Zirzəmidə Gizlənmiş Həyat
Baxışlar: 2170
Dillər: 

 

“49 yaşım var, 9 ildir Bakıda, Yeni Yasamal-1, 13 nömrəli binanın zirzəmisində kanalizasiya borularının arasında, siçanlarla, siçovullarla birgə yaşayıram.”

 

Məcburi köçkün həyatı: unudulmuş, tərk edilmiş və az da olsa ümid

 

Pəncərəsiz zirzəminin girəcəyində Ofeliya özünə mətbəx düzəldib. İkinci otaqda isə nəmişliyi qurutmaq üçün qaz sobası yandırıb orada gecələyir. Zirzəminin dərinliyində ayaqyolu da düzəldib. Amma  bu zirzəmidə nəmişliyin, rütubətin və kanalizasiya borularının qoxusu baş çatladır.

Ağdam rayonundan olan Ofeliya Cəfərova 1994-cü ildən köçkünlük həyatı yaşayır. Müharibə zamanı ailəsi ilə birgə digər ağdamlılar kimi yurd-yuvasını  tərk edib özünə sığınacaq axtarıb. Yevlax rayonunda  ata- anası ilə birgə bir məktəbə sığınıblar.  İllər ötdükcə yaxınları da onu tərk edib. Əvvəlcə atası, daha sonra anası haqqın rəhmətinə gediblər. Tək qalan Ofeliya özünü dolandırmaq üçün iş tapmaq və həyatda özünə yeganə arxa-dayaq bildiyi bacısına yaxın olmaq üçün Bakıya üz tutub. Bakı bu kimsəsizi isti qarşılamayıb. Özünə yer tapa bilməyən qadın sonda bu zirzəmini özünə məskən seçib.

“İllərdir çox ağır şəraitdə yaşayıram. Ürəyim xəstə idi. Bura gələndən bəri isə üstəlik revmatizm xəstəliyi də tapmışam.”

Xəstə olması onu tapdığı işlərdən də məhrum edir. Deyir əvvəllər çörək sexində çalışırdı.  Amma ürəyindəki narahatlıq orada işləməyinə mane oldu. Ofeliya indi marketlərdən birində günəmuzd  5 manata çalışır.

“Özümü birtəhər dolandırıram. Qohum- qonşu, bacım da kömək edir. Amma yaşım o yaş deyil ki, bu yaşdan sonra özümə ev qurum.”

Söhbət əsnasında məlum olur ki, Ofeliya Cəfərova digər məcburi köçkünlərə şamil edilən imtiyazlardan da məhrumdur. Nə çörək pulu alır, nə də digər yardımları. Səbəbini soruşduqda məlum olur ki, Bakıya gələndən sonra Ofeliya xanım məcburi köçkün kimi harada qeydiyyatdan keçməyi bilmədiyindən heç bir yerə müraciət etməyib. Maraqlısı odur ki, bu illər ərzində də heç  bir rəsmi orqan onunla maraqlanmayıb.

Yeni Yasamal-1, 13 nömrəli binanın zirzəmisi. Adətən zirzəmidə qaz su boruları keçir və müxtəlif küçə heyvanları üçün sığınacaq yeri olur. Amma burada vəziyyət tamam başqadır.
Düşdüyü mühitin çətin və ağır olmasına baxmayaraq Ofeliya xanım zirzəmini yaşayış evinə çevirə bilib.
Zirzəmidə yaşamaq olduqca təhlükəlidir. Rütubət və nəm insan həyatına müxtəlif xəstəliklər yaradır.
Eyni zamanda həmin yerdə kustar üsulla hazırlanmış qaz sobası olanda insan həyatının sağlamlığından söz gedə bilməz. Gündəlik yeməklərini bu qaz sobasının üstündə hazırlayır. Həm də otaqda nəmişlik olmasın deyə qaz sobası yandırıb orada gecələyir

 

“Heç kimim yoxdur. Qabağa düşməyə nə atam var, nə qardaşım, nə də ailəm. Qalmışam belə. Mən də bisavad bir qadınam.  Bu günə kimi də heç kim  mənimlə maraqlanmayıb.“

Ofeliya deyir ki, indi həyatdan bir şey istəyir: Yaşayış üçün normal şəraiti olan bir ev. Deyir televizordan görürəm ki, məcburi köçkünlər üçün evlər tikilir, qəsəbələr salınır.

“Mən bilmirəm hara müraciət edim ki, mənə də orada sığınacaq versinlər.  Mənim də balaca da olsa yaşamaq üçün şəraiti olan bir evim olsun. Elə vaxt olur bu zirzəmidə kanalizasiya boruları daşır. Onda mən məcburiyyətdən çöldə gecələməli oluram.”

Ofeliya Cəfərovanın vəziyyəti ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.  Qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirdi ki,  Ofeliya Cəfərova Ağdam rayon qeydiyyatındadır. Əgər o icra hakimiyyətinə müraciət etsə, məsələ araşdırılar və digər məcburi köçkünlərə aid edilən imtiyazlar ona da şamil olunar. Sığınacaq məsələsinə gəldikdə isə qurum sözçüsü bunları dedi:  

“Ofeliya Cəfərova məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı yeri fərdi qaydada tərk edərək Bakıya gəlib və orada özünə sığınacaq tapıb. Yaxşı olar ki, bütün bu məsələlərlə bağlı vətəndaş qeydiyyatda olduğu rayon icra hakimiyyətinə müraciət etsin.”

Biz Ofeliya xanımın zirzəmi-evini tərk edəndə axşam düşürdü, işdən qayıtmışdı. Şam edib yatacağını dedi. Sabah  yeni günə oyansa da, onun üçün yeni bir şey olmayacaq, 9 il yaşadığı ağır həyata bir gün də əlavə olunacaq.

 

Bu binada yaşayanların qapı qonşuları olsa da Ofeliya xanımın belə bir qonşusu yoxdur. Artıq uzun illərdir məhz bu zirzəmidə tək və kimsəsiz yaşayır. Gedəcək bir yeri olmadığından bütün günü bu otaqda televizorun qarşısında keçirir.
Nəm divarlar və rütubət qoxusu. Bura həm tualet həm də hamamdır.
Nəm divarlar və rütubət qoxusu. Bura həm tualet həm də hamamdır.
Yataq otağından mətbəxə cəmi bir addımdır. Tualetdə olan nəmişlik və rütubət yataq otağında da hiss olunur.
Günü-gündən vəziyyətin daha da pisləşməyi Ofeliya xanımın həyatına təhlükəni daha da artırır amma zamanla hər şeyin düzələcəyini ümid edir.

Bu məqalə "Beynəlxalq Həyəcan" təşkilatının "Eşidilməyən səslər" layihəsi çərçivəsində hazırlanıb. Layihə Böyük Britaniyanın Münaqişələrin qarşısının alınması, stabillik və təhlükəsizliyə yardım fondu tərəfindən maliyyələşir. Məqalənin məzmununa görə məsuliyyəti müəllif daşıyır. Müəllifin mövqeyi "Beynəlxalq həyəcan" və donorların mövqeyi ilə üst üstə düşməyə bilər.

 

Çayxana
Haqqımızda
|
© Müəllif Hüquqları