı dönəmində də əlindən gələni edir. Qızı Aida xanım anasının əsgərlərə kömək etdiyini, silah-sursat daşıdığını, hətta anbarlarının silahla dolu olduğunu deyir. Fürudin Məmmədov da Xuraman Abbasovanın yaxşılıqlarını unutmayacağını söyləyir:

“Şirin Mirzəyevin rəhbərliyi ilə ilk milli batalyon yaradıldı. Mən də həmin batalyonda vuruşmuşam. O zaman heç hərbi geyimimiz yox idi. Bizə ilk hərbi geyimi Xuraman xanım alıb. 500 dəst paltarı öz pulu ilə alıb gətirdi. Ondan daha pullu olanlar da vardı, heç nə etmirdilər. Amma Xuraman Abbasova bizə böyük dəstək verirdi”.

Asəf Quliyev də Xuraman Abbasovanın dəstəyindən danışır:

“Müharibə dövründə Ağdamdaki bütün idarə müdirləri, rəhbər vəzifədə olanların hamısı cəbhəyə yardım edirdi. Tək-tük adam ola bilər ki, deyəsən filankəs yardım etməyib. Sadəcə Xuraman Abbasovanın hörməti, əlaqələri vardı, sovet rəhbərliyi tərəfindən ona inam vardı ki, belə iş görməz. Mən çox şişirtməyin də tərəfdarı deyiləm. İndi çox adam deyir ki, anbarlarla bir silahlarımız vardı. O cür silahla Qarabağda bir erməni qalmamalıydı. Ola bilər ki, 3-5 silah olub. İnanmıram heç avtomat olsun. Ərzaq yarımını və s. yardım edərdi, amma silah məsələsində inanmıram. O köməyin özünün də bir icazəli həddi vardı. İndiyə qədər yadımdadı, polis rəisi silaha göz yumurdu. 1990-cı ilin 20 yanvarından sonra rəhmətlik Eldar Bağırov gəlib dedi ki, ehtiyatlı olun, rəis tapşırıb ki, gətirib silahları təhvil verək”.

 

Heydər Əliyevin kadrı

 

Xuraman Abbasova Heydər Əliyevin kadrı hesab olunurdu. Amma nədənsə Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Xuraman Abbasova öncüllər sırasında olmadı. Səbəbi heç kimə məlum deyil. Amma Asəf Quliyev bunu da onun siyasi fəaliyyəti ilə əlaqələndirir:

 

“Xuraman Abbasova 3 dəfə Lenin ordeni, Sosialist Əməyi Qəhrəmanı və Ali Sovetin deputatı idi. Bütün bunlar onun siyası çəkisini formalaşdırmışdı. Bu qədər ad hər adama qismət olan iş deyildi. Sözü istər Bakıda, istərsə də Moskvada keçirdi. Onun həyatında Heydər Əliyev mühüm rol oynamışdı. Belə deyək, bütün qəhrəmanlıq salnaməsi Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi olduğu dövrə təsadüf edir. Sözsüz ki, Heydər Əliyevin xeyir-duası olmasaydı, o səviyyəyə yüksəlmək olmazdı.

1989-cu ilin sonu, 90-cı ilin əvvəllərində müharibə dövrü yaşayan Ağdamda xoşagəlməz bir hadisə baş verdi. Hakimiyyət dəyişdi. Birinci katibi çıxarıb yerinə başqasını gətirdilər. Birmənalı olaraq həmin hadisənin ssenari müəlliflərindən biri Xuraman Abbasova idi. Guya Xalq Cəbhəsinin tələbi ilə Aydın Quliyevi yola saldılar getdi. Əslində isə siyasi konyukturanın əsas fiqurlarından olan Səyyaf Verdiyev və Xuraman Abbasovanın əməlləri idi. Səyyaf  Verdiyev 1-ci katib kreslosuna oturdu. Onun yerinə - icraiyyə komitəsinin sədri vəzifəsinə Xuraman Abbasova gəldi. Nə Ağdam üçün, nə də müharibənin gedişində heç nə dəyişmədi.

Bu adamlar düşündülər ki, rayonu ələ alacaqlar, hər şey öz axarı ilə davam edəcək. Ancaq proses başqa tərəfə inkişaf etdi. Əslində Ağdamda pərakəndəliyin, ikitərəfliliyin salınması dolayısı ilə özlərinə də ziyan vurdu. Xuraman Abbasova keçid dövrünün nəbzini tuta bilmədi. Sonrakı proseslər də dediyimi təsdiqləyir. Çünki AXC hakimiyyətə gəldi. O dövrdə də münasibətlər bir qədər  də dəyişdi. Hələ Ayaz Mütəllibovun zamanında icra hakimiyyəti institutu yarandı və Xuraman Abbasovanın vəzifəsi heç kimə lazım olmadı. Siyasi səriştəsizliyin nəticəsi idi ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra da Xuraman Abbasova kimi məmur tamam kənarda qaldı. Vaxtında düzgün siyasi mövqe tutsaydı, hansısa vəzifəyə sahiblənərdi və onu çox uğurla da yerinə yetirə bilərdi. Çünki onda iradə və işləmək bacarığı yüksək səviyyədə idi”.

Xuraman Abbasova 1998-ci il, yanvarın 26-da dünyasını dəyişib, məzarı Fəxri Xiyabandadır…

 

 


 

 

 Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi ChaiKhana mövqeyi ilə üst üstə düşməyə bilər. 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları